Şoyqunun “stroymaterial” hekayəsinə inanan olmadı
28 Avqust 2020
Rusiyanın müdafiə naziri Sergey Şoyqunun Azərbaycana səfərinin diqqətçəkən məqamlarından biri onun “təyyarələrdə Ermənistana hərbi sursat yox, inşaat materialları göndəririk” açıqlaması oldu.
S.Şoyqu azərbaycanlı həmkarı Zakir Həsənovla görüşdə deyib ki, iyulun 12-dən 16-na qədər Tovuz istiqamətində hərbi əməliyyatlar zamanı ölkəsinin təyyarələrlə Ermənistana 400 ton silah-sursat göndərməsi barədə iddialar həqiqətə uyğun deyil. O qeyd edib ki, bu uçuşlar Ermənistana silah və hərbi texnika daşımaq üçün yox, Rusiyanın 102-ci bazasında genişmiqyaslı tikinti işlərindən ötrü tikinti materiallarının çatdırılması, həmin bazada xidmət keçən hərbi qulluqçuların rotasiyası məqsədilə həyata keçirilib: “Bugünə qədər Rusiya Azərbaycana qarşı yönəlmiş heç bir addım atmayıb və bundan sonra da belə addımlar atılmayacaq”.
Amma ekspertlər rusiyalı nazirin sözlərini qeyri-səmimi sayır. Azərbaycanın Rusiyadakı keçmiş səfiri Hikmət Hacızadə “Press Klub”a bildirdi ki, heç Şoyqu özü öz dediklərinə inanmır, nəinki Azərbaycan cəmiyyəti:

H.Hacızadə vurğuladı ki, Türkiyə hərbçilərinin Azərbaycana gəlməsi Rusiyada narahatlıq yaradıb. Bu məsələ həm də Azərbaycanla Rusiya arasında münasibətləri gərginləşdirib:
“Münasibətlərdə gərginlik hiss olunur. Ən vacib faktor da Türkiyənin aktivləşməsidir. Türkiyə ordusu yüz ildən sonra yenidən Azərbaycana qayıdıb. Bu, Azərbaycana özünü daha rahat, daha güvənli hiss etdirəcək böyük hadisədir. Bu, həm də o deməkdir ki, Azərbaycan öz mövqeyini müdafiə edəndə Türkiyənin köməyinə ümid edə bilər. Rusiya da bundan narahatdır”.
Politoloq Zərdüşt Əlizadə də Rusiya müdafiə nazirinin “tikinti materialları daşınması” barədə dediklərinin doğruluğuna inanmır. Onun fikrincə, Şoyqu bu açıqlama ilə sadəcə, üzərinə düşən rolu ifa edir:

Z.Əlizadə Azərbaycan-Rusiya münasibətlərində heç bir dəyişiklik gözləmir. Onun sözlərinə görə, tərəflər bir-birinin oyun qaydalarını qəbul edib, bu şəkildə də davam edirlər:
“Azərbaycan iqtidarı da yaxşı anlayır ki, Moskva istəsə, ona çox ciddi problemlər yarada bilər. Zaman-zaman bizim iqtidar itaətsizlik göstərməyə cəhd göstərəndə dərhal onu cəzalandırmağa çalışıblar”.
Gülər