Logo
news content
User
Kateqoriyalar

Analitika

Tramp administrasiyası rəsmən işə qarışdı
Dövlət katibi Rubio Paşinyana zəng vurdu, iranlı nazir İrəvana getdi; nə baş verir?

Martın 25-də ABŞ dövlət katibi Marko Rubio və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

Rəsmi İrəvan bildirib ki, söhbət zamanı Ermənistan-ABŞ strateji tərəfdaşlığı, eləcə də regional gündəliklə bağlı məsələlər müzakirə olunub.

Baş nazir dövlət katibinə Azərbaycanla sülh sazişi layihəsi üzrə razılaşma ilə nəticələnən danışıqlar prosesini təqdim edib. Nikol Paşinyan vurğulayıb ki, saziş layihəsi imzalanmağı gözləyir.

Nikol Paşinyan və Marko Rubio yüksək səviyyəli Ermənistan-ABŞ təmaslarını davam etdirmək barədə razılığa gəliblər.

Dövlət katibi Marko Rubio artıq Birləşmiş Ştatlar adından Ermənistan və Azərbaycanı sülh müqaviləsi üzrə danışıqların başa çatması münasibətilə təbrik edib və indi müqavilənin imzalanması və ratifikasiyasının vaxtı olduğunu vurğulayıb: “Bu, iki ölkə üçün prezident Trampın daha sülhsevər dünya vizyonuna uyğun olaraq onilliklər boyu davam edən münaqişənin səhifəsini çevirmək üçün bir fürsətdir”

Dövlət Departamentinin rəsmi saytında dərc olunmuş bəyanatda deyilir: 

“İndi sülhə sadiq olmaq, müqaviləni imzalamaq və ratifikasiya etmək, Cənubi Qafqaz xalqları üçün firavanlıq dövrünü elan etmək vaxtıdır”.

Ehtimal etmək olar ki, Marko Rubio Azərbaycan Prezidenti İlham Əliyevə də zəng edib, yaxud qarşıdakı günlərdə telefon açaraq eyni məzmunlu müzakirə aparacaq. Bu, Birləşmiş Ştatların yeni administrasiyasının nümayiş etdirdiyi xəttə uyğun olardı. Vaşinqton regionda sülh istəyirsə və prosesdə Prezident Trampın rolunu qabartmaqda maraqlıdırsa, tərəflərə bərabər yanaşma göstərməli və onların maraqlarını nəzərə almalıdır.

Rəsmi Bakı və İrəvan martın 13-də sülh müqaviləsi layihəsi üzərində işin başa çatdığını elan ediblər. Ermənistan Xarici İşlər Nazirliyi, ardınca Baş nazir Nikol Paşinyan sülh sazişinin imzalanmağa hazır olduğunu açıqlayıb. Azərbaycan XİN isə təkid edib ki, sazişin imzalanmasının əsas şərti Ermənistan Konstitusiyasına dəyişiklik edilməsidir. Yəni İrəvan bu tələbi yerinə yetirdikdən sonra masa arxasına keçmək olar. Prezident İlham Əliyev son üç ildə Ermənistan hakimiyyətinin müxtəlif variasiyalarını əsas gətirərək, qarşı tərəfə inam və etibarın olmadığını vurğulayıb. Bakının mövqeyinə görə, Ermənistan rəhbərliyi 3 addım atdıqdan sonra imzalanmanın vaxtı, yeri və digər məsələləri müzakirə etmək mümkündür: Minsk Qrupunun buraxılması, Azərbaycanla sərhədə monitorinq aparan Avropa missiyasının ərazidən çıxarılması və Konstitusiyadan ərazi iddialarının çıxarılması. 

Bu günlərdə Nikol Paşinyan bəyan edib ki, Ermənistan yeni konstitusiyanın qəbuluna hazırlaşır, amma bu, ölkədə parlament seçkilərindən sonra - 2027-ci ildə baş tuta bilər. Baş nazir digər iki şərtlə bağlı deyib ki, Bakı imza atarsa, Minsk qrupunun dərhal buraxılması barədə birgə bəyanat verməyə hazırdır. Bununla belə, o, avropalı müşahidəçilərin Azərbaycanla sərhəddən uzaqlaşdırılması ilə bağlı Brüssellə danışıqlara ehtiyac olduğunu vurğulayıb. Avropa İttifaqı 200 nəfərlik missiyaya 2027-ci ilə qədər mandat verib. Azərbaycanla saziş imzalanarsa, onun mandatına dəyişiklik edilməsinə zərurət yaranır. Amma Brüsselin bu addımı atıb-atmaması barədə hər hansı ilkin rəyi yoxdur. 

Görünən odur ki, Paşinyan hökuməti Azərbaycanla əldə olunan ilkin razılaşmaya beynəlxalq dəstəyi təmin etmək üçün ciddi iş aparır. Bu, dolayısı ilə Bakıya qarşı beynəlxalq təzyiq əldə etmək, onun əlavə şərtlər irəli sürməsinə, prosesi ləngitməsinə, Ermənistana təzyiq siyasətini zəiflətməsinə nail olmaq məqsədi güdür. Hazırda Azərbaycanın əsas hədəfi qeyd olunan 3 şərtlə yanaşı sülh razılaşmansının dayanıqlı əsaslar üzərində inşa olunmasına, eyni zamanda etimadın bərpası və Naxçıvana maneəsiz keçidin təmin olunmasını təmin etməyə yönəlib. 

Bu günə qədər müxtəlif ölkələr, Avropa İttifaqı sülh layihəsi üzərində işin başa çatdırılmasını alqışlayıb. Bu sırada regionun böyük qonşuları - Türkiyə, Rusiya və İran da var. 

Martın 25-də Yerevanda səfərdə olan İranın xarici işlər naziri Abbas Əraqçi Ermənistan və Azərbaycanı uzun illər davam edən danışıqlardan sonra sülh sazişini mümkün qədər tez imzalamağa çağırıb. "Biz Ermənistanla Azərbaycan arasında sülh sazişi üzrə razılaşmanı alqışlayırıq və hər iki ölkəni bu sənədi mümkün qədər tez imzalamağa çağırırıq", - Əraqçi ermənistanlı həmkarı Ararat Mirzoyanla danışıqlardan sonra bildirib.

"Bu sazişin Qafqazda sülh və sabitlik, eləcə də iqtisadi münasibətlərin inkişafı üçün çox vacib olduğuna inanırıq", – o, birgə mətbuat konfransında söyləyib. İranlı nazirin fikrincə, Ermənistan-Azərbaycan sülh sazişi Cənubi Qafqazda iki dövlət arasında gərginliyin ciddi eskalasiyası riskini minimuma endirəcək. Əraqçi qeyd edib ki, İran onu Ermənistanla ümumi sərhəddən və ya birbaşa nəqliyyat əlaqəsindən məhrum edə biləcək dəhlizə qarşıdır. O, Tehranın Yerevanın "Sülh qovşağı" layihəsinə dəstəyini təsdiqləyib.

"Biz region ölkələrinin müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyirik və beynəlxalq səviyyədə tanınmış sərhədlərin istənilən dəyişməsinə və ya hər hansı digər geosiyasi dəyişikliklərə qarşı çıxırıq. Bu, İranın qəti mövqeyidir", – Əraqçi vurğulayıb.

Mirzoyan isə deyib ki, Bakı hələ də müsbət cavab verməyib: "Hələlik, bu müqavilənin harada və nə vaxt imzalanacağı ilə bağlı qarşılıqlı anlaşma yoxdur".

Azərbaycan XİN-inin açıqlamasında Mirzoyana cavab verilib, amma Əraqçinin dediklərinə münasibət bildirilməyib. 

XİN vurğulayıb ki, Mirzoyanın sülh müqaviləsinin mətni üzrə razılaşma əldə edildikdən sonra yeni şərtlər irəli sürdüyü barədə iddiaları tamamilə əsassızdır. "...Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı müddəanın aradan qaldırılması, habelə Minsk qrupunun rəsmən ləğvi tələbi son iki il yarım ərzində danışıqlar prosesinin vacib mövzuları sırasında olub", – XİN-in bəyanatında bildirilir.

Nazirlik qeyd edir ki, Ermənistanın Azərbaycanın bu şərtləri yeni irəli sürdüyü barədə iddiaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır və bu taktika heç bir nəticə verməyəcək.

Rəsmi Tehran “beynəlxalq səviyyədə tanınmış sərhədlərin istənilən dəyişməsinə və ya hər hansı digər geosiyasi dəyişikliklərə qarşı çıxırıq” bəyanatını dəfələrlə ən müxtəlif səviyyələrdə səsləndirib. İrəvanda nazir Əraqçinin onu bir daha dilə gətirməsi Paşinyan hökumətinə təzyiq məqsədi daşıyır. İran İrəvanın Azərbaycanla dil tapmaq üçün mövqeyindən qismən geri çəkilməsini öz maraqlarına təhlükə görür və ona xəbərdarlıq edir. Tehranda bilirlər ki, Azərbaycan münaqişənin kompleks halında başa çatmasını istəyir, bura Zəngəzur dəhlizinin açılması da daxildir. 

Rusiyanın mövqeyi isə İrandan ciddi şəkildə fərqlənir, Moskva 10 noyabr bəyanatında yazıldığı qaydada Naxçıvana yolun açılmasını və Rusiya təhlükəsizlik qüvvələrinin ora yerləşdirilməsini istəyir. Amma başı Ukrayna böhranına qarışdığına görə, Rusiya rəhbərliyi bu istiqamətdə aktiv diplomatiya aparmağı dayandırıb.

Türkiyəyə gəldikdə, Ankara Azərbaycanın mövqeyini ümumilikdə dəstəkləsə də Naxçıvana maneəsiz keçidin verilməsi ilə bağlı Ermənistana təzyiq göstərmir. Prezident Ərdoğanın mövqeyi belədir ki, sülh sazişi tezliklə imzalansın və eskalasiyaya yol verilməsin. Bu yanaşma Bakını o qədər də qane etməsə də İrəvanı və İranı razı salır. Paralel olaraq, Ankara sülh sazişinin tezliklə imzalanmasını da bir neçə dəfə dilə gətirib.

Avropa İttifaqı bu məsələdə, ümumiyyətlə, sülh sazişinin dərhal imzalanmasında İrəvanı dəstəkləyir və Azərbaycana təzyiq göstərir. 

Qalır Birləşmiş Ştatların nə istədiyi və Ağ Evin mövqeyinin münaqişə tərəflərinin maraqları ilə üst-üstə düşüb-düşməməsi. 

Paşinyan-Rubio danışığı ilə bağlı yayılan açıqlamada dövlət katibinin tezliklə sazişin imzalanması və ratifikasiya olunması ifadə olunub. Amma bunu ABŞ-nin bütövlükdə mövqeyi adlandırmaq doğru olmaz. Əsas məsələ Rubionun Azərbaycan Prezidenti İlham Əliyevlə aparacağı müzakirələrdir. O zaman Vaşinqtonun Bakının sülh sazişinin imzalanması ilə bağlı arqumentləri və tələblərinə rəsmi reaksiyası bəlli olacaq. Hələlik Azərbaycanın XİN-in Mirzoyanın dedikləri ilə bağlı rəsmi açıqlaması Bakının mövqeyində hər hansı dəyişikliklərin baş vermədiyini göstərir. Amma Azərbaycanda, nəhayət, Tramp administrasiyası ilə yüksək səviyyəli əlaqələrə start verilməsini gözləyirlər. Şübhəsiz ki, müzakirələrin əsasını ilkin mərhələdə Ermənistanla sülh danışıqları mövzusu təşkil edəcək. Bu kontekstdə anlaşmanın olub-olmaması Bakı-Vaşinqton münasibətlərinin gələcəyi üçün də lakmus rolunu oynayacaq.

Turqut