Logo
news content
User
Kateqoriyalar

Analitika

Smart-sayğaclar niyə mexaniki sayğaclarla əvəzlənir?

Azərbaycanda bu ildən bütün fərdi yaşayış evlərində smart-kart tipli sayğaclar mexaniki sayğaclarla əvəzlənir. Artıq Bakı və ətraf qəsəbələr, xüsusən həyət evlərində sayğacların dəyişdirilməsinə başlanıb. Sakinlər yeni sayğaclar üçün onlardan pul alınmadığını deyirlər, amma smart sayğacların əvəz olunmasından narazıdılar. Çünki bu sayğacların abonent üçün daha etibarlı olduğunu düşünürlər.

“Bizim sayğacı dəyişəndə dedilər ki, kartdakı pullar balansa yüklənəcək. Mənim sayğacımda 45 kub qaz vardı. Bir ay keçmədi, qəbz gətirdilər. Bizim sayğacda 22 kub yazılmışdı. Halbuki, balansda 45 kub var idi. Qonşunun sayğacını dəyişəndə 250 kuba yaxın balansda qalmışdı. Yeni sayğacla ona da 15 kub yazmışdılar”, - deyə Bakının Məhəmmədi qəsəbəsinin sakini Qılman Abdullayev bildirib. Onun fikrincə, mexaniki sayğaclarda manipulyasiya imkanları daha çoxdur.

Neftçilərin Hüquqlarını Müdafiə Mərkəzinin rəhbəri Mirvari Qəhrəmanlı da smart-kart tipli sayğacların mexaniki sayğaclarla əvəzlənməsinin anlaşılmaz olduğunu deyir. Onun sözlərinə görə, bu tip sayğaclarda abonentə artıq borc yazmaq demək olar ki, mümkün deyil. Hüquq müdafiəçisi qeyd edib ki, bu məsələ ilə əlaqədar “Azəriqaz”la vətəndaşlar arasında yüzlərlə məhkəmə çəkişməsi var.

M.Qəhrəmanlı bildirib ki, “Azəriqaz” 2 milyona yaxın istehlakçının smart-kart tipli sayğaclarını tədricən mexaniki qaz sayğacları ilə əvəzləyir:

“Əgər istifadəyə yararlı deyilsə, niyə elə “smart”la əvəzləmirlər? Bu dəyişiklik çoxsaylı suallar yaradır. Çünki smart sayğaclar 8-9 il əvvəl kifayət qədər baha qiymətə alınıb. Keyfiyyətli, yaxud da qiymət baxımından sərfəli deyildisə, niyə o vaxt milyonlarla pul xərcləyib, alırdılar?!”

Hazırda quraşdırılan mexaniki sayğacları mütəxəssislərin keyfiyyətsiz hesab etdiyini söyləyən M.Qəhrəmanlı xatırladıb ki, illər öncə smart-kart tipli sayğaclara keçid olanda “Azəriqaz” 2000 nəfərə yaxın əməkdaşı işdən çıxarmışdı.

“Azəriqaz”dan isə bildirilib ki, sayğacların əvəzlənməsi İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 2015-ci ildə təsdiqlədiyi “Yoxlamaya təqdim olunacaq ölçmə və sınaq vasitələrinin nomenklatur siyahısı və onların yoxlama dövriliyi” adlı sənəd əsasında həyata keçirilir. Sənəddə göstərilib ki, qaz sayğacları əhali abonent qrupunda 5 il, qeyri-əhali abonent qrupunda isə 3 ildən bir dövlət yoxlanışına təqdim olunur: “Tərtib edilmiş siyahıya görə, 2020-ci ildə 480 min sayğacın dövlət yoxlanışı icra edilməlidir”.

“Azəriqaz”ın mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov bildirib ki, yoxlanış zamanı həm abonent istifadə etdiyi sayğacın vəziyyətini bilir, həm də qarşı tərəf sayğaca müdaxilə olunub-olunmadığını aydınlaşdırır: “İstehsalçının bizə satdığı sayğacların hansı durumda olduğunu da aydınlaşdırırıq”.

Pandemiya dövründə neftin ucuzlaşmasından sonra “Azəriqaz”ın da dövlət təşkilatı olaraq xərclərinə yenidən baxdığını, mühüm dövlət sifarişli qazlaşdırmalar istisna olmaqla, digər satınalmaları minimuma endirdiyini vurğulayan C.Səfərovun sözlərinə görə, bu səbəbdən smart-kart tipli sayğacların alışı da kəskin azaldılıb:

“Bu tip sayğaclar maddi baxımdan sərfəli deyil. Smart sayğaclarda bir komplektin qiyməti avronun məzənnəsindən asılı olaraq, 220-240 manat, mexaniki tipli sayğaclarda isə 70-90 manat arasında dəyişir. Üç dəfəyə yaxın fərq var. Mexaniki sayğacları onillər öncə istifadə olunan sayğaclarla eyniləşdirmək də doğru deyil. Qısaca “mexaniki sayğac” deyilsə də, əslində “mexaniki elektron sayğac”dır. Bunlarda da onlayn ödəniş mümkündür. Türkiyədə, başqa ölkələrdə bu tip sayğaclardan istifadə olunur. Biz smart-kart tipli sayğaclardan tam imtina etməmişik. Müəyyən miqdarda alınır, istifadə olunur, bina evlərində quraşdırılır”.

Mətbuat katibinin sözlərinə görə, mexaniki sayğaclara nəzarət üçün yeni qurğuların alınması nəzərdə tutulub: “Bu qurğularla uzaqdan nəzarət olacaq, işçilərlə abonentlərin birbaşa təması olmayacaq”.

C.Səfərov onu da qeyd edib ki, 2011-ci ildə smart-kart tipli sayğacların quraşdırılmasına başlananda abunəçinin rahatlığı və ödəmə qabiliyyətinin bərpası kimi məqsədlər əsas götürülmüşdü:

“O dövrdə abunəçilərin xeyli borcları yığılıb qalmışdı. Mexaniki sayğaclarda qaz axını daimi olduğuna görə bir çox abunəçilər “sonra ödəyərəm” yanaşmasıyla istifadə etdiyi qazın pulunu ödəmirdi. Smart-kart tipli sayğaclar həm də özünü tərbiyələndirmə metodu kimi tətbiq olunmağa başladı. Bu da özünü doğrultdu. O tip sayğacdan istifadə edənlərdə 100 faizlik ödəmə qeydə alınır. Ümumilikdə 2 milyon 300 minə yaxın abunəçimiz var. Bunun 55 faizi mexaniki tipli sayğacdan istifadə edir, qalan 45 faizi smart sayğacdan”.

Gülər