Logo
news content
User
Kateqoriyalar

Analitika

Şuşanın dünəni, bu günü və gələcəyi – FOTOSESSİYA

Press Klubdan: İctimaiyyət nümayəndələri, media mənsubları hissə-hissə Şuşanı ziyarət edirlər. Amma hər bir azərbaycanlı üçün müqəddəs olan bu şəhəri 28 illik işğaldan sonra azad görməyə ürəyi atlanan on minlərlə insan var. Bunun isə nə zaman real olacağı hələlik bəlli deyil – şəhərdə və onun ətrafında təhlükəsizlik və abadlıq işləri görülür. Əməkdaşımız Seymur Kazımov sizi Şuşanın məşhur yerlərinə virtual gəzintiyə aparacaq...

Müəllif: Seymur Kazımov

Şuşa şəhərinin sahəsi 5,5 kvadrat kilometrdir. Bir gün ərzində piyada onu başdan-başa rahat gəzmək olar. Maşınla isə, əlbəttə ki, xeyli az vaxta. Yalnız, bu kiçik şəhər özündən qat-qat böyük tarixə sahibdir. Hər küçəsində tarixi əhəmiyyətli binalar, təhsil ocaqları, məşhur şəxslərin mülkləri, mədəniyyət abidələri, hamam, bulaq, məscid var. Onların bir çoxu ya tamamilə, ya da qismən dağıdılıb. İşğaldan azad olunmuş digər şəhər və rayonlarda rast gəldiyimiz mənzərə – alaq otlarının arasında itib-batmış hasar qalıqları, dağıntılar arasından boylanan ağaclar bura üçün də xarakterikdir.

Bu fotosessiya Şuşanın keçmişi və bu günü barədədir.

Fotolar:

Şuşa Real məktəbi

20 sentyabr 1881-ci ildə Şuşada Real məktəbin əsası qoyulub.

Hazırlıq və üç əsas sinifdən ibarət olan bu məktəbə ilk dəfə 159 şagird qəbul edilib. Burada tanınmış maarifçilər Haşım bəy Vəzirov, Mirzə Salah bəy Zöhrabbəyov, Yusif bəy Məlikhaqnəzərov dərs deyib.

Məktəbin yetirmələrindən həm Azərbaycan, həm də Türkiyənin böyük ictimai-siyasi xadimi Əhməd bəy Ağaoğlunun, habelə Əbdüləli bəy Muxtarov, Həsən bəy Bağırbəyov, İsmayıl bəy Şəfibəyov, Muxtar bəy Muradov, Yusif Vəzir Çəmənzəminli, Əbdürrəhim bəy Haqverdiyev, Qara bəy Əliverdilər, Cabbar bəy Vəlibəyov, Rüstəm bəy Axundov, Xan Şuşinskinin adlarını çəkmək olar.

Təhsil ocağının binasında 1960-cı ilədək Şuşa Pedaqoji Texnikumu, 1960-1989-cu illərdə Fizika-Riyaziyyat təmayüllü 2 nömrəli internat məktəbi fəaliyyət göstərib.

1989-cu ildən 1992-ci ilədək isə binada Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şuşa filialı fəaliyyət göstərib.

Birinci Qarabağ müharibəsi dövründə burada könüllü batalyonlar yerləşib.

Şuşa həbsxanası

1848-ci ildə çar Rusiyası dövründə Şuşa şəhərində inşa olunmuş cəzaçəkmə müəssisəsi. Həbsxana Şuşa qalasının şərq tərəfində yerləşir və qalanın aşağı divarları həbsxanaya söykənir. SSRİ dövründə qapalı tipli cəzaçəkmə müəssisəsi kimi fəaliyyət göstərib. Ümumlikdə, həbsxana 350 nəfərlik dustaq üçün nəzərdə tutulub.

2014-cü ildə Kəlbəcərdə Ermənistan Silahlı Qüvvələrinin girov götürdüyü Dilqəm Əsgərov və Şahbaz Quliyev 6 il müddətində burada saxlanılıblar.

Şirin su hamamı

Şuşanın memarlıq abidələri arasında özünəməxsusluğu ilə seçilən abidələrdən biri də Şirin su hamamıdır. Bu hamam 1878-1880-ci illərdə Xan qızı Xurşidbanu Natəvan tərəfindən inşa etdirilib. Hamamın layihəsi tanınmış memar Kərbəlayi Səfixan Qarabağiyə aiddir. Hamam həftənin tək günlərində kişilərə, cüt günlərində qadınlara xidmət edirdi. Şirin su hamamı Natəvanın hələ 1873-cü ildə Şuşaya çəkdirdiyi içməli su ilə işlədiyindən Şirin su hamamı adlandırılıb.

Fotoların izahı əslən Şuşadan olan publisist və jurnalist Kərim Kərimliyə məxsusdur.

Şuşanın gələcəyi barədə isə buradan məlumatlı ola bilərsiniz.