Logo
news content
User
Kateqoriyalar

Analitika

“Tankla girdilər kəndimizə, başçılarını vurduq...”
Hələ də işğal altında qalan kəndimizin qonşuluğunda 

“Sərhəd kəndlərimizin həyatı” silsiləsindən üçüncü reportaj

Minayə Namazovanın evi Azərbaycanla Ermənistan arasında sərhəd postuna ən yaxın evlərdəndir. 63 yaşlı qadının həyat yoldaşı və yeganə oğlu qarşı tərəfdən açılan atəş nəticəsində şəhid olandan sonra o, iki nəvəsindən birini övladlığa götürüb. Minayə xala Quşçu Ayrımdan başqa heç yerdə yaşaya bilmədiyini deyir. Burda yaşamağın isə çətin olduğundan gileylənir:

Minayə Namazova nəvəsi ilə

“Beş dəfə qaçqınlıq keçirmişəm. Ara bir az sakitləşəndə qayıtmışam. Burdan ayrı qala bilməmişəm. Şəraitim olmasa da, geri dönmüşəm. Bizim qismətimizə belə yazılıb. Yoldaşım burada şəhid olub. Oğlumu 2014-cü ildə, atəşkəs vaxtı ermənilər vurdular. 

İlkin Sarıyev şəhid dayısının fotosunu göstərir

İki nəvəm var – qızımın övladları. Biri 44 günlük müharibədə əsgər idi, 4 medalla gəldi. O biri Naxçıvanda xüsusi təyinatlıdı. İndi Ağdərədədi, bu son əməliyyatlarda o da döyüşdü. İki-üç dəfə icra hakimiyyətinə getdim ki, övladlığa götürdüyüm bir nəvəm var, ərim şəhid, oğlum şəhid, nəvəm İlkin müharibədə döyüşüb, buna bir iş verin. Orda bir Məmməd müəllim var, dedi, getsin tikintidə daş daşısın. Məşğulluq proqramına yazılmışdı, sağ olsun hökumət, üç dənə mal verdi. Elə onlarla başını qatır”.

***

Qazax rayonunun sərhəd kəndi Quşçu Ayrımda elə bir ev yoxdur ki, müharibədən ziyan görməsin, elə ailə yoxdur ki, üzvlərindən ən azı biri həyatını, ya sağlamlığını itirməsin. Sərhəd kəndi nə deməkdir? Sən xəttin bir tərəfindəsən, başqası o biri tərəfində. Amma Quşçu Ayrım 30 ildən artıqdır üç yandan ermənilərin əhatəsindədir. İllərlə güllə altında yaşamağa alışıb, qorxmaqdan belə yorulmuş insanlar düşmən tərəfin nəzarəti altında həyatlarını davam etdiriblər, indi onu istədikləri kimi yenidən qurmağa ümid bəsləyirlər.

Əkin yerləri işğal altında olduğundan kənddə torpaq islahatı getməyib. Örüş yerləri minalanıb. Sakinlərin sözlərinə görə, hazırda kənddə 150-dən artıq ailə, minə yaxın əhali var. Əsas məşğuliyyət sahəsi maldarlıqdır. Amma burada mal-qara saxlamağın da şərtləri var. Ya bütün günü heyvanın qabağında dayanıb onu ayaqlanmış, tapdanmış ərazilərdə otarmalısan, ya da min bir əziyyətlə saxladığın heyvanı yaşıllığı göz oxşayan, tapdanmamış əraziyə buraxıb, minaya düşüb-düşməyəcəyini uzaqdan seyr etməlisən. Kənd sakinləri dəfələrlə mal-qaralarının gözdən iraq qalıb ermənilərin nəzarətində olan ərazilərə keçdiyini, yaxud minalanmış sahələrə düşüb partladığını söyləyirlər. Bundan bezib mal-qarasını satanlar avara qalırlar. Çünki su qıtlığından əkin-biçinə də meyl sala bilmirlər. Quşçu Ayrımlılar bu səbəbdən insan üçün lazım olan çox şeyi kənardan almalı olduqlarından, buna isə pul çatdırmağın qeyri-mümkünlüyündən danışırlar.

Kəndin sakinlərindən Yaşar Vəliyev 1974-cü ildə anadan olub. Kiçik yaşlarında ermənilərlə firavan qonşuluğun da şahidi olub. Gəncliyində əlinə silah götürüb, kəndin müdafiəsində dayanıb. “Topçu Yaşar” adı ilə tanınıb. Müharibədə yaralanıb, sağ qalıb. Qardaşı isə şəhid olub. İndi Yaşar, bir çox keçmiş cəbhədaşları kimi, özünə iş axtarır.

“Yol var, qaz var, işıq var, amma bir gəlir yerimiz yoxdu. İşimiz yoxdu. Gözünüz görən hər şeyi pulla alırıq. Neyləyək, torpağımızı buraxıb gedəsi deyilik ki bu qədər savaşdan sonra...”

Yaşar susur, sanki nələrisə xatırlayır, sonra sözünə davam edir:

“İndi səmtinə düşəndə çıxırıq, rayonda 3-5 gün işləyirik, 15-20 manat tapıb, bir müddət onu yeyirik. Bu kəndin 90 faizi sezonda aşağı kəndlərə günü 12 manata kartof çıxarmağa gedir. O da sezonda. Ailəmizi düşmənlə üz-üzə qoyub, gedib uzaqda da işləyə bilmirik. Toyuq-cücə, qoyun, mal, birtəhər dolandırır bizi. Kənddə hamı eyni vəziyyətdədi. Bircə evində pensiya alanlar varsa, onların az-çox güzəranı var”.

Yaşar özü 80 manat “veteran pulu” alır. Bu yaxınlarda Dövlət Məşğulluq Agentliyi 20 qoyun verib, onunla təsərrüfat qurmağa çalışır. 

Kəndin qadınları dolanışıqlarını təbiətdən çıxarmaqla ailələrinə kömək edirlər. Suvarmaya su çatmadığına görə həyət-bacada çox iş görə bilmirlər, amma kəndin ətrafından kəkotu, pencər, dağ çiçəkləri yığıb satırlar. Minayə xala kəndin bu qoçaq gəlinlərini tərifləyir, sonda yenə söhbəti suyun üstünə gətirir:

“Bu yerin suyu həmişə çətin olub. İki bulağımız varıydı. İkisi də sızıntıynan axırdı. Həm də erməninin gözünün qabağıydı. Birtəhər karımıza gəlirdi. Əl-ayaq suyu, içmək suyu, heyvanların suvarılmasını - hamısını o bulaqdan edirdik. Neçə nəfərimizi o bulağın başında ermənilər vurdular. Altı-yeddi il olar, kəndin yuxarısına çənlər qoydular. Məzəmin gölündən ora su vurulur, ordan da kəndə paylanır. Çox kömək oldu bizə. Düzdü, əkinə çatmır. Amma inşallah, o da düzələr. Bircə dünyamız düzəlsin, sülh olsun, balalarımız yazıqdı”.

Dəmir çəndə mərmi izi

***

Quşçu Ayrım müharibənin hansı məşəqqətlər gətirdiyini çox yaxşı bilir. Kəndin ağır günləri 1990-cı ildən başlayıb. Azərbaycanın ilk işğal olunan kəndi Bağanıs Ayrımın ermənilər tərəfindən yandırılmasından sonra Quşçu Ayrım düşmənlə təmas xəttinə düşüb. Ermənilər tədricən mövqelərini qabağa çəkərək, bu kəndə hakim olan bütün yüksəklikləri ələ keçiriblər. 85 yaşlı Ayvaz Cəfərov ömrünün 30 ilini belə bir təhlükənin içində yaşayıb.

“Müharibə başlayandan burda vəziyyət çətinləşdi. İşıq yox, qaz yox, həyətə çıxmaq, odun gətirmək olmurdu. 92-ci ildə ermənilər kəndin ortasına kimi girmişdilər tankla. Başçılarını vurulandan sonra geri çəkildilər. Düz 30 ilimiz bu cür keçib. Günlərlə heyvanımız damda susuz qalıb, çıxara bilməmişik. Evdə mütləq bir nəfər oyaq qalırdı. Növbə ilə yatırdıq. Hər an gələ bilərdilər. Gəlirdilər də. Əsgərlərimizə kömək edirdik, güllə daraqlarını doldururduq. Arvadlar onlara çörək bişirirdilər, paltarlarını tikirdilər, corablarını yamayırdlar. Hərə əlindən gələni eləyirdi”, - deyə o, olub-keçənlərdən danışır.

Quşçu Ayrım hazırda dinc günlərini yaşayır. Ayvaz Cəfərovun sözlərinə görə, Zəfər günündən bəri hələ kəndə bir güllə atılmayıb.

“Qazilərimizə canım qurban. İndi heç qapımı da bağlamıram. Soyunub rahat yatırıq”.

Quşçu Ayrımda az qala hər həyətdə belə bir sığınacaq var

Sovetlər dövründə Ayvaz kişi sığırçı, qarovul işləyib. Deyir ki, o vaxtlar bu tərəflərdə adamlar  öz aralarında dil tapıblar, bazarlığa erməni kəndlərinə gediblər:

“Əvvəllər yaxşıydı. Burdan atı sürüb gedirdim Xoşkotanın mağazasına. Bir top parça götürürdüm, şəkər alırdım. Maaşımı da alanda gedirdim, pulumu verib, adımı dəftərdən qaraladırdım. Bizim Qazax rayonunda olmayan ərzaq onların kəndində varıydı. Onlar bizdən həmişə yaxşı dolanıblar. Müharibə vaxtı da söhbətləşdiyimiz olub. Hərdən ara səngiyirdi. Çıxıb iş-gücümüzlə məşğul olurduq. Bir dəfə heyvan otarırdım yuxarılarda. Uzaqdan gördüm ki, erməni tərəfdə də heyvan otaran var. Eşitdim, haraylayır: “Ay dvaraz, ay dvaraz”, yəni, ay sığırçı. Burdan hay verdim. Soruşdu ki, ayə, Cəfər müəllim ölübmü? Sonra kənddən bir-bir adlar çəkdi ki, filankəs necə, dururmu? Deyəndə ki, ölüb, soruşurdu ki, öz əcəli iləmi ölüb, yoxsa vurublar? Hansını ki, deyirdim, vurublar, “oy-oy-oy” eləyib özününkülərə söyürdü: “Ay əclaflar, elə insana qıymaq olardımı?...”

Quşçu Ayrımın Minayə xala, Ayvaz kişi kimi böyük məhrumiyyətlərdən keçmiş yaşlı sakinləri hələ də çətinliklərdən qurtarmasalar da, ümidlərini üzmürlər. İndi ki qələbə qazanıldı, yaman günün ömrünün az olacağına inanırlar. Şəhərlərdəki yaxınları yanlarına çağırsalar da, getmirlər. Bu saf, təmiz ürəkli, bir az da sadəlövh, amma mətin insanlar fikirləşirlər ki, nə olsun, dava bitdi, qarşıda Qarabağı qaldırmaq var, köçkünləri qaytarmaq var. Və onlara da nəzər yetiriləcəyi günü gözləyirlər...

İlham Mustafa

Fotolar müəllifindir