Logo
news content
User
Kateqoriyalar

Analitika

Türk lirəsi niyə ucuzlaşır?

Türkiyədə milli valyuta növbəti ucuzlaşma mərhələsinə daxil olub.

Hökumət ciddi cəhdlə lirənin dollar qarşısında dəyər itirməsini tormozlamağa və 1 dolların 7 TL psixoloji həddini keçməməsinə çalışırdı. May ayında qısa müddət dollar 7 lirə olmuş, sonra yenidən aşağı düşmüşdü. Lakin avqustun 6-da İstanbul birjasında 1 ABŞ dollarının məzənnəsi 7 lirəni keçdi. Hazırda – bu yazını yazarkən – dollar 7,3 TL-yə bərabərdir, avro isə 8,7 TL-yə yaxındır. Bu, bütün zamanların rekordudur.

Özü də bütün bunlar dünyada dollar likvidliyinin yüksək olduğu və dolların ucuzlaşdığı dövrdə baş verir.

Səbəb nədir?

May ayında bu barədə yazı yazmışdıq, aşağı-yuxarı eyni səbəblər qüvvədə qalır və təsirini davam etdirir. (https://old.pressklub.az/ekskluziv/turk-lir%C9%99sinin-cokusu-s%C9%99b%C9%99bl%C9%99ri-v%C9%99-az%C9%99rbaycana-t%C9%99sirl%C9%99ri/)

Təməl səbəb şübhəsiz ki, siyasətlə əlaqəlidir. Avtoritarizm, azadlıqların, məhkəmə müstəqilliyinin məhdudlaşdırılması kimi biznesi, kapitalı qorxudan ümumi problemlər hamıya aydındır və bunun üzərində geniş dayanmağa ehtiyac yoxdur. Prezident üsul-idarəsinə keçid bütün hakimiyyətin tək əldə cəmləşməsinə, sərt mərkəzi idarəçiliyin formalaşmasına, parlamentin rolunun azalmasına, ölkənin taleyinin bir nəfərin heç bir müzakirədən keçməyən fikirlərindən və qərarlarından asılı duruma düşməsinə gətirib çıxardı. Qurumların, xüsusən Mərkəzi Bank kimi böyük önəmə sahib strukturun müstəqilliyinə son qoyuldu, istisadi qərarları da şəxsən prezident özü qəbul etməyə başladı. Tayyib Ərdoğan “faiz səbəbdir, inflyasiya isə nəticə” deyə yeni iqtisadi “qanun” kəşf etdi və Mərkəzi Banka faizləri aşağı salmağı tapşırdı. Çünki o hesab edir ki, faizlər azalarsa, inflyasiya da düşəcək.

Aşağı faizlər nəticəsində kreditləşmə həcmi genişləndi, lirəyə tələbat yarandı, MB çap maşınını işə salıb, ilin əvvəlindən bu yana 94 milyard TL təzə pul çap etdi. Lakin əlinə bol-bol TL keçən şəxslər milli valyutanın perspektivinə inanmadıqları üçün bunu dollar və avroya çevirməyə başladılar ki, TL ucuzlaşanda qazanclı çıxsınlar. Bu da öz növbəsində dollar və avroya tələbatı artırdı. MB və dövlət bankları bu dəfə TL-ni qorumaq üçün yenə sarayın əmri ilə valyuta intervensiyasına başladılar, bu isə rezervlərin əriməsindən başqa hər hansı effekt vermədi. 431 milyard dollar həcmində xarici borc öhdəliklərini yerinə yetirmək üçün də dollara ehtiyac var, bu da lirəyə əlavə basqı yaradır.

Koronavirusdan əvvəl də Türkiyədə etiraf olunmayan iqtisadi böhran var idi, pandemiya sadəcə olaraq, bunu daha da dərinləşdirdi. Xüsusən mart-noyabr ayları arasında ölkəyə nəğd valyuta gətirən turizm sektorunun dayanması Türkiyəyə böyük zərbə vurdu. Digər valyuta mənbəyi olan ixracatın kəskin azalması da bir tərəfdən. Ölkədən xarici kapitalın qaçışı da davam edir, hazırda əcnəbilərin əlində 6 milyard dollarlıq türk xəzinə bondları və səhmləri qalıb, 2 il əvvəl isə bu miqdar 120 milyard $ idi.

Prezident Ərdoğan 2018-ci il 24 iyun prezident seçkilərindən öncə mitinqlərdə çıxışında xalqa belə deyirdi: “Bu kardeşinize yetkiyi verin, faizle, dolarla nasıl uğraşılır, göreceksiniz”.

Xalq yetkini verdi və nəticəsini görür.

Türkiyə 2019-cu ili dünya üzrə Ümumi Daxili Məhsulun həcminə görə 20-ci sırada tamamladı. Halbuki Ədalət və İnkişaf Partiyası iqtidarından öncə Türkiyə iqtisadi böyüklüyünə görə dünyada 17-ci idi. Geriləmə davam edərsə, ölkənin ilk 20-likdən (G-20) aşağı düşməsi təhlükəsi var. (Müvafiq cədvəli yuxarıda görürsünüz.)

Müəllif: Şahin Cəfərli