Logo
news content
User
Kateqoriyalar

Analitika

Təhlükəsizliyin altındakı təhlükə...
Azərbaycana edilən təklifin altında hansı “mina” yatır?

ABŞ və Avropa İttifaqının vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqları dalana dirənib. Ötən iki ildə olduğu kimi, sülh ritorikasını hərbi gərginlik əvəz edib, 2022-ci ilin sentyabrında çoxsaylı itkilərə səbəb olmuş toqquşmaların təkrarlanması ehtimalı artıb. Hazırda vasitəçilər böhranı sabitləşdirməyə çalışır. Amma tərəflərin mövqeyindəki diametral ziddiyyətlərin necə həll olunacağı isə bəlli deyil.

Prosesdə iştirak edən diplomatlardan biri may və iyun aylarında Vaşinqtonda aparılmış uzun və gərgin danışıqlar zamanı sülh sazişinin 70 faiz razılaşdırıldığını bildirmişdi. Baş nazir Nikol Paşinyan danışıqların gedişində Azərbaycanın ərazi bütövlüyünü (86.6 min kvdartat kilometr) tanıdığını bildirmişdi və Bakıdan da qarşılıqlı şəkildə Ermənistanın ərazi bütövlüyünü (29.8 min kvadrat kilometr) tanımasını istəmişdi. Prezident İlham Əliyev, xarici işlər naziri Ceyhun Bayramov dəfələrlə bəyan ediblər ki, Azərbaycan sülh danışıqlarında dövlətlərin ərazi bütövlüyü, suverenliyi prinsipini prioritet hesab edirlər.

Sülh danışıqlarını dalana dirənməsinin əsas səbəbi Ermənistanın müqaviləyə Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi öhdəliyini daxil etmək cəhdi oldu. Yəni, erməni tərəfinin iddiasına görə, Azərbaycan bu məsələdə üzərinə hüquqi öhdəliklər götürməlidir.

Rəsmi Bakı isə bəyan edir ki, Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır, ölkə Konstitusiyasında təsbit olunan bütün hüquqlar onlara da şamil olunacaq. Amma onlara bu çərçivədən kənar heç bir əlahiddə hüquqlar verilməyəcək.

Ötən həftə Nikol Paşinyan hökumətin iclasında bu mövqeyi yenidən təkrarlayıb. Bildirib ki, Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi ilə bağlı məsələ sülh müqaviləsində əks olunacaqsa, Ermənistan onu imzalamağa hazırdır.

Dünən ABŞ Dövlət katibi Entoni Blinken də şəxsi bəyanatında İrəvanın mövqeyini az qala təkrarlayıb:

“Biz təkrar edirik ki, Ermənistan və Azərbaycan arasında istənilən sülh sazişi Dağlıq Qarabağ sakinlərinin hüquqlarını və təhlükəsizliyini qorumalıdır. Biz həmçinin Bakı ilə Dağlıq Qarabağ xalqı arasında dialoqu təşviq edirik;

Birləşmiş Ştatlar təsdiqləyir ki, irəliyə doğru yeganə yol sülh, Azərbaycan və Ermənistan arasında dialoq və bir-birinin suverenliyi və ərazi bütövlüyünə qarşılıqlı hörmət əsasında münasibətlərin normallaşdırılmasıdır”.

Qeyd edək ki, bu məsələ Fransanın da mövqeyində prioritet təşkil edir. Avropa İttifaqının bəyanatlarında məsələ bu şəkildə qoyulmasa da, Brüssel Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin beynəlxalq qarantiya altında olmasının çərçivəsinin tapılmasını istəyir.

Öncə qeyd edək ki, prinsip etibarı ilə Vaşinqtonun, Fransanın, hətta Ermənistanın mövqeyində dövlətlərinin ərazi bütövlüyü məsələsi qoyulur. Bu, özlüyündə Qarabağın Azərbaycanın tərkibində olmasının tanındığını ehtiva edir.

O zaman ortaya maraqlı sual çıxır: Bakı Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi məsələsinin sülh müqaviləsinə daxil edilməsini niyə istəmir? Bu maddənin altında hansı “minalar” yatır? Azərbaycan razılaşsa, hansı mənzərə yaranacaq, ermənilər nə tələb edəcək?

Politoloq Fərhad Məmmədov Pressklub-a açıqlamasında bildirib ki, Blinkenin mövqeyi ABŞ-ın yanaşmasındakı səhvlərin təkrarıdır. “Əgər Vaşinqton Azərbaycanla Ermənistan arasında sülh sazişində hər hansı bir məsələni ön şərt kimi qoyursa, Rusiya bundan istifadə edir, yəni Qarabağ ermənilərinə rəhbərlik edən hərbi xunta vasitəsi ilə prosesi dondurur, dayandırır”, - o əlavə edib.

Ekspertin sözlərinə görə, ABŞ bu yanaşmanı israrlı şəkildə davam etdirirsə, deməli Birləşmiş Ştatlar Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması istəyində səmimi deyil: “Açıq-aşkar görünür ki, Rusiya hansısa vasitələrlə sülh sazişi prosesini dondurmaq istəyir. Bunu da Qarabağ erməniləri vasitəsi ilə həyata keçirir. Əgər ABŞ bunu görmürsə, onun yerdəki diplomatları bu haqda mərkəzə məlumat ötürmürlərsə, bu, ABŞ diplomatiyasının qeyri-peşəkar olmasından xəbər verir. Digər tərəfdən, əgər bu məntiqi ardıcıllığı hiss edirlərsə, amma rəsmi qaydada deyə bilmirlərsə ki, ermənipərəst senatorlardan, konqresmenlərdən çəkinirik, deməli ABŞ diplomatiyası qorxaqdır. Digər ifadələrdən artıq istifadə etmək mümkün deyil”.

F.Məmmədov bildirir ki, onlar Qarabağ erməniləri ilə bağlı hüquq və təhlükəsizlik məsələsinin sülh müqaviləsində yerini tapmasını istəyirlər:

“Əlbəttə, onlar əslində nə istədiklərini xırdalaya bilməzlər, amma  müqaviləyə “hüquq, təhlükəsizliyin qorunması” kimi mücərrəd sözlər daxil edəcəklər. Sonra deyəcəklər ki, Qarabağ erməniləri Azərbaycanın təklif etdiyi hüquqlara və təhlükəsizlik qarantiyalarına inanmalıdırlar. Ermənilər də qəbul etməyəcəklər, öz şərtlərini qoyaraq deyəcəklər ki, bizim hüquq və təhlükəsizliyimizə qarantiya bu və ya digər məsələlərdir. Nəticədə problemin həlli uzanacaq, sonra vasitəçilər təklif edəcəklər ki, məsələni həll etmək üçün beynəlxalq mexanizmlər olmalıdır, biz də prosesdə iştirak etməliyik və s. Məsələ belədir, onlara kiçik imkan tanısaq, irəli gedəcəklər. Ona görə də bizimkilər deyir ki, bu şərtlər olmasın. Yox, əgər olacaqsa, eyni şərtlər o zaman Zəngəzurla da bağlı olsun. Orada bizə nə verəcəksinizsə, burada da bizdən ermənilərə onu istəyə bilərsiniz”.

Konfliktoloq Arif Yunus isə ABŞ dövlət katibinin dediklərinin Bakı üçün niyə qəbulolunmaz olduğunu belə izah edir:

“Çünki Prezident Əliyev 2020-ci ildə bəyən etdi ki, ermənilər müharibəni uduzdular, Qarabağ məsələsi artıq bitdi. Daha sonra bizimkilər bəyan etdilər ki, Qarabağ erməniləri Azərbaycana tabe olmalıdırlar, bəlkə onları bağışladıq və onlar bizim vətəndaşlığımızı qəbul edə bilərlər. İndi isə bu təbliğata zərbə vurulur və rəsmi Bakıya deyilir ki, gedin, Qarabağ erməniləri ilə onların statusu haqda danışıqlar aparın. O zaman xalq soruşmayacaq ki, bəs kapitulyasiya  nə oldu?! Bəs demişdiniz ki, Qarabağ məsələsi bitdi?! Əgər bitibsə, niyə ermənilərlə rəsmi danışıqlar aparırsınız? Onlar təslim olmayıblar?"

“Qarabağ ermənilərinin təhlükəsizliyinə və hüquqlarına sülh müqaviləsi ilə qarantiya" özlüyündə nə deməkdir? Azərbaycan razılıq versə, nə baş verəcək?

A.Yunus deyir ki, bu halda ilk növbədə Bakı Qarabağ erməniləri ilə rəsmi danışıqlar aparmağa razılaşmalıdır:

“İkincisi, bu danışıqlar inteqrasiya yox, onların status haqqında olacaq ki, Azərbaycanın tərkibində hansı formada yaşamalıdırlar. Yəni, biz onlara nə təklif edə bilərik: Naxçıvan MR statusu, Xənkəndi, Xocalı kimi rayon statusu, ola bilsin, yalnız mədəni muxtariyyət..?”

Konfliktoloq vurğulayır ki, artıq kapitulyasiya və inteqrasiya mövzuları bitib. “Bunu mən yox, ABŞ dövlət katibi Blinken deyir”, - o əlavə edib.

Turqut