Logo
news content
User
Kateqoriyalar

Analitika

Təkbətək danışıqlara imkan verəcəklərmi? 
Bakı və İrəvan arasında birbaşa təmaslar nə Rusiyanın, nə də Qərbin maraqlarına uyğun deyil...

Azərbaycan Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyev Euroreporter.co saytına müsahibəsində bildirib ki, Azərbaycan regional təhlükəsizlik tərəfdarıdır.

“Biz ədalətə, bir-birimizin ərazi bütövlüyünün və suverenliyinin tanınmasına və bütün ərazi iddialarından imtinaya əsaslanan yeni regional təhlükəsizlik arxitekturasını qurmaq istəyirik. Əvvəla, sülh və regional təhlükəsizliyi Brüsseldə, Parisdə, Vaşinqtonda və ya başqa yerdə axtarmaq lazım deyil. Sülh regiondadır”, - o bildirib.

“Avropa Parlamentində bəzilərinin Bakıya qarşı azərbaycanofobiyası və ya islamofobiyası var. Avropa Şurası bu yaxınlarda Azərbaycanı tənqid edən bəyanatla çıxış etdi və biz bunu gərəksiz hesab edirik. Avropa qurumları ərazilərimiz işğal altında olduğu zaman heç vaxt Azərbaycana qarşı ədalətli davranmayıb”, - o, əlavə edib.

“Uzun illər ərzində Gürcüstan, Moldova və Ukraynadakı separatçı qurumlara bir yanaşma, Azərbaycanda isə separatizmə başqa yanaşma olub”, - deyə qeyd edən Hacıyev bildirib ki, “Avropa İttifaqına üzv olan bəzi dövlətlər, məsələn, Fransa Ermənistanı silahlandırmaq proqramına başlayıb”. Fransa Ermənistana üzərində raketlər olan hərbi zirehli transportyorlar göndərir: “Biz daima Aİ üzvü olan dövlətlərə, o cümlədən Fransaya xəbərdarlıq edirdik ki, Azərbaycan ərazisində separatizmi dəstəkləməsinlər, bölgəmizdə erməni revanşizmini, geosiyasi oyunlarını təşviq etməsinlər. Təəssüf ki, bu baş verdi”.

“Biz inanırıq ki, sülhə nail olmaq üçün tarixi fürsət var və müvafiq Avropa qurumları regionda sülhə gedən yolda problemlər yaratmaq əvəzinə, bu həllin bir hissəsi olmalıdırlar”, - deyə prezidentin köməkçisi yekunlaşdırıb.

Bəs Hacıyevin “yeni regional təhlükəsizlik arxitekturası qurmaq” istəyi ilə bağlı söylədiklərinin həyata keçirilməsi realdırmı? Hazırkı qüvvələr balansını nəzərə alsaq, bunu etmək olarmı? Və ümumiyyətlə, Azərbaycan və Ermənistana bütün məsələlərlə bağlı müstəqil şəkildə razılığa gəlməyə imkan verəcəklərmi? Axı, bu nə Rusiyanın, nə də kollektiv Qərbin maraqlarına uyğun deyil - onların hər biri bu prosesə nəzarət etmək istəyir. Ən azından ona görə ki, sülh müqaviləsi gələcəkdə Cənubi Qafqazda əks tərəfin mövcudluğu (hərbi, siyasi) ehtimalını aradan qaldırsın. Şübhəsiz ki, Bakı və İrəvan qəfildən təkbətək danışıqlara başlamaq istədikləri təqdirdə, Moskvanın lazımi anda onların arasında gərginlik yaratmaq üçün kifayət qədər alətləri var.

old.pressklub.az-ın suallarını region üzrə tanınmış ekspert, israilli publisist Aviqdor Eskin (Qüds) cavablandırıb. 

 

O hesab edir ki, bu

gün prezident Əliyevlə baş nazir Paşinyan arasında birbaşa konstruktiv dialoqun qurulmasına heç bir maneə yoxdur. “Məhz bu format effektiv və səmərəli olacaq”, - analitik deyir.

Eskin hesab edir ki, postsovet məkanında vasitəçilərin cəlb edilməsinə həddindən artıq aludəçilik var.

Rusiya ilə Ukrayna arasında iki il əvvəlki vəziyyəti götürək. Əgər bu ölkələrin prezidentləri aktual problemlərin müzakirəsi ilə bağlı birbaşa ünsiyyətə başlasaydı, o zaman müharibə də baş verməzdi. Amma Moskva qərara gəldi ki, Ukrayna ilə deyil, Vaşinqtonla danışıqlar aparmaq lazımdır.

Bölgənizdəki vəziyyət gələcəklə bağlı dərhal birbaşa danışıqlara başlamağı tələb edir. Sərhədlərin açılması, birgə iqtisadi layihələr, mehriban qonşuluq mühiti. Bütün bunlar realdır", - ekspert əmindir.

Rauf Orucov