Sülh ayrı, dava ayrı
Azərbaycanın Ermənistana qarşı arbitraj iddiası danışıqlara necə təsir edə bilər?
20 Yanvar 2024
Ötən həftə Azərbaycanın Ermənistana qarşı iddiası üzrə Haaqada yerləşən Daimi Arbitraj Məhkəməsində prosessual iclas keçirilib. Qeyd edək ki, ölkəmiz bu iddianı 2023-cü il fevralın 27-də başlayıb. Azərbaycan Ermənistanın Enerji Xartiyası Müqaviləsinin çoxsaylı müddəalarını və beynəlxalq hüququn prinsiplərini pozmasına əsasən kompensasiya tələb edir. Azərbaycanın arbitraj bildirişində, Ermənistanın 30 ilə yaxın qanunsuz işğal etdiyi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olan Qarabağ bölgəsində yerləşən enerji resursları üzərində ölkəmizin suveren hüquqlarını tanımaqdan və onlara hörmətdən imtina edərək, beynəlxalq öhdəliklərini pozduğu izah edilib.
Bunlar məsələnin bir tərəfidir. Digər tərəfdən isə iki ölkə arasında sülh müqaviləsinin imzalanması üçün danışıqlar gedir. Regional əməkdaşlıq perspektivləri müzakirə olunur. Belə bir şəraitdə arbitraj prosesi sülh imkanlarına necə təsir göstərə bilər? Əlbəttə, Azərbaycan öz tələblərində haqlıdır və bunu beynəlxalq hüquq da təsdiq edir. Biz məsələnin siyasi, diplomatik, hətta psixoloji tərəfini araşdırırıq.
“Azərbaycan və Ermənistan arasında həm danışıqlar gedir, həm də psixoloji informasiya savaşı davam edir”.
Bu sözləri politoloq, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu saytımıza açıqlamasında bildirib.
O, qeyd edir ki, 30 il Ermənistan torpaqlarımızı işğal altında saxladı, şəhərlər viran qoyuldu, iqtisadiyyatımıza böyük zərər dəydi, hətta taxıllarımızı belə oğurladılar. Bütün bu hallara görə Ermənistan cavab verməlidir. Ona görə də Azərbaycan bu məsələləri Beynəlxalq məhkəmədə qaldırıb. Ola bilsin ki, qərar erkən verilməsin.
“İlk növbədə Azərbaycan beynəlxalq mövqelərini gücləndirməlidir. Çünki bəzi mərkəzlər Ermənistana hələ də dəstək verir və anti-Azərbaycan mövqeyindən çıxış edir. İşğal dövründə nə qədər iqtisadiyyatımıza zərər dəyib, nə qədər şəhərlərimiz, mədəniyyət obyektlərimiz dağıdılıb, mülklər oğurlanıb. Bütün bunlar görə, əlbəttə, beynəlxalq məhkəmədə cavab verməli olacaqlar”.
Müsahibimiz deyir ki, yaxın günlərdə müsbət qərar verilməsə də, hər halda, araşdırmalar davam edəcək.
E.Şahinoğlu bu prosesin sülh danışıqlarına mənfi təsiri olacağını düşünmür: “Buna paralel olaraq da Azərbaycan və Ermənistan arasında danışıqlar davam edir. Sərhəddə yanvarın sonu görüş olacaq. Bu məsələlər bir-birindən asılı deyil və olmamalıdır”.
Elxan Şahinoğlu sonda əlavə etdi ki, Ermənistan da bizə qarşı beynəlxalq məhkəmədə müəyyən işlər qaldırmaq istəyir və iki ölkə arasında bu tipli mübahisə uzun illər davam edəcək.
“Azərbaycan əraziləri 30 il Ermənistan tərəfindən işğal olunmuşdu və bu dövrdə iqtisadiyyatımıza ciddi zərər verilib”.
Hüquqşünas Ələsgər Məmmədli old.pressklub.az-a açıqlamasında deyib.
Müsahibimiz bildirir ki, 30 il ərzində işğal altında qalmış ərazilərdə bütün yaşayış binaları, ictimai obyektlər, o cümlədən dövlətə məxsus qurumlar, infrastruktur darmadağın edilib. Bundan başqa, çox sayda minalar basdırılaraq, torpaqlar istifadəsiz hala gətirilib. Uzun müddətdir istismar etdikləri qızıl mədənlərindən sianid zəhərini Oxçuçaya axıdaraq, Azərbaycanın həm də təbii sərvətinə, suyuna, Araza, Kürə, hətta Xəzərə qədər qarışmasına səbəb olublar.
“Yəni ortada çox böyük dövlət cinayəti var və bu dövlətə qarşı, cinayət törətdiyi üçün, sülh müqaviləsi bağlansa belə, Azərbaycanın kompensasiya tələbi qaldırmaq hüququ var. Ermənistanın bundan boyun qaçırması indiki halda mümkün ola bilən ehtimaldır. Çünki çox ciddi havadarları var və bu tip beynəlxalq məhkəmələrdə təkcə ədalət yox, siyasi konyunktur da rol oynayır. Bu baxımdan, ola bilsin, məsələ uzadıla və ya başqa səbəblər göstərilə bilər. Amma hüquq birmənalı olaraq dəyən zərərin kompensasiya olunmasını tələb edir”.
Bəs bu kompensasiya hansı formada ola bilər? Bunu ödəmək üçün Ermənistanın imkanları olmasa necə?
Hüquqşünas deyir ki, tərəflər arasında əlavə razılaşma da ola bilər. Məsələn, Ermənistanın vurduğu zərərin miqyası milyardlarla olduğu üçün onu hansısa formada maddi olaraq qaytarması mümkün olmaya bilər. Bu zaman bəlli illərə və ya perioda bölünmüş kompensasiya düşünülə bilər. Məsələn, ikinci dünya müharibəsindən sonra Almaniyanın Belçikaya vurduğu zərərə görə, bu günə qədər onların ictimai yerlərdə elektrik xərcləri Almaniya tərəfindən qarşılanır. Yəni, bu aspektdən baxsaq, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi olsa belə, bu müqaviləyə müəyyən şərtlər gətirilə bilər: “Zəngəzur dəhlizinin hansısa uzun bir dönəm daimi və əvəzsiz istifadəsini kompensasiya qarşılığı kimi müəyyən etmək olar. Bu, tam kompensasiya hesab olunmasa da, müəyyən mənada ədalətli kompensasiyanın bir hissəsi ola bilər. 700-800 min ailə, uzun müddət öz əmlakından məhrum qalıb. Onların bu əmlakına vurulan zərər həm də fərdə vurulan zərər olduğu üçün bir formada kompensasiyası olmalıdır. Yəni onlara tikilən yeni evlərin xərcləri və yaxud da itirdikləri mülklərin xərcləri doğru hesablanmalı və bu xərclər Ermənistan tərəfindən qarşılanmalıdır”.
Ələsgər Məmmədli əlavə edir ki, bütün bunlara yaxın aylarda daha çox aydınlıq gələcək. İstər-istəməz, qonşu ölkələrik və bu, əbədi olaraq belə də qalacaq. Bu baxımdan, birgə yaşama yolu araşdırmaq üçün Azərbaycan da kompensasiya tələblərini minimuma endirə bilər. Yaxud, Ermənistanla prinsip siyasəti davam edərsə, o zaman Azərbaycan daha praktik addımlar ata bilər. Bu praktik addımlar da maksimum dərəcədə beynəlxalq hüquq çərçivəsində olmalıdır: “İndiki dövrdə hüququn aliliyi, təəssüf ki, siyasətin kölgəsindədir. Xüsusən də beynəlxalq hüquqda güc önə çıxır, hüquq da onun arxasında gizlənmiş olur. Bəzən hüquq kənarda qalır, güclü tərəf haqlı tərəf kimi görünə bilir. Ona görə də düşünürəm ki Azərbaycanla Ermənistan arasında qarşıdurma uzun müddət davam edəcək”.
Mədinə Useynova