Logo
news content
User
Kateqoriyalar

Analitika

Sülhə gedən... ticarət yolları
Azərbaycan və Ermənistanın mövqeləri necə fərqlənir?

Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün parlamentdə çıxışı zamanı bildirib ki, Ermənistan artıq Türkiyədən Azərbaycana və Azərbaycandan Türkiyəyə yük avtomobillərinin tranzit daşınmasına hazırdır. O qeyd edib ki, bu məqsədlə Marqara–Yeğeqnadzor–Sisian–Gorus marşrutu ilə daşımalar həyata keçirilə bilər: “Bu, hazırda bizim dərhal reallaşdıra biləcəyimiz yeganə marşrutdur. Bu gündən etibarən həmin istiqamət üzrə tranzit təmin etməyə hazırıq”.

Paşinyan bu açıqlamanı Azərbaycanın Ermənistana yönəlik tranzit məhdudiyyətlərini aradan qaldırması barədə verdiyi bəyanata cavab olaraq səsləndirib.

Baş nazir əlavə edib ki, hazırda Qazaxıstandan Azərbaycandan keçməklə Ermənistana ilk taxıl partiyasının gətirilməsi prosesi də davam edir. Bu daşımalar Azərbaycan–Gürcüstan–Ermənistan dəmir yolu marşrutu ilə həyata keçiriləcək.

“Azərbaycan bizim üçün tranzit məhdudiyyətlərini aradan qaldırdığı kimi, biz də eyni qaydada tranzit məhdudiyyətlərini ləğv edirik. Lakin bunun tam şəkildə reallaşması üçün Vaşinqton Sülh Bəyannaməsinin 3-cü və 4-cü maddələrinin icrasına intensiv şəkildə çalışmalıyıq”, - deyə Paşinyan vurğulayıb.

Paşinyan əlavə edib ki, Ermənistan tarixində ilk dəfə dövlət büdcəsi Azərbaycanla sülh şəraitində müzakirə olunur: “Əslində, ilk dəfədir ki, biz büdcəni sülh şəraitində müzakirə edirik. 2025-ci il avqustun 8-də imzalanmış Vaşinqton Sülh Bəyannaməsi ilə Ermənistan və Azərbaycan arasında sülh rəsmən təsdiqlənib və bu sülh artıq konkret parametrlərə, statistikalara malikdir”.

Paşinyan bildirib ki, son 1 il 8 ay ərzində Ermənistan–Azərbaycan sərhədində atəşkəs pozuntusu nəticəsində bir nəfər də olsun hərbçi həlak olmayıb.

Bu bəyanatlar, Ermənistan hökumətinin regionda kommunikasiya xətlərinin açılmasına, iqtisadi inteqrasiyaya və sülh prosesinin davamlılığının təmin edilməsinə yönəlik yeni mərhələyə keçid etdiyini göstərir.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan isə bildirib ki, “Yerasx–Sədərək” (yəni Naxçıvan üzərindən keçən) dəmir yolu xətti də mütləq şəkildə açılmalıdır. Mirzoyan qeyd edib ki, bu istiqamətin açılması regional infrastrukturun bərpasının təbii başlanğıcı və ya davamı olmalıdır: “Elə bir məntiq yoxdur ki, Ermənistanın cənubundan keçən dəmir yolu işləsin, amma Naxçıvandan keçən dəmir yolu işləməsin”. Ermənistan XİN rəhbərinin bu bəyanatı rəsmi İrəvanın regionda kommunikasiyaların bərpasına dair mövqeyinin formalaşdığını göstərir. O, Zəngəzur dəhlizinə alternativ kimi təqdim olunan Naxçıvan xəttinin açılmasının da zəruri olduğunu vurğulayıb.

Xatırladaq ki, Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Rusiya məhsullarının Azərbaycan ərazisindən Ermənistana tranziti üçün Azərbaycan dəmir yollarından istifadənin mümkün olduğunu açıqlayıb. Onun sözlərinə görə, Rusiya Dəmir Yolları (RJD) və onun regional həmkarları hazırda Rusiya mallarının Azərbaycan üzərindən Ermənistana tranzitinin təşkili üzərində işləyirlər.

"Bu baxımdan, biz çox maraqlı irəliləyişlər əldə etmişik. Rusiya Dəmir Yolları hazırda regional həmkarları ilə birlikdə bu daşımaların təşkili üzərində işləyir. Biz həmçinin bu yeni logistika marşrutunun hazırlanması üçün Kənd Təsərrüfatı Nazirliyinə müvafiq göstərişlər vermişik", - Overçuk qeyd edib.

Bundan əvvəl Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri zamanı bildirib ki, Azərbaycan ərazisində avtomobil və dəmir yolu əlaqələrinin yaradılması istiqamətində işlər növbəti ilin ortalarına qədər tamamlanacaq: “Ümid edirik ki, digər ölkələrin ərazilərində də bu işlər eyni sürətlə həyata keçiriləcək. Bu halda Zəngəzur dəhlizinin açılışı 2028-ci ilin sonuna qədər baş tuta bilər”

İlham Əliyev əlavə edib ki, hazırda həyata keçirilən nəqliyyat layihələri ilə yanaşı, Zəngəzur dəhlizi həm iqtisadi, həm də geosiyasi baxımdan böyük potensiala malikdir: “Bu layihə Azərbaycanın ərazisində sürətlə irəliləyir və üzərimizə düşən öhdəlikləri vaxtında yerinə yetirəcəyik”, – deyə dövlət başçısı bildirib.
“İlk tranzit yük partiyası Qazaxıstandan Ermənistana göndəriləcək buğda olacaq. Bu, Azərbaycan və Ermənistan arasında sülhün artıq yalnız kağız üzərində olmadığını göstərir”, – deyə Prezident vurğulayıb.

Siyasi şərhçi Asif Nərimanlı bildirir ki, N.Paşinyanın açıqlaması Azərbaycanın jestinə adekvat reaksiya kimi görünsə də, Bakının tranzit qadağasını ləğv etmək qərarı ilə Paşinyanın təklifi arasında fərq var: “Azərbaycan qadağanı ləğv edib, lakin yüklərin sərhəddən keçidi hələ gündəmdə deyil. Qazaxıstandan (fərqli ölkə də ola bilər-red.) Ermənistana aparılan yüklər Azərbaycana daxil olur, Gürcüstan üzərindən İrəvana aparılır. Rəsmi Bakı bununla kommunikasiya bərpası razılaşmalarını praktiki müstəviyə köçürür, hərçənd, Zəngəzur dəhlizi açılmadan birbaşa tranziti tətbiq etmir. Bu gediş Ermənistanı dəhlizi maksimum tez açmağa sövq etməyə də hesablanıb”.

O, hesab edir ki, Ermənistanın Türkiyə və Azərbaycan arasında tranzit olmaqda israrlı mövqeyinin isə öz hədəfləri var: 

“- Gorusdan sərhəd keçidini açmaqla Ermənistana daşınan yüklərin də birbaşa tranzitinə nail olmaq, eyni zamanda, Marqara keçid məntəqəsini işlək vəziyyətə salaraq, Türkiyə ilə sərhədin açılması presedentini yaratmaq;

- Ankaranın sərhədin açılması üçün irəli sürdüyü “Bakı ilə razılaşmaq” şərtinin aktuallığını arxa plana keçirmək;

- Kommunikasiyanın bərpasına Zəngəzur dəhlizi açılmadan başlamaq”.

Nərimanlının sözlərinə görə, bu baxımdan, Nikol Paşinyanın Ermənistanın Türkiyə-Azərbaycan yüklərinə tranzit olmaqla bağlı israrlı açıqlamalarında məqsəd heç də “jestə qarşı jest etmək” deyil: “Rəsmi Bakının məsələyə reaksiya verməməsi İrəvanın niyyətindən xəbərdar olması kimi qəbul oluna bilər. Mümkündür ki, Azərbaycan perspektivdə Ermənistan tranzitindən “pilot layihə” kimi bir, ya bir neçə dəfə istifadə etsin, lakin Zəngəzur dəhlizi açılmadan regional kommunikasiyanın bərpası reallaşmayacaq”

Təhlilçi hesab edir ki, Bakı üçün regional kommunikasiyanın paket şəkilində açılması məqbuldur.

Turqut