Logo
news content
User
Kateqoriyalar

Analitika

Sülhü yeritmək, məhsulu irəlilətmək kimidir, amma nə satdığını gərək biləsən
Azərbaycan və Ermənistan gəncləri sülhü necə anlayırlar?

(Bakı və Yerevan Mətbuat klublarının məzmunlu və dərin dialoqun genişləndirilməsinə xidmət edən təşəbbüsü çərçivəsində Ermənistandan sülh təlimçisi Eleonora Sarqsyanla Azərbaycandan Cənubi Qafqaz məsələləri üzrə tədqiqatçı Eldar Həmzəlinin söhbəti)

 

Onlar tarixə boylanmaq əvəzinə, nəsə yaratmağa, gələcəyi baxmağa daha meyillidirlər 

 

PRESS KLUB: Ermənistan və Azərbaycan arasında sülh gündəliyi əsas prioritet olaraq qalır. Hər iki ölkənin gəncliyinin bu prosesə hansı mövqedə olduğunu müzakirə edəcəyik. Eleonora, sizinlə başlamaq istərdim. Ermənistan və Azərbaycan gəncləri arasında ünsiyyət və qarşılıqlı əlaqədə hansı çətinliklər var? Məsələ ondadır ki, yaşlı nəslin münaqişədən əvvəl əlaqələri olub və bir-biri haqqında müəyyən müsbət xatirələri qalıb. Amma gənclərin belə təcrübələri yoxdur. Ermənistan gənclərinin əksəriyyəti heç vaxt azərbaycanlılarla ünsiyyətdə olmayıb və əksinə. Onlar bir-birilərini yalnız çox pis, təhlükəli insanlar kimi tanıyıblar, belə eşidib-oxuyublar. Onlara onilliklər boyu qarşılıqlı düşmənçilik aşılanıb və indi birdən sülh, əməkdaşlıq, bəzi hallarda hətta

dostluq haqqında söhbət ortaya çıxır. Gənclər bu maneəni necə aşa və sülh quruculuğunda fəal iştirak edə bilərlər? Yoxsa mən şişirdirəm və belə bir maneə mövcud deyil? Onlar daha praqmatik, dünyaya açıqdırlar və sadəcə aydın bir yol və imkanlara ehtiyacları var?

 

ELEONORA SARQSYAN: Dəvət və sual üçün bir daha təşəkkür edirəm. Düşünürəm ki, dünya miqyasında gənclər sülh quruculuğu istiqamətində öz səylərində oxşar maneələrlə üzləşirlər. Amma bizim çox spesifik, regiona, xüsusilə də Ermənistan və Azərbaycana xas çətinliklərimiz var ki, gənclər sülh quruculuğunda onlarla üzləşir.

Onlardan biri çox sadədir: münaqişə lap yaxın zamanlarda olub, yaralar təzədir və emosiyalar, qəzəb hələ də var, etimadsızlıq var, bir-biri haqda ən pis təsəvvürlər var.

Digər tərəfdən, gənclər həm də təhlükəsiz platformaların və daimi ünsiyyət nöqtələrinin olmamasından əziyyət çəkirlər, Bunlar isə, bilirsiniz, danışmaq, bir-biri ilə şəxsən görüşmək üçün lazımdır. Öz təcrübəmizdən deyə bilərəm ki, sülh quruculuğu layihələrimiz və sülh işimiz zamanı ünsiyyət mənfi stereotipləri qırmaqda əsas rol oynayır. Bu, bir-birimizə qarşı milli qərəzləri aradan qaldırmaq və ümumiyyətlə, “şeytan” obrazını dağıtmaq üçün əhəmiyyətlidir.

 

PRESS KLUB: Eldar, eyni sual sizədir, amma mən sizdən, belə demək mümkünsə, tədqiqatçı yanaşması eşitmək istərdim, çünki siz bu məsələ ilə bağlı

bəzi tədqiqatlar aparmısınız. Nəticələr nədir və ya hansı gözləntilər var?

 

ELDAR HƏMZƏLİ: Sülh quruculuğu sahəsində tədqiqatlar, akademik tədqiqatlar

təsdiq edirlər ki, gənclərin ölkələr arasında və ya ölkələr daxilində sülhün təşviqində həlledici rolu var və bunun bir neçə səbəbi göstərlir. Onlardan biri budur ki, gənclər gələcəyə köklənirlər və bu səbəbdən həmişə barışığa daha meyillidirlər, onlar geriyə, tarixə boylanmaq əvəzinə, nəsə yaratmağa, gələcəyi baxmağa daha meyillidirlər. Bu, ümumiyyətlə sülh quruculuğunda gənclərin roluna verilən qiymətdir. Amma Azərbaycan və Ermənistan məsələsində, bəli, müəyyən fərqlər var, dünyanın digər bölgələrindən fərqli özəlliklər var. Birincisi, qeyd etdiyiniz kimi, Azərbaycan və Ermənistan gəncləri,

bu gün gənc hesab etdiyimiz insanların əksəriyyəti müstəqillikdən sonra doğulub.

Bu insanların bir-biri ilə təmas imkanı olmayıb. Onlar dərsliklərdən, mediadan və məktəblərdən bir-birləri haqda öyrəndikləri, həyatda baş verənlərdən gördükləri ilə böyüyüblər. Bu reallıq həm Azərbaycanda, həm də Ermənistanda qarşı tərəfi düşmən ölkə, rəqib sifətində görən gənclər yetişdirib. Və bu gün, qeyd etdiyiniz kimi, ortaya sülh gündəliyi çıxıb. Yaxşı, indi biz sülhdən danışırıq, sülhdən danışdığımız üçün də sual yaranır ki, bu prosesdə gənclər hansı rolu oynaya bilərlər? İlk növbədə, demək istərdim ki, əvvəllər heç bir təmasları olmasa da, son bir neçə ildə gənclər arasında sosial media geniş yayılıb. Əlbəttə, sosial mediadan hamı istifadə edir, amma gənclər cəmiyyətin digər təbəqələrinə nisbətən burada daha fəaldırlar. Və bu insanların digər qruplarla ünsiyyət qurmaq imkanı var. Yəni, Ermənistandan olan insanlarla. Deyək ki, misal üçün, orta statistik azərbaycanlının indi sosial mediada ermənilərin fikirləri ilə tanış olmaq imkanı böyükdür. Hətta mən bir neçə misal gətirə bilərəm. Bildiyim qədər, Türkiyədə yaşayan bir erməni qız var. O, öz Instagram səhifəsini yaratdı və azərbaycanlıların,

ermənilərin və türklərin münasibətlərindən bəhs etməyə başladı. O, həm də erməni dilini öyrədirdi, müxtəlif mövzulardan danışırdı, Bu, insanlar arasında bir növ körpü oldu.

Doğrudur, hər iki tərəfdən çoxlu nifrət dolu şərhlər də aldı, amma onun çalışdığı özünü Azərbaycan cəmiyyətinə təqdim etmək idi. Və ya Facebook qruplarımız var ki, orada azərbaycanlılar və ermənilər ünsiyyət qururlar, mövzu paylaşır və sonra müzakirə edirlər. Yəni, Azərbaycan və Ermənistan gəncləri əvvəllər heç vaxt görüşməyiblər,

bu, onlara, necə deyərlər, sülh yolunda maneə idi, amma sosial media və internet elə alətlərdir ki, biz onlarla bu maneəni aşa bilərik. İnsanlar indi sosial media alətləri vasitəsi iləasanlıqla ünsiyyət qura bilərlər. Bu, gələcək sülh üçün baza yaradır, onlara real şəraitdə qarşılıqlı əlaqə yaratmaq imkanı verir.

 

Hələ müharibə vaxtı debat gedirdi ki, bəs o sülh qurucuları hara yox oldular?

 

PRESS KLUB: Amma bildiyim qədər, 2020-ci il müharibəsindən əvvəl erməni və azərbaycanlı gəncləri bir araya gətirən çoxlu layihələr var idi. Köhnə atmosferi bərpa etmək mümkündürmü? Siz necə düşünürsünüz?

 

ELEONORA SARQSYAN: İcazənizlə əvvəlki suala qayıdım, Eldarın təklif etdiyi ilə tamamilə razıyam. Sadəcə, düşünürəm ki, bu bölgədə, xüsusilə də Ermənistanda.

sülh quruculuğunun daha bir spesifik xüsusiyyəti var. Ermənilər, azərbaycanlılar və türklər arasında körpü salan qızın nümunəsində o qızın hədəfə alındığı deyildi. Onun hətta düşünüldüyündən də artıq hədəfə alınmasının səbəbi isə odur ki, Ermənistanda sülh anlayışı indi çox siyasiləşib. Azlıqların hüquqlarından tutmuş gender məsələlərinə qədər

insan hüquqları ilə bağlı hər hansı başqa anlayışdan, dəyərdən daha çox siyasiləşib, 

Sülh indi ən siyasiləşmiş dəyərdir və, sülhü dəstəkləyən, sülh quruculuğu layihələri və fəaliyyəti həyata keçirən hər hansı fərd, qrup, təşkilat hədəfə alınır. Bilirsiniz, hökumətin sözünü dediyi düşünüldüyü üçün, siyasi motivləri olduğu və hökumətyönlü qüvvələri dəstəklədiyi düşünüldüyü üçün. İkinci suala gəlincə isə, yəni, biz əvvəlki atmosferi yenidən yarada bilərikmi sualına cavabımda isə deyərdim ki, mən əslində sülh quruculuğuna məhz 2020-ci ildə, müharibə başlamazdan bir az əvvəl qoşuldum. Ona görə əvvəllər atmosferin necə olduğunu çox yaxşı bilmirəm. Amma bir şeyi dəqiq bilirəm ki, sülh quruculuğunda asan yollar yoxdur. Və biz çox ehtiyatlı olmalı, çox asta hərəkət etməli və çox səbirli olmalıyıq, çünki belə etməsək, əks nəticə əldə edə bilərik,

əks effekt yarana bilər. Əminəm ki, yaddaşımızda elə nümunələr var ki, onlar bizə tələsdiyimiz, bir-birimizlə ardıcıl görüşlər təşkil etdiyimiz hallarda, bir növ, əks nəticə qazandırıb. Beləliklə, düşünürəm ki, bəli, biz nümunəvi olmalı, sülh quruculuğunu təbliğ etməli, bəzi xüsusiyyətləri nəzərə almaqla layihələrimizi həyata keçirməliyik. Amma biz həm də çox həssas və incə yanaşma nümayiş etdirməliyik. Məncə, Yerevanda və ətraf bölgələrdə yaşayan gənclərlə işləmək sərhədyanı icmalarda yaşayan gənclərlə işləməkdən çox fərqlidir, xüsusilə də qaçqın icmalarından gələn gənclərlə, çünki onlar münaqişənin bilavasitə içində olublar. 

 

PRESS KLUB: Elədə ermənilər və azərbaycanlılar arasında dialoqu təşviq etmək üçün hansı təşəbbüslər mövcuddur? Bəli, Türkiyədə yaşayan xanımla bağlı bir nümunə verdiniz, amma ümumiyyətlə hansı maraqlı təşəbbüslər var? Gəlin bundan danışaq.

 

ELDAR HƏMZƏLİ: Ümumiyyətlə, biz deyirik ki, gənclər sülhün təşviqi üçün potensiala malikdirlər. Amma bizim bölgəmizdə indi sülhlə bağlı qərar verənlər siyasətçilərdir. Buna görə də biz mövcud siyasi reallığı nəzərə almalıyıq. Bu siyasi reallıq çərçivəsində gənclər razılaşdırılmış sülhü təşviq edə bilərlər. Buna görə də hesab edirəm ki, biz sülhün nə olduğunu anlamalıyıq. Yəni, Azərbaycan-Ermənistan kontekstində “sülh” deyəndə nəyi nəzərdə tuturuq?

 

PRESS KLUB: Siz cari siyasi vəziyyətdən çixiş etməyi nəzərdə tutursunuz? Başa düşdüyüm qədəri ilə siyasi vəziyyəti nəzərə alıb ona əsasən hərəkət etmək lazımdır, eləmi?

 

ELDAR HƏMZƏLİ: Bəli, məsələ ondadır ki, 2020-ci ilə qədər olan sülhquruculuq təşəbbüsləri ilə bağlı problem onda idi ki, sülhün ortaq anlayışı yox idi. Sülh layihələri var idi, insanlar bu tədbirlərə qatılırdılar, bəziləri özlərini sülh qurucusu adlandırırdılar,

amma sülhün izahı ilə bağlı problem var idi, çünki razılaşdırılmış ortaq bir anlayış yox idi. Mücərrəd sülh anlayışı var idi və o, ermənilər üçün fərqli, azərbaycanlılar üçün fərqli sülh idi. Beləliklə, bu insanlar Avropada və ya Tbilisidə görüşəndə, hər kəs deyirdi ki, bəli, mən sülh istəyirəm, mən sülhpərvərəm. Amma həmin görüşlərdə həmişə əsas sual diqqətsiz qalırdı. Sual isə bu idi ki, sülh nədir axı? Sülh deyəndə nəyi nəzərdə tutursunuz? O vaxt erməni iştirakçılar üçün sülh status-kvo demək idi. Azərbaycanlılar üçün isə sülh ərazilərin qaytarılması demək idi. Buna görə də illərlə bu görüşlərə qatılan insanlar, münaqişə yenidən başlayanda, müharibə başlayanda, birdən-birə sanki başqa adamlara çevrildilər. Hələ müharibə vaxtı belə bir debat gedirdi ki, bəs o sülh qurucuları

harada qaldılar, onlar ki bu sahədə işləyir, görüşlər keçirirdilər, münaqişə yenidən alovlananda niyə yox oldular? Beləliklə, bu, 2020-ci ildən sonrakı sülh quruculuğunun

bir elementi, vəzifəsidir. Danişıqlarda çox vacibdir ki, biz sülh üçün ümumi tərif tapaq, nəyi nəzərdə tutduğumuzu bilək və mən inanıram ki, bu, imzalanmasını gözlədiyimiz sülh sazişində əksini tapacaq. Və bundan sonra, Azərbaycan və Ermənistan hökumətləri arasında razılaşdırılandan sonra sülh gənclərin təşviq edə biləcəkləri məhsul olacaq. Çünki bilirsiniz, sülhün təşviqi hər hansı məhsulun təşviqi kimidir, siz nə “satdığınızı”, məhsulunuzun bütün əlamətlərini bilməlisiniz. Siz insanların yanına gedəndə onlar çoxlu şeylər soruşacaqlar. Və siz suallara cavab verməlisiniz.

 

Poblem başlanğıcdadır, bizə yaxşı başlanğıc lazımdır. O başlanğıc nə olacaq?

 

PRESS KLUB: Eleonora, Eldarın bu fikirləri barədə nə düşünürsünüz? Mənim əlavə bir sualım da var. 2020-ci ildən sonra bu sahədə uğurlu təşəbbüslər görmüsünüz və ya eşitmisinizmi? Buyurun.

 

ELEONORA SARQSYAN: İndi sülh quruculuğu ilə bağlı hansı layihələrin həyata keçirildiyinə gəlincə, məsələnin xeyli incəlikləri var. Qısa cavab budur ki, çoxlu layihələr həyata keçirilir. Mənim müşahidə etdiyim maraqlı məqamlardan biri odur ki, 2020-ci ildən əvvəl layihələr əsasən üçüncü tərəfin vasitəçiliyi ilə həyata keçirilirdi, yəni azərbaycanlı və erməni gənclərin görüşürlərini, məsələn, almanlar təşkil edirdilər. Burada irəliləyiş var ki, indi təşəbbüslər və layihələri bu iki tərəfin özü planlaşdırır, azərbaycanlılar və ermənilər özləri görüşürlər və arada heç bir üçüncü tərəf olmur.

Müxtəlif ölkələr tərəfindən maliyyələşdirilən fərqli sülh quruculuğu layihələrimiz var,

o cümlədən Birləşmiş Millətlər Təşkilatı tərəfindən. Bu müddət ərzində bu layihələrdən bəzi nəticələr hasil etmişəm. Gənclərin sülh quruculuğu işinin uğurlu olması üçün xüsusi məqamlar var. Onlardan biri həyata keçirdiyimiz maraqlı layihədə mühüm rol oynayır. Söhbət ondan gedir ki, biz sülh işini Eldarın dediyindən daha az siyasiləşdirirık.

Çünki hər hansı bir məqamda gənclər status-kvo ilə bağlı fikir ayrılıqlarına malik ola bilərlər. Əgər azərbaycanlılar 2020-ci ildən əvvəl status-kvo ilə razılaşmırdılarsa, başqa gənclər və yaşlılar da indi mövcud olan status-kvo ilə razılaşmaya bilərlər. İndi bizim edə biləcəyimiz malik olduğumuz siyasi və ya geosiyasi reallıqdan asılı olmayaraq, sülh konsepsiyasını təşviq etmək və qorumaqdır. Biz gəncləri yaranmış reallığa baxmayaraq, sülhə üstünlük verməyə, onu dəstəkləməyə öyrədə bilərik. Layihələrimizdən birində etdiyimiz budur ki, biz sülh konsepsiyasını fərdi səviyyəyə, şəxsi münasibətlər səviyyəsinə gətiririk. Və bu, bizə daha çox gənci layihəyə cəlb etmək imkanı verir. Əgər biz layihəyə regional sülh quruculuğu kimi yanaşsaydıq, bu, gəncləri iştirakdan çəkindirərdi. Beləliklə, biz daha çox gənci cəlb edə bilirik. Müşahidə etdiyimiz digər bir məqam da var. Proqrama qoşulmuş azərbaycanlı həmkarlarımdan biri də bu fikri bölüşür ki, gənclər üçün bir-birimiz haqqında milli qərəzləri aradan qaldırmaq daha asandır. Söhbət ən müxtəlif qərəzlərdən, məsələn, gender qərəzləri və ya digər növ qərəzlərdən gedir. Beləliklə, biz elə ünsiyyət nöqtələri yaradırıq ki, onlar daha asan regional və siyasi sülhə nail olmağa kömək edir. Digər vacib məqam, artıq qeyd etdiyim kimi, qarşılıqlı əlaqə ilə bağlıdır. Qarşılıqlı şəxsi əlaqələrdən sonra gənclər sülh düşərgələrindən və ya sülh təlimlərindən tamamilə yeni qavrayışlarla qayıdır, bir-birləri haqda stereotipləri qırmış olurlar. Beləliklə, düşünürəm ki, bu prosesi dəstəkləyə bilərik. Bunun üçün edə biləcəyimiz, gənclərin bir-biriləri ilə görüşməsinə imkan verən mümkün qədər çox təhlükəsiz platforma yaratmaqdır.

 

PRESS KLUB:- Eldar, uğurlu təşəbbüslərlə bağlı sizin təcrübəniz necədir? Təfərrüatları bölüşə bilərsinizmi? Və ya belə təşəbbüslərin uğurunu təmin etmək üçün hansı addımlar atıla bilər?

 

ELDAR HƏMZƏLİ: Eleonora ilə bizim yanaşmamız arasındakı fərq ondadır ki, onun dediyi sülh düşərgələri və sülh tədbirləri ümumi sülh konsepsiyası ilə bağlıdır. Mən onlardan bəzilərində iştirak etmişəm. Birincisi, mən bu sahədə, sülh quruculuğu təşəbbüslərində və sülh tədbirlərində - əslində onları dialoq adlandırardım - 2013-cü ildən iştirak edirəm. Bu illər ərzində görmüşəm ki, əvvəl status-kvo olub, sonra 2016-cı ildə dördgünlük müharibə baş verib, vəziyyət yenidən sakitləşib və ardınca 2020-ci il gəlib. Mən bütün bunları müşahidə etmişəm. Və görürəm ki, azərbaycanlılarla ermənilər

sülh konsepsiyası ilə bağlı heç bir fikir ayrılığına malik deyillər. Onların hamısı bunu qəbul edirlər. Tədbirlərlə iştirak etdiyim insanlarla biz yaxşı və çox konstruktiv müzakirələr aparmışıq və sülh konsepsiyası ilə bağlı heç bir fikir ayrılığımız olmayıb.

Amma biz qayıdanda və reallıq üzə çıxanda, yəni, deyək ki, 2020-ci il müharibəsi

baş verəndə, hər şey dağıldı. Çünki biz sülh konsepsiyasını müzakirə etmişdik, amma

azərbaycanlılar və ermənilər arasında sülhü yox. Buna görə də uğurlu sülh quruculuğu təşəbbüsü, uğurlu proses üçün qeyd etdiyim kimi, biz “sülh” deyəndə nəyi nəzərdə tutduğumuzu müəyyən etməliyik. Hansı məhsulu təşviq etmək istədiyimizi müəyyənləşdirməliyik. Bundan sonra, bəli, inanıram ki, azərbaycanlılar və ermənilər uzun müddətdə yox, bir neçə il ərzində bir-birinə qarşı olan qərəzləri aradan qaldıra biləcəklər. Çünki bizim üçün nümunələr var: azərbaycanlılar və ermənilər dünyanın müxtəlif yerlərində birgə yaşayırlar. Biz Gürcüstanın bəzi kəndlərini nümunə gətirə bilərik. Orada onlar hətta eyni kənddə harmoniya içində yaşayırlar. Buna görə də hesab edirəm ki, insanlar arasında dialoq sahəsində o qədər də çox maneələrimiz yoxdur. İnsanlar, hesab edirəm ki, bu baxımdan kifayət qədər açıqfikirlidirlər. Amma problem başlanğıcla bağlıdır. Bizə yaxşı başlanğıc lazımdır. Bu da, inanıram ki, Azərbaycan və Ermənistan arasında imzalanacaq sülh sazişi olacaq. Və sonra görəcəyik ki, sülh haqqında, ümumi gələcək haqqında danışmaq bugünkündən daha asan olacaq, çünki biz kiçik bir regionda yaşayırıq, bütün regionda cəmi 17 milyon insan var. Və bilirik ki, bu regionda yaşayacağıq, heç kim buranı tərk etməyəcək. Buna görə də insanlar bu mövzuda kifayət qədər sağlam düşüncəyə malikdirlər, bunu başa düşürlər. Beləliklə, hesab edirəm ki, bizə sülhün nə demək olduğunu müəyyən etmək və sonra həmin razılaşdırılmış sülhü,  azərbaycanlılar və ermənilər tərəfindən razılaşdırılmış qaydaları təşviq etmək çox vacibdir. Çünki mən, deyək ki, evə qayıdıb sülhü təşviq edəndə, sülh haqqında danışanda, təbii ki, məndən sotuşacaqlar: “Sizcə, erməni həmkarlarınız sizin düşündüyünüz kimi düşünür?” Və əgər cavab “bəli” olacaqsa, onda inam yaranacaq ki, bizim bir sülhümüz var, və biz onu hər iki cəmiyyətdə təşviq edirik. Amma əgər mən “yox” və ya “əmin deyiləm” cavabı versəm, onda inanmıram ki, bu qədər insan bunu qəbul edər.

 

PRESS KLUB: 2020-ci il və 2020-ci ildən sonrakı dövrün müqayisəsi çox maraqlı idi.

İndi mən 2020-ci ildən sonrakı dövrə aid daha bir sual vermək istəyirəm. Eleonora, azərbaycanlı və erməni gənclər arasında ünsiyyəti asanlaşdırmaq üçün hansı platformalar yaradıla bilər?

 

ELEONORA SARQSYAN: Erməni və azərbaycanlı gənclərin qarşılıqlı əlaqəsini asanlaşdıran bir neçə platforma var. Onlardan biri çox məşhur Crossroads-dur, səhv etmirəmsə, azərbaycanlı şəxs tərəfindən yaradılıb və artıq bir neçə ildir fəaliyyət göstərir. Ora minlərlə insan cəlb olunub, onlar bir-biri ilə müxtəlif mövzularda müzakirələr aparırlar. Bu, insanların qarşılıqlı əlaqədə ola biləcəyi təhlükəsiz platformanın çox yaxşı nümunəsidir. Mən özüm 2020-ci ildə Peace Talks platforması yaratmışam, burada erməniləri və azərbaycanlıları sülh mövzusu ətrafında müzakirələr aparmağa, ortaq zəmin yaratmağa cəlb etməyə çalışırdım. Onlar bir-biri ilə ünsiyyət qururdular, amma gözlədiyim qədər insanı cəlb edə bilmədim. Müxtəlif layihələr çərçivəsində platformalar yaradılır, gənclər bu platformalara qoşula bilərlər, məsələn, bizim onlayn sülh dialoqu platformamız var, hər ay erməni, azərbaycanlı və gürcü gənclər insan hüquqları mövzusunda müzakirələr aparırlar. Platformalar haqqında bildiklərim bunlardır.

 

PRESS KLUB:- Eyni sualı sizə də vermək istərdim, Eldar.

 

ELDAR HƏMZƏLİ: Eleonora qeyd etdiyi kimi, sosial media, İnternet bizə bu platformanı verdi. Böyük imkan yaratdı. Çox böyük imkan. Və hazırda məsələ sizin bundan istifadə edib-etməməyinizdədır. O, düzgün qeyd etdi ki, Crossroads adlanan Facebook qrupu var, azərbaycanlılar və ermənilər, düşünürəm ki, regionda yaşayan digər millətlərin də nümayəndələri bu qrupun üzvləridir. Onların müzakirə qaydaları var və bir-birləri ilə uğurla ünsiyyət qururlar. Bu, internetin potensialıdır, istənilən insan, cəmiyyətin istənilən qrupu orada ünsiyyət qura bilər. Və ya bilirəm ki, daha çox yaşlı nəslə aid olan “Köhnə Bakı” adlı bir vebsayt var, Bakının tarixi haqqındadır. Orada müəyyən məsələləri müzakirə etmək üçün platforma var. Həmin platformada mən erməniləri, gürcüləri, yəhudiləri, azərbaycanlıları görürəm, onlar köhnə bakılılar kimi ünsiyyət qururlar. Bu o deməkdir ki, müxtəlif maraqlara malik insanlar belə qrup yarada və orada ünsiyyət qura bilərlər. İnternet bu imkanı, böyük imkanı verir. İstəyən hər kəs orada əlaqə yarada bilər. Amma dialoq görüşlərinə, fiziki görüşlərə gəldikdə, bu daha çox maliyyə ilə bağlı məsələdir. Əgər daha çox maliyyə vəsaiti, daha çox iradə olarsa,

onda daha çox dialoq görüşlərinin şahidi ola bilərik. Düşünürəm ki, bu, gənclərə kömək edir, düşmən konsepsiyasının aradan qaldırmaq üçün şərait yaradır. Mən şəxsən azərbaycanlılar və ermənilər ilk dəfə görüşəndə onların hallarının şahidi olmuşam. Onlar hətta bir-birinə toxunmaq üçün icazə istəyirlər ki, qarşısındakının əsl insan olduğunu görsünlər. Bilirsiz, onlar çox sadə şeylərə təəccüblənirlər, məsələn, eşidəndə ki, qarşısındakı da eyni şampun markasından istifadə edir, buna təəccüblənirlər. Onların ilk ünsiyyətini görmək həmişə maraqlıdır. Həmişə ortaq nəsə tapmaq mümkündür. Bu daha asandır. Müşahidə etmişəm ki, azərbaycanlılar, ermənilər və gürcülər arasında üçtərəfli görüşlərdə əksər hallarda gürcülər öz aralarında ünsiyyət saxlayırlar. Gürcü dostları ilə birgə olurlar Azərbaycanlılar və ermənilər isə, bir növ, birgə qrup yaradırlar. Söhbət edir, müzakirə açır, zarafatlaşırlar. Ona görə də düşünürəm ki, əgər güclü başlanğıcımız olarsa, bundan sonra proses rəvan gedəcək.