Logo
news content
User
Kateqoriyalar

Analitika

“Təftiş” mexanizmi: Ermənistanın məqsədi nədir?
Rəsmi Bakı hansısa səbəbdən İrəvanın birgə mexanizm yaratmaq təklifinə cavab vermir

Ermənistan sərhəd boyu atəşkəs rejiminin pozulması hallarının araşdırılması üçün Azərbaycana rəsmi şəkildə ikitərəfli mexanizm yaratmağı təklif edib. Ermənistanın Baş nazirinin ofisindən diplomatik kanallarla Azərbaycan Prezidentinin Administrasiyasına edilən bu təklif son vaxtlar sərhəddə yaranmış gərginliyin aradan qaldırılmasına yönəlib.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi Ermənistan ərazisindən artilleriya atəşinə tutulması ilə bağlı məlumat yayıb. Ermənistan məlumatı təkzib edəndən dərhal sonra bu təşəbbüsü irəli sürüb. Baş nazir Nikol Paşinyan iddia edib ki, regionda gərginliyin artmasına baxmayaraq, Ermənistanın vəziyyətin sabitləşməsi səylərinə sadiqdir. 

Azərbaycan-Ermənistan sərhədində monitorinq aparan Avropa müşahidə missiyası atəşkəs rejiminin pozulmasına görə məsuliyyəti hansısa tərəfin üzərinə qoymaqdan çəkinib.

Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın təşəbbüsü dəstəkləməsinə baxmayaraq, Azərbaycan İrəvandan gələn təklifə hələ də cavab verməyib. Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi Ermənistan tərəfinin iyunun 21-də və 22-də Naxçıvanı və Kəlbəcər rayonunu atəşə tutduğunu bildirmişdi.

Azərbaycan Müdafiə Nazirliyinin informasiya-analitik şöbəsinin keçmiş əməkdaşı Azad İsazadə Pressklub.az-a açıqlamasında qeyd edib ki, əslində iki dövlət arasında bu cür ikitərəfli mexanizm mövcuddur.

Ermənistan indi belə bir diplomatik addım ataraq, guya yeni mexanizm yaratmaq lazım olduğunu dilə gətirir. Əslində, müdafiə nazirləri, baş qərargah rəisləri arasında birbaşa əlaqə var (bu, həmişə belə olub). Yəni iki ölkənin hərbi rəhbərliyi arasında əlaqə mexanizmi demək olar ki, həmişə mövcud olub. 90-cı illərdəki döyüşlər zamanı bu əlaqə az qala briqada səviyyəsində mövcud idi. Düşünürəm ki, 44 günlük müharibə zamanı da komandirlər arasında belə mexanizm olub – hətta birbaşa olmasa da, müəyyən məlumatları çatdırmaq mümkün idi. Mən istisna etmirəm ki, bu, təhlükəsizlik xidmətləri səviyyəsində də mövcuddur”, - deyə hərbi ekspert bildirib.

O, hesab edir ki, ermənilər sadəcə olaraq bu mövcud mexanizmi təkmilləşdirmək istəyirlər və bunu atəşkəs rejiminin pozulması hallarının araşdırılması üsulu adlandırırlar. “Aydındır ki, belə halları araşdırmaq çox çətin olacaq. Hətta son hadisələr zamanı da atəşi ilk kimin açdığı bəlli deyil. Və biz həmişə başa düşməliyik ki, icazəsiz atəş açma halları ola bilər - yəni, yuxarıdan əmr olmadan, hansısa batalyon komandiri, bəlkə də rota komandirinin təşəbbüsü ilə. Hər bir tərəf bu cür halları birmənalı olaraq araşdırır, lakin nəticələri açıqlamır”, - hərbi analitik qeyd edib.

Onun sözlərinə görə, həqiqətən də Qazax rayonunda birgə postlar olub. “Bu, 1992-ci ilin yayında qısa müddətə davam etdi. Yeri gəlmişkən, o zaman Qazax rayonunun sərhədində hərbi və mülki rəsmilərin iştirakı  ilə yüksək səviyyəli görüş oldu, əsirlərin mübadiləsi ilə bağlı müzakirələr aparıldı. 1992-ci ilin payızında bu postlar fəaliyyətini dayandırdı. Lakin ən şiddətli döyüşlər gedəndə belə, rabitə müəyyən formada təmin edilirdi. Və bəzi məlumatları ötürmək mümkün olurdu - Birinci Qarabağ müharibəsi dövründə kommunikasiya mexanizmi müvəqqəti atəşkəs haqqında sazişlərin bağlandığı zaman xüsusilə işlək olurdu. Bu, haradasa hər 2 aydan bir baş verirdi. Bu müqavilələr çərçivəsində yüksək hərbi komandanlıq arasında birbaşa xətt fəaliyyətə başlayırdı. Sonra növbəti eskalasiya baş verirdi, atəşkəs razılaşması pozulurdu və rabitə bir müddət dayanırdı. Və bu, Birinci Qarabağ müharibəsinə son qoyan müqavilə imzalanana qədər -1994-cü ilin may ayına qədər davam etdi. 

Rabitə bundan sonra də həyata keçirilirdi. Amma hərbi idarənin yüksək vəzifəli şəxsləri səviyyəsində deyil, xüsusi xidmət orqanları xəttilə. Müəyyən məlumatları bir-birlərinə ötürmək üçün rabitə üzrə zabitlər təyin edilmişdi”, - deyə İsazadə bildirib.

Amma yenə də maraqlıdır, rəsmi Bakı Paşinyanın hazırkı məqbul təklifinə niyə hansısa cavab verməkdən imtina edir? Axı bu təklif sülh işinə ancaq töhfə verə bilər. Azərbaycan hökumətinin bunun üçün hansı səbəbləri ola bilər?

Müstəqil politoloq Xəqani Cəfərli Pressklub.az-a açıqlamasında bununla bağlı fikirlərini bölüşüb.

O, hesab edir ki, Ermənistanın baş naziri Nikol Paşinyanın sərhəddə atəşkəs rejiminin pozulmasının araşdırılması üçün ikitərəfli mexanizm təklifi Ermənistanla Azərbaycan arasında etimadın yaranmasına xidmət edə bilər.

Uzun müddətli münaqişələri həll etməyin iki əsas yolu var. Birinci üsul ondan ibarətdir ki, üçüncü dövlət və ya dövlətlər birliyi münaqişə tərəfləri arasında sülhməramlı və ya müşahidəçi, eyni zamanda arbitr kimi çıxış edir. Bu, üçüncü dövlətə və ya dövlətlər birliyinə münaqişə zonasında öz maraqlarını təmin etməyə imkan verir. Çünki dövlətlərin maraqlarını təmin etməyin ən asan yolu münaqişə şəraitində fəaliyyət göstərməkdir. Münaqişə üçüncü dövlətə tərəflərə çox asanlıqla təsir etmək imkanları yaradır”, - ekspert deyir.

Onun sözlərinə görə, münaqişələrin həllinin ən sadə yolu münaqişə tərəflərinin problemləri birgə mexanizmlər vasitəsilə həll etməsidir. Çünki bu zaman üçüncü dövlətin münaqişəyə müdaxilə ehtimalı minimuma endirilir.

Azərbaycanın bu təkliflə razılaşmaması Rusiya amili ilə bağlı ola bilər. İkinci Qarabağ müharibəsinə son qoyan 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatdan sonra rəsmi Bakıda Moskvanın münaqişənin həllinə töhfə verdiyi fikri formalaşa bilərdi. Ola bilsin, elə bu səbəbdən, sərhəddə atəşkəs rejiminin pozulması hallarının araşdırılması üçün ikitərəfli mexanizm yaratmağa ehtiyac olmadığını, Rusiyanın sonrakı proseslərdə iştirakını faydalı hesab edir. Yəni, bu məsələni daha effektiv yerinə yetirə biləcəyi üçün Moskva bu prosesdə iştirak edə bilər”, - Cəfərli rəsmi Bakının yanaşmasını belə izah edib.

 

Rauf Orucov