Logo
news content
User
Kateqoriyalar

Analitika

Sülh uğrunda döyüş
Bakı və İrəvanı bir-birindən ayıran qədər də birləşdirən səbəblər var 

Qabil Abbasoğlu

Maraqlı formatdır – Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri artıq ikinci dəfədir ki, “məsafədən danışıqlar” aparırlar. Dünən Prezident İlham Əliyevin rayonlara səfəri zamanı AzTV-yə müsahibəsi ilə Baş nazir Nikol Paşinyanın hökumətin iclasında çıxışı üst-üstə düşdü. Təsadüfmü? 

Çıxışların hər ikisini diqqətlə oxuyub, xüsusilə iki ölkə arasındakı danışıqlara həsr olunmuş hissəsini təhlil etmiş biri kimi qəti şəkildə əminəm – bu ritorika hər iki tərəfdən bir-birinə deyil, sinxron şəkildə Moskvaya ünvanlanıb. Bölgədə destruktiv fəaliyyətlə məşğul olan, “sülhyaratma” adı altında sülhə mane olmaq missiyasını yerinə yetirən Rusiyaya. 

Mövzuya bir zəruri xatırlatmadan sonra qayıdacağıq. 

Aprelin 11-də baş vermiş sonuncu eskalasiyada Moskva izlərinin olduğunu dolayısı ilə həm Paşinyan, həm də Azərbaycan tərəfindən müxtəlif mənbələr söyləmişdilər. Sadə xronika hər şeyi deyirdi: Aprelin 11-də səhər saatlarında Ermənistan hakimiyyətinə istinadən xəbər yayılır ki, Azərbaycan və Ermənistan liderlərinin Vaşinqtonda görüşü planlaşdırılır. Təxminən iki saat sonra Xankəndidəki erməni icması rəsmi Bakıya görüş təklif edir. Bundan da təxminən 4-5 saat sonra Laçın istiqamətində məlum insident baş verir. Hadisədən sonra Paşinyan açıqlama verir ki, onun təxribat olacağı barədə hərbi rəhbərliyə verdiyi tapşırıqlar yerinə yetirilməyib və buna görə də kimlərsə cəzalandırılacaqlar. Bu, sülh prosesinin Moskvanın iradəsindən kənar getdiyinin etirafı idi və Baş nazir şimaldan belə bir reaksiya gözləyirmiş...  

Qayıdaq liderlərin çıxışlarına. 

Sitat: 

“Biz bəyan etmişdik ki, məhz bu prinsiplər üzərində ölkələrin suverenliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və digər prinsiplər əsasında danışıqlar mümkündür və sülh müqaviləsi imzalana bilər... Ermənistan da prinsip etibarilə bizim yanaşma ilə razıdır. Çünki başqa variant da yoxdur” (İlham Əliyev)

Sitat: 

“Mən təsdiq etmək istəyirəm ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır və biz gözləyirik ki, Azərbaycan da Ermənistan SSR-in bütün ərazisini Ermənistan Respublikası kimi tanımaqla eyni addım atacaq” (Nikol Paşinyan)

Tərəflər ərazi bütövlüyü məsələsində ortaq rəyə gəldiklərini, masa ətrafında olmasa da, bəyn edirlər. Moskvanın əsas tutalqalarından biri əlindən çıxmış sayıla bilər. Paşinyanın çıxışında regionda sülh yaratmağa ehtiyac olduğu barədə xeyli inandırıcı fikirlər yer alır. O sülhə ki, onun şərtlərini Azərbaycan irəli sürüb və bu şərtlərdə üçüncü qüvvənin diktəsi görünmür. Bu razılaşmanın ardınca Qarabağdakı erməni icmasının taleyi barədə sual ortaya çıxır. Yenə çıxışlara diqqət yetirək.

Sitat: 

“Biz dəfələrlə bəyan etmişdik ki, daxili işlərimizi heç bir ölkə ilə müzakirə etməyəcəyik. Qarabağ bizim daxili işimizdir. Qarabağda yaşayan ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər, ya da ki, özləri üçün başqa yaşayış yeri tapmalıdırlar. Burada tam sərbəstlik var, bütün demokratik əsaslar təklif olunur. Bu məsələ insan hüquqları əsasında öz həllini tapmalıdır...

...Ermənistan, onun havadarları və eyni zamanda, ona dəstək verən ölkələr və qüvvələr bizim iradəmizi, qətiyyətimizi, gücümüzü əyani şəkildə görüblər. ...Bu iki il yarım ərzində bir çox önəmli hadisələr baş vermişdir, həm Azərbaycan-Ermənistan dövlət sərhədi istiqamətində, eyni zamanda, Rusiyanın müvəqqəti qaydada yerləşdirilmiş sülhməramlı qüvvələrinin nəzarətində olan bölgədə. Biz dəfələrlə göstərmişik ki, bu torpaqların sahibləri bizik və heç kimə imkan vermərik ki, bizim ərazimizdə kimsə at oynatsın”. (İlham Əliyev)

Sitat: 

“Alma-Ata Bəyanatı imzalanarkən Ermənistan tərəfdən heç bir qeyd-şərt qoyulmayıb. Siz belə bir qeyd-şərt barədə oxumuşunuz? Görmüsünüz belə bir şey? Yalnız ratifikasiya zamanı parlament hansısa bir mətn yazmışdı, biz də onu dəfələrlə müzakirə etmişik. Ancaq imzalanma vaxtı olmayıb belə qeyd-şərt...” (Nikol Paşinyan)

Liderlər, faktiki olaraq, Qarabağdakı separatçılara mesaj verirlər ki, bu qondarma qurumun  heç bir hüquqi və siyasi perspektivi yoxdur. Fərq yalnız ritorikadadır – Əliyev torpağın sahibi kimi daha sərt və prinsipial, Paşinyan isə erməni toplumunun lideri kimi daha ehtiyatlı, daha çox qayğılı və “30 il ərzində heç bir hüquqi baza yaratmayan” sələflərinə daha qəzəbli danışır. Nəticə? Paşinyan Azərbaycan Prezidentinin mövqeyini Ermənistan cəmiyyətinə izah etməyə, bir növ, əsaslandırmağa çalışır. Müharibədən sonrakı Ermənistan cəmiyyəti üçün anlaşılan qədər çətin vəziyyətdir. Məğlubiyyət travması, onun yaratdığı ağır mənəvi-psixoloji və gərgin siyasi mühitdə Baş nazir, obyektiv desək, nəinki öz ölkəsi, bütövlükdə region üçün optimal mövqeyə sahib fiqura çevrilib. O, hazırda Azərbaycanın illərdir nail olmağa çalışdığı sülhü Ermənistan üçün yeganə çıxış yolu kimi görür. Həm də təkcə Azərbaycanla deyil, Türkiyə ilə də sülhü. 

Heç təəccüblənmədim, üstündən 24 saat keçməmiş Moskvadan cavab gəldi. 

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan etdi ki, Rusiya, Azərbaycan və Ermənistan arasında Qarabağ üzrə üçtərəfli bəyanat “vəziyyətin tənzimlənməsi üçün yeganə real bazadır, icrası zəruridir”.

"Biz tərəflərin gərginliyin azaldılmasına səbəb ola biləcək və üçtərəfli razılaşmaların icrası istiqamətində irəliləyişə imkan yaradacaq istənilən addımlarını müsbət qarşılamağa hazırıq", - Peskov deyib.

Onun sözlərinə görə, Rusiya məhz üçtərəfli bəyanatın bütün müddəaların icrası istiqamətində irəliləyişi alternativsiz və hamı üçün zəruri hesab edir.

Mənzərə o qədər aydındır ki! 

“Üçtərəfli bəyanat vəziyyətin tənzimlənməsi üçün yeganə real bazadır” ifadəsi Kremlcədən tərcümədə “münaqişənin bizdən kənarda həlli yoxdur” deməkdir. “İcrası zəruridir” ifadəsi isə açıq təhdid və razılaşdırılmış qaydalardan kənara çıxmamaq barədə tərəflərə ünvanlanmış çağırışdır.

Sonuncu cümlə isə hər şeyi aşkar deyir. “Müddəaların icrası istiqamətində irəliləyişi alternativsiz” elan etmək sülh prosesinə Qərbin qoşulmasından narazılığı ifadə edir. Kreml “nifaq alması”na çevrilən “status”, “dəhliz” və başqa bu kimi ideyalardan “yayınmamağı” məsləhət görür. Əks halda...

Sülh həmişə bahalı olub. Ancaq müharibənin bahasını ödəməkdənsə, sülhün bahasına hazır olmaq daha yaxşı deyilmi?