Logo
news content
User
Kateqoriyalar

Analitika

Təzad: sosial medianı bloklayıb, qələbə xəbərlərini oradan yayırıq

Azərbaycanda hərbi vəziyyət rejimi ilə əlaqədar internetə, sosial şəbəkələrə giriş məhdudlaşdırılıb. Nisbətən məlumatlı insanlar əlavə internet resurslarının (VPN) köməyi ilə sosial mediadan istifadə edir. Amma VPN-in mövcudluğundan xəbərsiz olan çoxsaylı insanlar var ki, onlar ölkədə baş verənlər haqqında hərtərəfli informasiya ala bilmirlər. İnternetin sürətinin yavaşladılması da başqa bir problemdir.

Təzadlı durum yaranıb: sentyabrın 27-də cəbhə bölgəsində hərbi əməliyyatlar başlanandan bəri Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərazilər barədə məlumatı prezident İlham Əliyev “Twitter” hesabından yayır. Lakin “Twitter” ölkə daxilində bloklanıb. Prezidentin köməkçisi Hikmət Hacıyev bir neçə gün əvvəl çıxışında Azərbaycan həqiqətlərinin beynəlxalq aləmə çatdırılması üçün xarici jurnalistləri ölkəyə dəvət etdi. Amma bir sıra xarici media orqanları, beynəlxalq insan haqları təşkilatları gileylənirlər ki, əməkdaşlarının Azərbaycanda fəaliyyətinə imkan verilmir, bu barədə Xarici İşlər Nazirliyi və digər dövlət orqanlarına ünvanladıqları müraciətə cavab ləngiyir.

Media hüququ üzrə ekspert Ələsgər Məmmədli bildirdi ki, qanun hərbi vəziyyət rejimində müəyyən məhdudlaşdırmalara, o cümlədən internet və sosial media ilə bağlı qadağalara imkan verir. Onun sözlərinə görə, Azərbaycandan informasiyaların dünyaya çatdırılmasında bəzən gecikmələr olur, bir sıra hallarda isə qərəzli şəkildə yayılır:

“Mən əminəm ki, xarici jurnalistlər burada olsalar da, yenə qərəzli material hazırlayacaqlar. Hətta dünyada kifayət qədər nüfuzu olan media qurumları da Dağlıq Qarabağ münaqişəsi barədə materialda tərəfləri “müsəlman Azərbaycan və xristian Ermənistan” kimi təqdim edir. BBC, “Reuters” kimi resurslarda da belə halları müşahidə edirik. Gəncəyə raket atılır, 9 nəfər ölür, 40 nəfər yaralanır, BBC isə Xankəndiyə bomba atılması haqda reportaj verir. Dünyada bütün media orqanları tərəflidir. Onların bu məsələlərə münasibəti bizim davranışımızla yox, özlərinin baxışlarıyla bağlıdır”.

Ə.Məmmədlinin sözlərinə görə, müharibə dövründə hərbi sirr təşkil edən və bu qəbildən olan başqa məlumatlar olur ki, onlar yayılmamalıdır. Bu cür hərəkətlərin qarşısının alınması üçün internet və sosial mediaya məhdudiyyətlərə ehtiyac var:

“Qeyri-peşəkar davranışlar nəticəsində yayılmaması gərəkən məlumatlar yayıla, cəbhə bölgəsi ilə bağlı hansısa görüntülər paylaşıla bilər. VPN-dən isə daha çox peşəkarlar, müəyyən qədər məlumatlı adamlar istifadə edə bilir. Bu mənada, filtr yayılmaması lazım olan informasiya axınının qarşısının alınması üçün müsbət addımdır”.

“Turan” informasiya agentliyinin direktor müavini Şahin Hacıyev isə fərqli fikirdədir. O, “Press Klub”a bildirdi ki, internetin məhdudlaşdırılması qanunda nəzərdə tutulsa da, baş verənlərin istər Azərbaycan cəmiyyətinə, istərsə də dünyaya çatdırılmasına əngəl oldu:

“Bu qərar verilərkən birtərəfli hesablama aparılıb. Azərbaycan cəmiyyətini qarşı tərəfin təxribat xarakterli məlumatlarından, mənfi təsirlərindən qorumaq məqsədilə bu addım atılıb. Bu gün sosial mediaya diqqət yetirəndə görünür ki, orada əks tərəfin mövqeyi daha çox yayılır. Səbəb də budur ki, bizdə “Facebook”, “YouTube” kimi sosial şəbəkələrə çıxış məhdudlaşdırılıb. Bununla bizim həm də əks tərəfə cavab vermək imkanlarımız azalıb. Halbuki məhdudiyyəti tətbiq edəndə hərtərəfli baxmaq lazım idi. Fikrimcə, bu qədər məhdudlaşdırmaya ehtiyac yox idi. Bu gün Bakıda yaşayanlar belə, Müdafiə Nazirliyinin yaydığı məlumatları oxumaq, videolara baxmaq imkanından məhrumdur. Yəni məlumatların, hətta ölkə daxilində də yayılmasına əngəl yaranır”.

Ş.Hacıyev hesab edir ki, bu gün Azərbaycan Qarabağ həqiqətlərini, özünün haqlı olduğunu dünyaya tam çatdıra bilməyib. Ekspertin sözlərinə görə, son hadisələrdə ölkə rəhbərliyi bu missiyanı öz üzərinə götürüb:

“Amma bu məsələdə də hərtərəfli hesablama aparmayıblar. Axı dünya məlumatı AzTV-dən almır. Dünyanın aparıcı media orqanlarıyla işləmək, onların bura gəlib, hər şeyi öz gözləri ilə görməsinə şərait yaratmaq lazımdır. Amma bizdə əksinə, xarici media təmsilçilərinin gəlişi məhdudlaşdırılıb. Tanıdığım əcnəbi jurnalistlər var ki, gəlmək istəyirlər, problemlə üzləşirlər. Ya çox gec cavab verilir, ya ümumiyyətlə, imtina olunur. Görüntü çox önəmlidir. Məsələn, Qarabağda fəaliyyət göstərən iki rus müxbir var ki, açıq şəkildə ermənilərin mövqeyini müdafiə edən materiallar hazırlayırlar. Onların reportajları kifayət qədər geniş yayılır. Qeyri-obyektiv materiallar da öz təsirini göstərir. Bizdə isə xaricilər bir yana, heç öz jurnalistlərimizi də ön cəbhəyə buraxmırlar”.

Ş.Hacıyev əcnəbi mediada Azərbaycana münasibətdə qərəzli olanların mövcudluğunu istisna etmir. Onun sözlərinə görə, qərəzli mövqeyi bəlli olan konkret şəxslərin ölkəyə gəlişinə qadağa başadüşüləndir. Amma bütün xarici jurnalistlərə eyni cür yanaşmaq doğru deyil:

“Gərək media ilə daimi işləyəsən ki, jurnalistləri tanıyasan. Hansısa nüfuzlu media jurnalist göndərəndə biləsən ki, kimi dəvət eləmək lazımdır, kim obyektiv olacaq. Bu sahədə isə bizdə iş getmir. Halbuki beynəlxalq KİV-lə əməkdaşlıq vacibdir. Məsələn, Fransanın Dağlıq Qarabağ münaqişəsində bizə qarşı qərəzli mövqeyi məlumdur. Amma fransız jurnalistin Gəncəyə raket atılması barədə hazırladığı reportaj xarici mediada yayılan və bizim mövqeyimizi ifadə edən çox yaxşı material oldu. Bu da o deməkdir ki, mətbuatı tanımalısan, işləməlisən”.

Gülər