Trampın qəfil ermənipərəstliyi
Azərbaycan Respublikaçı namizədin mesajını niyə cavabsız buraxdı?
25 Oktyabr 2024
ABŞ-də prezident seçkilərində rəqib partiyaların səs qazanmaq alətlərindən biri olan “erməni soyqırımı” mövzusu öz yerini Qarabağ ermənilərinin ötənilki “faciəsinə” verib.
Bir ildən artıqdır, erməni lobbisi ötən ilin 19-20 sentyabrında Qarabağda Azərbaycanın güc strukturlarının həyata keçirdiyi anti-terror əməliyyatının nəticələrinin ləğv olunmasına çalışır: Azərbaycan etnik təmizləmədə ittiham edilir, onun cəzalandırılması, bölgədən köçmüş erməni əhalisinin geri qaytarılması tələb olunur.
Bu il noyabrın 5-də keçiriləcək prezident seçkilərində hakim Demokratlar və müxalif Respublikaçılar partiyaları erməni lobbisinin plakatlarını mümkün qədər hündürə qaldırıb, diaspordan səs qoparmağa çalışır.
Bayden administrasiyası isə məsələni daha geniş və qəti qoyur: ilin sonuna qədər Azərbaycan və Ermənistan arasında Vaşinqtonun vasitəçiliyi ilə sülh müqaviləsi imzalanmalıdır. 4 illik hakimiyyət dövründə xarici siyasətdə parlaq uğurları olmayan Demokratlar Rusiya və İrana qonşu olan Cənubi Qafqaz regionundakı iki ölkəni barışdırıb, nəticəni aktivlərinə yazmağa çalışır.
60 konqresmen və senatorun dövlət katibi Blinkenə məktub yazıb Azərbaycanı sanksiyalarla cəzalandırmağa çağırış etməsi, katibin çoxsaylı zəngləri, nazirlərlə üçtərəfli görüşlər, habelə Baydenin Azərbaycan və Ermənistan liderlərinə məktub yazıb vədlər verməsi erməni lobbisinə verilən hesabatı xeyli zənginləşdirib.
Görünür, Demokratların “erməni kartından” məharətlə istifadə etməsi bu mövzuda “dərinə getməyən” Respublikaçıları da hərəkətə gətirib. Bir halda ki, namizədlər hər səs uğurunda rəqabət aparırlar, o zaman ABŞ-dəki erməni camiəsinin dəstəyini qazanmağa, ən azı onu parçalamağa niyə cəhd göstərilməsin?
Prezidentliyə Respublikaçı namizəd Donald Tramp “X” platformasında paylaşım edərək, ermənilərin səsi uğurunda açıq rəqabətə qoşulub. Seçdiyi ifadələrindən “papadan daha böyük katolik olmaq” niyyəti aşkar sezilən Tramp mövzuya həm də dini çalarlar əlavə edib: “120.000 erməni xristian “Artsax”-da dəhşətli şəkildə təqib edilən və məcburi köçkün düşəndə Kamala Harris heç nə etməyib. Kamala Harris ABŞ prezidenti olarsa, bütün dünyadakı xristianlar təhlükəsiz olmayacaqlar. Prezident olanda təqib olunan xristianları müdafiə edəcəyəm, zorakılığın və etnik təmizləmənin dayandırılması üçün çalışacağam və biz Ermənistanla Azərbaycan arasında sülhü bərpa edəcəyik”.
Trampın ermənilərə “bir köynək yaxın olmaq” olmaq cəhdi, şübhəsiz, Bakıda məyusluqla qarşılanıb. Azərbaycan rəsmiləri Birləşmiş Ştatlardakı qızğın seçki rəqabətində Trampa simpatiyalarını gizlətməyiblər, bunu Respublikaçı namizədin “sülhpərvər” olması, erməni lobbisindən məsafəli davranışı ilə əlaqələndiriblər. Təbii ki, Trampın dilə gətirilməyən başqa “müsbət tərəfləri” də var.
Maraqlı məqamlardan biri də odur ki, Ağ Ev administrasiyasının, ermənipərəst konqresmenlərin, senatorların hər kəlməsini “topa tutan” Azərbaycan Xarici İşlər Nazirliyi Donald Trampın ermənipərəstliyini reaksiyasız buraxıb.
Politoloq Fərhad Məmmədov hesab edir ki, Baydenin Azərbaycan və Ermənistan liderlərinə sonuncu mesajı Trampı Azərbaycan və Ermənistan mövzusunda danışmağa təhrik edib. Ekspert Respublikaçı namizədin tvitindəki bəzi ifadələrə diqqət çəkib: “Burada iki mesaj var: “Harris heç bir şey etməyib” və “Ermənistanla Azərbaycan arasında sülhü bərpa edəcəm”. ABŞ-da seçki kampaniyası finiş xəttinə yaxınlaşır və namizədlər müxtəlif qruplardan səs toplamaq üçün istənilən məsələdən istifadə etməyə can atırlar. Trampın tvitində Azərbaycan üçün qəbuledilməz olan rəvayətlərdən istifadə edilib, lakin əsas mesaj Trampın seçiciləri üçün vacib olan dini mövzudur”.
F.Məmmədov hesab edir ki, Trampın mesajının indi yayılması həm də yaxşı haldır: “Çünki mövzumuz seçkilərə 10 gün qalmış aktuallaşıb və Baydenin Azərbaycan və Ermənistan liderlərinə mesajı ilə daha da qızışdırılıb. Tramp reaksiya verməyə bilməzdi. Mövzunu təbliğ etməyə vaxt yoxdur və seçki kampaniyasının irimiqyaslı döyüşləri fonunda yəqin ki, bu məsələ epizodik kadr səviyyəsində qalacaq”.
Politoloq vurğulayır ki, Azərbaycan Trampın mövzuya yanaşmasının kontekstini nəzərə alıb.
“Bizim aktivləşməyimiz ABŞ seçkilərinin nəticələrindən asılı olaraq önəmli olacaq. Heç kim reallığı görməzliyə vura və onu dəyişdirə bilməz”, - Fərhad Məmmədov qeyd edib.
Turqut