Logo
news content
User
Kateqoriyalar

Analitika

Uşaq düşərgəsində ölüm, bağışlanmayan jest, müəmmalı terror...
Kommunist liderin qəzəbinə gələn kapitalist baş nazirin acı sonu

Yadigar Sadıqlı

İtaliya Kommunist partiyası Qərbi Avropada fəaliyyət göstərən kommunist partiyaları arasında ən böyüyü və nüfuzlusu idi. İkinci dünya müharibəsindən sonra keçirilən seçkilərdə İKP hakim Xristian-demokrat partiyasından sonra mütəmadi olaraq ikinci yer tuturdu və 22-25% səs toplayırdı. Sosialist ölkələri qoşunlarının 1956-cı ildə Macarıstana müdaxiləsinin yaratdığı parçalanmaya qədər partiyada iki milyon üzv vardı. 

İtaliyanın ən böyük həmkarlar təşkilatı, milyonlarla üzvü olan Ümumitalyan Əmək konfederasiyası (CGİL) da kommunistlərin nəzarətində idi. CGİL də Macarıstana müdaxiləni pisləyən bəyanat vermişdi. Amma İKP-nin Baş katibi Palmiro Tolyatti SSRİ-ni müdafiə etdi. Tolyatti hətta CGİL sədri, kommunist Cüzeppe Di Vittorionu öz təşkilatının yaydığı bəyanatla razı olmadığını bildirməyə məcbur etdi.

Bununla belə, İKP-nin sovet Kommunist partiyası ilə bəzi məsələlərdə - silahlı mübarizədən imtina, parlamentar demokratiyada iştirak, destalinizasiya, Çinlə münasibətlər və s. – fikir ayrılığı vardı. Amma Tolyatti bu ixtilafları ictimailəşdirmək istəmir, Moskva ilə danışıqlar aparıb, ortaq məxrəcə gəlmək istəyirdi.

1964-cü ilin yayında Tolyatti guya istirahət etmək üçün SSRİ-yə gəldi. İstirahət öz yerində, əsas məqsədi Xruşşovla görüşüb, müzakirələr aparmaq idi. Amma Xruşşov onunla görüşə can atmırdı, Nikita Sergeyeviçin ölkəni gəzməyə çıxması bəhanəsi ilə Tolyatti ilə yalnız Mərkəzi Komitənin katibi Leonid Brejnev və kommunist partiyaları ilə iş üzrə şöbənin müdiri Boris Ponomaryov görüşdü. Bundan sonra onu Krıma yola saldılar. 

Krımda isə Tolyattini “Artek” pioner düşərgəsinə dəvət etdilər. Yayın istisində düşərgəyə kostyumda və qalstukda gedən italiyalının burada halı pisləşdi və huşunu itirdi. Həkimlər onun insult keçirdiyini müəyyənləşdirdilər. Bütün cəhdlərə baxmayaraq, “İtaliya proletariatının lideri və bütün dünya zəhmətkeşlərinin dostu” avqustun 21-də vəfat etdi.

Qəbuldan fərqli olaraq, yola salmaq böyük təntənə ilə keçirildi. Xruşşov da Krıma gəldi, Tolyattini müşayiət edən arvadına və İtaliyadan gələn kommunistlərə başsağlığı verdi. Romada keçirilən dəfn mərasimində iştirak etmək üçün SSRİ-nin o zaman ikinci, iki aydan sonra isə birinci adamı olacaq Brejnev göndərildi. 

***

Tolyattinin dəfni avqustun 25-də Romada keçirildi. Mərasimdə dünyanın bir çox ölkələrindən milyona qədər nümayəndə iştirak edirdi. Brejnev çıxışında mərhumun təbliğat və təşkilatçılıq bacarığına yüksək qiymət verdi, onu beynəlxalq kommunist hərəkatın görkəmli nümayəndəsi adlandırdı.

Bu zaman sovet rəhbərliyində Xruşşovu devirmək uğrunda qəsd tam sürətlə cərəyan edir. SSRİ-nin partiya rəhbəri olmağa hazırlaşan Brejnev fürsətdən istifadə edərək, önəmli kapitalist ölkələrindən birinin baş naziri Aldo Moro ilə görüşmək üçün cəhd göstərdi.

Amma Moro özünün siyasi rəqibi olan kommunistlərin Tolyattinin dəfnindən təbliğati məqsədlərlə istifadə etmələrindən narazı idi. Üstəlik, Brejnev İtaliyaya hökumət nümayəndəsi kimi yox (həmin vaxt onun heç bir dövlət və ya hökumət vəzifəsi yox idi), partiya nümayəndə heyətinin rəhbəri kimi getmişdi. Buna görə də Moro Romada olmayacağı bəhanəsi ilə görüşdən imtina etdi.

Əvəzində bir neçə gün sonra, avqustun 31-də Moro artıq SSRİ-yə qayıdan Brejnevə onunla görüşə bilmədiyinə görə üzrxahlıq məktubu göndərdi. Amma bu dəfə İtaliya səfirliyi məsələyə başdansovdu yanaşaraq, məktubu yalnız sentyabrın 12-də ünvana göndərdi. Leonid İliç məktuba heç cavab vermədi.

Bir ay sonra, oktyabrın 14-də Brejnev sovet Kommunist partiyasının rəhbəri seçildi. O zaman yəqin ki, Moro onunla görüşmədiyinə, səfirlik isə məktubu vaxtında göndərmədiyinə görə bərk peşman oldular. Proseslər göstərdi ki, bu peşmanlıq bihudə deyildi: Leonid İliç italyanları heç zaman bağışlamadı.

Moronun baş nazirliyi 1968-ci ilin yayına kimi davam etdi. Bir il sonra o, yeni hökumətdə xarici işlər naziri vəzifəsini tutdu və 1971-ci ilin iyulunda bu statusda rəsmi səfərlə SSRİ-yə gəldi. İndi naz etmək növbəsi Bejnevə çatdı. İtalyanların bütün səylərinə baxmayaraq, onlara sovet liderinin Moskvada olmadığı və Moro ilə görüşə bilməyəcəyi deyildi. İtaliyalılar yalnız baş nazir Kosıgin və xarici işlər naziri Qromıko ilə görüşə bildilər. 

Moro yenə xarici işlər naziri kimi bir də üç il sonra Moskvaya gəldi. Bu dəfə səfər SSRİ və İtaliya arasında diplomatik münasibətlərin 50 illiyi münasibətilə təşkil olunmuşdu. Qonaqların israrlı istəklərindən sonra Brejnev onları qəbul etdi. Görüş soyuq və rəsmi şəraitdə keçdi.

Bir çox mənbələr bunu Brejnev və Moro arasında yeganə görüş kimi təqdim edirlər. Amma internetdə bu iki şəxsin 1975-ci ildə (həmin vaxt Moro yenə baş nazir idi) Helsinkidə Avropa təhlükəsizlik və əməkdaşlıq müşavirəsində əl sıxmalarını göstərən daha bir şəkil mövcuddur. 

Moskvada qəbula və Helsinkidə görüşə baxmayaraq, Brejnevin İtaliyaya qarşı kini soyumadı. O, 18 il davam edən hakimiyyəti zamanı dörd dəfə Fransaya, üçü dəfə Qərbi Almaniyaya, hətta bir dəfə ABŞ-a səfər etməsinə baxmayaraq, heç zaman İtaliyaya getmədi. Hərçənd, italiyalılar onu bir neçə dəfə dəvət etmişdilər.

“Nyu York Tayms” qəzetinin 1975-ci il 7 fevral tarixli nömrəsində “İtaliyalılar yenə Brejnevi dəvət edirlər” başlıqlı məqalə verilib. Məqalədə yazılır ki, sözügedən dəvət ilk deyil, hələ iki il əvvəl Roma eyni təşəbbüslə çıxış etmişdi.  Amma dediyimiz kimi, Brejnev bu dəvətləri qəbul etmədi.

***

Aldo Moronun sonuncu iqtidarı 1976-cı ilin yayına kimi çəkdi. Həmin il keçirilən seçkilərdə Enriko Berlinquerin rəhbərlik etdiyi kommunistlər yenə ikinci olsalar da, 34,37% səs topladılar. Bu uğur Berlinquerin Çilidəki hərbi çevrilişdən nəticə çıxararaq irəli sürdüyü “tarixi kompromis” adını alan (Compromesso Storico) siyasi xəttin nəticəsində mümkün oldu. 

Moro 1977-ci ili aprelində Florensiyada etdiyi çıxışında kommunistlərlə koalisyon hökumət yaratmağın tərəfdarı kimi çıxış etdi. Halbuki Qərbi Avropa ölkələrində kommunistlər 1940-cı illərin sonlarından iqtidarda təmsil olunmurdular. Onların hökumətdən uzaqlaşdırılması “Marşall planı” çərçivəsində yardım göstərmək üçün ABŞ-ın qəti şərti idi. 

Moronun təklifi İtaliyada olduğu kimi, ABŞ və SSRİ-də də narahatlıq yaratdı. Amerikalılar bir NATO ölkəsinin hökumətində kommunistlərin təmsil olunmasını və məxfi məlumatlara yiyələnməsini istəmirdilər. Moskva isə onsuz da çox “ərköyünlük” edən İtaliya kommunistlərinin SSRİ-dən bir az da uzaqlaşacağını düşünürdü.

Nəticədə Aldo Moro 1978-ci il martın 16-da o dövrün məşhur ultrasol terror təşkilatı olan “Qırmızı briqadalar” (Brigate rosse) tərəfindən oğurlandı və mayın 9-da öldürüldü. Onu oğurlayanlar və öldürənlər “Qırmızı briqadalar” üzvləri olsa da, bu qətlin əsas ilhamçısının ABŞ və ya SSRİ olması barədə fikirlər hələ də səslənir.