Logo
news content
User
Kateqoriyalar

Analitika

Sülh müqaviləsini imzalamağa tələsməməliyik
Ekspert: “Müqavilə Azərbaycanın həyati maraqlarına təhlükə yaratmamalı, ona təminat verməlidir”

Azərbaycan və Ermənistanda yaşayan milyonlarla insan iki ölkənin liderinin sülh müqaviləsinin altından imza qoyacağı günü gözləyir. Bu imza 1980-ci illərin sonlarından davam edən müharibəyə son qoyulması deməkdir.

Məlum olduğu kimi, iyulun 21-də Brüsseldə Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş planlaşdırılır.

Mayın sonunda Moskvada keçirilən üçtərəfli görüşdə İlham Əliyev deyib: “Ermənistan rəhbərliyinin Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması, eləcə də Azərbaycan Respublikasının ərazisi ilə bağlı konkret rəqəmlər göstərməklə Azərbaycanın ərazi bütövlüyünü tanınması ilə bağlı son bəyanatlarından sonra sülh müqaviləsinin digər bəndlərinin razılaşdırılması məsələsi xeyli asanlaşacaq”.

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan iyunun 5-də Ermənistanın İctimai televiziyasının efirində bəyan edib ki, tərəflər arasında sülh sazişi bu ilin sonuna qədər imzalana bilər. Lakin iyunun 5-də parlamentdə çıxış edən Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan gələcək sülh sazişində ərazi bütövlüyünün rəqəmsal göstəricisinin olmayacağını deyib:

“Ermənistanın ərazisinin 29,8 min kvadrat kilometr, Azərbaycanın ərazisinin isə 86,6 min kvadrat kilometr olması ilə bağlı iddialar siyasi xarakter daşıyır. Söhbət ondan gedir ki, bu iki sosialist respublikasının Sovet İttifaqının tərkibində mövcud olduğu sərhədlər çərçivəsində Ermənistanın Azərbaycana, Azərbaycanın isə Ermənistana qarşı heç bir ərazi iddiası yoxdur”.

Mirzoyan onu da bildirib ki, İrəvan problemi 1975-ci ilin xəritəsi əsasında həll etmək istəsə də, Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası üçün hansı xəritədən istifadə ediləcəyi ilə bağlı hələlik yekun razılaşma yoxdur. O, Azərbaycan və Ermənistan ərazisindəki anklavlar məsələsinə toxunaraq bildirib ki, sülh sazişi layihəsində anklav məsələsi yoxdur.

Layihədə olmaya bilər, amma bu o demək deyil ki, artıq məsələ gündəmdə deyil. Axı Nikol Paşinyan özü də bu yaxınlarda çıxışında birbaşa qeyd edib ki, anklav problemi var və bu, hansısa şəkildə həll edilməli olacaq.

Tərəflər arasında bütün bu problemləri nəzərə alsaq, ən azı 2023-cü ilin sonuna qədər sülh sazişinin hazırlanması və imzalanması perspektivləri nə dərəcədə real görünür? Axı Rusiya, İran, Fransa faktorları da var ki, bir çox analitiklərin fikrincə, onlar Bakı ilə İrəvan arasında sülhün əldə olunmasında heç də maraqlı deyillər.

Press Klubun suallarını müstəqil politoloq Xəqani Cəfərli cavablandırıb.

Onun fikrincə, Azərbaycanla Ermənistan arasında bu ilin sonuna kimi sülh müqaviləsinin imzalanması təkcə Bakı və İrəvanın iradəsindən asılı deyil.

“Ermənistanla Azərbaycan arasında münaqişənin hələ də həll edilməməsinin əsas səbəbi onda maraqlı olan dövlətlərin olmasıdır. Rusiya bu münaqişəyə iki Cənubi Qafqaz respublikasını öz təsir dairəsində saxlamaq vasitəsi kimi baxırdı. Rusiya Federasiyası Dövlət Dumasının MDB İşləri və Həmvətənlərlə Əlaqələr Komitəsi sədrinin birinci müavini Konstantin Zatulin 1997-ci ildə Andranik Miqranyanla birlikdə “MDB: tarixin başlanğıcı və ya sonu. Mərhələlərin növbəsi” adlı məqalə yazmışdılar və Sergey Lavrov məqalənin qeyri-rəsmi müəlliflərdən biri idi. Məqalənin mahiyyəti ondan ibarət idi ki, Sovet İttifaqı dağılandan sonra Rusiya postsovet məkanına nəzarəti saxlamaq üçün mövcud münaqişələri idarə etməlidir.

Ümumiyyətlə, fakt budur ki, münaqişənin həllində vasitəçilik edənlər qərəzsiz hakimlər deyillər. Vasitəçilər dünyanın strateji regionlarından biri sayılan Cənubi Qafqazda ciddi maraqları olan böyük dövlətlərdir. Bu qruplar regionda maraqlarını təmin etməyin ən qısa yolunu münaqişənin həllində iştirak etməkdə görürlər. Vasitəçilərin maraqları toqquşduğundan Moskva, Vaşinqton və Brüssel təşəbbüsü öz əllərində saxlamağa çalışdılar və ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi uğurlu alınmadı.

Ukraynaya qarşı müharibədən əvvəl ABŞ, Fransa və Rusiya arasında rəqabət var idi. İndi bu rəqabət Rusiya ilə Qərb arasında düşmənçiliyə çevrilib. Onların arasındakı bu qarşılıqlı əlaqə bütün dünyada gedən proseslərə, o cümlədən Cənubi Qafqazdakı proseslərə təsir göstərir. Bütün bunları ümumiləşdirərək deyə bilərik ki, Ermənistanla Azərbaycan arasında münaqişənin tam həlli, sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və demarkasiyası Rusiyanın regionda təsirini itirməsindən asılıdır. Əgər Ukrayna ordusu yay və payız aylarında döyüş bölgəsində əhəmiyyətli dərəcədə irəliləsə, Rusiya bütün postsovet məkanında təsirini itirəcək. Belə olan halda ilin sonuna qədər Vaşinqtonda və ya Brüsseldə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalana bilər. Əgər Rusiya Ukraynada üstünlük əldə etsə, Moskva vaxt udmağa və Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasının qarşısını almağa çalışacaq.

Sərhədlərin delimitasiyası və demarkasiyası, anklavlarla bağlı problemlər danışıqlar prosesində qarşılıqlı güzəştlərlə həll oluna bilən məsələlərdir. Əsas odur ki, regionda münaqişə yaradan və nəzarətdə saxlayanların fəaliyyətinə son qoyulsun. Münaqişəni idarə etməklə öz maraqlarını reallaşdırmağa çalışan dövlətlərin təsiri aradan qalxarsa, Bakı və İrəvan ən qısa zamanda razılığa gələ və bütün məsələləri danışıqlar masası arxasında həll edə biləcəklər.

Mən şübhə etmirəm ki, İranın son aktivliyi Rusiyanın razılığı ilə baş verib. İranın Cənubi Qafqaz siyasəti Rusiyanın son iki yüz ildə Cənubi Qafqaz siyasətinin davamı olub. İran Rusiyanın razılığı olmadan Cənubi Qafqazda bu qədər fəal ola bilməzdi. Hətta istisna etmirəm ki, İranın bu aktivləşməsi Moskvanın istəyi ilə başlayıb. Rusiya Cənubi Qafqazda mövqelərini itirəndə İranın da təsiri aradan qalxacaq. Proses bu istiqamətdə gedir. Azərbaycanın maraqlarına Rusiya və İranın heç bir təsiri olmadığı və ya ən aşağı səviyyədə olduğu halda sülh müqaviləsi imzalamaq uyğun gəlir. Ona görə də, nəyin bahasına olursa-olsun tez bir zamanda sülh sazişinin imzalanması yanaşması yanlışdır. Müqavilə Azərbaycanın həyati maraqlarına təhlükə yaratmamalı, əksinə, onlara təminat verməlidir. Bunun əsas şərti sülh müqaviləsinin vaxtında imzalanmasıdır”, - X.Cəfərli bildirib.

Rauf Orucov