Logo
news content
User
Kateqoriyalar

Analitika

“Ümid edək ki, daha geri getməyəcəyik, əslində, heç geriləməyə yer də qalmayıb”

Yaxın vaxtlarda beynəlxalq təşkilarların dünyada söz və mətbuat azadlığının vəziyyəti barədə hesabatları açıqlanacaq. Uzun illərdir Azərbaycan bu reytinq siyahılarının sonlarında yer alır. Sərhədsiz Reportyorlar (RSF) 2019-cu il Dünya Mətbuat Azadlığı İndeksində Azərbaycanı 180 ölkə arasında 166-cı sırada yerləşdirmişdi. Region dövlətlərindən Ermənistan 9 pillə irəliləyərək 61-ci yerdə qərarlaşmışdı. “Məxməri inqilab”dan sonra orada hökumətin dövlətə məxsus media üzərində nəzarətinin yumşaldığı bildirilirdi. Gürcüstan isə əvvəlki 60-cı yerini qoruyub saxlamışdı, bu ölkədə medianın müstəqil, ancaq xeyli qütbləşmiş olduğu vurğulanırdı.

Azərbaycanda söz və mətbuat azadlığı sahəsində builki vəziyyəti yerli ekspertlərimiz necə qiymətləndirirlər, beynəlxalq dəyərləndirmələrdə hansı dəyişikliklər gözləyirlər? Bu barədə media hüquqçusu Xalid Ağaliyevlə söhbət  edirik.

- Xalid bəy, Azərbaycanda söz və mətbuat azadlığının vəziyyəti barədə növbəti illik hesabatınızı açıqlamağa hazırlaşırsınız. Ötən illərlə müqayisədə hər hansı dəyişiklik dinamikası görmək olurmu?

- Gələn həftənin sonunda hesabatı təqdim edəcəyik. Əvvəllər bu işi Media Hüququ İnstitutunda görürdük. Ancaq bir neçə ildir ki, təşkilat fəaliyyətini dayandırmalı olub. Hazırda bir neçə mütəxəssislə “Media hüququ qrupu”nda birləşmişik, həmin işi görməyə çalışırıq. Yaxınlarda ictimai birliyə çevrilmək niyyətimiz var.

Hesabata gəlincə, o, spesifikdir, media hüququ sahəsində baş vermiş olayları, nəzərə çarpan tendensiyalara dair statistik məlumatları, şərhləri və tövsiyyələri əhatə edir. Deyim ki, tədqiq etdiyimiz sahədə ümumi mühit ötən illərdəkindən ciddi fərqlənmir, müqayisədə bəzən pozitiv, bəzən daha neqativ tendensiyalar nəzərə çarpır. Məsələn, medianın informasiyalara çatımı problemli olaraq qalır. Publik qurumlardakı bilgiləri əldə etmək çox çətindir. Həmin qurumların saytları qanuni ölçülərdən xeyli uzaqdır, ötən illərlə müqayisədə açıqlıq səviyyəsi heç də irəli getməyib. İnformasiya sorğularının icra durumu da ürəkaçan deyil. Ən yaxşı halda hər 10-15 sorğudan birinə qanuni qaydada cavab almaq mümkündür. İnformasiya açıqlığına nəzarət etməli olan qurum – ombudsman aparatı effektini göstərə bilmir, məhkəmə də informasiya əldə etmək hüququna gərəkli dəstəyi vermir…

- Bəs yaxşı, müsbət bir şey heç söyləmək olmurmu?

- İstisnalar da var, ötən ildə yerli məhkəmələr bir neçə dəfə sorğusuna cavab verilməyən jurnalistin xeyrinə qərar verib. Medianın kütləvi aksiyalardan məlumat toplaması risqlidir, il ərzində jurnalistlər belə tədbirlər zamanı azı 50 dəfə basqıya məruz qalıblar. Amma müsbət cəhət odur ki, həmin basqıların fonunda DİN aksiyalardan informasiya toplayan jurnalistlərə yardım üçün xüsusi qrup yaradıb. Bununla belə, mühitin ciddi dəyişdiyini söyləmək çətindir.

Qanunvericilik tele-radio mediasının, xüsusilə dövlətin nəzarətində olan medianın üzərinə balansın qorunması, fərqli fikirliliyin təmin olunması ilə bağlı vəzifələr qoyur. Əlbəttə, vəziyyət “ötən ildəkindən heç fərqlənmir” deyə bilmərik, ancaq qanunvericiliyin işlədiyini də söyləmək olmur. Bütün fərqli fikirlərə açıq olan yeganə media - internet mediasıdır. Təəssüf ki, onu da cilovlamaq niyyəti sezilir. Xəbər saytlarının bloklanması təcrübəsi dəyişməz qalır.

Medianı qorumalı olan inzibati, cinayət hüququ mexanizmləri hələ də işə salınmayıb. Jurnalistin peşə fəaliyyətini yerinə yetirməsinə müdaxiləyə görə məsuliyyət nəzərdə tutan qanun maddələri əvvəlki illərdə olduğu kimi, yenə tətbiq edilmir. Halbuki, həmin mexanizmləri işə salmaq üçün azı 100 səbəb olub. Hesabatda əks olunmuş “ilin mənzərəsini” qısaca belə təsvir edə bilərəm.

- Azərbaycan diffamasiyaya görə cinayət məsuliyyəti nəzərdə tutan yeganə Qafqaz ölkəsi olaraq qalır. Bu barədə parlamentdə yatıb qalmış qanun layihəsini yada salanda rəsmilər ya deyirlər ki, bizim jurnalistlər belə dəyişikliyə hələ hazır deyillər, ya da bildirirlər ki, onsuz da prezidentin qoyduğu moratoriuma görə məhkəmələr heç kimi diffamasiya üstündə cinayət məsuliyyətinə cəlb etmirlər. Həqiqətənmi belədir?

- Çox qüsurlu yanaşmalardır. Diffamasiyanın dekriminallaşması məsələsi başqaları üçün artıq çoxdan aktuallığını itirib. Əksər toplumlar buna çoxdan gediblər və onlarda fövqəladə heç nə baş verməyib. Bizim medianın buna hazır olmadığını o zaman söyləmək olardı ki, diffamasiyaya görə həbsdə yatan jurnalistləri saymağa barmaqlar yetməzdi. “Prezident moratoriumu” barədə deyilənlər də doğru deyil. Ölkə başçısı sadəcə məmurlara xitab edib, jurnalistləri, tənqidçiləri məhkəməyə verməməyə çağırıb. Hansısa qanunun icrasına moratorium qoyulması isə aydın yazılı prosedur tələb edir. Diffamasiya ilə bağlı real durum belədir ki, böhtan və təhqirə görə cinayət cəzası nəzərdə tutan müddəalar işləkdir. 2019-cu ildə buna görə azı 7 dəfə jurnalistlərin həbsi istənilib, azı 20 dəfə digər cinayət cəzaları tələb olunub. Doğrudur, bir neçə istisna ilə son 4-5 ildə belə tələblərin əksəriyyəti rədd edilib. Deyilənlərin fonunda böhtan və təhqirə görə cinayət cəzalarının qanunda saxlanılmasının yeganə məqsədi o ola bilər ki, həmin maddələrdən jurnalistlərin gözünü qorxutmaq üçün istifadə edilsin. Bu normalar medianı özünüsenzuraya zorlayır, “tutarlar, həbs edərlər” qorxusu altında çalışmağa məcbur edir. Belə qorxu altında çalışmaq isə media üçün böyük eyibidir. Məncə, bu eyibdən təmizlənmək lazımdır. Bunu təkcə Avropa Məhkəməsinin qərarlarından doğan öhdəlik kimi yox, özümüzə hörmət əlaməti olaraq, müstəqil, peşəkar və güclü mediaya olan tələbatımızı nəzərə alaraq etmək lazımdır.

- Tezliklə beynəlxalq təşkilatlar mətbuat azadlığı üzrə yeni illik reytinqləri açıqlayacaqlar. Sizin proqnozlarınıza görə, bu dəfə həmin siyahılarda ölkəmizin vəziyyəti necə olacaq? Ümumiyyətlə, hansı konkret addımların atılması Azərbaycanın reytinq cədvəllərinin sonundakı daimi yerindən uzaqlaşmasını təmin edə bilər?

- Təəssüf ki, son illərdə Azərbaycan belə dəyərləndirmələrdə davamlı olaraq geriləyib. Ümid edək ki, indi başqa cür olacaq, daha geri getməyəcəyik, əslində, heç geriləməyə böyük yer də qalmayıb. Reytinqlər, bir qayda olaraq, kifayət qədər zəngin bilgi bazası əsasında hazırlanır. Məhz bizim hesabatlar kimi ciddi araşdırmalar nəzərə alınmaqla, vəziyyətdən xəbərdar, çıxış yollarını anlayan mütəxəssislər də işə qoşulmaqla problemlər dərindən təhlil edilib çözülməlidir. Reytinqdə yüksəlməyin alternativ yolu yoxdur. İlk növbədə media siyasəti dəyişməlidir. Medianın dövlətdən asılılığı aradan qaldırılmalı, onun redaksiya, iqtisadi müstəqilliyini təmin edən mexanizmlər hərəkətə gətirilməlidir. Gürcüstanda sıradan bir medianın illik reklam gəliri Azərbacyanda bütün çap mediasının reklam gəlirinin məbləğini ötür, bu vəziyyət dəyişməlidir. Medianın hüquqi bazası təkmilləşdirilməlidir. Hüquqi baza həm də informasiya ombudsmanı, diffamasiyanın dekriminallaşdırlması, ifadə azadlığı ilə bağlı mütərəqqi məhkəmə təcrübəsi kimi məsələlər də əhatə olunmaqla zənginləşdirilməlidir.

Müsahibəni hazırladı: Ülviyyə Şahin