Logo
news content
User
Kateqoriyalar

Analitika

“Təmas xətti” yoxdur: Xəzər dənizi vətəndaşların əlindən necə alınıb?
Qanun qadağan edir, ancaq obyektlər artır, hasarlar daha da ucalır...

(“Medianın ictimai nəzarətçi rolunun fəallaşdırılması” silsiləsindən üçüncü yazı)

Artıq geridə qalmış yay mövsümündə bir ay boyunca Xəzər dənizinin Bakı və Sumqayıt ərazisinə düşən sahil ətrafı əraziləri gəzdik. Müşahidələrimiz, söhbət etdiyimiz sakinlərin dedikləri deməyə əsas verir ki, sahilyanı ərazilərin böyük əksəriyyəti iaşə obyektləri, mülklər üzündən insanlara bağlıdır. Amma qanunlara nəzər yetirsək, bunun tamamilə əksini görərik. 

Qanunlar bir söz, reallıq başqa söz deyir

Torpaq haqqında Məcəllənin 46-cı maddəsində qeyd edilir ki, Xəzər dənizinin, Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələri dövlətin mülkiyyətində qalmaqla özgəninkiləşdirilə bilməz və yalnız dövlət məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanının qərarı ilə istifadəyə və icarəyə verilə bilər. Qanunda o da qeyd edilir ki, hər hansı bir ərazi icarəyə götürülürsə və orada hasarlanma zəruridirsə, o halda da uzunluq 200 metri keçməməli və 6 metr enində avtomobillər üçün keçid yeri qoyulmalıdır. 

Amma üz tutduğumuz Bakının Hövsan, Bilgəh, Buzovna, Novxanı, Fatmayi, Ələt, eləcə də Sumqayıtın Corat qəsəbələrində sahilyanı ərazilər sözün bütün mənalarında işğal edilib. Çox az yer var ki, ora giriş sərbəstdir. Ələt qəsəbəsində qarşılaşdığımız acı bir gerçəklik vardı – uzunluğu kilometrlərə çatan hasar dənizlə insanları tamamilə ayırıb. 

Mərhum prezident Heydər Əliyevin 2003-cü ildə imzaladığı “Azərbaycan Respublikasında Xəzər dənizi sahillərindən istifadənin tənzimlənməsinə dair bəzi tədbirlər haqqında” sərəncamda qeyd edilir ki, Xəzər dənizinin sahil zolağı özəlləşdirilə bilməz. 

Sərəncamın mətnində sahilboyu ərazilərlə bağlı problemlərin olduğu və bunun aradan qaldırılması üçün müvafiq orqanlara tapşırıqlar verildiyi qeyd olunur. 

“Xəzər dənizi (gölü) sahilinin 130 metrlik zolağında yerləşən torpaqların Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş inzibati və ya məhkəmə qaydasında, hüquqi və fiziki şəxslərin istifadəsindən və icarəsindən geri alınmasını təmin etsinlər” – sərəncamda yazılır. 

“Dənizkənarı ərazilər hasarlana bilməz!”

Hövsan sakini Nizaməli Süleymanov deyir ki, ötən əsrin sonlarına qədər yaşadığı qəsəbədə dəniz sahili ərazilər indiki kimi işağl edilməmişdi: 

“Əvvəllər buralara giriş sərbəst idi. Heç yer zəbt olunmamışdı. İstədiyimiz yerdə dincəlirdik. Əncir bağları vardı, gəlirdik kölgəsində sərinlənirdik. İndi hər yer bağlıdı. Bircə bura açıqdı. Onun da gələn yolu yaxşı deyil. Hər yerdə ya obyektlərdi, ya da villalar. Buranın da şəraiti yoxdu, hər yer zibillikdi, yayda bura gəlib çimmək olmur, ya da ailəylə gəzib-dolanmaq olmur. Obyektlərə də girmək maddi duruma görə sadə vətəndaşlar üçün çətindi”.

Dəniz sahilinin hasarlanması və insanların ora sərbəst girişinə qanunsuz olaraq məhdudiyyət qoyulması ilə bağlı bundan əvvəl yayımladığımız birinciikinci reportajlarda geniş yazmışdıq. 

Mövzu ilə bağlı qanunverici orqan nümayəndələrinin fikirlərini öyrəndik. Deputat Razi Nurullayev deyir ki, Xəzər sahili ərazilərin hasarlanması qanunaziddir. 

“Qanun deyir ki, dəniz bir, iki, üç nəfərin deyil. Bu, Azərbaycan xalqınındı. Ona görə də on nəfərin, yaxud da yüz nəfərin gedib dənizi hasarlaması, ev tikməsi, biznes qurması qəbul edilən deyil. Qanunla bunlar hamısı sökülməlidir. Niyə sökülmür? Bakı-Ələt yolunu gedəndə yolun hər iki üzü hasarlanıb. Sanki həbsxanadan keçirsən. Nə üçün edilir bunlar? Adətən belə hasarlamalar çirkinlikləri gizlətmək üçündür. Bu hasarlamaya ayrılan pulu abadlığa sərf edilsə, o ərazilər tam təmizlənər. Kimsə gedib sahilyanı ərazilərdə ev tikir, öz həyətini cənnətə döndərir, ondan kənar yerlər cəhənnəmə bənzəyir. Mən hesab edirəm ki, dəniz kənarı hasarlana bilməz. Düzdür, birdən-birə orada tikilən evlər, obyektlər sökülə bilməz, xeyli xərc qoyublar insanlar, qanunla həll edilib, yoluna qoyulmalıdır. Müvafiq orqanlar buna göz yumaraq kimlərəsə şərait yaradıblar. Vətəndaşlarla dəniz arasında sərhəd çəkilməməlidir. Bu, qanunaziddir”.

Çıxış yolu nədədir?

Prezident İlham Əliyev “İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2015-ci il 18 dekabr tarixində fərman imzalayıb.

Fərmanla Xəzər dənizinin Azərbaycan sahilində gediş-gəlişi məhdudlaşdıranların cəzalandırılması ilə bağlı qanun qüvvəyə minib.

Dəyişiklərə əsasən, Xəzər dənizinin Azərbaycana məxsus olan bölməsində sahilboyu 20-50 metr zolağın altında olan torpaq sahələri ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşib. Fiziki şəxslər 4 min, vəzifəli şəxslər 8 min, hüquqi şəxslər 40 min manat cərimə olunmalıdır. Bu fərman qüvvəyə minəndən sonra xeyli yerlərdə obyektlər, mülklər söküldü, amma bir müddət sonra bəzi işbazlar yenidən fəaliyyətə keçə bildi. 

Buzovnada söhbət etdiyimiz vətəndaşlar deyirlər ki, bir il öncə “Qayalıqlar” deyilən ərazilərdə obyektlər, hasarlar söküldü. 

“İndi giriş-çıxış sərbəstdir. Kim istəyir gəlir, gəzir. Amma ümumilikdə Buzovna və başqa qəsəbələrdə problemlər tam həll olunmayıb. Yenə də hasarlanmış ərazilər var. Obyektlər tikilib və insanlar üzünə bağlıdı, yalnız ödənişlə içəri keçə bilərsən”. 

İqtisadçı ekspert Natiq Cəfərli hesab edir ki, sahilə yaxın ərazilərdə tikilən evlər, obyektlər varlı kəsimə, məmur kastasına məxsusdur:

“Bəzi hallarda qanunlar belə adamlar üçün heç nə ifadə etmir. Çıxış yolu bələdiyyə məsələsidir. Böyük şəhər bələdiyyələri, rayon bələdiyyələri özünü idarəetmə məntiqiylə idarə olunması baş verəcəksə ictimai mülkiyyət forması kimi, vətəndaşların ümumi əraziləri kimi anlayışı gələcəksə, bu zaman problem avtomatik olaraq həllini tapacaq, məncə”.  

Dənizə girişin bağlanmasına bir halda icazə verilir, o da...

Vəkil Habil İsgəndərovun fikrincə, Xəzər sahilində kimsə girişi məhdudlaşdırırsa, bu, tamamilə qanunsuz və məsuliyyətə səbəb olan hərəkətdir:

“Dəniz sahilinin hasarlanması və dənizə girişin bağlanmasına yalnız bir müstəsna halda yol verilir. Dövlət və ictimai maraqlar naminə (müdafiə, sənaye, təhlükəsizlik, əhalinin sağlamlığının qorunması, iqtisadi tədbirlər, sərhəd mühafizə və bu kimi istisna məqsədlər üçün) zərurət olduqda, müstəsna hallarda, müvafiq icra hakimiyyəti orqanının əsaslandırılmış qərarı ilə Xəzərin sahilboyu zolağından istifadəyə məhdudiyyət qoyula bilər. Dövlətdən başqa hər hansı şəxsin (fiziki və ya hüquqi şəxs, yerli icra və ya bələdiyyə orqanı) dəniz sahilini hasarlamağa, dənizə, su hövzəsinə girişi bağlamağa ixtiyarı yoxdur. Hər hansı mərkəzi və yerli icra hakimiyyəti orqanının, bələdiyyənin öz mülahizəsinə görə su hövzəsinə, dəniz sahilinə, çimərliyə girişi məhdudlaşdırmağa və bağlamağa əsas verən qərar qəbul etmək səlahiyyəti mövcud deyil, belə hərəkət qanunla icra hakimiyyəti orqanlarına qadağan edilir”. 

“İctimai nəzarət olmalıdır“

Millət vəkili Azər Badamov da dəniz sahillərinin hasarlanması düzgün hesab etmir. O deyir ki, qanunvericilikdə də dənizin mühafizəsi zonası var və bu zonanı bağlamaq qadağandır:

“Təəssüf ki, Xəzər sahilinin hasarlandığından insanların dənizə çıxışının məhdudlaşması ilə üzləşməli oluruq. Təbii ki, bu yol verilməzdir. Hətta dənizkənarı tikilmiş hasarların sökülməsi ilə bağlı müvafiq tapşırıq da olub. Bir ara müəyyən hissələrdə söküntü işləri də aparıldı. Amma bu gün yenə də dəniz sahilinin çox hissəsi insanların üzünə bağlı qalır. Bu, həm yay vaxtı çimərliklərin əlçatanlığına məhdudiyyət, həm də dəniz kənarında hava almaq istəyən insanlar üçün çətinlik yaradır. Bunun qarşısını almaq üçün ictimai nəzarətin olmasını vacib hesab edirəm. Hansı ərazidə insanların dənizə girişi məhdudlaşdırılıbsa, o ərazi ilə bağlı müvafiq dövlət orqanılarına müraciət edilməli və tədbir görülməsi üçün tələb olduğunu hesab edirəm”.

Cavabsız suallar

Çəkiliş üçün getdiyimiz yerlərdə Xəzərin sahilboyu əraziləri hasarlanması hallarını yuxarıda qeyd etdiyimiz kimi çox gördük. Düzdür, bəzi yerlərdə pulsuz çimərliklər var, giriş sərbəstdir, amma burada yaradılan şərait isə ürəkaçan deyil. 

Hətta xüsusi icazəylə iaşə obyektləri fəaliyyət göstərirsə, yenə ora giriş sərbəst, pulsuz olmalıdır. Amma Bakıda və Sumqayıtda qarşılaşdığımız mənzərə onu deməyə əsas verir ki, bu cür obyektlərin hamısında giriş ödənişlidir, orada göstərilən xidmətlər də həmçinin. 

Bütün gördüklərimizlə bağlı istər Bakı Şəhər İcra Hakimiyyətinə, eləcə də Sumqayıt Şəhər İcra Hakimiyyətinə sorğuyla müraciət etmişdik. 

Bakı şəhər İcra Hakimiyyətindən sorğumuza hələ də cavab almamışıq. 

Sumqayıt şəhər İcra Hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayev isə bu mövzu ətrafında aylar öncə old.pressklub.az-a açıqlamasında bildirmişdi ki, Xəzər dənizinin Sumqayıt sahilində insanların dəniz sahilinə sərbəst giriş-çıxışı təmin edilib.

“Xəzər dənizinin Sumqayıt sahilində 20-50 metrlik mühafizə zolağına düşən torpaq sahələrinin istifadəsi, mövcud qanunvericiliyin tələblərinin pozulmasına qarşı zəruri tədbirlərin görülməsi ilə bağlı davamlı olaraq monitorinq və reydlər keçirilir. Monitorinqlərin nəticələrinə əsasən, Xəzər dənizinin sahil mühafizə zolağının dövlət mülkiyyətində olan torpaqlarında fiziki şəxslərin qanunsuz tikinti və hasarlama işlərinin aparılması faktları müəyyən edilən zaman aidiyyəti orqanlar müvafiq tədbirlər görür”.

Kiçik sözardı

Qanunvericilikdə yazıldığı kimi sadə insanlar da, millət vəkilləri də, ekspertlər də - bir sözlə, hər kəs dəniz sahilinin hasarlanmasının əleyhinədir. Amma hələ ki, bunun qarşısı tam alına bilinmir. Ümid edək ki, bir gün bu problemlər həllini tapacaq...

https://pk-web.s3.eu-central-1.amazonaws.com/media/VID_20231030_110825_148.mp4

Ramin Deko