Logo
news content
User
Kateqoriyalar

Analitika

Sülh bölgəmizə tezliklə gəlməyəcək?
Ekspert: “Biz ilk addımı ataraq çərçivə sazişi imzalaya bilərik”

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan iyulun 25-də ABŞ Dövlət Departamentinin Cənubi Qafqaz məsələləri üzrə baş müşaviri Lui Bononu qəbul edib.

Ermənistan Təhlükəsizlik Şurasının açıqlamasında ​​deyilir ki, tərəflər regional təhlükəsizlik məsələlərini və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesini müzakirə ediblər. Təhlükəsizlik Şurasının katibi Ermənistan tərəfinin regionda hərtərəfli və uzunmüddətli sülhün bərqərar olunmasına sadiqliyini təsdiqləyib.

Elə həmin gün məlum olub ki, Ermənistan sülh müqaviləsi ilə bağlı Azərbaycana cavab təklifləri paketi hazırlayır. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib.

Ermənistanın sülh müqaviləsi ilə bağlı cavab təklifləri hazırlıq mərhələsindədir, Ermənistan artıq səsləndirilən və təqdim olunan fundamental müddəalara uyğun olaraq, sazişi mümkün qədər tez imzalamağa hazırdır”, - deyə Badalyan bildirib.

Azərbaycan Xarici İşlər Nazirliyi hələlik bu barədə məlumat verməyib. Xatırladaq ki, 2022-ci ilin martında Bakı aşağıdakı beş prinsip əsasında sülhün bağlanmasını təklif edib:

– Dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması.

 – Dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;

 – Dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;

– Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;

– Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.

Tərəflər bundan sonra özündə bu prinsipləri əks etdirən sülh müqaviləsi layihələrinin mübadiləsinə başlayıblar.

Azərbaycan Prezidenti İlham Əliyev bu günlərdə bildirib ki, saziş layihəsi 80-90 faiz razılaşdırılıb. Eyni zamanda, o, yerinə yetirilmədiyi təqdirdə heç bir razılaşmanın əldə olunmayacağı şərtləri qeyd edib: Ermənistan Konstitusiyasının Azərbaycana qarşı ərazi iddialarının olduğu hissəsinin dəyişdirilməsi və Zəngəzur dəhlizinin Bakının şərtləri ilə açılmasına razılıq verilməsi.

Bundan başqa, Bakı ermənilərin Qarabağa qayıtması məsələsini azərbaycanlıların Ermənistandakı yaşayış yerlərinə qayıtmaq hüququ ilə əlaqələndirir.

Azərbaycanın irəli sürdüyü şərtləri nəzərə alaraq, bu il sülh müqaviləsinin bağlanması perspektivi necə görünür? Axı Ermənistan tərəfi onların həyata keçirilməsinə qarşı çıxır. Bəs indiki çıxılmaz vəziyyətdən necə yol tapmaq olar?

Pressklub.az-ın suallarını Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı cavablandırıb.

Hesab edirəm ki, ilk addımı atıb çərçivə sazişi imzalamaq lazımdır. Bu sazişdə Ermənistanın müəyyən vaxtdan sonra öz konstitusiyasına dəyişikliklər etməli olduğu göstərilməlidir. Problemi, prinsipcə, bu yolla həll etmək olar”, - o hesab edir.

İnstitut rəhbəri deyir ki, çərçivə sazişi imzalanır, sonra sərhədlərin demarkasiyası üçün vaxt verilir. “Delimitasiya daha uzun və ağır irəliləyən prosesdir, illərlə davam edə bilər. Prinsipcə, tərəflər artıq demarkasiyaya başlayıblar. Bütün bunlar tərəflərə sakitləşmək imkanı verə bilər. Azərbaycanın irəli sürdüyü 5 bəndi də bu çərçivə sazişində göstərmək olar. Sazişə, kommunikasiyaların açılması kimi əlavə detallar da salına bilər”, - ekspert qeyd edib.

Amma ona elə gəlir ki, burada əsas problem başqa məsələdədir. “Yəni, fakt ondan ibarətdir ki, Cənubi Qafqazda Ermənistanla Azərbaycan arasında sülh sazişinin bağlanmasında, ümumiyyətlə, regionumuzda sülhün bərqərar olmasında maraqlı olmayan əsas oyunçu var. Və bu oyunçu bu gün Azərbaycanın strateji tərəfdaşıdır. Azərbaycan rəhbərliyi qərarlarını Kremllə razılaşdırır. Təbii ki, bunların fonunda ortaq məxrəcə gəlmək, hətta çərçivə sazişi imzalamaq çox çətindir. Ona görə də hesab edirəm ki, bölgəmizə sülh bu tezliklə gəlməyəcək. Və hətta çərçivə sazişi imzalansa belə, bu o demək deyil ki, Azərbaycanla Ermənistan arasında əsl sülh yaranacaq. Cənubi Qafqazda əsas oyunçu olan Rusiyaya bu gün regionda sülh lazım deyil. Və bu mənada mən Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması perspektivinə, sülhün tezliklə bərqərar olmasının mümkünlüyünə çox şübhə ilə yanaşıram”, - deyə Qasımlı yekunlaşdırıb.

Rauf Orucov