Logo
news content
User
Kateqoriyalar

Analitika

“Sülhməramlı” müəmması: Moskva hansı planı seçə bilər?
Ekspert: “Biz hamımız bu qondarma “Rusiya sülhməramlıları”nın əslində nə olduğunu yaxşı bilirik”

Rusiya hərbi (sülhməramlı?!) kontingentinin Qarabağda qalmasının ilk 5 illik mandatının bitmə tarixi olan 2025-ci ilin noyabrı yaxınlaşdıqca, Bakının etirazına baxmayaraq İrəvan, Xankəndi və Moskva hərbi kontingentin mövcudluğunu saxlamaq üçün fəal şəkildə yol axtarır. Qarabağın erməni əhalisi ümid edir ki, İrəvan və Moskva Rusiya hərbi kontingentinin fəaliyyətini uzatmaq, bununla da separatçı, qondarma “respublikanın” mövcudluğunu davam etdirməsinə imkan verən həll yolu tapacaqlar. Ermənilərin Qarabağdan hələ də məhdud axını bununla izah edilir.

Rusiyalı politoloq Mixail Aleksandrov News.am-a müsahibəsində iddia edib ki, Rusiyanın bölgədə hərbi mövcudluğunun saxlanmasının ən əlverişli variantı BMT Təhlükəsizlik Şurasının Rusiyaya Qarabağın dağlıq hissəsini 20 il müddətinə idarə etmək mandatı verməsi ola bilər. Bununla belə, o, Ukrayna münaqişəsi nəticəsində fövqəldövlətlər arasında yaranmış fikir ayrılığı səbəbindən belə bir addıma beynəlxalq dəstəyin verilməsi ehtimalının aşağı olduğunu etiraf edir.

Aleksandrov Rusiyaya alternativ yanaşma təklif edir. Bu təklifə görə, Moskva Azərbaycanın Qarabağ probleminin həllinə nail olmadığını və Rusiyanın da etnik təmizləməyə yol verə bilmədiyini bildirməli, bu səbəbdən də Azərbaycanla Qarabağ erməniləri arasında münaqişə həll olunana qədər öz kontingentini bölgədə saxlayacağı barədə birtərəfli bəyanat verməlidir. Onun fikrincə, bu variantın yaşama qabiliyyəti son nəticədə Moskvanın siyasi iradəsindən asılıdır.

Aleksandrovun fikrincə, Rusiya hərbçilərinin Qarabağda qalma müddətinin uzadılması danışıqlar prosesinin ən vacib aspekti ola bilər. Görünür, İrəvanla Moskva arasında bu məsələdə razılıq var. Bunu Rusiya tərəfinin Qarabağın statusunun müzakirəsini daha sonrakı tarixə təxirə salmaq təklifi də sübut edir. Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan bu mövqeyi tam dəstəkləyib və bildirib ki, Ermənistan nümayəndə heyəti liderlərin 2022-ci ildə Soçidə keçirilən sammitində Rusiya hərbi kontingentinin səlahiyyət müddətinin uzadılması ilə bağlı bəndin yekun bəyanata daxil edilməsini təklif edib. Lakin bu təklif Azərbaycan tərəfindən rədd edilib.

Politoloq David Arutyunov hesab edir ki, Rusiya sülhməramlılarının Qarabağda qalma müddətinin uzadılması ilk növbədə Azərbaycana təzyiq və təsir vasitəsi olardı. O, Rusiya hərbçilərinin Qarabağda qalma statusunun uzadılmasına nail olmaq üçün İran və Rusiyanın diplomatik resurslarından istifadə etməyi tövsiyə edir.

Lakin Azərbaycan prezidenti İlham Əliyev artıq bir neçə dəfə işarə edib ki, Rusiya hərbçilərinin 2025-ci ildən sonra Qarabağdakı mövcudluğunu uzatmaq niyyətində deyil.

Bəs rus və erməni politoloqlarının qurduqları planların həyata keçməsi nə dərəcədə realdır? Rusiya birtərəfli qaydada hərbçilərinin mövcudluğunu saxlamaq barədə qərar qəbul edə bilərmi? Moskvanın 2025-ci ildə bunun üçün kifayət qədər siyasi iradəsi olacaqmı? Təklif olunan digər varianta gəlincə, İran və Rusiyanın Azərbaycana təzyiq etmək üçün diplomatik resursları varmı?

Press Klubun suallarını tanınmış konfliktoloq, beynəlxalq münasibətlər üzrə elmlər doktoru, Gürcüstan Texniki Universitetinin professoru Amiran Xevtsuriani cavablandırıb.

O, hazırkı mərhələdə bu mövzu ilə bağlı danışmağı belə, yersiz hesab edir. Çünki 2025-ci ilin noyabrına qədər hələ çox vaxt var və bu müddət ərzində çox şey dəyişə bilər.

“Kim bilir, bəlkə o vaxta qədər Rusiya təkcə Qarabağdan deyil, bütün Qafqazdan da çəkilməli olacaq. Hər halda, hipotetik olaraq, belə bir ssenarini istisna etmirəm. Yəni, mən cənab Aleksandrovun yerində olsaydım, belə uzaq planlar qurmazdan əvvəl səbr edib hadisələrin inkişafını gözləyərdim. Birmənalı şəkildə aydındır ki, gələcəkdə təkcə bizim region deyil, bütün dünya Ukraynada yekun nəticənin necə olacağından asılı olaraq yaşayacaq. Və bugünkü nöqteyi-nəzərdən çıxış edərək bu nəticənin Kreml üçün əlverişli olacağına şübhə edirəm.

Ona görə də, Azərbaycan prezidentinin Rusiya sülhməramlısının mandatının uzadılması ilə razılaşmaması tamamilə məntiqlidir. Yaxud, Ermənistan rəhbəri dəfələrlə Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığı halda, Əliyev bununla niyə razılaşmalıdır? Aydın məsələdir ki, bu, Azərbaycanın maraqlarına uyğun deyil. Üstəlik, biz hamımız yaxşı bilirik ki, bu qondarma “rus sülhməramlıları” əslində nədir. Bir vaxtlar biz də onların “sülhsevərliyini” üzərimizdə hiss etdik. Orada nə işlə məşğul olduqları barədə dostlarımdan bəzi məlumatlar alıram. Onlar iri miqyaslı korrupsiya və “qara pul” qazanmaq ilə məşğuldurlar. Məndə olan məlumata görə, qondarma rus sülhməramlıları keçid-buraxılış məntəqələrinə buraxılmaq müqabilində sadə insanlardan pul qoparırlar. Yəni, onların orada olması tamamilə iyrəncdir.

Bu gün Prezident Əliyev 2020-ci ildə başlanmış işləri başa çatdırmaq üçün Azərbaycan cəmiyyətinin tam dəstəyinə malikdir və hesab edirəm ki, o, bunu edəcək. Üstəlik, bu gün beynəlxalq diqqət tamamilə Ukrayna mövzusunun inhisarındadır. Çox güman ki, o, tezliklə Qarabağda konstitusiya quruluşunun bərpası üçün polis əməliyyatına başladığını elan edəcək. Məqsədi qanunsuz birləşmələrin tərksilah edilməsi və qondarma “dövlət strukturlarının” ləğvi olacaq. Orada heç kim ermənilərin qırğınına başlamayacaq, amma toqquşmalar olacaq. Bundan sonra Bakı Qarabağın yerli erməni əhalisinə ultimatum verəcək: Azərbaycan vətəndaşlığını qəbul etmək və Azərbaycan hökumətini tanımaq. Əks halda onlara ərazini tərk etmək göstərişi veriləcək. Əslində hər iki ssenari Bakını qane edir.

Paşinyan nəsə edə bilməyəcək və tamamilə aciz qalacaq. O, Ermənistanın rəsmi lideri kimi artıq Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıyıb və bu, prinsipcə düzgün addımdır. O, pis və daha pis arasında seçim etdi. Çünki Ermənistanın suverenliyi təhlükə altında idi və bu suverenliyi qorumaq onun birbaşa borcudur. O, ilk növbədə Ermənistanın baş naziridir.

Amma düzünü desəm, belə bir ssenarini alqışlamazdım. Çünki bu, münaqişəyə son qoymayacaq. Birincisi, bu əməliyyat qan tökülmədən başa çatdırmaq mümkün deyil. İkincisi, tərəflər arasında qarşılıqlı nifrət daha da güclənəcək. Şəxsən mən Azərbaycan Prezidentinin yerində olsam, ən ciddi daxili təzyiqlərə baxmayaraq, Qarabağ ermənilərinə muxtariyyət statusu verərdim və bununla da müharibəyə birdəfəlik son qoyardım. Əliyev tərəfindən bu, iki xalqın tarixində misli görünməmiş humanist addım olardı. Eyni zamanda, o, dünya ictimaiyyətinin gözündə böyük nüfuz qazana və beynəlxalq siyasi hakimiyyətə çevrilə bilər”, - deyə konfliktoloq yekunlaşdırıb.

Rauf Orucov