Sülh danışıqlarında yeni mərhələ
Milli Məclisin payız sessiyası bu paytaxtların diqqətində olacaq
28 Sentyabr 2024
BMT Baş Assambleyasının 79-cu sessiyası Azərbaycanla Ermənistan arasında davam edən sülh prosesində yeni məhsuldar mərhələ oldu. Görüşlər, çıxışlar, bəyanatlar nikbin və ümidverici notlarla zəngin idi. Bu kontekstdə aydın görünən bəzi məqamları qeyd etmək olar:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdən mətbuata sızan məlumatlar;
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ABŞ dövlət katibi Antoni Blinkenin vasitəçiliyi ilə görüşü barədə Dövlət Departamentinin açıqlaması;
Ermənistanın Baş naziri Nikol Paşinyanın sessiyadakı çıxışı.
Bu sırada Ermənistan Konstitusiya Məhkəməsinin Ermənistanın Azərbaycanla sərhəd delimitasiyasının prinsiplərinə dair razılaşmasının ratifikasiya üçün parlamentə göndərilməsinə “yaşıl işıq” yandırmasını xüsusilə qeyd etməyə ehtiyac var.
Demək olar, dünyanın an ali tədbirində postsovet regionu ilə bağlı müzakirələrdə Azərbaycanla Ermənistan arasındakı sülh mövzusu Rusiya-Ukrayna müharibəsindən sonra ikinci səviyyədə diqqət mərkəzində olub. Qeyd olunan müzakirələr və bəyanatlar dövlətlərin mövqelərinin ifadə olunması ilə sülh prosesində daha aydın perspektivin yaranmasına rəvac verdi.
Məlum oldu ki, Türkiyə Ermənistanla münasibətlərin normallaşmasını Azərbaycanla Ermənistan arasındakı sülh prosesinin inkişafına uyğunlaşdırıb. Bakı və İrəvan arasında münasibətlər sərhədlərin dəqiqləşdirilməsi, nəqliyyat kommunikasiyalarının açılması və münasibətlərin tənzimlənməsi ilə bağlı birgə bəyanatın qəbul edilməsi kimi 3 mühüm mərhələ üzrə inkişaf edə bilər. Yəni Ankara və İrəvan arasında əldə olunan, amma icrası ləngiyən razılaşmalar bu qrafik üzrə irəliyə doğru hərəkət edə bilər. Məsələn, Türkiyə və Ermənistan arasında üçüncü ölkələrin vətəndaşlarının və diplomatik pasportlara malik şəxslərin gediş-gəlişinin asanlaşdırlması, malların, yüklərin quru yolla daşınması, nəhayət, sərhəd-keçid məntəqələrində qarşılıqlı hərəkətin təmin edilməsi mərhələli şəkildə həllini tapa bilər. Prezident Ərdoğan Paşinyanla görüşü haqda danışarkən bu sinxronluğun qorunub saxlanılacağına işarə edib.
Xarici işlər nazirlərinin görüşünün yekunlarına gəldikdə, Dövlət Departamenti bildirib ki, Dövlət katibi Blinken Azərbaycanla Ermənistan xarici işlər nazirlərinin davamlı və ləyaqətli sülh yolunda əldə etdikləri irəliləyişi yüksək qiymətləndirib. Habelə, hər iki ölkəni razılığın əldə olunması istiqamətində daha da irəliləyiş əldə etməyə çağırıb. Dövlət Departamentinin mətbuat katibi Metyu Miller deyib: "Dövlət katibi sülh sazişinin regiona artan sabitlik və rifah gətirəcəyini vurğuladı".
Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, tərəflər mümkün qısa müddət ərzində “Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş”in yekunlaşdırılması üçün əlavə səylərin göstərilməsi barədə razılığa gəliblər. “Azərbaycan və Ermənistan tərəfləri görüşü təşkil etdiyinə görə dövlət katibinə minnətdarlıq bildiriblər” - məlumatda deyilir.
Ermənistanın Baş naziri Nikol Paşinyan isə BMT tribunasından deyib ki, Azərbaycanla sülh təkcə mümkün deyil, həm də əlçatandır. O, belə düşünməsinin bir neçə səbəbini sadalayıb:
“Birincisi, tərəflərin avqustun 30-da sərhədlərin delimitasiyası üzrə komissiyaların Birgə Fəaliyyətinin Əsasnaməsini imzalamasıdır. Bu, tərəflərin imza atdığı ilk ikitərəfli hüquqi sənəddir. Bu sənədi vacib edən odur ki, Ermənistan və Azərbaycan 1991-ci il Almatı Bəyannaməsini iki ölkə arasında sərhəd delimitasiyasının əsas prinsipi elan edirlər. Bu isə o deməkdir ki, tərəflər de-yure bir-birinin ərazi bütövlüyünü, Sovet İttifaqı dövründə mövcud olmuş sərhədlərin toxunulmazlığını tanıdıqlarını təsdiqləyirlər. Bu isə sülhün qurulması üçün fundamental faktordur".
Baş nazir növbəti addım kimi ikitərəfli sülh sazişinin imzalanmalı olduğunu deyib. "Azərbaycan Prezidenti və mən dəfələrlə demişik ki, sazişin azı 80 faizi razılaşdırılıb. İndi bu tarixi məqamdan yararlanaraq, dalana dirənmək riskindən yayınmaq üçün Ermənistan saziş layihəsini imzalamağı, bundan sonra qalan məsələlər üzrə danışıqları davam etdirməyi təklif edir. Bunu indi etməyə hazırıq", – Paşinyan vurğulayıb.
O, bütün məsələləri tənzimləyən sülh sazişi presedentinin olmadığını, bunun praktik mümkün olmadığını vurğulayıb. Paşinyanın sözlərinə görə, sülh sazişi layihəsində iki ölkə arasında diplomatik əlaqələrin qurulması, sülh sazişinin icrasına nəzarət edəcək birgə komissiyanın yaradılması kimi alətlər var.
Ermənistanın Baş naziri deyib ki, sülh sazişinin imzalanması həm Ermənistan, həm də Azərbaycanın narahatlığına son qoyacaq, bu məsələlərlə bağlı hüquqi təminatlar yaradacaq.
"Ermənistan konstitusiyası ilə ziddiyyət təşkil edən sazişlər ratifikasiya olunmaya bilər. Bu halda, Azərbaycanla sülh sazişi imzalanandan sonra onun konstitusiyaya uyğunluğunu yoxlamaq üçün Konstitusiya Məhkəməsinə təqdim etməliyik. Konstitusiya Məhkəməsi qərara gəlsə ki, Azərbaycanla sülh sazişi Ermənistan Konstitusiyasına uyğun gəlmir (baxmayaraq ki, ekspertlərimiz bunun baş verməyəcəyini deyirlər), o zaman spesifik vəziyyət yaranacaq, sülhün əldə olunması üçün konstitusiyaya dəyişikliklər lazım gələcək", – Paşinyan deyib.
"Gördüyünüz kimi, sülh bizə o qədər yaxındır ki, bizə yalnız ona çatıb əldə etmək qalır. Bu Ermənistan və Azərbaycan üçün asan deyil, çünki hərəmizin öz həqiqəti var, həmin həqiqətlər uğrunda mübahisələr düşmənçiliyə, itkilərə, müharibələrə aparıb. Ağrı çox dərindir", – Baş nazir bunu söyləyərək, sülhə fokuslanmağın gərəkliliyini bildirb.
Qeyd edək ki, Ermənistanın Konstitusiya Məhkəməsinin sərhədlərin dəqiqləşdirilməsi ilə bağlı prinsiplərin Konstitusiyaya uyğun olmasına rəy verərək onu parlamentə göndərməsi proseslərin müsbət dinamikasına daha da təkan verə bilər. Məlumdur ki, parlamentdə mütləq çoxluğa malik hakim “Vətəndaş müqaviləsi” partiyası müxalifətin etirazlarına rəğmən onu qəbul edəcək.
Sözügedən razılaşma avqustun 30-da Ermənistan və Azərbaycan hökumətlərinin yaratdıqları müvafiq komissiyaların qərarı ilə sərhədin 1991-ci il Almatı Bəyannaməsi əsasında birgə delimitasiyası olunmasının qaydalarını ehtiva edir. Gözlənilir ki, eyni qaydada Azərbaycan Milli Məclisi də həmin sənədi Konstitusiya Məhkəməsinə göndərib, ona müsbət rəy alaraq, sərhədlərin dəqiqləşdirləməsi prosesinin yeni mərhələsinə start verə bilər.
Paşinyan BMT-dəki çıxışında topu Azərbaycanın meydanına atmağa çalışsa da, rəsmi Bakı prosesə təsir edən digər faktorları, o cümlədən Rusiyanın mövqeyini də nəzərə alır. Hələlik Bakı və İrəvan növbəti delimitasiyanın nə vaxt və sərhədin hansı sektorlarında aparılması barədə razılığa gəlməyiblər. Ona görə qarşıdakı həftədə Azərbaycan Milli Məclisinin payız sessiyasının gündəliyi maraqlı olacaq. Bu gündəliyi İrəvanda, Vaşinqtonda, Brüsseldə, eləcə də Moskvada səbirsizliklə gözləyirlər...
Turqut