Logo
news content
User
Kateqoriyalar

Analitika

Taleyin ümidinə qalan sülh... 
Vasitəçilik missiyası yoxdur: Moskva masası da, Qərb masası da məhv olub

Əvvəlcə Azərbaycan Prezidenti, ardınca isə ölkənin Xarici İşlər Nazirliyi bütün dünyaya açıq şəkildə bəyan etdi ki, Bakı heç bir vasitəçinin iştirakı olmadan Ermənistanla danışıqlar prosesini bərpa etməyə hazırdır. Belə görüşlərin Tiflisdə, hətta Ermənistan-Azərbaycan sərhədinin hansısa hissəsində keçirilməsinin mümkünlüyü ilə bağlı konkret məqamlar da var idi. Məqsəd birdir – iki qonşu ölkə arasında sülh sazişini tezliklə yekunlaşdırmaq və imzalamaq.

Qarşı tərəf bütün bu günlər ərzində susdu, amma çərşənbə günü nəhayət ortaya ilk reaksiya çıxdı.

“İrəvan yenidən Bakı ilə danışıqlarda iştirak etməyə hazırdır”. Bu barədə Ermənistan XİN-in Azərbaycan XİN-in bəyanatına cavabında deyilir.

Bəyanatda daha sonra qeyd olunur ki, Ermənistan tərəfi “Azərbaycanla münasibətlərin nizamlanması və Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olmasına səy göstərmək üçün siyasi iradəsini bir daha təsdiq edərək, noyabrın 21-də münasibətlərin tənzimlənməsinə dair sazişin 6-cı redaksiyasını Azərbaycan tərəfinə təhvil verib”.

“Ermənistan tərəfi hələ də hesab edir ki, bütün çətinliklərə və çağırışlara baxmayaraq, iki ölkə arasında sülhün bərqərar olması üçün real imkanlar var və buna hər iki tərəfin siyasi iradəsi ilə nail olmaq olar. İrəvan bu iradəni nümayiş etdirməkdə davam edir”, - Ermənistan XİN-dən bildiriblər.

Xarici İşlər Nazirliyi qeyd edib ki, Ermənistanın dövlət sərhədində delimitasiya komissiyalarının iclasının keçirilməsi təklifi bu iradənin təzahürlərindən biridir.

Amma cavab kifayət qədər qeyri-müəyyəndir. İrəvanın kənarda deyil, regionun özündə, həm Rusiya, həm də Qərb nümayəndələri olmadan Bakı ilə birbaşa və təkbətək danışıqlara qərar verməyə hazır olub-olmadığı tam aydın deyil. Bu intriqanın davamı necə ola bilər? İrəvan Bakının belə bir təklifinə müsbət cavab verməyə hazırdırmı? Yoxsa onun belə bir addım atmasına mane olacaq məqamlar var?

old.pressklub.az-ın suallarını beynəlxalq məsələlər üzrə ekspert Elman Fəttah cavablandırıb.

İlk növbədə qeyd edim ki, bir neçə ay əvvəl Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı yaranmış kövrək ümidlər təəssüf ki, puç olmaq üzrədir”, - o, bəyan edib.

Məlumdur ki, Azərbaycanla Ermənistan arasında münasibətləri normallaşdırmaq üçün iki ziddiyyətli danışıqlar masası yaradılmışdı – Moskva və Brüssel masası”, - Fəttah deyir.

Məsələn, Brüsseldə masasında sülhə gedən yolda ən mühüm nəticə keçən ilin oktyabrında imzalanan Praqa sazişi oldu. Lakin İrəvanla Moskva arasındakı münaqişə Moskva masasını məhv etdiyi kimi, Bakı ilə Qərb arasındakı münaqişə də Brüssel masasını məhv etdi.

Məsələnin təfərrüatlarına varsaq, Qərb Paşinyanı Moskva masasından, Kreml isə Əliyevi Brüssel masasından imtina etməyə təhrik etdi. Tərəflər sülhə doğru irəliləmə prosesini dayandırdılar və diqqətlərini birtərəfli maraqlarının təmin edilməsinə yönəltdilər”, - ekspert bildirir. Rəsmi Bakı Laçın yolunu nəzarətə götürdü, sonra Xankəndi üzərində suverenliyini bərpa edə bildi. Rəsmi İrəvan bu dövrdə ABŞ və Avropanın siyasi elitasını tamamilə Bakıya qarşı çevirə bildi.

Hazırda İrəvan-Moskva münasibətləri və Bakı-Qərb münasibətləri açıq qarşıdurma dövrünü yaşayır ki, bu da son nəticədə hər iki beynəlxalq platformanın Azərbaycan və Ermənistan arasında sülh danışıqlarına etimad yaratmadığını müəyyənləşdirir. Belə olan halda, rəsmi Bakının vasitəçisiz görüşmək təklifi çıxılmaz vəziyyətdə ən adekvat çıxış yoludur.

İrəvanın bu təklifə nə dərəcədə isti yanaşacağı Qərb tərəfdaşları ilə müzakirələrdən sonra bəlli olacaq. Nəzərə almaq lazımdır ki, bu yaxınlarda Vaşinqton bu mövzuda verdiyi açıqlamada tərəfləri ikitərəfli təmaslara başlamağa çağırıb. Güman etmək olar ki, Ermənistan Bakının iki ölkənin sərhədində görüş təklifini qəbul edəcək. Paşinyan hökumətinin iki ölkə sərhədində delimitasiya və demarkasiya komissiyasının iclası ilə bağlı cavab təklifi də buna ümid yaradır.

Lakin hər şey iki ölkənin Cənubi Qafqazdakı geosiyasi qarşıdurmada sülh istəyib-istəməməsindən asılı olacaq. Əgər həm Qərb, həm də Moskva bizim iki ölkəni eyni vaxtda bu qarşıdurmanın subyektləri siyahısından çıxarsa, tərəflər tezliklə vasitəçisiz görüşməyə başlayacaqlar”, - E.Fəttah hesab edir.

Rauf Orucov