Logo
news content
User
Kateqoriyalar

Analitika

“Strateji sükut” bitdi: Azərbaycan Rusiya ilə münasibətlərdə sərhədləri cızır
Ekspert: Bu, artıq “soyuq praqmatizm” mərhələsidir

“Azərbaycanın 2024-cü ilin dekabrında Aktau yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı mövqeyi dəyişməz və prinsipial olaraq qalır – bu, Rusiya hərbçilərinin səhvidir”.

Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar “Ana harayı” abidəsini ziyarət edərkən bildirib.

Nazirin sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putinin 2025-ci ilin oktyabrında Azərbaycan Prezidenti ilə görüşdə səsləndirdiyi vədləri yerinə yetirməlidir.

Təyyarə Rusiya Müdafiə Nazirliyinin səhvi nəticəsində vurulub. Gözləntilərimiz ondan ibarətdir ki, Rusiya tərəfi bütün zəruri addımları atsın, baş verənlərə hüquqi qiymət versin və kompensasiyalar ödəsin”, – Bayramov vurğulayıb.

Xatırladaq ki, “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus “Embraer 190” təyyarəsi 25 dekabr 2024-cü il tarixində J2-8243 saylı Bakı–Qroznı reysi üzrə uçuş həyata keçirərkən Qazaxıstanın Aktau şəhərindən 3 km aralıda qəzaya uğrayıb.

İlkin istintaq məlumatlarına əsasən, təyyarə Qroznıya yaxınlaşarkən Rusiya istehsalı olan “Pantsir-S” hava hücumundan müdafiə sistemi tərəfindən atəşə tutulub. Bundan əlavə, Rusiya tərəfinin radioelektron mübarizə (REM) vasitələrindən istifadə etməsi nəticəsində Azərbaycan təyyarəsinin rabitə sistemi tam iflic olub və bu səbəbdən hava gəmisi Rusiya hava məkanında radar ekranlarından itib.

Qeyd edək ki, Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyev ilə görüş zamanı Vladimir Putin Rusiya hava hücumundan müdafiə sisteminin işə düşdüyünü və buraxılmış iki raketin partlayaraq Azərbaycan təyyarəsinə zərbə vurduğunu etiraf edib. O, həmçinin bütün zəruri kompensasiyaların ödəniləcəyini və vəzifəli şəxslərin hərəkətlərinə hüquqi qiymət veriləcəyini vəd edib.

Lakin indiyədək bu istiqamətdə konkret addım atılmayıb.

J2-8243 reysi ilə uçan “Embraer 190” təyyarəsinin göyərtəsində 67 nəfər (62 sərnişin və 5 heyət üzvü) olub. Onlardan 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşıydə.

Aviaqəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb. Həlak olanlar arasında hava gəmisinin komandiri İqor Kşnyakin, ikinci pilot Aleksandr Kalyaninov və stüardessa Hökümə Əliyeva da var.

Bayramovun bu çıxışı nəyi göstərir? Bu, Moskvaya ünvanlanmış “tələblər yerinə yetirilərsə, əvvəlki münasibətlərin bərpasına hazırıq” mesajıdır? Yoxsa bu, artıq sadəcə ritorikadır və Bakı reallıqda Rusiya ilə əvvəlki münasibət formatına qayıtmaq niyyətində deyil, əksinə, ondan maksimum dərəcədə uzaqlaşmağa çalışır?

Bu sualları Pressklub.az-ın suallarını Kiyevdə fəaliyyət göstərən Yaxın Şərq Araşdırmaları Mərkəzinin icraçı direktoru İqor Semivolos cavablandırıb.

Onun fikrincə, Ceyhun Bayramovun “Ana harayı” abidəsi önündə çıxışı adi diplomatik kompensasiya xatırlatmasından xeyli kənara çıxan son dərəcə güclü simvolik jestdir.

Tədbirin keçirildiyi məkanın seçimi (Xocalı soyqırımının ildönümü) və kontekst (J2-8243 reysinin faciəsi) onu göstərir ki, Bakı tarixi travmalarla Rusiyanın bugünkü davranışı arasında birbaşa paralel aparır.

Bayramovun bəyanatı, böyük ehtimalla, “strateji sükut” və ya qapalı razılaşmalar dövrünün başa çatdığını göstərir. Azərbaycanın Rusiya HHM sistemlərinin (“Pantsir-S”) günahını və radioelektron mübarizə vasitələrindən istifadə faktını açıq şəkildə səsləndirməsi o deməkdir ki, Bakı artıq ritorik eskalasiyadan çəkinmir. Bu, həm də Rusiyanın əvvəllər Azərbaycanı daha ehtiyatlı davranmağa vadar edən təsir rıçaqlarını itirdiyini göstərir. Üstəlik, Putinə (2025-ci ilin oktyabrında Düşənbədə keçirilmiş görüş) verdiyi vədləri açıq şəkildə xatırlatmaq mövcud koordinatlar sistemində diplomatik sillə kimi qiymətləndirilə bilər. Bu, “real siyasət” dünyasında Rusiya liderinin sözünə etimadın itirilməsi deməkdir”, – tədqiqatçı bildirib.

Onun qənaətincə, “vəzifəli şəxslərin hərəkətlərinə hüquqi qiymət verilməsi” tələbi Kreml üçün ən çətin bənddir. “Hərbçilərin günahını etiraf etmək və onları cəzalandırmaq Putin üçün öz “güc strukturları” qarşısında zəiflik nümayiş etdirmək anlamına gələr. Bakı bunu anlayır və bu tələbi faktiki olaraq yerinə yetirilməsi mümkün olmayan ultimatum kimi irəli sürür. Əgər Moskva vəd edilənləri icra etməzsə, Azərbaycan Rusiya təhlükəsizlik strukturlarından daha da uzaqlaşmaq, Türkiyə ilə hərbi ittifaqı dərinləşdirmək və regiondan Rusiya təsirinin qalıqlarını sıxışdırmaq üçün tam mənəvi və hüquqi əsas qazanır.

Demək olar ki, bu, artıq təkcə ritorika deyil, amma hələ tam qırılma da deyil. Bu, “soyuq praqmatizm” mərhələsidir. Azərbaycan nümayiş etdirir ki, “əvvəlki münasibət üslubu” – Rusiyanın böyük qardaş və ya arbitr kimi çıxış etdiyi model – artıq mövcud olmayacaq. Bakı münasibətləri öhdəliklərin ciddi şəkildə yerinə yetirilməsi prinsipi üzərində qurur: “siz bizim insanları öldürdünüz – siz günahkarsınız – siz ödəyirsiniz””, – deyə Semivolos yekunlaşdırıb.

Rauf Orucov