Söyüş - Azərbaycan jurnalistikasının son dayanacağı
10 Noyabr 2019
Sovet dövründə təbliğat və təşviqat vasitəsi, müstəqilliyin ilk illərində milli azadlıq hərəkatının carçısı olan, ötən əsrin sonlarında “qızıl dövrü”nu yaşayan, yeni əsrin əvvəlindən isə qismən söyüş tribunasına çevrılən, saxta xəbərlərə, dezinformasiyaya geniş yer verən Azərbaycan jurnalistikası 2019-cu ildə hələ də öz yerini tapa bilməyib.
Bir şeyi dəqiq deyə bilərik ki, “jurnalistika ictimai müzakirələr üçün forumun mövcudluğunu təmin etməlidir” prinsipi tamamilə mahiyyətini dəyişib. Azərbaycan əhalisinin “media savadlılığı” göstəricisinin yüksək olmaması ilə vətəndaşların sorğu vermək, ictimai nəzarəti həyata keçirmək bacarığı (daha dəqiqi, bacarıqsızlığı) isə düz mütənasibdir. İnsanlar düşünmür, təhlil edə, müqayisə apara bilmirlər.
Digər problem mediadan manipulyasiya aləti kimi istifadə olunmasıdır. Elektron KİV prosesi “uğurla” davam etdirir: medianın bu forması jurnalistika ilə məşğul olmaqdan çox, topluma psixoloji təzyiq vasitəsi rolunu yerinə yetirir.
Dövlət mediaya, əsasən televiziya kanallarına nəzarəti əlində saxlamağa çalışır. Hətta kabel televiziyası da tam nəzarətdədir. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, Milli Teleradio Şurasının kabel TV istifadəçiləri üçün təqdim etdiyi 500-ə qədər kanal arasında 160-a qədər rusdilli TV var. Peyk antenlərini nəzərə almasaq, alternativ ənənəvi mediaya çıxış imkanları olduqca məhduddur.
Hər şey belə başlandı
Jurnalistika “qəhrəman”la bərabər, “düşmən” obrazı da yarada bilir. Birincinin məqsədi müsbət imic formalaşdırmaqdırsa, ikincidə məqsəd opponent haqqında mənfi rəy yaratmaqdır. İkinci halda ən çox istifadə olunan silah isə söyüşdür.
Media hüququ üzrə ekspert Ələsgər Məmmədli deyir ki, proses əsasən hakimiyyətin nəzarətində olan mediada başlayıb:
“2003-cü ildə Lider TV-də efirə gedən “Kuklalar” verilişi ilə bunun əsası qoyuldu. Həmin telekanalda “Sitatın sonu” verilişi də deyilənə əyani misaldır”.
Məmmədli əlavə edir ki, mediada təhqir sonrakı illərdə sosial şəbəkələrə sirayət edib:
“2000-ci illərin əvvəlində müxalifətin əlində elektron media vasitələri olmadığı üçün o, daha çox “zərərçəkən” rolunun oynayıb. Sosial medianın geniş vüsət almasından sonra söyüşlər qarşılıqlı müstəviyə keçib”.
Hazırda AzTV QSC-nin sədri olan Rövşən Məmmədov 2013-cü ildə Lider TV-nin əməkdaşı olarkən “Lider jurnalist” adlı kitab yazıb. Kitabın 109-cu səhifəsində bu hissə xüsusilə diqqət çəkir: “Pornoqrafik kadrların reportajda və xəbərlər proqramında istifadə olunması yolverilməzdir. Belə hallar tamaşaçılara qarşı hörmətsizlik kimi qiymətləndirilir”.
Bundan 3 il öncə, 2010-cu il parlament seçkiləri ərəfəsində isə həmin bu TV “Azadlıq” qəzetinin ovaxtkı direktoru Azər Əhmədovun intim görüntülərini yaymışdı. Kadrlar günorta saatları efirə gedən xəbər buraxılışlarında translyasiya olunurdu, üstəlik saatlararası onların anonsu verilirdi. Görüntülərin özləri qədər kadrarxası mətn də müzakirə mövzusu idi. Müəllif Vüsal Məmmədov illər sonra mediaya müsahibələrinin birində deyir ki, bu süjetlərə mətn yazmaq istəməsə də, axırda redaksiyanın tapşırığına əməl etməli olur:
“Sabah yenə mənə desələr ki, bunu etmək lazımdır, edərəm. Təbii, özümə qətiyyən xoş deyil, mənə heç maraqlı da deyil, amma sən, məsələn, snaypersənsə, işin deyilən hədəfi vurmaqdır”.
Söyüş arealının genişlənməsi
Azərbaycan cəmiyyətində geniş müzakirə olunan spesifik məsələlərindən biri də virtual müstəvidə media standartları çərçivəsini aşan söyüş ritorikasıdır. Müxalif bloqqerlərin belə səhifələri və yayımları da xeyli fəal izləyici toplamaqdadır. Hakimiyyətə ünvanlanan, “18+” işarəsi ilə yayılan videoçıxışları bəzi hallarda 2-3 milyon adam izləyib.
Sosial medianın geniş yayılması ənənəvi medianı kölgədə qoydu, insanlar yeni platformalara alternativ media kanalları kimi baxmağa başladılar. Ölkəni tərk etmək məcburiyyətində qalaraq, Avropanın müxtəlif ölkələrində yaşayan mühacirlər hakimiyyətə qarşı kəskin çıxışlara başladılar. Bu çıxışlar bəzən tənqid həddini aşdı. Onların susdurulması üçün həmin mühacirlərin ailə üzvlərinə təzyiqlər göstərildi, günahsız insanlar polis bölmələrinə aparılıb incidildi. Bu, “odun üzərinə yağ tökməyə” bərabər oldu. Beləliklə, tərəflər əllərindəki imkanlardan istifadə edərək, söyüş arealını genişləndirdilər. Eyni zamanda qanunvericiliyin “imkanlarına” da müraciət edildi.
Qanunlarla söyüşün körüklənməsi...
2013-cü ildə hakimiyyət “sosial mediada söyüşlər”in qarşısını almaq üçün yerli qanunvericiliyə müəyyən əlavələr etməyə başladı. Həmin il mayın 14-də Azərbaycan parlamenti Cinayət Məcəlləsinin böhtan və təhqir maddələrində dəyişikliklər etdi.
Nəticədə internet informasiya ehtiyatlarında böhtan və təhqir yaymağa görə 4 cür cəza müəyyənləşdirildi: 100-500 manat cərimə və ya 240 saatadək ictimai işlər, yaxud 1 ilədək islah işləri və ya 6 ayadək azadlıqdan məhrumetmə. Paralel olaraq, İnzibati Xətalar Məcəlləsinə də “əl gəzdirildi”: inzibati həbs müddəti 15 gündən 3 ayadək artırıldı.
Xatırladaq ki, media əhli bunların əvəzinə “Diffamasiyadan müdafiə haqqında” Qanunun qəbulunu gözləyirdi və hələ də gözləməkdədir. Böhtan və təhqirə görə cinayət məsuliyyətinin ləğvi məsələsi 2000-ci illərin əvvəllərindən bu sahədə çalışan vətəndaş cəmiyyəti qurumlarının diqqətində olub. İndiyə kimi onlar azı 3 dəfə diffamasiyanın dekriminallaşdırılması ilə bağlı qanun layihələri ilə çıxış ediblər. Ancaq hakimiyyət prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun timsalında bu qanuna münasibətini belə ifadə edir: “Azərbaycan mediası “Diffamasiyadan müdafiə haqqında” Qanunun qəbul olunmasına hazır deyil. Qanun qəbul olunsa belə, Azərbaycan jurnalistləri müəyyən problemlərlə rastlaşacaq və uzun müddət məhkəmələrdə çəkişəcəklər".
Konstitusiya imkan verməsə belə, 2017-ci ildə Cinayət Məcəlləsinə daha bir dəyişiklik edildi: Məcəlləyə 148-1 maddəsi əlavə olundu. Adı da belədir - "Sosial mediada təhqir və böhtan".
…və “bəhrələri”
Media hüququ üzrə mütəxəssis Xalid Ağəliyev son əlavələrdən sonra vəziyyəti belə şərh edir:
“2017 iyul - 2018 iyul aralığında saytlarına qarşı böhtana görə azı 50 iddia məhkəmə baxışında olub. 9 saytın üzərinə təkzib vəzifəsi qoyulub. Böhtan və təhqir əsası ilə həbs edilənlər də olub. “Gündəm-xəbər” qəzetinin müxbiri Məhbub Zülfüqarov 2017-ci ildə Azərbaycan Standartlaşdırma İnstitutunun iddiası əsasında 5 aylığa azadlıqdan məhrum edilib. Jurnalist cəzasını axıracan çəkib, dekabrda azadlığa çıxıb. Mehman Hüseynov isə böhtana görə 2 il cəza alıb.
2018 iyul - 2019 iyul aralığında böhtan və təhqirə görə ümumilikdə 29 dəfə məhkəmələrə şikayət verilib. Əksər qərarlarda cavabdehlərin üzərində təkzib, üzr istəmək vəzifəsi qoyulub. Xüsusi ittiham qaydasında iki şikayət üzrə proses davam edir. Hər iki işdə jurnalist Əfqan Sadıqovun həbsi tələb olunur.
“Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində milli Fəaliyyət Proqramı” adlı bir dövlət sənədi var. 2011-ci ildə Prezident sərəncamı ilə təsdiq edilib. Orada senzuraya rəvac verən və bununla da ifadə azadlığını məhdudlaşdıran diffamasiyaya görə cinayət məsuliyyətinin aradan qaldırılması vəzifəsi qoyulub. Bu vəzifə Proqramın məhz “Azərbaycan Respublikasının tərəfdar çıxdığı insan hüquqlarına və azadlıqlarına dair beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin həyata keçirilməsi...” bəndində (!) yer alıb. Öhdəçilik götürülüb, dövlət sənədi təsdiqlənib, tapşırıq verilib, onun icrası əvəzinə isə biz prezident köməkçisinin sərəncamdan üstün mülahizələrini dinləyirik: “İnsanların mətbuat səhifələrində təhqir olunması məsələsinin geniş yayıldığı zamanda belə qanunun qəbul edilməsi əks effekt yarada bilər”.
Söyüş söyüş gətirər
Jurnalist Aynur Elgünəş hesab edir ki, hakimiyyət tənqidi səsləri boğmağa başlayanda, mediaya və vətəndaş cəmiyyətinə basqıları gücləndirəndə, bloqqerlər irəli çıxdılar və ifadələr sərtləşdi, söyüşə keçdi.
“Bu adamlar yeni simalar idilər, siyasi ambisiyası olmayan və sadəcə baş verənlərə dözməyən fəallar təsiri bağışlayırdılar. Amma indi aydın görünür ki, söyüş artıq biznesə çevrilib. Hökumətdəki adamların da bunlara dəstək verdiyi deyilir. Nəhayət, son zamanlar hakimiyyət dərk etməyə başlayıb ki, tənqidi medianı sıxdıqca, söyüş artacaq, ona görə “iplər” bir az boşaldılmış kimi görünür. Hətta öz medialarında da plüralizm görüntüsü yaratmağa başlayıblar”.
APA-nın məlumatına görə, Əli Həsənov "söyüş kampaniyası"na münasibət bildirərək qeyd edib ki, söyüş və təhqirdən istifadə edənlərə müxalifət demək olmaz: "İnsanlar var ki, Azərbaycanı müxtəlif səbəblərə görə tərk edib, hərə xarici ölkədə özünə bir vasitə ilə sığınacaq tapıb. Təəssüflər olsun ki, onlar anti-Azərbaycan dairələrin əlində alətə çevriliblər”.
Uzun illər həm müxalifətyönlü, həm iqtidaryönlü, həm də müstəqil mediada çalışmış jurnalist Elçin Bayramlı isə: “Bu cəmiyyət nəhayət normal müzakirə aparmağı öyrənməlidir”, deyir.
Seymur Kazımov