Logo
news content
User
Kateqoriyalar

Analitika

Tehran rəsmisinə siyasi coğrafiya dərsi
SEPAH komandiri “Ermənistanla Dağlıq Qarabağ arasında böhran” deyəndə nəyi nəzərdə tutur?

Sədrəddin Soltan

İran hakimiyyətinin təmsilçiləri Azərbaycana münasibətdə hələ də çıxışlarına diqqət edə bilmir. Bu, təkcə onların məsələyə yanlış yanaşmasının nəticəsi deyil, həm də Tehran rejimini antitürk düşüncəsinin törəməsidir. 

Azərbaycan torpaqları işğal altında olanda nə İranın ali rəhbəri ayətullah Xamenei, nə də onun komandasının bir üzvü Ermənistanı qınamadı. Heç biri “Azərbaycanın ərazi bütövlüyü İsam Respublikasının qırımız xəttidir” demədi. Heç 44 günlük müharibə zamanı da buraxdıqları səhvləri düzəltməyə çalışmadılar. Əksinə, işğalçıya maddi, mənəvi, siyasi  və hərbi dəstəklərinin əsirgəmədilər. Ermənistana hərbi texnika ötürdülər. Vətən müharibəsi bitdikdən sonra Azərbaycanı yersiz iddialarla ittiham etməyə başladılar. Həmsərhəd bölgədə 3 dəfə hərbi manevr keçirməklə Azərbaycana güc göstərməyə cəhd etdilər. 

Son zamanlar Azərbaycana dostluq, qardaşlıq ismarışları verən Tehran hakimiyyətinin nümayəndələri əsas sifət və mahiyyətlərinin gizlədə bilmir. 

İran Azərbaycanın Qarabağda keçirdiyi antiterror tədbirinin nəticələrinə, suverenliyinin tam bərpasına sevinənlərdən olmadı. Ərazi bütövlüyünü tanıdıqlarını bildirsələr də xəbis niyyətlərinin gizlətmirlər. 

İran parlamentinin erməni deputatı Robert Beqlaryan “News.am” saytına müsahibəsində İranın Ermənistandakı səfiri Mehdi Sübhaninin ölkəsinin Xarici İşlər Nazirliyinə məktub yazaraq təcili tədbirlər görülməsini, Ermənistana humanitar yardım göndərilməsini istədiyini bildirib. İsfahanda yaşayan ermənilərin parlamentdəki təmsilçisi məsələ ilə bağlı İranın Qızıl Aypara Cəmiyyəti ilə danışıqlar apardığını da qeyd edib. Robert Beqlaryan vurğulayıb ki, İran parlamentinin başqa erməni deputatı Ara Şaverdiyanla İran xarici işlər nazirinin müavini ilə görüşüblər: “Qarabağdakı vəziyyət, insanların durumu və törədilmiş cinayətlərlə bağlı narahatlığımızı bildirdik”. 

İran hakimiyyəti 30 il əvvəl Azərbaycan torpaqları işğal olunanda susurdu. Azərbaycanlı köçkünlərin quru yolu ilə İran ərazisindən keçməsinə şərait yaratmamışdı, xeyli insan Araz çayında boğulmuşdu. İndi erməni deputatları qəbul edib, onların Azərbaycanı “cinayətkar” adlandırmasına belə şərait yaradır və s.

İran İnqilab Keşikçiləri Qvardiyası Quru qoşunları komandanı general Mürtəza Mirian isə Azərbaycan Respublikasının adını çəkməyi belə özünə  rəva görməyib, Cənubi Qafqazı isə Qərbi Asiya adlandırmaqla yeni coğrafi bölgə uydurub. 

O, regionda üstüörtülü şəkildə Azərbaycanın Qərb dövlətləri və İsraillə hərbi texnika sahəsində ticarətinə işarə edərək, deyib: “Düşmən Qərbi Asiyada münaqişə və təhlükəli vəziyyətin olmasını istəyir. Bu məqsədlə öz silahlarını satmağa çalışır”. Mürtəza Mirian Ermənistanla Azərbaycan arasındakı gərgin münasibəti də “Ermənistanla Qarabağ arasındakı böhran” adlandırıb: “Hadisələr baş verib. Ermənistanla Dağlıq Qarabağ arasındakı böhran (?!-red.) İslam Respublikası prizmasından: hər iki ölkə İran İslam Respublikasına dost hesab olunur. Aralarındakı fikir ayrılıqları sülh yolu ilə həll edilməli və bu iki ölkənin xalqına zərər dəyməməlidir”.

Belə görünür, rejimin bu generalı hikkə və kinindən Azərbaycan sözünü dilinə gətirməkdən çəkinir. 

Öz ölkəsinin, İranın ərazi bütövlüyündən bəhs edən bir dövlət adamının təsadüfən belə deməsi inandırıcı deyil. Kəngər körfəzinin adını “Fars körfəzi” adlandırıb beynəlxalq ictimaiyyətin də belə deməsini istəyən, yaxud Əbu Musa, Böyük Tonb və Kiçik Tonb adalarının İrana aid olduğunu iddia edib, oradan sakinləri hərbçiləri vasitəsi ilə qovan bir dövlətin hərbi nümayəndəsi Mirianın “Dağlıq Qarabağ” ifadəsi saxtakarlıqdan savayı bir nəsnə deyil. Onu da qeyd edək ki, İran hakimiyyəti Rusiya, Çin və  Yaponiyaya etiraz notları verdi, rəsmilərdən bu məsələdə buraxdıqları səhvə görə üzrə istəmələrini tələb etdi. Xatırladaq ki, bu ölkələr adaları birmənalı şəkildə İranın ərazisi olaraq adlandırmayıblar. Birləşmiş Ərəb Əmirlikləri ilə İran arasında adalara dair problemin dinc yolla həllini istədiklərini bildiriblər. 

3 adaya görə 3 dövlətə sərt reaksiya verən İranın generalın “Ermənistanla Dağlıq Qarabağ arasında böhran” ifadəsi işlətməsi savadsızlığın, münasibətlərə saxta yanaşmanın və s. mənfi düşüncənin nəticəsidir.  

Çünki “Dağlıq Qarabağ” adlı bir struktur yoxdur. Yaxud belə bir bölgə də mövcud deyil. “Dağlıq Qarabağ” vilayətinin muxtariyyəti isə hələ SSRİ dövründə, 36 il əvvəl ləğv edilib. Belə çıxır ki, İran rəsmiləri hələ də SSRİ-yə münasibət düşüncəsindən çıxa bilməyiblər. Belə adlandırma ilə Azərbaycanı və onun mövcudluğunu görməzliyə vurmağa çalışırlar. Mürtəza Mirian bu çıxış ilə İran hakimiyyətinin Azərbaycanla bağlı xoş niyyətli sayılan bəyanatın yalan və saxta olduğunu isbatlayır. Bu çıxış və yanaşma onu da sübut edir ki, SEPAH komandirlərinə siyasi coğrafiya dərsinin keçilməsi də vacibdir. Çünki Cənubi Qafqaza Qərbi Asiya demək siyasi savadsızlıqdır. Cənubi Qafqaz məsələsi İran da daxil olmaqla Asiyanın qərbinin ümumi məsələsi deyil, İran Orta Şərq ölkəsidir. Onun məsələsi həmin siyasi coğrafiyanın maraqları əsasında həll edilir. SEPAH-çı komandir Cənub Qafqaz deyil, Qərbi Asiya deməklə Cənubi qafqazlıda bu ərazini də bura daxil edir və özünü də bu məkanın tərkibində görməyə çalışır. Ancaq İran heç vaxt Cənubi Qafqaz ölkəsi olmayacaq. Ona görə də onun bu bölgədə axtarışları nəticəsiz qalacaq.