
Sülh müqaviləsində israrın görünməyən tərəfləri
NATO sammitində üçtərəfli görüş Ağ Ev üçün niyə bu qədər vacib idi?
11 İyul 2024
İyulun 10-da Vaşinqtonda ABŞ-ın dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında üçtərəfli görüş keçirilib.
Azərbaycan tərəfinin yaydığı rəsmi məlumata görə, görüşdə Ceyhun Bayramovla Ararat Mirzoyan ölkələri arasında sülh və ölkələrarası münasibətlərin qurulması üzrə danışıqlar aparıb.
Blinken görüşü açarkən deyib ki, iki ölkə danışıqlar, o cümlədən dayanıqlı, layiqli və hər iki ölkə, region və ABŞ-la əlaqələr üçün böyük imkanlar yaradan sülh danışıqları yönündə vacib işlər görüblər. ABŞ Avropa İttifaqı və digər həmkarları ilə birlikdə bu prosesə dəstək verib.
“Bugünkü görüş əldə olunmuş irəliləyişləri nəzərdən keçirmək üçün bir fürsətdir. Bütün təmaslar, o cümlədən son həftələrdə aparılan müzakirələrə əsasən düşünürəm ki, tərəflər ABŞ-ın da güclü şəkildə dəstəklədiyi sülh razılaşmasını əldə etməyə yaxındır. Bu gün ABŞ-ın razılaşmanın əldə olunmasından ötrü nələr edə biləcəyini müzakirə etmək üçün bir aradayıq”, - deyə dövlət katibi vurğulayıb.
Azərbaycan və Ermənistanın xarici işlər nazirlikləri görüş barədə eyni mətni yayıblar. "Tərəflər Azərbaycan və Ermənistanın sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında tarixi sazişin yekunlaşdırılması istiqamətində əldə olunmuş irəliləyişi qeyd edib və bu istiqamətdə işi davam etdirməyə razılaşıblar", - açıqlamada deyilir.
Xarici işlər naziri Ararat Mirzoyan “X” sosial səhifəsində yazıb ki, Ermənistanın Azərbaycanla ən qısa müddətdə Cənubi Qafqaza sabitlik və sülh gətirəcək sülh müqaviləsi bağlamaq və imzalamaq üçün siyasi iradəsi var.
Görüşdən sonra ABŞ Dövlət Departamenti də bəyanat yayıb ki, Blinken Mirzoyan və Bayramovla sabit və ləyaqətli sülh sazişi istiqamətində əldə olunan irəliləyişləri müzakirə edib və onun mümkün qədər tez başa çatdırılması üçün gələcək addımları təşviq edib. Açıqlamada bir məqam da qeyd olunur ki, regional əlaqələrin təşviqi istiqamətində sülhün vacibliyi vurğulanıb və ABŞ bunu bütün Cənubi Qafqazın maraqlarına cavab verdiyi düşüncəsindədir.
Beləliklə, Vaşinqtonda əvvəlcədən planlaşdırılmayan, yaxud elan olunmayan üçtərəfli görüş baş tutdu və onun nəticələri haqqında pozitiv bəyanat yayıldı.
Rəsmi Bakının təqdimatında ABŞ dövlət katibinin iştirakı və Vaşinqtonun mövqeyi qabardılmır, danışıqların ikitərəfli əsasda keçirildiyi vurğulanır. Bu, Azərbaycanın sülh prosesinin vasitəçilərsiz, geosiyasi oyunçuların qarşıdurma predmetinə çevirmədən, ancaq Bakı və İrəvan arasında aparılması ilə bağlı rəsmi mövqeyinə uyğundur.
Ermənistan üçün Qərbin moderatorluğu altında danışıqların aparılması daha vacibdir, İrəvan bu atmosferdə özünü rahat hiss edir. Ona görə də dövlət katibi Blinkenin masanın başında olması və onun açıqlamalarına xüsusi diqqət ayrılıb.
Blinkenin və Dövlət Departamentinin görüşlə bağlı bəyanatında bir neçə məqam diqqət çəkir:
ABŞ sülhün tezliklə əldə olunmasına maksimum dəstək verir və yeni imkanlar təklif edir;
Tərəflərin mövqeyindəki irəliləyişlərin yekun sülh sazişinin imzalanmasına gətirib çıxarsacağına ümid edir;
ABŞ regiondakı nəqliyyat və kommunikasiya layihələrinin tezliklə blokadadan çıxarılmasını istəyir.
Vaşinqtonun Cənubi Qafqaz regionundakı maraqları aydındır. Azərbaycanla Ermənistan arasında sülh sazişindən dərhal sonra Türkiyə-Ermənistan arasında münasibətlərin normallaşması və sərhədlərin açılması, beləliklə Rusiyanın regionda hərbi-siyasi nəzarətini daha da zəiflədərək onun sıxışdırlması. Bu, əsas plandır.
Regionda sülh və sabitlik Birləşmiş Ştatlar başda olmaqla Qərbin Orta Asiyaya çıxışını təmin edəcək nəqliyyat dəhlizləri, ticarət yollarının təhlükəsizliyi üçün mühüm şərtdir. Habelə bu dəhlizlər uğurunda geosiyasi rəqabətdə Qərbin əlini gücləndirən əsas alətlərdən biri onun region ölkələrində nüfuzunun güləndirməsidir.
Azərbaycan və Ermənistan arasında sülh sazişi, bu ölkələr Birləşmiş Ştatlardan nə qədər uzaqda olsa belə, noyabrda keçiriləcək gərgin prezident seçkilərində hakim Demokratlar Partiyasının nüfuzu üçün əlavə bir imkandır. Çünki rəqib Respublikaçılar və onun liderləri Rusiya-Ukrayna müharibəsində tutduğu mövqe səbəbindən prezident Baydeni və onun administrasiyasını dünyada sülhü və ABŞ-ın maraqlarını təhlükəyə atmaqda, ölkəni üçünü dünya müharibəsinə sürükləməkdə ittiham edirlər. Ermənistanın təhlükəsizliyinin qarantiya altına alınması ABŞ siyasi elitasına, seçkilərə təsir imkanları olan erməni lobbisinin Bayden administrasiyasına təzyiq alətlərindən birinə çevrilib. Konqresdə, Ağ Evdə, müxtəlif səviyyələrdə aylardır bu istiqamətdə gərgin iş aparılır, Azərbaycana qarşı təsir mexanizmləri, sanksiyalar qoymaq tələb olunur.
ABŞ administrasiyası çalışır ki, yekun sülh müqaviləsi əldə etmək mümkün olmasa belə, qarşıdakı aylarda çərçivə sazişi imzalansın. Bu razılaşma, qarşılıqlı əlaqələrin bərpasını, nəqliyyat yollarının, o cümlədən Ermənistan-Türkiyə sərhədlərinin açılmasına müsbət töhfə versin. Dövlət katibi Blinkenin Azərbaycan və Ermənistanın xarici işlər nazirlərini israrla bir masada əyləşdirib daha sonra Amerika auditoriyasına nikbin bəyanatlar səsləndirməsi bu niyyətlə bağlıdır.
Turqut