Logo
news content
User
Kateqoriyalar

Analitika

TikTok – kütləvi illüziya, yoxsa təhlükə mənbəyi...
Zərərli paylaşımlar edən istifadəçiləri dayandırmağın yolu varmı?

“Xaricdə yaşasaydım, bəlkə də TikTok-u çox sevərdim, hətta “TikToker”lik də edərdim. Təəssüf ki, Azərbaycanda bu platforma dünya ölkələrindəki kimi prestijli və səviyyəli sayılmır. Bunun da səbəbi bəzi Tiktok istifadəçilərinin platformanın dəyərini aşağı salmasından qaynaqlanır. Lazımsız və səviyyəsiz paylaşımlarla insanlarda bu platformaya qarşı qıcıq yaradır. Halbuki Tiktok qlobal aləmə açılmaq, qısa zamanda yüksəlmək, tanınmaq üçün əlverişli platformadır. Çox istəyərdim ki, digər ölkələrdəki kimi, Azərbaycanda da Tiktok-a baxış dəyişilsin, insanlar rahatlıqla, utanmadan bu şəbəkədən istifadə etsinlər. Düzdür, həmişə istisnalar olduğu kimi, bu məsələdə də istisnalar var. Bəzi insanlar bu stereotipləri qıraraq, bu platforma sayəsində özünü inkişaf etdirir. Amma belə uğurlu insanların əksinə, TikTok-dan mənasızca istifadə edənlər, hətta özünə aid olmayan paylaşım edənlər də az deyil. Misal üçün, müharibə dönəmində hərbi sirləri düşünmədən, reytinq naminə paylaşıb hər birimizi təhlükəyə atan istifadəçilər var idi. Məhz belə hallara görə Azərbaycanda TikTok-a giriş məhdudlaşdırılmışdı. Amma nə fayda... VPN proqramı ilə TikTok-dan istifadəyə davam edirdilər. Bu cür şeylərə görə TikTok istifadəçilərinə nəzarət artırılmalı, onlar araşdırılıb hesabları qaldırılmalı, giriş qadağası qoyulmalıdır. Tezliklə TikTok beynəlxalq aləmdəki nüfuzunu Azərbaycanda da qazanmalıdır”.

TikTok-un Azərbaycandakı vəziyyətindən narazı olan Nərgiz Əhmədli deyir ki, platformaya daxil olmaq üçün bəzi şərtlər və qaydalar tətbiq edilsə, yaxşı olar.

Son zamanlarda gündəmdən düşməyən TikTok platforması insanları iki yerə ayırıb. Bəziləri bu platformanı çox sevsə də, bəziləri nifrət edir. Azərbaycanın əksinə olaraq, beynəlxalq aləmdə TikTok daha səmərəli, faydalı kontentdə istifadə edilir. Azərbaycandakı TikTok istifadəçilərinin çoxu pul qazanmaq üçün hər yola əl atır, xalqın mental dəyərlərini korlayırlar. Halbuki sosial şəbəkələr səmərəli və faydalı istifadə olunmalıdır.

Mövzu ilə bağlı old.pressklub.az saytına danışan təhlükəsizlik eksperti Elmar Nurəliyev deyir ki, sosial platformalara ciddi nəzarət edilməlidir. 

“Dünyanın hər yerində TikTok daxil olmaqla, bütün sosial şəbəkələrdən müsbət yöndə yararlanırlar. Təəssüf ki, bizdə TikTok platformasının mənfi cəhətləri daha çox ön plana çıxır. Bu da insanların Tiktok-a birmənalı yanaşmamasına səbəb olur. Burada edilən paylaşımlar kiçikdən böyüyə, hər kəsə mənfi təsir göstərir. İstifadəçilər paylaşımlarında heç bir məsuliyyət daşımadıqlarına görə belə rahat davranırlar”.

Müsahibimiz müharibə dövründə TikTok-un fəaliyyətinin dayandırılmasından da söz açıb.

“Müharibə dövründə insanların hərbi sirr sayıla biləcək məlumatları paylaşmaları  ordumuz üçün ciddi təhlükə yaradır. TikTok-un alqoritmi elə qurulub ki, paylaşımlar qısa zamanda geniş kütləyə çatır. Nəticədə qarşı tərəf bu məlumatları rahatlıqla əldə edir. Buna görə də müharibə dönəmində ilk növbədə TikTok platformasına giriş məhdudlaşdırılır. Buna baxmayaraq, bəzi insanlar müxtəlif proqramlarla platformaya girməyə cəhd edirlər. Lakin həmin VPN proqramları gizlilik baxımından daha təhlükəlidir. Bu cür problemlərə səbəb olan TikTok-un biryolluq bağlanması və ya senzuralar qoyulması müasir dövrdə çətindir.  Ancaq yaxşı olar ki, bununla bağlı maarifləndirmə işləri daha da sürətləndirilsin”.

TikTok-un Azərbaycan seqmentini bütövlükdə qeyri-ciddi saymaq da haqsızlıq olar. Az da olsa, ciddi məzmunlu paylaşım edənlər də var. Amma necə deyərlər, qurunun oduna yaş da yanır. Görünür, TikTok-a beynəlxalq aləmdə qazandığı nüfuzu Azərbaycanda qazanması üçün xeyli zaman lazımdır.

İnformasiya Kommunikasiya-Texnologiyaları mütəxəssisi (İKT) Fərhad Mirəliyev deyir ki, TikTok platforması təkmilləşdirilməli və zərərli məzmunlar dərhal silinməlidir. 

“İstifadəçi gözü ilə baxsaq, TikTok digər platformalardan təhlükəsizliyinə görə heç də geri qalmır. Amma qlobal güclərin qarşıdurması fonunda TikTok Çin mənşəli olduğuna görə ABŞ dəfələrlə, TikTok-da fərdi məlumatların saxlanması və emalı ilə bağlı tez-tez narahatığını bildirir” - ekspert old.pressklub.az-a açıqlamasında deyir.

Müsahibimiz TikTok-a VPN (ing. virtual private network) proqramı ilə daxil olmağın daha təhlükəli olduğunu bildirdi: “Antiterror əməliyyatlarının ən aktiv fazasının geridə qaldığını düşünsək, hələ də bu günə qədər TikTok-a tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılmadığı təəccüb doğurur. Məhdudiyyətlərin özünə də birmənalı yanaşmaq olmur, çünki məhdudiyyətlərdən yayınmaq üçün milyonlarla istifadəçi çox təhlükəli VPN tipli tətbiqlərə müraciət edirlər. VPN-lər 3-cü tərəf ölkələrdə yerləşdirilən serverlərdir. Onlar istifadəçilərin internetə çıxışını birbaşa deyil, bu serverlər vasitəsilə təmin edir. Bu zaman istifadəçinin məlumatları sözügedən VPN serverlərində saxlanıla bilər. Həmçinin VPN təyinatlı tətbiqlərin smart qurğuların içərisində olan istifadəçiyə aid fərdi məlumatları da 3-cü tərəflərə ötürə bilməsi məlumdur”.

Həmsöhbətimiz TikTok-un xalqın mental dəyərlərinə verdiyi zərərdən də söz açıb: “Müasir texnologiyalar insanların tərəqqisi və inkişafı məqsədi ilə yaradılsa da, heç də həmişə düşünüldüyü kimi istifadə edilmir. TikTok platformasında da dini, milli mentalitetimizə uyğun olmayan məzmunların yerləşdirildiyinin şahidi oluruq. Xüsusən də, azyaşlılar bu platformadan istifadə edərkən mütləq şəkildə valideyn nəzarətində olmalıdır. İnsanların mənafeyinə toxunan məsələlər vətəndaşların ictimai dəstəyi ilə hüquq mühafizə orqanları vasitəsilə hüquqi qiymət almalıdır”.

TikTok-un Azərbaycanda bloklanmasının səbəbi bu sosial şəbəkədə dezinformasiya xarakterli məlumatların daha asan yayılmasıdır. Yeri gəlmişkən, Avstraliya, Böyük Britaniya, Amerika Birləşmiş Ştatları, Rusiya kimi böyük dövlətlər təhlükəsizlik səbəbindən TikTok-un istifadəsini tam və ya qismən məhdudlaşdırıb.

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Abbasov hesab edir ki, təhlükəsiz platforma yoxdur. Mövzu ilə bağlı old.pressklub.az saytına danışan Abbasov sosial şəbəkələrin fərqli təhlükə məqamları və istiqamətləri olduğunu bildirib: “Ölkə üçün, şəxs üçün, kütlə üçün və s. Sosial şəbəkələr müxtəlif siyasi-iqtisadi çaxnaşmalarda iştirak edir. Onlar asanlıqla kütləni idarə edir. Bütün platformalarda təhlükəli məqamlar var. Ən böyük təhlükə dəyərlərə, mentalitetə hədəflənmiş şəbəkələrdir. TikTok-un biryolluq bağlanması isə gözlənilmir. Azərbaycan tolerant ölkədir, informasiyaya əlçatanlığın qarşısını almaq kimi bir hədəf yoxdur. Tam əksinə, faydalı və inkişaf yönümlü layihələr icra olunur. TikTok-a girişin yaxın günlərdə açılması gözlənir. TikTok populyar şəbəkələr arasındadır, lakin təəssüf ki, orada intellektual sərmayəsi olmayan insanlar daha populyar ola bilir, bu seqmentdə heç bir faydalı kontent yaratmadan, əyləncə məqsədi ilə hər bir yola əl atırlar. Az da olsa, faydalı kontent yaradan insanlar var. Məncə, TikTok rəhbərliyi bu gedişatı dəyişməyə nail olacaq”.

İnsanlara psixoloji təsir edən, qeyri-etik paylaşımları ilə məşhurlaşan TikTok istifadəçilərini gündəm edən, paylaşımlarını yayan şəxslər də ən azı o istifadəçilər qədər cəmiyyətə zərər verir. Necə deyərlər, reklamın yaxşısı-pisi olmaz. TikTok-u bəyənməyib istifadə etməyən insanlar belə həmin paylaşımları digər şəbəkələrdə görməkdən bezir. Bu tipli paylaşımlara məhdudiyyət tətbiq edilsə, TikTok-un Azərbaycandakı vəziyyəti az da olsa düzələr. 

Sosial ekspert Nail Cəlil old.pressklub.az saytına TikTok-un cəmiyyət üçün yaratdığı təhlükələrdən danışıb: “Bütün sosial şəbəkələr, istisnasız olaraq, ünsiyyət və informasiya asılılığı yaradır. Bu şəbəkələrin mənfi təsirləri təəssüf ki, yetərincə çoxdur. Onlardan biri də seçimlərdə çoxluq, kütləvilik illüziyasıdır. İnsanların çoxu şəbəkələrdə “ümumi axın”a düşərək, dəb, populyarlıq, özünütəsdiq, kimlərəsə fərqli, xoş görünmək xatirinə tez-tez bütün qırmızı xətləri keçirlər. Bununla gəlir, “uğur” qazanmağa çalışırlar. Təbii, müsbət məqamlar da nəzərə çarpır, ciddi müzakirələr, əsaslandırmalar, müəyyən peşə fəaliyyəti ilə bağlı zəruri biliklərin, fikirlərin paylaşılması, ictimai rəy barədə daha geniş, dolğun informasiya əldə etmək imkanı gözə dəyir. Lakin kənar təsir, sui-istifadə imkanı güclü olaraq qalır və istifadəçilər bunu hər zaman nəzərə alsalar, daha yaxşı olar”.

Müsahibimiz sosial şəbəkələrdən müharibə dövründə ilk məhdudlaşdırılan platformanın  TikTok olmasına münasibət bildirib: “Məhdudiyyətlər milli maraqlardan – informasiya təhlükəsizliyi zərurətindən irəli gəlir, bu və ya digər formada bütün sosial şəbəkələrə, elektron informasiya resurslarına tətbiq edilir. TikTok fəal istifadəçilərin sayına görə dünyada, eləcə də Azərbaycanda digər sosial platformaları üstələyir. Demək, daha çox təhlükə, məlumat sızması, kütləvi təsirlərə məruz qalma ehtimalı məhz həmin platformadan gözlənilir. Bu, TikTok istifadəçilərinin davranışı, fəaliyyəti, kütləvi şəkildə təhlükəsizliyə təhdid yaradan faktları, məlumatları paylaşmaları, digər uyğun səbəblərlə bağlıdır. Müharibə şəraitindən əlavə, TikTok platformasının insanlarda yaratdığı ən böyük təhlükə - yerli informasiya məkanına açıq çıxış yaratmaqla milli təhlükəsizliyə qarşı müəyyən təhdidləri meydana gətirməsidir. Digər tərəfdən, insanların davranışına mənfi təsir göstərir, mənəvi-əxlaqi dəyərlərin kütləvi şəkildə aşınmasına səbəb olur. Əksər ölkələr, hətta internet texnologiyalarının beşiyi sayılan ABŞ belə TikTok-un yaratdığı təhlükələrdən narahatdır”.

Həmsöhbətimiz deyir ki, başqa cəmiyyətlər sosial şəbəkələrdən daha səmərəli və faydalı istifadə etdikləri halda, Azərbaycanda bunun əksinədir: “Mental dəyərlərin pozulmasına gəldikdə, bunun digər səbəbini də dəyərlərimizi kreativ, təsirli bir şəkildə dünyaya təqdim edəcək milli platformaların yoxluğunda axtarmaq gərəkdir. Qanunvericilikdə bununla bağlı müəyyən dəyişikliklər edilib, müəyyən sanksiyalar, cəzalar tətbiq olunur. Hesab edirəm ki, belə insanları daha çox məşğul etmək, onların faydalı işlərə cəlb olunması məqsədəuyğundur. Həll yolları çoxdur, sadəcə, istək və təşəbbüsün olması arzuediləndir”.

Müasir dövrün ən böyük kəşflərindən olan sosial şəbəkələr demək olar, hər kəsin həyatının bir hissəsinə çevrilib. Azərbaycanda bəziləri bu şəbəkələrdən maraqlı, faydalı istiqamətdə istifadə etsə də onlar ümumi istifadəçi sayına nisbətdə azlıq təşkil edir. Bunu dəyişmək isə öz əlimizdədir. İnsanlara heç bir faydası olmayan, hətta xeyrindən çox zərəri dəyən şəxsləri izləməyə, onları məşhurlaşdırmağa son qoymalıyıq. Çalışmalıyıq ki, bu sosial şəbəkələr beynəlxalq aləmdə qazandığı nüfuzu Azərbaycanda da qazansın. 

Mövzunu müzakirə etdiyimiz bütün ekspertlərin ümumi fikri bu oldu ki, Azərbaycanda sosial platformaların səviyyəsini aşağı salan, cəmiyyət üçün sosial, psixoloji, fiziki və mənəvi təhlükə yaradacaq paylaşımlar edən, nalayiq ifadələr və qeyri-etik paylaşımları ilə gündəm olmağa çalışan şəxslərə qarşı ciddi tədbirlər görülməli, nəzarət güclənməli, yeni istifadəçi qaydaları tətbiq edilməlidir. 

Günay Elşən