Logo
news content
User
Kateqoriyalar

Analitika

Sülhün astanasında: “Bizə elə bu lazımdır...”
Politoloq: "Azərbaycan bu öhdəliyi yalnız ərazi bütövlüyü tanındığı halda götürə bilər"

Azərbaycanın qalib gəldiyi 44 günlük müharibəni bitirən 10 noyabr atəşkəs müqaviləsinin ildönümü ərəfəsində yenidən üçtərəfli müqavilə imzalana bilər. Bu gün Rusiya və Ermənistan mətbuatı noyabrın birinci ongünlüyündə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanacağına dair xəbər yayıb. Qeyd olunur ki, Azərbaycanla Ermənistanın gözlənilən sazişində dövlət sərhədlərinin demarkasiyası və delimitasiyası, Azərbaycandan Naxçıvana gedən dəhliz də daxil olmaqla, tərəflər arasındakı bütün yol və kommunikasiyaların açılması nəzərdə tutulur.

Xatırladaq ki, oktyabrın 12-də Ermənistanın Baş naziri Nikol Paşinyan Moskvada Rusiya Prezidenti Vladmir Putinlə görüşdə bu məsələlər geniş müzakirə olunub. Ekspertlər bu görüşdə atəşkəsin ildönümü ərəfəsində liderlərin sammitinin keçirləcəyi və 10 noyabr bəyanatının tam icrası, tərəflərin imzalayacağı sülh sazişinin detallarının müzakirə olunduğunu bildiriblər. Oktyabrın 15-də MDM dövlət başçılarının onlayn sammitində çıxış edən Nikol Paşinyan Azərbaycanın Qərb sərhədləri ilə Naxçıvanı birləşdirən avtomobil və dəmir yolunun açılmasına hazır olduqlarını bəyan etmişdi.

Görüşdən bir neçə gün sonra Moskvada bir araya gələn üçtərəfli komissiya da sərhədlərin delmitasiyası və demarkasiyası ilə bağlı geniş müzakirələr aparmışdılar. Azərbaycan isə 5 erməni hərbi əsirini qarşı tərəfə təhvil vermişdi.

Rusiya Prezidenti Vladimir Putin oktyabrın 21-də Valday forumunda çıxışında bildrib ki, Rusiya Qarabağda qan tökülməsinin qarşısını almaq üçün əlindən gələni etdi, Rusiya sülhməramlıları öz vəzifələrini layiqincə yerinə yetirirlər: "Hazırda ən vacibi – sərhəddə vəziyyəti tənzimləməkdir və Rusiya tərəfinin iştirakı olmadan bunu etmək olmaz". Putin deyib ki, sovet dövründə müttəfiq respublikaların sərhədlərini göstərən xəritələr Rusiya ordusunun Baş qərargahındadır.

"Bu sənədlər əsasında tərəflərlə sakitcə oturub danışmaq olar – orada elə şeylər var ki, qarşılıqlı kompromislər tələb edir: haradasa nəyisə dəyişmək lazımdır, haradasa nəyisə dəyiş-düyüş eləmək lazımdır. Sadəcə, bunun hər iki tərəfə faydalı olduğunu qəbul etmək lazımdır. Bunu eləmək olar, ya yox? Olar", – Putin əminliklə deyib.

Rusiya prezidenti sülhməramlıların işindən danışıb. "Bizdən asılı olan hər şeyi etdik ki, qan tökülməsi dayansın. Həm də təkcə bunu deyil. Sülhməramlılar öz vəzifələrini layiqincə yerinə yetirirlər, artıq 50 mindən çox qaçqın öz doğma yerlərinə qayıdıb", – Putin vurğulayıb.

Onun sözlərinə görə, ümumilikdə münaqişə zonasında vəziyyəti qoruyub saxlamağa nail olunub, indi orada iri döyüş əməliyyatları getmir. "Təəssüf ki, insidentlər baş verir, hətta adamlar ölür. Yəqin ki, illərlə çəkən qarşıdurmadan sonra ideal mənzərə təsvir etmək çətindir", – Rusiya Prezidenti deyib.

Politoloq Fərhad Məmmədov "old.old.pressklub.az" bildirib ki, Ermənistan-Azərbaycan münasibətləri ətrafında baş verən son proseslər tezliklə qərarların qəbul ediləcəyinə inanmağa əsas verir. "Mən bu barədə avqustda, Prezident İlham Əliyev "Ermənistanda seçkilər keçirilib, hökumət formalaşıb, qərarlar qəbul etməyin vaxtıdır deyəndə proqnoz vermişdim",-deyə təhlilçi əlavə edib.

Məmədovun sözlərinə görə, Rusiya uzun müddət passivlik göstərdi, aktiv proses aparmağa çalışmadı, amma İranın bölgədəki fəaliyyəti Moskvanı hərəkətə gətirdi: "İranın Azərbaycana təzyiq cəhdləri əks effekt verdi: sərhədləri açmaq əvəzinə yeni baryerlər meydana çıxdı. Bununla yanaşı, Bakıya təzyiqlərdən nəticə əldə edilməməsi İranı Ermənistana təsir etməyə məcbur etdi ki, bu da Rusiyanın narazılığına səbəb oldu. Məlum oldu ki, Rusiyanın regionda yeganə müttəfiqi Paşinyan Gürcüstan vasitəsilə Türkiyə ilə, həm də İranla birbaşa bağlantılar qurmağa cəhd edir".

Politoloq əlavə edir ki, Rusiya 10 noyabr üçtərəfli bəyanatı vasitəsilə Türkiyənin müharibə dövründə de-fakto artan rolunun qarşısını almağa çalışdı: "Türkiyə və Azərbaycan isə de- yure Şuşa Bəyannaməsi imzalayaraq öz maraqlarını təmin etdi. Yəni vasitəçilik missiyasının alınmaması Rusiyaya itkilər və potensial risklər yaratdı".

Məmmədovun sözlərinə görə, Paşinyanın Moskvaya çağırılmasından sonra MDB-nin kommunikasiyalar üzrə sammitindəkı çıxışı, Bakıdan 5 erməni əsirinin azad edilməsi hökumətlərarası komissiyada sənəd və ya qərarın qəbul olunduğuna inanmağa əsas verir:

"Kommunikasiyalara görə liderlərin başqa bir bəyanatı ola bilər, amma müqaviləyə və ya digər formalara ehtiyac yoxdur. İqtisadi məsələdir, bunu ratifikasiyasız da etmək mümkündür. Amma sərhədlərin dəqiqləşdirilməsi məsələsi daha çətin olacaq. Düşünürəm ki, komissiya yaratmaq qərarı veriləcək. Çünki Putinin yanaşmasına bələdsinizsə, bu artıq parlamentdə ratifikasiyalarla, hətta referendumlarla qəbul olunacaq müqavilədir".

Ekspert qeyd edir ki, məsələləri siyasi və diplomatik yolla həll etmək öhdəliyi yalnız sülh müqaviləsində əks oluna bilər. Onun sözlərinə görə, Azərbaycan bu öhdəliyi yalnız ərazi bütövlüyü tanındığı halda götürə bilər. "Beləliklə, razılaşmaların formasından çox şey asılı olacaq",-deyə o əlavə edib.

Fərhad Məmmədov deyur ki, Qarabağ erməniləri artıq növbəti mərhələdirlər: "Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyandan sonra Bakı reinteqrasiya mexanizmlərini açıqlayacaq. Bu barədə çoxlu danışılır, amma hələlik nədən ibarət olacağı açıqlanmayıb".

Politoloq Elxan Şahinoğlu isə deyir ki, xatırladır ki, bu xəbəri yayan “RİA Novosti” Rusiya

hökumətinə bağlı informasiya agentliyidir: "Ona görə də liderlərin noyabrın 8-i və ya 9-da görüşəcəyi ehtimalı yüksəkdir. Azərbaycan prezidenti hər iki sənədi imzalamağa hazırdır. Sərhədlərin müəyyənləşməsi və kommunikasiya xətlərinin açılması Azərbaycanın maraqlarına uyğundur. Buna artıq Ermənistanın baş naziri Nikol Paşinyan da etiraz etmir. O son açıqlamasında Naxçıvanla Azərbaycanın materik hissəsini birləşdirən nəqliyyat yollarının açılması mümkünlüyünü bildirib. Yəni Paşinyan erməni cəmiyyətini buna hazırlayıb. Rusiya prezidenti Vladimir Putin də Naxçıvana uzanan kommunkasiya xətlərinin açılması zərurətini “Valday`dakı müzakirələrdə səsləndirib".

Politoloq əlavə edir ki, buna baxmayaraq, “RİA Novosti”nin yayımladığı xəbərdə Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması barədə heç nə yoxdur: "Paşinyan buna hələ hazır deyil. Ancaq əgər sərhədlərin müəyyənləşməsi məqsədilə danışıqlar başlayacaqca və kommunkasiya xətləri açılacaqsa növbəti addım iki dövlətin bir-birlərinin ərazi bütövlüklərini tanıyan sülh sazşinin imzalanması olacaq. Maraqlıdır ki, Vladimir Putin “Valday`dakı çıxışında belə bir fikir də işlədib: “Söhbət Qarabağda rusiyalı sülhməramlıların müddətinin uzadılmasından getmir...” Başqa sözlə, Putin bu məsələdə israrlı deyil. Bizə də elə bu lazımdır. Bəlkə elə ona görədir ki, Qarabağ separatçılarının lideri Araik Arutunyan ətrafındakılara deyib ki, onlardan tərksilah olunmağı tələb edirlər".

Turqut