Logo
news content
User
Kateqoriyalar

Analitika

Tofiq Zülfüqarov: "Hərbi əməliyyatların bərpası qaçılmazdır"

Oktyabrın 9-dan 10-na keçən gecə Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında keçirilən görüşdə əldə olunan razılaşma ciddi əks-səda doğurub. Xatırladaq ki, Sergey Lavrov, Ceyhun Bayramov və Zöhrab Mnatsakanyan arasında 10 saat davam edən müzakirələrin nəticəsi olaraq tərəflər atəşkəsə razılaşıblar. Sənəddə yazılıb:

  • 2020-ci ilin 10 oktyabr tarixi, saat 12:00-dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun kriteriyalarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslər və ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunur;
  • Atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq;
  • Azərbaycan Respublikası və Ermənistan Respublikası ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə nizamlanmanın baza prinsipləri əsasında münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə substantiv danışıqlara başlayırlar;
  • Tərəflər danışıqlar formatının dəyişilməzliyini təsdiq edirlər.
Sənədi şərh edən keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, hələlik bu, humanitar atəşkəsdir. Atəşkəs rejiminin digər parametrlərinin gələcəkdə razılaşdırılması nəzərdə tutulur. Ekspert izah edir ki, bu bənddə qüvvə və vasitələrin yenidən qruplaşmasına qadağanın tətbiq edilməsi, faydasız zonanın rejiminin parametrləri, Ermənistandan ehtiyat qüvvələrin daşınmasına qadağanın tətbiqi nəzərdə tutula bilər. Danışıqlar prosesinin bərpası ehtimalına gəlincə, T.Zülfüqarov deyib ki, razılaşdırılan mətn qəti şəkildə konkret deyil: "Mətndə nizamlama prinsiplərinə sadiqliklə bağlı razılıq var ki, bu da müxtəlif cür şərh oluna bilər".

Keçmiş nazir daha sonra mövcud vəziyyətin siyasi aspektləri barədə fikirlərini bildirib:

“Status-kvo həm hərbi-taktiki, həm də siyasi cəhətdən dəyişdirilib;

Azərbaycan de-fakto sübut etdi ki, silahlı qüvvələrini təcavüzkara qarşı istifadə etmək iqtidarındadır və həmsədrlərin “inhisarçılığına” alternativ var;

Rusiya və Türkiyə güc yolu ilə öz müttəfiqlərini müdafiə etmək baxımından eyni siyasi mövqelərə malikdirlər;

Ermənilərə aydındır ki, Rusiya onların əvəzinə savaşmayacaq və Rusiya cəmiyyəti bu yolu qəbul etmir;

Rusiya Paşinyanın “sorosçu rejimi”nin cəzalandırılmasında arzuladığı cəza səviyyəsini əldə etməyib".

Nəticələr barədə danışan ekspert bir neçə mühüm məqamı qeyd edib:

"Azərbaycan cəmiyyəti hərbi əməliyyatların dayandırılması ideyasını dəstəkləmir;

Ölkə rəhbərliyi bu amili inkaretmə yolu ilə getməyəcək, çünki bu, ciddi daxili siyasi böhrana gətirəcək;

Rusiya hələlik Paşinyana verilən dərslərin real nəticələrini görmür və ona görə hərbi əməliyyatların bərpası təhlükəsini tam aradan qaldırmayacaq;

Paşinyan “böyük qələbə”nin əldə olunmasında özünün rolunu göstərmək üçün reklam kampaniyasına başlayacaq ki, bu da yeni hərbi əməliyyatların başlanmasına təhrik edəcək".

T.Zülfüqarov dediyi fikirlərə əsaslanaraq vurğulayır ki, hərbi əməliyyatların yaxın günlərdə, yaxud həftələrdə bərpası qaçılmazdır. "Beynəlxalq Qırmızı Xaç Komitəsi ermənilərə verilən meyitlərin sayını açıqlayacaq. Bu, erməni cəmiyyəti üçün şok olacaq. Moskva Paşinyanı yıxacaq", - deyə keçmiş nazir qeyd edib.

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə bildirib ki, birinci bənd istisna olmaqla, digər 3 bəndin yerinə yetirilməsi mümkün deyil və indiki şərtlər altında bizim maraqlara ziddir. Politoloq qeyd edib ki, birinci bəndin özündə də əsirlərin dəyişdirilməsi ilə bağlı fikir qüsurludur:

"Biz hərbçilərimizə atəş açan erməni hərbçiləri azad edək ki, onlar geri qayıdıb, yenidən bizə atəş açsınlar, şəhərlərimizi bombalasınlar? Əsirlərin dəyişdirilməsi ümumi məsələ həll olunduqdan, yəni müharibə bitdikdən sonra mümkündür. Bu, bütün müharibələr üçün keçərlidir. Müharibələr bitməmiş əsirlər dəyişdirilməz".

E.Şahinoğlunun sözlərinə görə, bəyanatda Azərbaycanın işğal altındakı 7 rayonundan söhbət açılmır: "Bu yoxdursa, bəyanatın digər 3 bəndi bizim üçün keçərli deyil. Prezident İlham Əliyevin dediyi kimi, Ermənistan qoşunları Azərbaycan ərazilərini tərk etməyənə qədər danışıqlar mümkün deyil. Prezident açıq deyib ki, Ermənistan hakimiyyəti Azərbaycana qoşunların çıxarılması qrafikini təqdim etməlidir. İrəvan belə bir qrafik hazırlamayıb. Digər tərəfdən, biz danışıqlarda regional dövlət kimi mütləq Türkiyənin iştirakını istəyiriksə, bəyanatda “danışıqlar formatının dəyişməzliyi” bəndini qəbul edə bilmərik. Məgər ermənipərəst Fransanın vasitəçiliyini rədd etmədikmi?!"

Politoloq vurğulayıb ki, bu bir bəyanatdır, hüququ qüvvəsi yoxdur, kimsə bizi bu bəndləri yerinə yetirməyə məcbur edə bilməz. Ona görə, irəli getmək lazımdır.

 

Turqut