Logo
news content
User
Kateqoriyalar

Analitika

Tam suverenliyin bir ili: qarşıdakı çətinlik nədir? - TƏHLİL
Azərbaycan rəhbərliyi, çox güman, bu təhlükələri görür...

Azərbaycan geridə qalan 1 ili respublika tarixinin 104 ilində dövlət suverenliyini tam bərqərar etmiş ölkə kimi yaşadı. Prezident İlham Əliyev də bu tarixi günü əbədiləşdirmək üçün Dövlət Suverenliyi Günü təsis edib, səfər qrafikinə işğaldan azad edilmiş ərazilərə səfər etməklə başlayıb.

Azərbaycan Silahlı Qüvvələrinin 1 sutkadan az çəkmiş anti-terror əməliyyatı nəticəsində 1989-cu ildən ölkə ərazisinin 3.3 min kvadrat kilometrlik ərazisində mövcud olmuş qondarma-separatçı rejim ləğv edildi. Azərbaycanın dövlət bayrağı Xankəndi şəhərində ucaldıldı. 

Əməliyyat nəticəsində 406 kvadrat km. ərazi düşməndən təmizlənib, 310 separatçı məhv edilib, 614-ü yaralanıb. Müdafiə Nazirliyi bildirir ki, dəqiq zərbələr nəticəsində düşmənin 8 tank, 22 artilleriya sistemləri, 14 minaatan, 3 zenit kompleksi, 8 REM vasitələri, 9 hərbi nəqliyyat vasitəsi olmaqla silah və texnikası məhv edilib. Həmçinin 1731 müxtəlif döyüş texnikası, artilleriya vasitələri, zenit-raket qurğuları, hərbi avtomobil, xüsusi texnika və digər döyüş vasitələri, eləcə də 18664 atıcı silah müsadirə edilərək götürülüb.

Əməliyyat zamanı Azərbaycan ordusunun 205 hərbi qulluqçusu həlak olub.  

Azərbaycan 19-20 sentyabr anti-terror tədbirlərinə 44 günlük müharibədən dərhal sonra hazırlıq görməyə başlayıb. Ağır döyüş əməliyyatından çıxmış ordu hissələri işğaldan azad edilmiş bölgələrdə yenidən komplektləşdirilib, arsenalı silah-sursat, döyüş texnikası, artilleriya sistemləri, yüksək texnoloji imkanlarla malik silah sistemləri ilə zənginləşdirilib, infrastruktur yaradılıb. Habelə keçirilən qısamüddətli əməliyyatlarla separatçı rejimin mövcud olduğu əraziləri, logistika xətlərini nəzarətdə saxlayan strateji yüksəkliklər nəzarətə götürülüb.

Siyasi-diplomatik müstəvidə də ardıcıl fəaliyyət sərgilənib, Azərbaycanın bütün ərazilərində dövlət suverenliyinin tam bərqərar olunacağı məsələsi qəti şəkildə qoyulub. Qərb ölkələrindən, beynəlxalq təşkilatlardan, erməni lobbisinin istiqamətləndirdiyi bütün xarici qüvvələrdən gələn təzyiqlər neytrallaşdırılıb. Bu kontekstdə 2021-ci il 15 iyununda imzalanmış Türkiyə ilə strateji müttəfiqliyə dair Şuşa Bəyannaməsi, 2022-ci il 22 fevralında Rusiya ilə imza atılan Qarşılıqlı fəaliyyət və Müttəfiqlik haqqında birgə Bəyannamə xüsusi əhəmiyyətə malikdir. Azərbaycan regionun iki əsas ölkəsi ilə münasibətlərini yeni müstəviyə qaldırdıqdan sonra Qarabağdakı separatçı rejimi neytrallaşdırmaq fəaliyyətini yeni mərhələyə keçirdi.

Anti-terror əməliyyatına qədər 10 ay müddətində Laçın dəhlizinin nəzarət altına alınması, Ermənistan və onun müttəfiqləri ilə separatçı rejim arasında fiziki əlaqələrin kəsilməsi kənar qüvvələrin bölgədə real təxribat imkanlarının qarşısını aldı və Azərbaycanın hərbi-siyasi rəhbərliyinin işini asanlaşdırdı. Nəticədə anti-terror əməliyyatı zamanı ancaq separatçı silahlı dəstələr, onların yerləşdiyi hərbi hədəflər vuruldu, mülki əhali, həmçinin bölgədə mövcud olan Rusiya sülhməramlı qüvvələri, bir insidenti nəzərə almasaq, ciddi zərər çəkmədi. Qeyd edək ki, əməliyyat zamanı sülhməramlıların 5 zabiti həlak olub və hüquq mühafizə orqanları fakt üzrə cinayət işi qaldırıb, daha sonra dövlətlərarası müzakirələrlə razılaşma əldə olunub. 

Qarabağda yaşayan erməni əhalinin bölgədən kütləvi şəkildə köçməsi Azərbaycan cəmiyyəti üçün gözlənilməz olsa da, əslində maraqlı tərəflərin planlaşdırdığı əməliyyat idi. Fransa başda olmaqla bəzi Avropa ölkələri Ermənistan siyasi rəhbərliyi ilə bu barədə ötən ilin yayında məsləhətləşmələrə başlamışdılar. O zaman erməni mediası yazırdı ki, Baş nazir Nikol Paşinyan hökumətə tapşırıb ki, İrəvanda və əyalət şəhərlərində dövlətin balansında qalan boş mənzillərin siyahısını tutsun, onları yaşayış üçün hazırlasın. 

Ermənilərin Qarabağdan köçürülməsi Ermənistana iki məqsəd üçün lazım idi:

Azərbaycanı etnik təmizləmədə ittiham edib, zamanla Qarabağa nəzarəti yenidən geri almaq;

Rusiyanın bölgədəki hərbi-siyasi imkanlarını məhdudlaşdırmaq üçün Moskvanın Paşinyan hökumətinə təzyiq aləti kimi istifadə etdiyi separatçı ermənilər kartını onun əlindən almaq.   

Ötən 1 il ərazində Ermənistanın, Fransanın, Avropa strukturlarının, ABŞ-nin bəzi dairələrinin müxtəlif beynəlxalq müstəvilərdə Azərbaycana qarşı apardığı kampaniyanın ana xətti “etnik təmizləmə” ittihamı olub. Amma Bakının anti-terror əməliyyatı zamanı zərgər dəqiqliyi ilə işləməsi, nəticədə mülki əhalinin zərər çəkməməsi, habelə, əməliyyatların Azərbaycanın BMT tərəfindən qəbul edilmiş suveren ərazilərində aparılması erməni lobbisinin təsirli tədbirlər görməsinə mane olub. Bu sıraya Azərbaycan diplomatiyasının beynəlxalq müstəvidə apardığı effektiv fəaliyyətin uğurlarını da yazmaq olar. 

Uğurların sırasında Ermənistanı müttəfiqləri ilə birgə Qarabağ uğurunda diplomatik-siyasi fəaliyyətdən çəkindirən 2022-ci ilin 12-14 sentyabrında keçirilmiş hərbi əməliyyatları da qeyd etmək yerinə düşər. Azərbaycan ordusunun Kəlbəcər-Laçın istiqamətində şərti sərhəddə keçirdiyi əməliyyatın nəticələri Nikol Paşinyan hökumətini “ayıltdı”. Məhz bundan sonra rəsmi İrəvan, Qarabağ daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tanımağa, 29.7 min kv.km Ermənistan ərazilərinin qeydinə qalmağa başladı. Ümumiyyətlə, Paşinyan komandası anladı ki, mövcud ölkənin fiziki xəritəsi həddindən artıq kövrək və dayanıqsızdır. Çünki 70 il ərzində keçmiş SSRİ-nin himayəsi ilə Ermənistanın ərazisi Azərbaycanın tarixi torpaqları hesabına 9 min kvadrat kilometdən 29.7 min kvadrat kilometrə çatdırılıb və bunun heç bir hüquqi, siyasi əsası yoxdur.    

Anti-terror əməliyyatı ilə bağlı tez-tez verilən suallardan biri Rusiyanın neytrallığı ilə bağlıdır. Paşinyan hökuməti və onun müttəfiqləri isə bunu sual yox, ittiham şəkilində səsləndirirlər. Ki, Rusiya 10 noyabr bəyanatında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib, erməniləri güdaza verib. 

Rusiyanın neytrallığı faktdır, amma bu, öz-özünə baş verməyib, onun səbəbi 44 günlük müharibədən sonra Azərbaycan-Rusiya münasibətlərində baş verən ciddi dəyişikliklərlə bağlıdır. Qeyd olunduğu kimi, 22 fevralda tərəflər rəsmən müttəfiq kimi üzərlərinə öhdəliklər götürüblər ki, Azərbaycan ərazisində separatçı rejimin müdafiə olunması, qorunub-saxlanılması onlara birbaşa ziddi idi.

İkinci amil müharibənin nəticəsi olaraq separatçı rejimin faktiki olaraq mövcudluq imkanlarını itirməsi, perspektivinin sual altına düşməsi idi. Azərbaycanın tam mühasirəsində olan qondarma rejim uzun müddət yaşaya bilməzdi.

Üçüncü amil Rusiyanın Ukrayna kampaniyasında məğlubiyyətlə üzləşərək, bölgədəki təsir imkanlarının zəifləməsidir.

Bu sırada çoxlu sayda başqa amilləri də qeyd etmək olar, amma əsas məsələ kimi Azərbaycan siyasi rəhbərliyinin yerli və beynəlxalq şəraiti doğru dəyərləndirərək, fürsətdən səmərəli istifadə etməsini vurğulamaq vacibdir. 

Bundan sonra proseslər rəvan gedəcəyini söyləmək çətindir. Azərbaycan-Ermənistan sülh danışıqları ətrafında cərəyan edən proseslər belə nəticə çıxarmağa imkan verir. Azərbaycan dövlət suverenliyini tam bərqərar etsə də Ermənistanla sülh müqaviləsinin imzalanmaması, regionun beynəlxalq qüvvələrin toqquşduğu məkan olaraq qalması yeni risklər yaradır. Xüsusilə, Cənubi Qafqazda möhkəmlənməyə çalışan Qərbin Azərbaycana qarşı təzyiqləri qarşıdakı mərhələdə arta bilər. Bu kontekstdə Qarabağ erməniləri kartından istifadə olunması istisna deyil. Münaqişənin həlli üzrə 4 ildir fəaliyyətsiz qalan Minsk Qrupunun hələ də buraxılmaması, “etnik təmizləmə” ittihamlarının qüvvədə saxlanılması hansısa “əlverişli beynəlxalq şəraitdə” Azərbaycana qarşı dəyənəyə çevrilə bilər. 

Azərbaycan rəhbərliyi, çox güman, təhlükələri görür və onu dəf etmək üçün əsas strateji müttəfiqi Türkiyə ilə birlikdə məsləhətləşmələr aparır. Rəsmi Bakı Ermənistanla sülh müqaviləsi imzalamağa yaxındır, İrəvanın bəzi şərtləri yerinə yetirməsi bölgədə yeni eskalasiya təhlükəsini aradan qaldıra, digər problemlərin sürətli həlli üçün zəmin yarada bilər. Bu gedişata mane olan əsas amil strateji qərarların İrəvanda qəbul edilməməsidir. Qeyd olunduğu kimi, böyük qüvvələrin maraq toqquşmaları prosesin tərəflərin arzu etdiyi istiqamətdə getməsinə mane olur. Bu sırada ABŞ Konqresinin müzakirəsinə çıxarılan son qanun layihəsini və Rusiyadan verilən son bəyanatları xüsusi ilə qeyd etmək olar. 

Təcrübə göstərir ki, kiçik ölkələrin ən böyük silahı daxili müqavimət gücünün səfərbər olunmasıdır. Bu formula 44 günlük müharibədə zəfərə, 3 il sonra dövlət suverenliyinin tam bərqərar olunmasına gətirib çıxardı. Qarşıdakı ziddiyyətli, gərgin dövrdə daxili birliyə daha çox ehtiyac var... 

Turqut