Logo
news content
User
Kateqoriyalar

Analitika

Tofiq Yaqublu məhkəməyə vintaçanla gəldi 

Bakı Apellyasiya Məhkəməsində ev dustaqlığına buraxılmış Tofiq Yaqublu haqqındakı hökmdən verilmiş şikayətə baxılıb.

Sentyabrın 28-də keçirilən məhkəmə iclasına T.Yaqublu əlində vintaçanla gəlib. O bildirib ki, bu addımı simvolik xarakter daşıyır, çünki onu şərləyib həbs etmək üçün alət kimi vintaçandan istifadə olunub.

“Məni “otvyortka” ilə başqasına xəsarət yetirməkdə ittiham edirlər. Sizlərin o “otvyortkaya” nə qədər aidiyyətiniz varsa, mənim də aidiyyətim o qədərdir. Bu qədər saxtakarlıq olmaz. Mənim bu cinayət işində yazılanlarla heç bir əlaqəm yoxdur. Ayıb olsun ki, məni həbs eləmək üçün belə absurd şeylər uydururlar”, - deyə T.Yaqublu hakimlərə bildirib.

Hakim Elmar Rəhimovun göstərişi ilə məhkəmə zalındakı icra məmurları vintaçanı T.Yaqubludan alıblar.

Hakim T.Yaqubluya məhkəmə prosesində hüquq və vəzifələrini izah edəndə isə o, belə cavab verib: 

“Bunları izah etməyə ehtiyac yoxdur. Çünki bu ölkədə məhkəmə, hüquq adına heç nə yoxdur. Hüquq, məhkəmə olsaydı, mən əvvəlcə həbs olunub, indi də burada çıxış etmək məcburiyyətində qalmazdım. Hüquqlar təmin olunmursa, onu formal oxuyub, elan etməyin heç bir faydası yoxdur. Mən çox məhkəmələr görmüşəm. Siz də siyasi sifariş yerinə yetirirsiz, nə deyəcəklər, onu da eləyəcəksiz. Əgər qaydalara, qanunlara əməl etməkdən söhbət gedirsə, mən onsuz da əməl eləyirəm...”

T.Yaqublunun vəkilləri Aqil Layıc və Nemət Kərimli bildiriblər ki, onlara Nizami rayon Məhkəməsində keçirilən iclasların protokolları ilə tanış olmağa imkan verilməyib. Bu da müdafiə hüququnun kobud pozuntusudur. Vəkillər xatırladıblar ki, birinci instansiya məhkəməsində, hətta T.Yaqublunun özünün ifadə verməsinə, müdafiəçilərinin çıxışına da şərait yaradılmayıb.

Vəkillər daha bir vəsatətlə  T.Yaqublunun telefonu və avtomobilinin ona qaytarılmasını istəyiblər. Müdafiəçilər deyiblər ki, telefon ümumiyyətlə, sübut kimi tanınmayıb. Avtomobilin də indiyədək polis idarəsində saxlanması mülkiyyət hüququnun pozuntusudur.

T.Yaqublunun və müdafiəçilərinin məhkəmə-iclas protokolları ilə tanış olması üçün işin Nizami rayon Məhkəməsinə göndərilməsinə qərar verilib. Lakin telefon və avtomobilin T.Yaqubluya qaytarılması barədə vəsatət təmin olunmayıb.

Nizami rayon Məhkəməsinin T.Yaqublu haqqında hökmündə yazılıb ki, bu əmlaklar hökm qüvvəyə minəndən sonra onun ailə üzvlərinə qaytarılsın. Hökm isə apellyasiya məhkəməsinin qərarından sonra qüvvəyə minəcək.

T.Yaqublu və vəkilləri protokollarla tanış olana qədər apellyasiya məhkəməsi təxirə salınıb.

Xatırladaq ki, T.Yaqublu bu il martın 22-də həbs olunub. İddia olunur ki, “8-ci kilometr bazarı”nın yaxınlığında T.Yaqublu idarə etdiyi “Toyota Corolla” markalı avtomobillə Elxan Cəbrayılovun idarə etdiyi “VAZ-2107”nin yoluna çıxıb, onunla toqquşub. Daha sonra Elxan Cəbrayılovu təhqir edib, vintaçanla ona xəsarət yetirib. Sentyabrın 3-də Nizami Rayon Məhkəməsində T.Yaqublunun Cinayət Məcəlləsinin 221.3 (silah və ya silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddəsi ilə təqsirli bilinərək, 4 il 3 ay azadlıqdan məhrum edilməsi barədə hökm çıxarılıb. O, hökmdən bir gün əvvəldən aclıq aksiyasına başlayıb və aksiyanı 17 gün davam etdirib. Sentyabrın 18-də Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılan siyasi fəal bundan sonra aclığı dayandırıb.

Gülər