Logo
news content
User
Kateqoriyalar

Analitika

Sülhməramlı sualı
Rusiya qoşunlarını Qarabağdan çıxaracaq, yoxsa hərbi baza yaradacaq? 

Qarabağ məsələsi həll olunub, Azərbaycan öz sərhədləri daxilində bütün prosesləri yekunlaşdırıb və bütün ərazilərində öz suverenliyini bərpa edib. Burada Azərbaycana qarşı çıxa biləcək qüvvə də qalmayıb. Ermənilər kütləvi şəkildə Qarabağı tərk edib və qalan bir neçə erməni sakin isə Azərbaycan vətəndaşlığını qəbul edərək qanunlar çərçivəsində burada yaşamağa davam edir. Bəs, belə olduğu təqdirdə, Rusiya “sülhməramlıları” torpaqlarımızda nə edir? Bu hərbi kontingentin Azərbaycan ərazisində yerləşdirilməsi 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatda belə əsaslandırılmışdı ki, Qarabağda azərbaycanlılarla ermənilərin kompakt yaşadıqları ərazilərdə sülhün təmin olunmasına xidmət edəcəklər. Ermənilər Qarabağda artıq yaşamırlar, bəs rus hərbçilərinin yeni təyinatı nədən ibarətdir?  

Bəziləri lokal anti-terror əməliyyatından sonra sülhməramlıların öz funksiyalarını tamamladığına görə buranı tərk etmələrini istəyir, bəziləri isə iddia edir ki, sülhməramlıların Azərbaycanda olması onların daim burda qalması deməkdir və Rusiyanın əsas məqsədi Azərbaycanda böyük bir hərbi baza yaratmaqdır.  

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov dekabrın 28-də ötən ilin yekunlarına dair keçirilmiş mətbuat konfransında deyib ki, Rusiya sülhməramlı kontingentinin fəaliyyət müddəti sənəd əsasında tənzimlənir və onların fəaliyyəti 2025-ci ilə kimi nəzərdə tutulub.

Ceyhun Bayramov bu sözlərindən hansı nəticə çıxır? Həqiqətənmi, Rusiya hərbi kontingentinin ölkəmizdə mövcudluğu göstərilən müddətdə başa çatacaq? Həmin müddət başa çatdıqdan sonra Rusiyanın Azərbaycanda hərbi baza yaradacağı barədə iddialar nə qədər əsaslıdır?

“Sülhməramlı qüvvələrin Qarabağ ərazisindən çıxarılması ancaq iki dövlət arasındakı razılıq ilə həyata keçirilə bilər”.

Bu sözləri saytımıza açıqlamasında millət vəkili Arzu Nağıyev bildirib.

Deputat deyir ki, bu razılıq Azərbaycan və Ermənistan arasında imzalanmış 2020-ci il 10 noyabr sazişinə uyğun olmalıdır. Çünki Rusiya sülhməramlı qüvvələri Qarabağ ərazisinə məhz həmin sazişə uyğun olaraq yerləşdirilib. 

Deputat əlavə edir ki, sülhməramlı qüvvələrin əsas missiyası münaqişə tərəfləri arasında olmaq, heç bir tərəfə birmənalı şəkildə yardım göstərməmək, problem yaranarsa bu münaqişəni tənzimləməkdir. Lokal xarakterli anti-terror əməliyyatından sonra Qarabağ ərazisindəki separatçı ordu qovulub və orada ciddi təhlükə yoxdur. “Sülhməramlı qüvvələrin də burada qalma müddəti 2025-ci ilin noyabr ayına qədərdir. Onların ərazidən çıxma müddətinə 6 ay qalmış artıq sülhməramlıların orada qalıb-qalmaması tənzimlənməlidir. Münaqişə yoxdursa, ümumiyyətlə, bu problem kökündən həll olunmalı və onlar Azərbaycan ərazisini tərk etməldirlər. Artıq Ermənistan bu məsələdə söz sahibi deyil, odur ki, məsələnin də həlli birmənalı şəkildə Azərbaycanın tərəfindən həyata keçirilə bilər”. 

Arzu Nağıyev sonda bildirdi ki, Ermənistanın hansısa bir iddia qaldırmaq səlahiyyəti yoxdur, bu, mümkün deyil. Məhz Azərbaycan özü sülhməramlı qüvvələrin qalıb-qalmaması problemini həll edir. Bu qüvvələr, mandatlarına uyğun olaraq, həmin ərazidə qalmayacaqlar və vaxtında, bəlkə vaxtından da tez həmin ərazini tərk edəcəklər.

“Ceyhun Bayramovun da dediyi kimi, Rusiya sülhməramlılarının Azərbaycandakı fəaliyyəti 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat əsasında tənzimlənir”.

Politoloq Şahin Cəfərli old.pressklub.az-a açıqlamasında belə deyib.

O, bildirib ki, hazırda bu sənəd sadəcə formal olaraq qüvvədə qalır. Müsahibimiz bu sənədin qüvvədən düşdüyünü hesab edir: “Sonuncu lokal xarakterli anti-terror əməliyyatı nəticəsində Azərbaycanın Qarabağdakı əraziləri tamamilə öz nəzarətinə götürməsindən, eləcə də yerli erməni əhalinin həmin bölgəni tərk etməsindən sonra faktiki olaraq, bu üçtərəfli sənədin qüvvədən düşdüyünü hesab edirəm. Üçtərəfəli sənədin 2 tərəfi, yəni, Azərbaycan və Rusiya hələ ki, bu sənədə sadiqliklərini davam etdirirlər. Bu baxımdan, Ceyhun Bayramovun da dediyi kimi, böyük ehtimalla, Rusiya sülhməramlı qüvvələri həmin sənəddə nəzərdə tutulan müddətin sonuna qədər bu ərazidə qalmağa davam edəcəklər”.

Şahin Cəfərli hesab edir ki, Rusiya Azərbaycanı öz xoşu ilə tərk etmək istəməz. Bu baxımdan, Rusiya hərbi kontingentinin Azərbaycanda qalıb-qalmaması məsələsi hazırda iki tərəf arasında da müzakirə olunur. Bunu Rusiya tərəfinin açıqlamalarına əsasən öyrənirik. Rusiya hərbi kontingentinin bundan sonrakı fəaliyyəti və status məsələləri hazırda Bakı və Moskva arasında müzakirə mövzusudur. Böyük ehtimalla Rusiya Azərbaycanı tərk etmək istəməyəcək və öz sülhməramlı adlanan hərbi kontingentinə hərbi baza statusunun verilməsini istəyəcək. Rusiyanın marağı budur. 

“Rusiya, əlbəttə, Azərbaycanda uzunmüddətli hərbi baza yaratmaq istəyir. Yəqin ki, müzakirələrdə Rusiya tərəfi bunu gündəmə gətirir. Təbii ki, Azərbaycan tərəfinin mövqeyini və buna reaksiyasını hələ bilmirik. Çünki danışıqlar qapalı gedir. Əslində isə Rusiyanın Azərbaycanda öz maraqlarını təmin etməsi üçün hansısa sayda hərbi kontingent saxlaması məcburi deyil. Yəni, o, burada hərbi kontingent saxlamadan da Azərbaycanda öz maraqlarını təmin edə bilər və edir də”.

Politoloq qeyd edir ki, hazırda Rusiya Azərbaycan münasibətləri öz intibah dövrünü yaşayır. Yəni, müstəqillik dövründə Azərbaycanın Rusiya ilə münasibətlərinin ən yaxşı dövrü məhz bu dövrdür. Bu münasibətlər hüquqi bir çərçivəyə əsaslanır. Həmin çərçivə 2022-ci il fevralın 22-də imzalanmış müttəfiqlik qarşılıqlı fəaliyyətinə dair bəyannamədən ibarətdir: “Azərbaycanda Rusiya ilə imzalanmış müttəfiqlik sənədinə ictimai səviyyədə çox da əhəmiyyət verilmir, bu sənəd gündəmə gəlmir və sənədə qarşı qəribə münasibət bəslənilir. Amma biz görürük ki, bu müttəfiqlik sənədi işlək bir sənəddir və Azərbaycan Rusiya münasibətlərini ən yüksək səviyyəyə çıxarıb”. 

Şahin  Cəfərli deyir ki, hazırkı mərhələdə Azərbaycan hakimiyyətinin yeritdiyi ənənəvi balans siyasətini Rusiyanın lehinə pozduğunu müşahidə edirik. Azərbaycan hazırkı mərhələdə Rusiyaya daha çox yaxınlaşıb və qərbdən də müəyyən mənada uzaqlaşıb. Əlavə olaraq, Azərbaycanın hər hansı bir qərb dövləti ilə bu cür, bu səviyyədə bir tərəfdaşlığı və müttəfiqliyi yoxdur. Yəni, Azərbaycan nə Amerika ilə, nə Avropa İttifaqı ilə, nə də Avropanın digər dövlətləri ilə Rusiya ilə imzaladığı sənədin bir bənzəri və analoqu olan bir sənəd imzalamayıb. 

“Bu gün Azərbaycan-Rusiya münasibətləri müttəfiqlik xarakteri daşıyır. Azərbaycan-Qərb münasibətləri isə tərəfdaşlıq xarakteri daşıyır. Rusiya hazırda Azərbaycan vasitəsi ilə Cənubi Qafqazda öz maraqlarını təmin edə bilir. Gələcəkdə vəziyyət necə olacaq? Hansı istiqamətdə dəyişəcək? Azərbaycanın bu gün Rusiyaya yaxınlaşması uzunmüddətli strateji seçimdirmi? Bu suallar hələ ki, cavabsız qalır. Buna hazırkı mərhələdə qəti cavab vermək mümkün deyil. Amma onu deyə bilərəm ki, bu gün üçün Azərbaycanın uzun illər həyata keçirdiyi ənənəvi balans siyasəti Rusiyanın xeyrinə pozulub” - deyə, politoloq sonda bildirdi.

Mədinə Useynova