Logo
news content
User
Kateqoriyalar

Analitika

Ticarət mərkəzləri sükuta qərq olub…
Onlayn ticarət real ticarəti sıradan çıxaracaq?

“Uzun zamandır ticarət mərkəzlərinə getmirəm. Bütün geyim ehtiyaclarımı onlayn ticarət şəbəkələri, ən çox da “Trendyol” vasitəsilə qarşılayıram. Həm qiyməti sərfəlidir, həm də keyfiyyətli olur. Təkcə geyim yox, digər lazımlı ev əşyaları, elektronik əşyalar, yataq dəstləri, kitablar, kosmetik vasitələr və sair şeyləri oradan alıram. Endirim kampaniyaları da adamı daha çox həvəsləndirir. Ticarət mərkəzini gəzib, axtardığımı tapana qədər həm yoruluram, həm də vaxt itkisi yaşayıram. Ona görə də “Trendyol”dan istədiyimi rahatlıqla və sərfəli qiymətə tapıb almağa üstünlük verirəm”.

Bakı sakini Firuzə Mehdiyeva old.pressklub.az-ın əməkdaşı ilə söhbətində deyib ki, “Trendyol”a nisbətən ticarət mərkəzlərindəki məhsullar baha və keyfiyyətsizdir. Ona görə də müsahibimiz uzun müddətdir alış-verişini onlayn üsulla edir.

Son illərdə onlayn ticarət real ticarəti üstələyib. İnsanlar onlayn ticarət saytlarından-Trendyol, Amazon, Ebay, Aliexpress, Shein və sair kimi platformalardan alış-veriş edirlər. Nəticədə real ticarət geriləyir, yerli sahibkarların biznesi çökür. 

Onlayn ticarətin dünyada trend olduğunu nəzərə alaraq, onun daha çox inkişaf edəcəyini və yerli real bazarı tamamilə sıradan çıxaracağını düşünənlər var. Bu da real ticarətin tənəzzülü deməkdir.

İqtisadçı ekspert Natiq Cəfərli mövzu ilə bağlı old.pressklub.az-a danışıb. O, hesab edir ki, pərakəndə satıcılar onlayn ticarəti öyrənməlidir.

“Azərbaycana bu tendensiya yeni daxil olub. Digər ölkələr isə artıq 15-20 ildir bu məsələ ilə bağlı yekdil fikrə gəlib ki, həm iş adamları, həm də sadə vətəndaşlar üçün onlayn ticarət daha sərfəlidir. Ona görə onlayn ticarətin üstünlüklərindən istifadə etməyi bizim pərakəndə satıcılarımız da öyrənməlidir. Onlara ticarətlərinin bir hissəsini onlayna keçirmək üçün heç kim maneə olmur. Bu sistemə keçsələr, xərcləri də azalacaq”. 

Müsahibimiz deyir ki, bəziləri onlayn ticarətə maneə yaradacaq təkliflər edir. O, bunun yanlış olduğunu düşünür. 

Əslində real ticarətdə qiymətlərin baha olmasının müxtəlif səbəbləri var. Buna məhsulun maya dəyəri, daşınma haqqı, gömrük rüsumu, vergi ödəmələri, mağazanın icarə haqqı və sair xərclər daxildir. Bütün bunları nəzərə alsaq, yerli sahibkarları da qiymət siyasətinə görə qınamaq çətindir. Nəticədə hər kəs çörək pulu qazanmaq üçün çalışır. 

Məsələnin başqa tərəfi də var. Yerli istehsal olmadığı, yaxud istehlakın tələbini ödəmədiyi  üçün ölkə əhalisi istər-istəməz idxal malları istehlak etməli olur. Həmin məhsulların istehsalı elə öz ölkəmizdə olsa, qiymətlər də aşağı olar. Zamanla yerli sahibkarlar ya tam, ya da qismən də olsa, onlayn ticarətə keçsələr, bu cür əlavə xərclərdən azad ola bilərlər. 

İqtisadçı deyir ki, ənənəvi ticarətlə məşğul olanların mağazası bağlandıqca, işçilərin sayı azaldıqca sahibkarların müflisləşməsi başlaya bilər. Amma onlayn ticarət çiçəkləndikcə çatdırılma xidməti, başqa yeni xidmət növləri yaranır. Bu da işsiz qalan insanların bu platformalarda iş tapmasına yardımçı ola bilər. Onlayn və oflayn ticarət bir-birinə qarşı duran yox, tamamlayıcı ünsürlər olduqda iqtisadi effekt verirlər.

Müsahibimiz yerli istehsal sisteminin olmaması probleminə də toxunub: “Yerli istehsala gəldikdə isə onu yaratmaq çətin məsələdir. Öncə onun bu günədək yaranmasına mane olan problemləri tapıb, aradan qaldırmaq lazımdır. Yerli istehsalın yaranması real ticarəti dirçəldə bilər. Amma bunun üçün böyük təşviq proqramları, investisiya lazımdır”.

Rəqəmsal marketinq mütəxəssisi Tural Rüstəmli old.pressklub.az-a açıqlamasında deyib ki, Trendyoldan alış-veriş etmək üçün insanların müxtəlif səbəbləri var.

“Bu səbəblərin başında maddiyyat gəlir. Manatın lirə qarşısındakı dəyərini nəzərə alaraq, insanlar “Trendyol”dan alış-verişə üstünlük verir. Hər kəs düşünür ki, Bakıda eyni pula 1 məhsul almaqdansa “Trendyol”dan 5 məhsul alıb, puluna qənaət edər”. 

Müsahibimiz deyir ki, bu baxımdan, bəziləri yerli sahibkarları qiymətləndirmə siyasətində günahlandırır. Amma o hesab edir ki, yerli sahibkarlar məhsul, gömrük, vergi pulu ödədiyi üçün biznesdə mənfəət əldə etməyə görə məhsul üzərinə müəyyən qazanc payı əlavə edirlər. Bu halda dövlət siyasəti tənzimləyib, vergiləri aşağı sala bilər. Və ya müəyyən kateqoriyadakı sahibkarlara güzəştlər edə bilər. Müvəqqəti və ya davamlı olmaqla, onlara başqa cür vergi sistemi tətbiq edə bilər ki, insanlar yerli bazardan alış-veriş etməyə meylli olsun. 

Rüstəmli deyir ki, bizdə də onlayn alış-veriş saytlarının olmasına baxmayaraq, sistem yanlış qurulduğu üçün müştərilərin marağını çəkmir: “Hər kəs istəyər ki, öz yaşadığı ölkədəki markadan istifadə etsin və daha sürətli məhsul əldə etsin. Bunun əvəzinə başqa ölkədən almağı seçirlərsə, yerli sahibkar müştərini qazanmaq üçün nə etməli olduğunu düşünməlidir”.

Müsahibimizin sözlərinə görə, dünyadakı onlayn ticarət trendi Azərbaycandakından fərqlənir. Onlar başqa kontentlər üzərində düşünür, daha keyfiyyətli xidmət təqdim etmək üçün çalışırlar. Məsələn, dünyada dronla çatdırılma trendi var. Bağlama müştəriyə dron vasitəsilə çatdırılır. Bununla da şirkət tıxac kimi gözlənilməz problemləri aradan qaldırmış olur. Bu gün insanlar üçün ən vacib şey vaxt və keyfiyyət olduğu üçün bu üsul çox əlverişlidir. Bundan başqa, “Amazon” şirkətinin insan çalışmayan anbarları var. Bütün prosesi robotlar idarə edir. 

Mütəxəssis hesab edir ki, gələcəkdə bu məsələlər bizim sahibkarlar üçün də gündəmə gələcək. Hazırda yerli sahibkarların həll etməli olduğu məsələlər isə məhsulun keyfiyyəti, qiyməti, çatdırılma şərtləri, bir sözlə, onlayn alış-veriş prosesinin keyfiyyətidir. Bunlar həll olunsa, digər xidmətlər ucuz olsa belə müştərilər keyfiyyət üçün əlavə pul ödəməyə razı olacaqlar. 

Zaman keçdikcə onlayn ticarət daha çox inkişaf edəcək, müştəri kütləsi artacaq. Ona görə də bundan sonra onlayn ticarətə maneə olub, real ticarəti dirçəltməyə çalışmaqdansa elə öz ölkəmizdə onlayn ticarət sistemini lazımi qaydada formalaşdırmalıyıq ki, insanlar xarici saytlardan məhsul almaq yerinə, elə öz saytlarımızdan alsınlar. Amma bizim yerli sahibkarlarımız öz bizneslərinə düzəliş edib, yenilənmək yerinə, gedib “Trendyol”u məhkəməyə verirsə, bura da heç bir inkişafdan söhbət gedə bilməz...

Mövzu ilə bağlı old.pressklub.az saytına danışan sosioloq Nail Cəlil deyir ki, onlayn ticarətlə real ticarət arasındakı fərq ticarət dövriyyəsinin sürətlənməsi, qloballaşması ilə bağlıdır. Ancaq müsahibimiz sahibkarların müflisləşməsi təhlükəsini digər faktorlarla əlaqələndirir. “Onlayn ticarət əslində kiçik sahibkarlığı, o cümlədən, sosial sahibkarlığı stimullaşdırır. Yeni texnologiyalar müəyyən mənada işsizliyə yol açsa belə, iqtisadi fəal əhaliyə, eləcə də sahibkarlara yeni bacarıqları öyrədir. Yəni, məhsulları daha geniş məkana, rahat, az xərclə, qısa zamanda təqdim etmək imkanı yaradır. Müasir dövrdə sahibkarlıq həm də strateji düşüncə, yeni bazar strategiyası, ideya marketinqi, sosial marketinq işi, korporativ məsuliyyət tələb edir. Müəyyən şərtlər daxilində tarazlığı nəinki saxlamaq, hətta yetərincə önləmək, riskləri əhəmiyyətli dərəcədə azaltmaq mümkündür”.

Müsahibimiz deyir ki, hər iki ticarət sektorunu tarazda saxlamaq üçün sürətlə dəyişən sosial-iqtisadi dinamikadan səmərəli faydalanmaq lazımdır. Bu halda, şərtləri mövcud bazar rəqabəti müəyyənləşdirir. Daha keyfiyyətli və münasib qiymətlərlə məhsul təklif edənlər qazanır.

Ekspertin sözlərinə görə, yerli istehsal sistemi elə formalaşmalıdır ki, xaricdən gətirilən məhsullarla rəqabətdə daxili məhsullar keyfiyyət və kəmiyyət baxımından üstün olsun: “Belə olsa, bazar seqmentinin əsas hissəsini milli əmtəələr və xidmətlər tutacaq. Bu, arzuolunandır. Lakin prosesi birdən-birə gözlənilən sosial-iqtisadi hədəflərə doğru yönəltmək mümkün deyil”.

Ekspertin sözlərinə görə, ideya, fəallıq, təşəbbüskarlıq sahibkarlardan gəlməlidir. Sosial yönümlü inkişaf, milli iqtisadi sektorun inkişafı üçün SWOT(biznes rəqabəti və ya layihənin planlaşdırılması ilə bağlı güclü, zəif tərəfləri, mövcud imkanları və təhlükəni müəyyənləşdirən strateji idarəetmə texnikası – red.) analizinə istinad edən xüsusi idarəetmə metodları tətbiq oluna bilər: “Müəyyən müəssisələr, uğurlu sahibkarlar bunu bacarırlar. Bu prosedur texnologiyaların dəyişməsindən maksimum fayda götürməyə hesablanıb və son 30-40 ildir çox populyardır. Amma iqtisadi strategiya bizdə sahibkarların çoxu üçün hələ ki, anlaşılan deyil”.

Hələ Azərbaycanın onlayn ticarət sektoru maksimumuna çatmasa belə, əsas tendensiya onun güclənməsi istiqamətindədir. Bunun üstünə gözlənilən texnoloji intibah mərhələsini də gəlsək, belə görünür, zaman keçdikcə real ticarət bütünlüklə tarixə qovuşacaq...

Günay Elşən