Logo
news content
User
Kateqoriyalar

Analitika

“Sobsan” dövlət orqanlarını təkzib etdi  

İyulun 6-da, axşam saatlarında Bakının bəzi ərazilərini üfunət iyi bürüyüb. Pis qoxu paytaxtın Binəqədi rayonunda daha çox hiss olunub, eyni zamanda Nərimanov rayonuna da yayılıb. Qoxu “Sobsan” boya fabrikində baş vermiş güclü yanğından sonra əmələ gəlib. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Böyükşor gölündən su nümunələri götürüblər və həmin nümunə analiz edilib. Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Vasif Əliyev bildirib ki, nəticələrə görə nümunə yaşılımtıl rəngli və bataqlıq qoxuludur, codluğu 1.8,  xlorid ionu 15.5, ammonium ionu 5.3, sulfat ionu 2.5 dəfə çoxdur. Ümumilikdə, ionlar normadan 11.6 dəfə çox qeydə alınıb. V.Əliyev deyib ki, “Sobsan” fabrikində baş vermiş yanğın zamanı yaranmış tullantıların Böyükşor gölünə axıdılması ehtimal olunur və bununla bağlı araşdırmalar davam edir.

“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı isə qeyd edib ki, Böyükşor gölünün ətrafında “Azərsu”ya məxsus kanalizasiya infrastrukturundan gölə tullantı suları axıdılmır. Onun sözlərinə görə, mövcud şəbəkə ilə toplanan sular yaxınlıqdakı 4 saylı nasos stansiyası vasitəsilə Hövsan Aerasiya Stansiyasina yönəldilir və təmizləndikdən sonra kənarlaşdırılır:

"Amma gölün ətrafında açıq kanallarla fərdi evlərdən, eləcə də qeyri-əhali abonentlərindən və sənaye müəssisələrindən gölə tullantı və sənaye sularının birbaşa axıdılması faktları mövcuddur. Mütəxəssislərimiz ərazidə araşdırma aparıblar və məlum olub ki, yanğın baş vermiş “Sobsan” boya fabrikinin tullantı suları da birbaşa Böyükşor gölünə tökülür. Mütəxəssislərimizin araşdırması zamanı gölün üzərində yaşıl təbəqə aşkarlanıb. Aidiyyəti qurumlar ərazidə araşdırma aparır və göldə qoxunun nədən yarandığına aydınlıq gətiriləcək".

Lakin “Sobsan” boya fabrikinin hüquqşunası Pərviz Hüseynov “Press Klub”a açıqlamasında deyilənləri təkzib etdi. O bildirdi ki, ETSN öz ehtimalını irəli sürüb, məsələ rəsmi olaraq öz təsdiqini tapmayıb: 

“Bu gün də hadisə yerinə gəldilər, baxdılar. Özləri də şahid oldular ki, bizdə gölə birbaşa axan kanal yoxdur. Bu, həqiqətə uyğun olmayan cəfəngiyatdır. Qaldı ki, yanğın zamanı 40-a yaxın texnikanın (yanğınsöndürən maşınların) suyunun təmin olunması və onların suyunun da axıdılmasını məsələsinə, bununla bağlı araşdırma aparılır. Biz heç yerə çirkab suları axıtmırıq. Fabrikdə sudan ancaq məişət üçün istifadə olunur”.

Hüquqşunas məsələ ilə bağlı geniş məlumat verəcəyini söylədi.

Ülviyyə Şahin