Logo
news content
User
Kateqoriyalar

Analitika

Sülh müqaviləsi sadəcə situativ sənəddir?
Moskva, Tehran, Paris, Vaşinqton Cənubi Qafqaz xalqlarının yaxşılığını düşünmür, fürsət axtarırlar

Rusiya həmişə Azərbaycan-Ermənistan sülh nizamlanması üzrə danışıqlara ev sahibliyi etməyə hazırdır. Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib. 

Onun sözlərinə görə, Moskva Bakı və İrəvanın müvafiq təklifin aktuallığını nəzərə aldıqlarına ümid edir.

Nazir müavini diplomatik kanallarla üç ölkənin XİN rəhbərinin görüşünün hazırlanıb-hazırlanmaması barədə suala cavab verərkən deyib: "Bizim Ermənistan və Azərbaycan arasında sülh danışıqlarının Moskva meydançasında aparılmasına dair təkliflərimiz Ermənistan və Azərbaycandan olan tərəfdaşlarımız üçün açıq xarakter daşıyır. Ümid edirik ki, İrəvan və Bakı bunu xatırlayır və başa düşürlər".

Öz növbəsində, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova dekabrın 12-də bildirib ki, tərəflər sülh müqaviləsinin imzalanma vaxtını özləri müəyyən etməlidir.

Bundan əvvəl, dekabrın 7-də Azərbaycan Prezident Administrasiyası və Ermənistan hökumətinin aparatı birgə bəyanat yayıblar. Həmin bəyanatda qeyd edilir ki, İrəvan və Bakı yaxın gələcəkdə əlavə etimad tədbirlərinin həyata keçirilməsi ilə bağlı danışıqları davam etdirəcəklər, Onlar beynəlxalq ictimaiyyəti iki ölkə arasında qarşılıqlı etimadın yaranmasına töhfə verəcək və bütün Cənubi Qafqaz regionuna müsbət təsir göstərəcək bu səyləri dəstəkləməyə çağırıblar.

Rusiya rəsmilərinin bəyanatlarının tonundan, Moskvanın Ermənistanla Azərbaycan arasında tezliklə sülh sazişi imzalanması perspektivindən, eləcə də bunun Rusiyada deyil, başqa ərazidə və onun nümayəndələrinin iştirakı olmadan baş verə biləcəyindən narahatlıq keçirdiyi hiss olunmur. Eyni zamanda xatırladaq ki, bir sıra azərbaycanlı və xarici ekspertlər Kremlin bu məsələdən son dərəcə narahat olduğunu və bölgədə hərbi mövcudluğunu saxlamaqdan ötrü İrəvan və Bakı arasında sülh  sazişinin mümkün qədər uzun müddət imzalanmaması üçün hər cür səy göstərdiyini hesab edirlər. Bu doğrudan da belədirmi? Əgər həqiqətən də belədirsə və tezliklə sülh müqaviləsinin imzalanması ilə bağlı real “təhlükə” yaranacaqsa, Moskva buna nə qarşı nə edə bilər?

Müstəqil analitik Rəşad Rzaquliyev old.pressklub.az-a açıqlamasında qeyd edib ki, indiki narahat dövrdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi özlüyündə regionda sülh və sabitliyin tam çarəsi deyil.

Bu, qlobal qarşıdurma dövründə rəqabət aparan böyük dövlətlərin öz maraqları üçün istifadə etməyə çalışacaqları situativ xarakterli diplomatik sənəddən başqa heç nə deyil. Beynəlxalq hüququn “ölümünün” qeyd edildiyi bir dövrdə bunu tamaşanın bütün aktyorları başa düşür”, - o, bəyan edib.

Ekspertin fikrincə, böyük dövlətlərin regionda istənilən “sülh təminatı” regionun və ya onun bir hissəsinin xarici qüvvələr tərəfindən mümkün işğalı da daxil olmaqla böyük dağıdıcı müharibə enerjisi yaradan bir fəaliyyətdir.

“Ermənistan rəhbərliyinin satqın mövqeyi bu ölkə üçün siyasi-coğrafi intihardır və region ölkələrinin bu geosiyasi “sığınacağa” cəlb edilməsi hamımız üçün böyük təhlükə yaradır.

Biz başa düşməliyik ki, nə rəsmi Moskva, nə Tehran, nə Paris, nə də Vaşinqton Cənubi Qafqaz xalqlarının xeyrini düşünmür, əksinə, qırğın və alver üçün növbəti platforma axtarırlar.

Qərb Ukrayna ərazisində müharibənin intensivliyini yumşaltmaq və Rusiyanın Avropa ölkələrinə qarşı mümkün hücum perspektivlərini dayandırmaq üçün “ikinci cəbhə”nin açılmasına təhrik edir. Rusiya və İrana isə regionun müstəqil ölkələrini öz keçmiş metropoliyalarının qucağına “qaytarmaq” üçün sadəcə səbəb lazımdır. Bütün tərəflərə isə Avrasiya logistika dəhlizlərini hərbi-siyasi nəzarətə götürmək çox vacibdir. Azərbaycanın isə bu dəhlizlərin mühüm mərkəzidir”, - Rzaquliyev hesab edir.

Onun sözlərinə görə, belə bir şəraitdə regionda yeganə subyekt ölkə olan Azərbaycan ən incə balanslaşdırılmış siyasət yürüdür, ölkəmizi dünyanın bir araya sığmayan ssenariləri arasından keçirir. Bu kontekstdə Ankara və Londonun müttəfiq dəstəyi bizə vəziyyətdən ləyaqətlə çıxmaq üçün əhəmiyyətli şans yaradır.

“Bu gün mənə Ermənistanla Azərbaycan arasında qarşılıqlı faydalı sülh müqaviləsinin nə vaxt, harada və hansı şərtlərlə imzalanacağını söyləmək çətindir. Aydındır ki, ölkələrimiz dünyanın siyasi xəritəsində mövcud olmaq hüquqlarını sübut etsələr, bu, mütləq baş verəcək. Ola bilsin, özünün diplomatiyasının, bəlkə də özünün silahının gücü ilə”, - analitik yekunlaşdırıb.

Rauf Orucov