Logo
news content
User
Kateqoriyalar

Analitika

“Tankla üz-üzə gəldi, tapança ilə atışa-atışa yaralıları xilas edib, özü şəhid oldu...” – ŞƏHİD HƏKİMLƏR
“Tabutunu qarşılamışam, yasını görmüşəm, 3 ildir məzarına gedirəm, amma gözüm qapıda yolunu gözləyirəm”

Birinci Qarabağ müharibəsi dövründə dünyaya gələn oğullar İkinci Qarabağ müharibəsində döyüşdülər, şəhid, qazi, qalib oldular. Onların arasında bütün peşə sahibləri ilə yanaşı və onlarla çiyin-çiyinə həkimlər də var. 

old.pressklub.az "Şəhid həkimlər" layihəsi çərçivəsində 44 günlük müharibədə şəhid olmuş tibb xidməti əməkdaşlarının həyatını, yaşam və qəhrəmanlıq hekayətini yazır. Növbəti yazımız şəhid həkim Şöhrət Qasımov barədədir. 

***

“Bu vətən, bu torpaq bizimdir. Biz necə doğmalarımızı, övladlarımızı sevirik, vətəni də elə sevib, lazım olanda canımız bahasına olsa da, onu qorumalıyıq. Bu gün biz torpaqlarımızı işğaldan azad etməliyik ki, bu iş gələcək nəsillərə qalmasın. Lazım gəlsə, şəhid olmalıyıq ki, bizim övladlarımız şəhid olmasın. Bu, bizim vicdan borcumuzdur”. Bu fikirlər tibb xidməti rəisi, baş leytenant, Vətən müharibəsinin ilk şəhid həkimi Şöhrət Qasımova məxsusdur. 

Qasımov Şöhrət Şakir oğlu 1992-ci il avqustun 16-da Gədəbəy rayonunda sadə bir ailədə dünyaya gəlib. İki qardaş olublar. Şöhrət evin kiçiyidir, sonbeşiyi. Atası Şakir I Qarabağ döyüşlərində iştirak edib. Şöhrət gözünü dünyaya açandan atasının Qarabağ hekayətlərini dinləyib. Zatən, 90-larda dünyaya gələnlərin alın yazısı idi 44 günlük Vətən müharibəsi, eynən ataları üçün I Qarabağ müharibəsi qaçılmaz olduğu kimi… 6 yaşına qədər Gədəbəydə yaşayıb. 6 yaşı olanda atası iş arxasınca Sumqayıta gəlib, ailəsini də özü ilə gətirib. 

1998-ci ildə Sumqayıt şəhərində 18 saylı orta məktəbin 1-ci sinfinə getsə də,  sonradan, 2004-cü ildən Cəbrayıl rayonunun Sumqayıtda məskunlaşan 5 saylı məktəbində təhsilini davam etdirir. Hətta kimya fənni üzrə respublika olimpiadasinda həmin məktəbi təmsil edib, üçüncülük qazanıb. Əlaçı şagird kimi dəfələrlə Fəxri fərmanlarla təltif edilib. Təbii ki, belə şagird həm də müəllimlərinin sevimlisi olmalıdır. 

Uşaqlıqdan hərbi-vətənpərvərlik mövzusunda filmlərin, verilişlərin həvəskarı imiş. O filmlərə baxdıqca özünü qəhrəmanın yerində təsəvvür edər, hərbçi olmaq arzusu bir az da artarmış. Qəribədir ki, həm də həkim olmaq istəyirmiş. “İnsanların həyatını xilas etməkdən gözəl nə var” - deyərmiş. 

Bir də 8-ci sinifdə qısa bir müddət Gədəbəydə babasının yanında qalıb və orda məktəbə gedib. 

Həyat yoldaşı Türkanla da elə orda tanış olublar, daha doğrusu, bir sinifdə oxuyublar. Mən Türkan xanıma görüş üçün zəng vuranda “Ramilə xanım, indi Şöhrətin yanına gedirəm, qayıdım, zəng vuracam sizə” - dedi. Səksəndim, düzü, amma anladım ki, məzarına gedir…

Türkan Qasımova: “Yarım il Gədəbəydə bir sinifdə oxumuşuq.  Sonra qayıtdı şəhərə, mən də nömrəmi dəyişmişdim, əlaqəmiz kəsildi. 11-ci sinifdə oxuyanda zəng vurdu mənə. O Tibb Universitetinə qəbul olundu, mən də Pedaqoji Universitetə. Görüşürdük, danışırdıq, hiss edirdik ki, aramızda nə isə baş verir. O gəlirdi universitetin qarşısına, həmişə də əlində bir qızılgül. Sonralar mən ondan inciyəndə, yaxud xoş günlərdə, istənilən halda, kölnümü bir qırmızı qızılgüllə alırdı. İndi o qırmızı qızılgülü hər dəfə mən onun məzarına aparıram…”

Atası Şakir Qasımov haqlı olaraq oğlu barədə söhbətə qürurla başlayır: “Mən tibb xidməti baş leytenantı, ikinci Qarabağ müharibəsində qəhrəmanlıqla döyüşmüş, ilk şəhid həkim Qasımov Şöhrətin atasıyam. Şöhrət uşaqlığından vətənpərvər idi. Həmişə sual verərdi ki, niyə bizim torpaqlarımızı işğal ediblər və biz onu geri almamışıq? Mən özüm də Qarabağ müharibəsi veteranıyam, vəziyyəti ona ətraflı izah edərdim. Söhbətdən daha bir sual çıxardıb verərdi. Bir dəfə anası dedi ki, bala, səni həkim görmək istəyirəm. Dedi həm sizin, həm də öz istəyimi yerinə yetirəcəm. Hərbi tibb həkimi olacam”. 

Beləliklə, həyatının həlledici mərhələsində iki sevdiyi peşəni birləşdirib, hərbi həkim olmağa qərar verir. İmtahanlardan yüksək nəticə göstərən Şöhrət Qasımov Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsinə qəbul olunur. 

Dərs başlanan ilk günlərdən qrup yoldaşlarından nizam-intizamı, mədəniyyəti, tərbiyəsi və biliyi ilə fərqləndiyi üçün onu qrup özü nümayəndə seçir. Məktəbdə olduğu kimi, universitetdə də hamının sevimlisinə çevrilir. 

Onun nümayəndəsi olduğu qrupa müəllimlər “Generallar qrupu” adı vermişdilər. 

Hamısı yaxşı oxuyan, gələcək peşələrinə məsuliyyətlə yanaşan tələbələr idi. Şöhrət  imtahanlarda yüksək nəticələr əldə etməklə kifayətlənməz, həftə sonları xəstəxanalara təcrübəyə gedərdi. Hələ tələbə ikən artıq hərbi həkim kimi görünürdü. 

Şöhrət həm də idmanla məşğul olarmış, güləş növünü isə peşəkarcasına mənimsəyibmiş. 

2015-ci ildə Universiteti uğurla bitirib, tibb xidməti leytenanti rütbəsini alır. Onu Müdafiə Nazirliyinin Yevlax rayonunda yerləşən N saylı hərbi hissəsinə xidmətə göndərirlər. Üç ay sonra isə xidmət yerini dəyişib, Tərtər rayonunda ön xətdə yerləşən hərbi hissəyə təyin edirlər. 

Türkan xanımla evliliyi də həmin il olub: “2015-ci ildə nişanlandıq, 2016-cı ildə ailə qurduq, toyumuz aprel döyüşləri günlərinə təsadüf etdi. Gəlin maşınımız ancaq bayraqlarla bəzədilmişdi. Tələbə yoldaşları da masa arxasında bayraqlarla oturmuşdular. Gecə ilə ikicə saatlıq gəlib toyda iştirak etdilər. Allah onlardan razı olsun, bu gün övladlarıma əmilik edirlər. 

Toydan sonra Naftalanda yaşadıq. Sonra “Həmlə” taboru yaradıldı, yaradanlardan biri də Şöhrət idi, məntəqənin də rəisi oldu. İki il də Mingəçevirdə yaşadıq. Tibb xidmətinin rəisi idi. Özünə yer tapmırdı, deyirdi ön xəttə xidmət etmək istəyirəm.

26 yaşında baş leytenantdan birbaşa mayor rütbəsi verdilər ona və göndərdilər 708-ə. 

Şöhrət həkimdən çox hərbçi idi, silahlardan istifadəni yaxşı bilirdi. Çox nümunəvi zabit idi, əsgərlərə qarşı çox məsuliyyətli idi. Əsgərləri öz övladı kimi sevirdi. Muradın ad günü idi, atası da bizdə idi, bütün qonaqları, məclisi qoyub, qayıtdı işə ki, əsgərlərdən birini hospitala çatdırmalıyam”.

Şöhrət Qasımov təlimlər vaxtı hər dəfə Mübariz İbrahimovun keçib getdiyi postdan onun şəhid olduğu yerlərə baxıb, öz-özünə, bəzən ətrafındakılara “ora hökmən üçrəngli bayrağımızı sancmalıyıq” - deyirmiş. 

Aprel döyüşləri uzun çəkmədi və sadəcə qələbənin başlanğıcı oldu. “Həmlə taboru”nun keçirdiyi bütün təlimlərdə yaxından iştirak edir, dağ təlimi, səhra təlimi və digər çətin relyeflərdə bütün tapşırıqları yerinə yetirir. Normativləri xüsusi dərəcələrlə tamamlayır. Komandirləri tərəfindən dəfələrlə Fəxri fərmanla təltif olunur. Xdmət dövründə nümunə olduğu üçün hamının rəğbətini qazanır. Əsgərlərinə isə hər zaman xüsusi münasibəti ilə seçilirdi. 

Uğurları ardıcıllıqla gəldikcə Şöhrət Qasımov daha da irəli, daha da yüksəkliyə can atam adam olub. 2017- ci ildə SAT (Su Altı Taaruz) xüsusi təyinatlılarının kursuna qatılmaq istəyir, amma həkim komissiyasında deyirlər ki, səhhətin buna imkan vermir. Həkim kimi onları anlasa da, bu cavab onu sarsıdır. Yenidən Tərtər rayonunun ön xəttə yerləşən N saylı hərbi hissəsində xidmətə davam edir. 

2018-ci ildə ona baş leytenant hərbi rütbəsi verilib. Həmin ili Azərbaycan ordusunun yaradılmasının 100 illiyi münasibəti ilə “Azərbaycan ordusunun 100 illiyi yubiley medalı” ilə də təltif olunub. 

Çox keçmir ki, tibb xidməti rəisi vəzifəsinə qədər yüksəlir. Zaman tez axıb gedir, bəzən hələ çox var dediyin hadisələr bir-birinin ardınca tez bir zamanda baş verir. Kimsə, harasa tələsirmiş kimi…

2019-cu ildən onu yenidən ilk xidmət etdiyi Yevlax rayondakı N saylı hərbi hissəyə göndəririlər. 

Vaxt yetişirdi, zaman öz işini görürdü. Şöhrət Qasımov da bir hərbi həkim, zabit kimi anlayırdı ki, torpaqları işğaldan azad etməyin vaxtı yetişib. Torpaqlarımızın işğal altında olması ona rahatlıq vermirdi. “Bu işi oğullarımıza saxlamadan həll etməliyik” - deyə, şəxsi heyətin mənəvi-psixoloji hazırlığına xüsusi fikir verirdi. 

Hər gün dəfələrlə bunu əsgərlərinə deməklə kifayətlənmir, onlara aşılayırdı. “Hamı bir nəfər kimi torpaqlarımızı azad etməyə hazır olmalıdır” - deyirdi. İndi də onun əsgərləri bu çıxışları əzbər bilirlər, beyinlərinə həkk olunub. 

Atası deyir ki, o müharibəyə gedəndə mən ona bəzi nəsihətlər verdim öz döyüş təcrübəmdən: “Dedi ki, ata, şərəfimlə, vicdanımla elə döyüşəcəm ki, gələcək nəsillərə döyüşmək lazım gəlməsin. Dediyi kimi də etdi. İlk gündən döyüşlərdə oldu, həm də yaralılara yardım göstərdi”. 

Sentyabrın 27- si Vətən müharibəsi başlayanda Şöhrət Qasımov heyətlə birgə yola düşməzdən əvvəl yenə əsgərlər qarşısında çıxış edir. Əsgərlərindən biri xatirələrini danışır: “Cənab baş leytenant bizi qürurla, sevinc hissi ilə sıraya düzüb, artıq vaxtın çatdığını, vətənin müdafiəsinə qalxmağın lazım olduğunu söylədi. Hər kəsdə elə bir ruh yüksəkliyi yaratdı ki, biz vətən uğrunda ölməyə belə hazır idik. Hamıdan öndə döyüşə özü yollandı”.

Döyüşlərin ilk günlərindən şəxsi heyəti ilə bərabər ön cəbhədə olub Şöhrət Qasımov. Yüzlərlə yaralı əsgər və zabitə ilk tibbi yardım göstərib. Yaralı, şəhid fərq qoymadan, neçə-neçə döyüşçünü döyüş meydanından çıxarıb. 

Qəribədir, haqqında yazdığım bütün şəhid olmuş həkimlər barədə müxtəlif xatirələr, fikirlər söyləndi. Amma hamısı haqqında bir fikir eyni oldu – “cəsur adam idi, heç qorxmadan od-alovun içinə atılıb, yaralılara yardım göstərirdi”. 

Bu fikirləri Şöhrət Qasımov barədə də deyirlər. Görünür, onlar həqiqətən seçilmiş insanlar idilər. Elə insanlar ki, çətin məqamlarda özünü deyil, vətənin mənafeyini düşünüb. Özünü, həyatını, gələcəyini yalnız vətənin varlığı, yaşaması üçün fəda verəcək cəsarətdə olan seçilmişlər… 

Şöhrət Qasımov yaralı döyüşçünün qaldığı neytral ərazilərə qədər getməkdən çəkinmirdi. Müharibənin ilk günlərində şəhid olmasına baxmayaraq, Şöhrət Qasımovun əməyi misilsizdir. 

Ailədə də fərqli insan olub: “Münasibətlərimiz o qədər yüksək səviyyədə idi ki, klassik Azərbaycan ailələrində deyirlər e, pərdə olmalıdır ər-arvad arasında. Bizdə fərqli idi, ən yaxın dostum, sirdaşım idi Şöhrət. Bizim birgə həyatımız vardı. Həmişə deyirdi ki, səninlə evlənmək üçün 10 il gözləmişəm. İndi təəssüf edirəm, kaş, o 10 ili də bir yerdə olaydıq.

Murad dünyaya gələndə fərqli adlar fikirləşirdik. Bir gün dedi ki, aprel şəhidi Muradın adını qoyacam oğluma. Razı olmaq istəmədim, ürəyim gəlmirdi. Heç yadımdan çıxmaz, dedi ki, niyə elə düşünürsən, bəlkə bir gün mənim də adımı kimlərsə öz övladına qoyacaq. Həmin söhbətdə bizimlə dost olan bir ailə də iştirak edirdi, qonşu qalırdıq onlarla. Şöhrət şəhid olandan sonra həmin dostu öz oğluna Şöhrətin adını qoydu. 

Qızımız olanda dedi ki, oğlan olsaydı, Polad Həşimovun adını qoyardım. Mən bir həyat yoldaşı itirməmişəm, hər şeyimi itirmişəm. Çox xoşbəxt idim onunla. Tabutunu qarşılamışam, yasını görmüşəm, 3 ildir məzarına gedirəm, amma gözüm qapıdadır, yolunu gözləyirəm. Elə bilirəm, nə vaxtsa gələcək. Bizim evdə onun əşyalarının yeri dəyişməyib, rayondan bura köçəndə də eyni vəziyyətdə gətirib yerinə qoymuşam. Qısaqol jileti qapının ağzında asılqandan hələ də asılıdır. 

İlaydanın 40-ı çıxan gün şəhid olub Şöhrət. Bizlərdən heç kim qəbir üstünə getmək sözünü işlətməz, qadağan etmişəm. Şöhrətin yanına gedirik. Qızım deyir ki, canım atam, səni çox sevirəm, səni görməyə gəldim. Uşaqlar da mənim dediyimi davam etdirir. 

O hər dəfə təlimə gedəndə, Murada deyirdi ki, evdə kişi sənsən. İlayda anadan olmuşdu, anamgildə qalırdım. Eşitdim ki, səfərbərlikdir, zəng etdi ki, hazırlaş, gəlib səni gətirəcəm evə. Bir neçə saatlıq gəlmişdi, rayonda hamı ilə görüşdü. Getmədiyi yerlərə getdi, yolda gördüyü tanışlarla maşını saxlayıb görüşdü. Bir qohumun istirahət mərkəzi vardı, ordan keçəndə dedi qara buludlar üstümüzdən çəkilsin, gəlib burda istirahət edərik. Murad da ona oxşayıb - təbiəti, dağı, meşəni çox sevərdi. Getdik evə, bazarlıq etdi. Murada çox bağlı idi, məndən çox o baxırdı ona. Şöhrətdən sonra uzun müddət Murad kiminsə onun saçını, dırnağını kəsməyə razı olmurdu, “atam eləyəcək” - deyirdi. 

İlaydanı da çimizdirib. Təkidlə dedi ki, onu mən çimizdirəcəm. Yuyundurdu, sonra da qucağında dedi şəklimizi çək, şəkil çəkdirməyi sevən deyildi, amma son şəkli oldu…

Təlimat verildi ki, şəhərcikdəki ailələr çıxarılsın. Hər kəs gedirdi, mən getmək istəmirdim. Başa saldı ki, getməlisən. Son gün idi, evdə oturmuşduq. Pəncərədən çölə tərəf siqaret çəkirdi. Dedim, necə olacaq bu işlərin axırı? İstəmirdim onu itirəm, bunu dedim ona. Dedi ki, istəyərsən Murad böyüyüb əsgər getsin və şəhid olsun? Dedim, əlbəttə, yox. “Mən də istəmərəm - dedi, - bu məsələ bizim uşaqlarımıza  qalmamalıdır”. Daha heç nə deyə bilmədim. Səhər Şahid Əhmədovun, şəhid oldu, Allah ona da rəhmət etsin, yoldaşının arxasınca atası gəlmişdi. İkimiz qalmışdıq şəhərcikdə. Şəhərciklə hərbi hissənin arasında məsafə çox az idi. Atama zəng etdi ki, maşın göndərin, uşaqları aparsın, mən getməliyəm. Muradı o qədər qucaqladı…

Gedəndə “Çıx qatar yoluna, məni qarşıla” mahnısını dinləyirdi. Son bir ildə ayrılıq, nisgil dolu şeirlərə, mahnılara qulaq asırdı. Z. Yaqubun “Zarafat gəlməsin sənə bu dünya” şeirini tez-tez əzbərdən deyirdi. Muradı qucaqladı, mənə dedi, elə et ki, Murad ağlamasın. Murada dedi, maşını ustaya verməyə gedirəm, siz gedin, mən də gələcəm. Murad 3 ildir soruşur ki, atam niyə maşını götürüb gəlmir daha?

Məzarına gedir, amma beynindəki həqiqət atanın maşını götürüb gələcəyidir. 

Hər gün zəng edirdi, mənə deyirdi ki, həyəcanlanma, uşağı südsüz qoyarsan. Zəng edirdim, mənə telefonu açanda bircə kəlməsi vardı – “hə, qadası”. Harada olur-olsun, cavab elə olardı. Bu dəfə həyəcanla dedi ki, yığma məni, özüm yığacam. Mən də narahatlıqdan yenə yığırdım. Deyirdi, bircə xahişim var, möhkəm ol. Sözləri məni bir az da qorxudurdu. Sonra telefonuna zəng çatmadı. Dostunu yığdım, ailəvi dostumuzu. Dedi, narahat olma, danışmışam, yaxşıdır, amma qəribə danışırdı. Yoldaşı da qəribə idi. Hamı mənə zəng vurub Şöhrəti soruşurdu. Mənə qəribə gəlirdi bütün bunlar. Səhər tezdən Şahid Əhmədli zəng vurdu ki, həkimin maşınını vurublar, bacı, vəziyyət yaxşı deyil, amma dəqiq nə olduğunu bilmirik, atasının nömrəsini ver. Qalanı yadımda deyil…”

Sentyabrın 29-da Suqovuşan istiqamətində döyüşlər vaxtı 3 dəfə yaralıları təxliyə edir. Sonuncu dəfə yaralıya yardım və təxliyə üçün gedəndə yanan zirehli maşından 4 nəfəri xilas edərkən düşmən tankı ilə üzbəüz gəlir. Yaralıları əlindəki tapança ilə vuruşa-vuruşa xilas edir. Döyüşə-döyüşə, iki düşmən əsgərini öldürüb, şəhid olur. 

Xanımı deyir, çox axtardıq, heç yerdə tapılmadı: “Sonra dedilər ki, 3 tanınmayan cəsəd var. Dedim ilahi, şəhid də olsa, o tanınmayanlardan olmasın. Biri o oldu… 3 il keçib, mənə 3 saat gəlir. Telefonuma gələn zəngi ondan bilirəm. Küçədə kimsə gözümə onun kimi görünür. Son dəfə gedəndə evdən pul götürdü ki, posta qalxacam, orda əsgərlərə çay-filan alıb aparacam… Hər axşam elə bilirəm gələcək. Yuxuma da gələndə deyir ki, gələcəm, narahat olma. Sumqayıtda bulaq inşa etdirmişəm, sevdiyi şeiri yazdırmışam üstünə. Onun üçün elədiklərimin hamısını o hisslərlə edirəm ki, özü gəlib görəcək… Gəlməyəcək düşüncəsini özümə yaxın buraxmıram. Murad bu il 1-ci sinfə gedəcək. Şöhrətin ən böyük arzusu idi onu məktəbə özü aparsın… Mən onunla vidalaşmamışam…”

Onun nəşi sonradan DNT analizi ilə müəyyən edilib. Oktyabrın 9-da Sumqayıt Şəhidlər xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Şöhrət Qasımov ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" medalları, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. 

Nur içində uyusun.

Ramilə Qurbanlı