Logo
news content
User
Kateqoriyalar

Analitika

Tehranın köhnə-yeni dəhliz fobiyası
Ekspert: “İran bir gün layiq olduğu cavabı alacaq”

İran bir qədər fərqli formada yenə köhnə “mahnısını” oxumağa başlayıb. İran tərəfi Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının tərəfdarı olduğunu bildirir, lakin regional sərhədlərin dəyişdirilməsini qəbul etmir. Bunu CNN Türk-ə İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqeri Kani Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması kontekstində Zəngəzur dəhlizi ilə bağlı sualı cavablandırarkən bildirib. 

İran tərəfi regionun inkişafına kömək edəcək bütün təşəbbüsləri, xüsusən də Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasını dəstəkləyir. Bununla belə, Tehran regionun demoqrafiyasını və bölgənin sərhədlərini dəyişdirəcək istənilən layihə və təşəbbüsün əleyhinədir”, - deyə Kani vurğulayıb.

İranın Zəngəzur dəhlizinin onun ərazisindən - Araz çayının cənub sahili boyunca çəkilməsinə qarşı olmadığını nəzərə alsaq, bu bəyanat çox qəribə səslənir. Tehran niyə hesab edir ki, əgər Bakı və İrəvan razılığa gəlsələr və bu dəhlizin Sünik ərazisindən keçməklə köhnə marşrutunu bərpa etməyə başlasalar, qaçılmaz olaraq regionda demoqrafik dəyişiklik baş verəcək və sərhədlərin dəyişməsinə gətirib çıxaracaq? Onları bu cür düşünməyə vadar edən nədir? Yoxsa bu istəksizliyin arxasında əslində başqa məsələ durur?

Politoloq, professor, fəlsəfə elmləri doktoru Qabil Hüseynli məsələ ilə bağlı fikirlərini Pressklub.az-la bölüşüb.

Politoloq, sözünə “İran qəribə ölkədir” deyə başlayır. “Bu qəribəlik İran-Azərbaycan münasibətlərinə gəldikdə özünü xüsusilə göstərir. Biz uzun müddət səmimi şəkildə dövlətlərimiz arasında münasibətləri yaxşılaşdırmağa çalışmışıq, eyni səmimi cavabı alacağımızı düşünmüşük. Amma artıq həm mənə və həm də bir çox başqalarına aydındır ki, İranla bu məntiq işləmir. Əlbəttə, İran teokratik ölkədir, siyasi sistemi dini hökmlrə söykənir, amma burada ən önəmlisi odur ki, qonşu ölkə bizim regionda imperiya ambisiyalarını gizlətmir. Orada deyirlər ki, İran ayparası bütün Yaxın Şərqi əhatə edib, Aralıq dənizinə çatmalıdır. Yəni, onlar iddia edirlər ki, İraqı tamamilə nəzarətdə saxlayırlar, Suriyaya böyük təsir imkanlarına malikdirlər və buna görə də asanlıqla Aralıq dənizinə çıxa bilərlər. Halbuki, orada Türkiyə var. Və hətta Rusiya da bu məsələdə İranla razılaşmır. ABŞ isə İranın bu istəyinə kəskin müqavimət göstərir, ona görə də Suriyadakı bazasını saxlayır və yerli əhali arasında tərəfdarlarını formalaşdırır.

Bütün bunları nəzərə alaraq onu da qeyd edərdim ki, İran təhlükəli ölkədir. İran heç bir səbəb olmadan qonşu dövlətlərə hücum edə və hərbi vəziyyət yarada bilər. Sadəcə olaraq, İran hazırda İsrail və ABŞ-dan çəkinir. İsrailə qarşı son hücumu nəzərdən keçirək. İran əvvəlcə HƏMAS terror təşkilatını silahlandırdı, İsrailə hücum etmək üçün onu pul və müxtəlif vasitələrlə təmin etdi. Amma İsrail demək olar ki, HƏMAS-ı məhv edib və bundan sonra İran faktiki olaraq İsraillə müharibəyə başladı. Raketlərdən, müxtəlif aviasiya vasitələrindən və s. istifadə etməklə həyata keçirilən son hücumu xatırlayaq. Təbii ki, həmin vaxt Böyük Britaniya və Amerika İsrailə kömək etdi və İranın bütün hava vasitələri İsrailə çatmamış İraq ərazisi üzərində məhv edildi. İsrail ərazisinə yalnız bir raket düşdü, o da xüsusi ziyan vermədi”, - professor xatırladıb.

O qeyd edir Kİ, Tehran həm İsrailə münasibətdə, həm də digər dövlətlərə münasibətdə çox qəribə siyasət yürüdür. “Bəzi beynəlxalq mənbələr iddia edirlər ki, İran 26 terror təşkilatı yaradıb. Onları öz göstərişlərini yerinə yetirmək üçün silah və bütün vasitələrlə təmin edir.

İranın Azərbaycanla münasibətləri çox mürəkkəbdir. 44 günlük müharibədən sonra İran dəfələrlə təkrar etdi ki, sovet dövründə uğurla fəaliyyət göstərən dəmir yolu formasındakı Zəngəzur dəhlizi onlar üçün qırmızı xətdir. Deyirdilər ki, Azərbaycanın Mehri istiqamətində dəmir və avtomobil yolunu bərpa etməsinə imkan verməyəcəklər. Bakı Tehrana eyni yolun Arazın İran sahili boyu çəkilməsi təklifi ilə müraciət edəndə, dərhal razılaşdılar. Dərhal bütün qırmızı xətlər yox oldu. Ölkə bu regionda çox mürəkkəb geosiyasi oyun oynayır: onun bir çox qərarları hər an müharibəyə səbəb ola bilər. İran bir neçə dəfə Azərbaycanı müharibə ilə hədələyib. Hətta Azərbaycanın Xəzərdəki bütün neft hasilat platformalarını məhv etmək hədələri də var idi. Onlar gənc Azərbaycan dövlətini qorxutmaq üçün məsuliyyətsizcəsinə, vicdan əzabı çəkmədən təhdid dilinə keçirlər.

Amma düşünürəm ki, İran buna nail ola bilməyəcək. Çünki Azərbaycanın beynəlxalq mədən konsorsiumunda Amerika, Böyük Britaniya və bu məsuliyyətsiz siyasət aparanlara dərhal lazımi cavab verməyə qadir olan digər aparıcı dövlətlər iştirak edir.

Azərbaycan səfirliyinə hücumdan sonra münasibətlər yalnız indi-indi yaxşılaşmağa başlayıb - biz nümayəndəliyi Tehranın başqa bir rayonunda açmışıq və onlarla çox diqqətlə iş aparmağa çalışacağıq. Hər kəs çox gözəl anlayır ki, rəsmi Tehranın bəyanatları ümumən yalandır. Məsələn, alman diplomatının bir məqaləsini xatırlayıram. O, dünyanın heç bir yerində iranlılardan daha qeyri-səmimi həmkarlarına rast gəlmədiyini bildirirdi. Bu gün bir şey deyirlər, sabah anidən ritorikanı dəyişib dünən danışdıqlarının əksini deməyə başlayırlar. Deməli, İrana münasibət bütün dünyada eynidir, molla rejiminin nə olduğunu hamı başa düşür. Lakin İranın müasir dünyada qeyri-müəyyən müddətə belə bir siyasət yürütməsi çətin olacaq. İran tədricən öz gücünü və əsas resurslarını itirir. Və gözəl günlərdən birində İsrail, Amerika, Böyük Britaniya (və mümkün olacaqsa, bizim ölkəmiz) bu dövlətə layiq olduğu cavabı verəcəklər”, - deyə Q.Hüseynli yekunlaşdırıb.

Rauf Orucov