Logo
news content
User
Kateqoriyalar

Analitika

SOCAR-la bağlı yeni qərar 

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) tərəf kimi çıxış etdiyi hasilatın pay bölgüsü sazişlərinə uyğun olaraq SOCAR tərəfindən rəhbər komitələr və işçi qruplar formalaşdırılarkən, Azərbaycan İnvestisiya Holdinqinin nümayəndələrinin də həmin rəhbər komitələrdə və işçi qruplarda nümayəndə kimi iştirakı təmin ediləcək.

Nazirlər Kabineti “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) tərəf kimi çıxış etdiyi hasilatın pay bölgüsü sazişləri üzrə rəhbər komitələrin SOCAR tərəfindən formalaşdırılması ilə bağlı bəzi məsələlər barədə” qərarında bununla bağlı müvafiq dəyişiklik edib.

Bu qərarın verilməsində məqsəd nədir və ümumiyyətlə, qərar hansı mənaya gəlir?

Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban “Press Klub”a açıqlamasında bildirdi ki, bir çox xəbər saytları bu xəbəri “İnvestisiya Holdinqinin səlahiyyətləri genişləndirildi” başlığı altında tirajlayıb:

“Nazirlər Kabinetinin verdiyi qərara nəzər salsaq, həmin qərarda vurğu İnvestisiya Holdinqi üzərində deyil. Hazırda Azərbaycanda neft və qaz hasilatı ilə məşğul olan əməliyyat şirkətlərində rəhbər komitə və işçi qruplarda SOCAR tərəfdaşdır. Bugünkü qərar isə orada hökumətin təmsilçilərinin olması ilə bağlıdır. Qərarda təmşilçilərin adları da qeyd olunub: Dövlət Neft Şirkəti, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Energetika Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Neft Fondu, Azərbaycan İnvestisiya Holdinqi. Əslində verilən qərar çox qəribə qərardır. 1994-cü il 20 sentyabrda Azərbaycan özünün ilk hasilatın pay bölgüsü sazişini “Azəri-Çıraq-Günəşli” ilə bağlı imzaladı. Yanvar ayında bu əməliyyat şirkətinin rəhbər komitəsinin ilk iclası keçirildi. Bu, yeganə rəhbər komitə olub ki, Azərbaycan hökumətinin yarısı orda təmsil olunub. Ancaq dövlət sonradan yaranan əməliyyat şirkətlərinin (“cırtdan”, törəmə) adından çıxış etmək vəzifəsinin hamısını SOCAR-a verib. Məsələn, vaxtaşırı eşidirik ki, SOCAR-ın rəhbər komitəsinin iclasları keçirilir, gələn ilin büdcəsi təsdiq edilir. Ancaq yarandığı gündən bu günə qədər hansısa yataqları işlədən əməliyyat şirkətinin rəhbər komitəsinin iclasının keçirilməsi barədə xəbər eşitmişikmi? Və yaxud “Bahar Enerji”nin rəhbər komitəsinin, işçi qrupunun iclasları barədə məlumat eşidirikmi?  Belə bir şey olmayıb. Bəlkə də olub, amma onlar bunu respublika əhəmiyyətli bir hadisə hesab etməyiblər. Ona görə də Azərbaycan İnvestisiya Holdinqi yarananda dövlət başçısının onun üzərinə qoyduğu vəzifələrdən ən birincisi SOCAR-ın gəlirliliyinin artırılmasından, daha effektiv işləməsindən ibarət idi. İndi isə deyilir ki, sizin nümayəndə də olsun və SOCAR-ın törəmə əməliyyat şirkətlərində xərcləmələrin həqiqətənmi bu qədər olduğunu görsün. Burada Azərbaycan İnvestisiya Holdinqi auditorlardan ibarət bir şirkətdir”.

Ekspert hesab edir ki, bu cür qərarla dövlət hasilatın pay bölgüsü sazişlərində SOCAR-a nəzarəti gücləndirir:

“Azərbaycan İnvestisiya Holdinqi yarananda məqsəd bəlli idi. İnvestisiya Holdinqi yalnız SOCAR-a görə yaranmayıb. Holdinqin yaradılmasının səbəbləri sırasında dövlətin payı olan və dövlətə məxsus şirkətlərin gəlirliliyinin artırılması, effektiv idarəçilik və səmərəli fəaliyyətə nail olunması göstərilmişdi. Bu da ona xidmət edən bir addımdır ki, hökumət bunu lazım bilib”.

“Bəs, İnvestisiya Holdinqi qarşısına qoyulan məqsədlərə çatacaqmı” sualına gəldikdə, ekspert buna qəti gələcək zaman formasında cavab verməyin mümkün olmadığını söylədi:

“Hələ ki Azərbaycan İnvestisiya Holdinqinin yaranması haqqında fərmanın verilməsindən bir il ötür. Holdinq hələ formalaşma mərhələsindədir. Holdinqin nəzarətinə 20-dən artıq şirkət verilib. 20-dən artıq dövlətin payı olan şirkətin fəaliyyətində dönüş yaratmalıdır. Əgər bir fərman imzalamaq və ya bir qurum yaratmaqla dönüş etmək bu qədər asan idisə, o zaman bunu istənilən ölkə edə bilərdi. Bunu hökumətin islahatları çərçivəsində bir cığır kimi görürük. Bu cığırın sonradan magistral yola çevrilməsi isə hökumətin fəaliyyətindən asılı olacaq”.

Ülviyyə Şahin