Logo
news content
User
Kateqoriyalar

Analitika

Sülh üçün daha vacib iki şərt!
Ermənistan Müstəqillik Bəyannaməsini və Konstitusiyasını dəyişəcəkmi?

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri gələn ilin yanvarında Vaşinqtonda görüşəcək. Bu barədə Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan İctimai Televiziyaya müsahibəsində deyib. Rəsmi Bakıdan bu görüşün baş tutacağına dair hər hansı asçıqlama verilməyib. 

Marukuyan qeyd edib ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi hələ imzalanmağa hazır deyil, yekun layihə yoxdur, lakin nazirlərin yanvarda gözlənilən görüşündə yekun müqavilənin mətninin razılaşdırılmasına ümid var.

Marukyan həmçinin qeyd edib ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda qeyd olunan şərtlər artıq etibarlı deyil və işləmir.

O, daha bir məsələyə diqqət yetirməyin önəmli olduğunu vurğulayıb. Belə ki, Marukyanın fikrincə, Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının bu və ya digər ölkədə keçirilməsi, heç də həmin ölkənin gələcək sülh müqaviləsinin qarantı olacağı anlamını daşımır: “Səhv təəssürat yaranıb ki, danışıqlar ABŞ-da, Brüsseldə və ya Moskvada gedirsə, deməli, onlar qarantdır. Lakin bu, belə deyil. Zəmanət mexanizmi sənədləşdirilməli, tərəflər arasında mübahisə yaranarsa, müqavilədə bunun həlli ilə bağlı bütün şərtlər göstərilməlidir”.

Marukuyanın açıqlamaları bu günlərdə Rusiya Xarici işlər nazirinin müavini Mixail Qaluzinin İrəvana və Bakıya ünvanladığı mesaja cavab sayıla bilər. O, bildirib ki, Rusiya Azərbaycan-Ermənistan nizamlanması üzrə danışıqları qəbul etməyə həmişə hazırdır. “Ümid edirik ki, Bakı və İrəvan müvafiq təklifin aktuallığını nəzərə alacaqlar”, - nazir müavini qeyd edib.

Bir cümlə ilə ifadə etsək, Rusiya açıq şəkildə prosesin Kremlin nəzarəti altında davam etdirilməsini tələb edir, Ermənistan isə əksinə, artıq belə platformanın olmadığını bildirir. Azərbaycanın bu barədə açıq mövqeyi yoxdur. 

Ermənistanın Baş naziri Nikol Paşinyan isə bu gün deyib ki,  əgər Azərbaycan artıq əldə edilmiş razılaşmalardan əl çəkməsə, yaxın gələcəkdə sülh müqaviləsinin imzalanması reallaşacaq. Onun sözlərinə görə, iki ölkənin hərbi əsirləri dəyişdirməsi barədə qərar verməsi nikbin düşünmək üçün əsaslar yaradır. “Dünənki hadisəni sıfır nöqtəsi kimi qiymətləndirmək istərdim. Bundan sonra biz heç olmasa səy göstərək ki, xəbərlər sülh sazişinin imzalanması ehtimalının artmasına daha çox işarə etsin, əksinə deyil”, - Nikol Paşinyan vurğulayıb.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov isə bu gün Türkiyəli həmkarı Hakan Fidanla birgə mətbuat konfransında Ermənistanla münasibətlərin normallaşmasının real göründüyünü bəyan edib.

"Münaqişədən sonra Ermənistanla normallaşma əlaqələrinin yaranmasında tarixi fürsət var. Region ölkələri arasında münasibətlər qurulmalıdır. Ermənistan tərəfi də eyni yanaşma ilə addımlar atacaq və belə olan təqdirdə müsbət nəticələr əldə etmək real görünür”, - nazir qeyd edib.

Azərbaycanda sülh razılaşmasına olduqca diqqətli yanaşma var, rəsmi bəyanatlardan anlaşılan odur ki, Bakı İrəvandan bir daha revanşizmin baş qaldırmayacağına dair möhkəm təminatlar tələb edir. 

Prezident İlham Əliyev ötən həftə ADA universitetində keçirilən beynəlxalq konfransda dövlətin mövqeyini belə ifadə etmişdi: 

Azərbaycanın həqiqətən nəyə ehtiyacı var? Ermənistandan bir daha revanş cəhdlərinin olmayacağına dair möhkəm, sübut edilmiş zəmanətlər lazımdır. Bu bizə nəyə lazımdır? Çünki biz Ermənistanda nə baş verdiyini bilirik, həm də bilirik ki, Ermənistanın bəzi Avropa paytaxtlarında çox pis müşavirləri var”.

Bu təminatların verilməsi üçün Paşinyan hökuməti hansı addımları atmalıdır?

Politoloq Fərhad Məmmədov hesab edir ki, ilk növbədə bu, Ermənistanın Müstəqillik Aktında və Konstitusiyasında Qarabağın Ermənistanın tərkib hissəsi olduğunu göstərən maddələrin dəyişdirilməsi ilə bağlıdır: “Bu kontekstdə təkcə Paşinyanın təminatları və imzalanmış sülh müqaviləsi kifayət etməyəcək... Paşinyan bu gün var, sabah isə gedəcək, bəs onda nə olacaq?! Yenə müharibə?! Sülh müqaviləsi və onun ratifikasiyası prosesi bütün digər qanunvericilik aktlarının sülh müqaviləsinin müddəalarına uyğunlaşdırılması üçün əsas ola bilər. Ancaq bunun üçün hələ də inanılması mümkün olan razılaşmalar və təminatlar lazımdır”.

Bəs Ermənistanın Müstəqillik Bəyannaməsində, Konstitusiyasında, eləcə də digər qanunvercilik aktlarında Qarabağa dair hansı iddialar yer alıb?

Sözügedən Bəyannamə 23 avqust 1990-cı ildə Ermənistan SSR Ali Soveti tərəfindən tərtib olunub. Bu sənəd Ermənistan SSR-nin adını Ermənistan Respublikasına dəyişdirən və ölkənin müstəqilliyini rəsmən elan edən ilk sənəddir. 

Bəyannamə 1989-cu il 1 dekabrda Ermənistan SSR Ali Sovetinin və “Artsax Milli Şurası”nın birgə qəbul etdiyi “Ermənistan SSR və Dağlıq Qarabağ Vilayətinin birləşməsi” haqqında ortaq qərara əsaslanır. Həmin tarixdə və sonrasında Dağlıq Qarabağ vilayəti beynəlxalq birlik tərəfindən dövlət olaraq tanınmayıb. 

Ermənistan Konstitusiyası, Müstəqillik Bəyannaməsində yer alan ümummilli dəyərlərin əsas hədəf götürüldüyünü bəyan edir. Sənədin praembulasında yazılır:

"Erməni xalqı, Ermənistanın Müstəqillik Bəyannaməsində təsbit edilmiş Ermənistan dövlətçiliyinin təməl prinsiplərini və ümummilli hədəfləri əsas götürərək, suveren dövlətin bərpası üçün azadlıqsevər əcdadlarının müqəddəs əmrini yerinə yetirərək, nəsillərin azadlığına, ümumi rifaha, vətəndaş həmrəyliyinə təminat və universal dəyərlərə sadiqlik ümidi ilə Vətənin möhkəmlənməsi və çiçəklənməsinə sadiq qalaraq Ermənistan Respublikası Konstitusiyasını qəbul etdi”. 

Bəyannamənin 11-ci maddəsində isə Türkiyəyə qarşı ərazi iddiaları yer alıb. 

Beləliklə, dövlətin adından qəbul edilmiş ali hüquqi dəyərə malik Akt Türkiyə Respublikasının şərq əyalətlərini “Qərbi Ermənistan” adlandırır, keçmiş Dağlıq Qarabağ Vilayətinin Ermənistan ilə birləşməsi haqqında ortaq qərara əsaslanır. Bu isə Ermənistanın Konstitusiya səviyyəsində qonşu dövlətə ərazi iddiası irəli sürdüyünü deməyə əsas verir.

Beləliklə, birbaşa Ermənistan Konstitusiyasında olmasa da, istinad etdiyi Müstəqillik Bəyannaməsində qonşu ölkəyə ərazi iddiası irəli sürür.

Fərhad Məmmədov old.pressklub.az-a daha iki məqam haqda danışıb: 

8 iyul 1992-ci ildə Ermənistan Ali Şurasının qəbul etdiyi qərara əsasən, Ermənistan Respublikası Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağı nəzərdə tutan istənilən növ hüquqi akt (saziş, qanun) qəbul edə bilməz. Bu qərar Ermənistan Ali Şurası tərəfindən qəbul edildiyinə görə, demək ki, ancaq Ermənistan parlamenti tərəfindən ləğv edilə bilər.

2003-cü ildə Ermənistan müxalifəti prezident Robert Koçaryanın qanunsuz seçildiyi haqda iddia qaldırmışdı. İddiada qeyd olunurdu ki, Konstitusiyanın tələbinə görə, ölkə prezidenti 10 il davamlı olaraq Ermənistanda yaşamalıdır. Koçaryan isə seçildiyi 1998-ci ilə qədər ölkədə davamlı olaraq 10 yaşamayıb. Ermənistan Ali Məhkəməsi müxalifətin iddiası ilə bağlı 1989-cu ilə Dağlıq Qarabağ Vilayətinin Ermənistana birləşdirilməsini nəzərdə tutan qərara əsasən belə bir qərar çıxartdı ki, həmin vaxt SSRİ vahid ölkə idi, Ermənistan Respublikası da onun varisidir. Beləliklə Koçaryan Ermənistan ərazisində yaşamış hesab olunur”.  

Beləliklə, Ermənistanın əsas qanunvericiliyində Qarabağın Ermənistan ərazisi hesab edilməsi ilə bağlı iddialar yer alıb və İrəvan bundan imtina etməyib. Doğrudur, bir neçə ay əvvəl Baş nazir N.Paşinyan bu cür iddiaların yanlış olduğunu dilə gətirib, amma bu kifayət deyil, onlardan imtina olunması üçün ölkədə referendumun keçirilməsi lazımdır. 

Deməli, Azərbaycan və Ermənistan arasında davamlı, möhkəm sülh üçün İrəvanın siyasi iradə göstərməsinə ehtiyac var. Rəsmi Bakı da bu məsələni qaldırır, çox güman, yaxın gələcəkdə danışıqlarda əsas mövzulardan birinə çevriləcək. Ermənistan artıq bu barədə ciddi qərarlar verməlidir, o zaman Paşinyan komandasının sülh haqqında bəyanatlarının real olub-olmadığı məlum olacaq. 

Turqut