Skafandrlı bütlərin sirri
08 Oktyabr 2019
«Onlar bu dünyanı tərk ediblər, heç vaxt geri dönməyəcək, əbədi sükutu pozmayacaqlar. Labirintə girənlər də orada uzun müddət dolaşa, qayıtmaya bilərlər. “Labirint” – sükut və əbədiyyətin sinonimidir...»
Nəsib MuxtarovElmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun şimal-qərb ekspedisiyasının rəhbəri Nəsib Muxtarov Şəki rayonunun Fazılı kəndində yeraltı muzey yaratmaq qərarına 2006-ci ildə gəldi. İnstitut tərpənənə, Akademiya məsələni razılaşdırana, hökumət vəsait ayırana qədər qazıntılar zamanı üzə çıxmış məzarlar dağıla da bilərdi. Həmkarı, institutun baş elmi işçisi İntizar Bədəlovanın köməyi ilə arxeoloq qədim qəbirləri konservasiya etdi, qazılmış təpədə kərpic labirint tikdi, üstünü bağlayıb, onu kənar təsirlərdən tam qorumaq üçün yenidən torpaqladı. Nəsib Muxtarov hər şeyi elə hesablamışdı ki, məzarlıqda təbii şərait pozulmasın.
O vaxtdan Labirint iki alimin qoruduğu, lazımi temperaturu saxladığı kiçik muzeyə çevrildi. Vaxtaşırı buraya Akademiyadan digər mütəxəssislər də gəlir, tədqiqat aparır, eyni zamanda ətrafda qazıntı işlərini davam etdirirlər. Yaxın vaxtlarda Labirintin tarixi qoruq elan ediləcəyi gözlənilir, hələlik isə 13 il əvvəl iki alim tərəfindən yaradılmış muzeyin yükü İntizar Bədəlovanın çiyinlərindədir. Nəsib Muxtarovun ölümündən sonra o, “Əbədi sükut dünyasına” təkbaşına keşik çəkir.
Fazılıda aşkar edilmiş məzarlar antik zamanlardan orta əsrlərə qədər müxtəlif tarixi dövrlərə aiddir. Minilliklər ərzində insanlar ölülərini bu təpədə basdırıblar. Artefaktlar əsrlər boyu yaxınlıqda böyük mədəniyyətə malik insan məskəninin olduğuna dəlalət edir. Təsviri sənət növləri, xüsusilə dulusçuluq şəhərdə yüksək səviyyədə inkişaf edib. Şəki ekspedisiya dəstəsinin rəhbəri, Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri Zaur Həsənovun rəyinə görə, burada müxtəlif mədəniyyətlərin kəsişdiyi, qovuşduğu və xalq yaradıcılığında dərin iz qoyduğu göz önündədir:
- Biz etnosun deyil, məhz mədəniyyətlərin dəyişdiyinin şahidi oluruq. “Gəlib-gedən” müxtəlif mədəniyyətlərin eyni etnosa təsiri aşkar hiss olunur. Məsələn, antik dövrlərdə Makedoniyalı İskəndərin şərqə yürüşü zamanı burada yunan mədəniyyətinin elementləri üzə çıxır. Bütün bunlar sonradan qismən sönən, qismən yerli mədəniyyətə qarışaraq izi qalan dalğavari proseslərə bənzəyir.
Bir aydan artıqdır ki, Fazılıda Azərbaycan və Qazaxıstan arxeoloqlarından ibarət beynəlxalq heyət qazıntı aparır.
- Unikal tapıntılarımız var. Onlar əvvəllər aşkar etdiklərimizdən kəskin surətdə fərqlənir. Fikrimcə, biz hansısa yenilik ərəfəsindəyik. Hər şey hələ təzə başlayır, artıq bir neçə qəbrin üstünü açmışıq, amma işin çoxu qabaqdadır. Materiallar olduqca maraqlı, bir daha təkrar edirəm, indiyədək gördüklərimizdən tam fərqlidir, – Qazaxıstandan alimlər qrupunun rəhbəri, Altay vilayətinin Arxeologiya və Mədəniyyət Muzeyinin direktoru Eldoz Akareyev əminliklə bildirir.
***
“Əbədi sükut dünyası”na girişin qapısı beynəlxalq ekspedisiyanın qazıntı apardığı yerdən bir neçə addım aralıdır. Yerin altına enirsən və sanki özün də əbədiyyətə qovuşursan. Doğrudur, əbədiyyət susmur, hər məzar, hər əşya sənə bir vaxtlar burada yaşamış insanların həyatından, inanclarından, məşğuliyyətindən, mədəniyyətindən danışır, onların dərin fəlsəfəsindən, Kainatı necə dərk etdiklərindən, hətta kosmik proseslərlə əlaqələrindən xəbər verir...
Bir neçə il əvvəl Rusiya turistlərini Labirintə gətirmişdim, onda Nəsib Müxtarov sağ idi. Alim bizi bir məzarın yanına gətirib üstündə rəsmlər olan girdə bardaq göstərdi:
- Bu bardaq ilk baxışdan adi görünə bilər. Amma diqqətlə baxın, görün, antik usta onun vasitəsi ilə bizə kainat haqqında nə qədər şifrələnmiş məlumat ötürür! Bu, ilandır, totemdir, Günəşin ilk simvoludur. Bardaq özü isə Yeri simvolizə edir. Hələ o vaxtlar adamlar bilirmişlər ki, balinaların, öküzün üstündə dayanmayıblar, kürəşəkilli Yerdə gəzirlər. Bu isə Günəşin, Ayın, digər planetlərin təsvirləridir, onlar dairə üzrə Yerin ətrafında yerləşdiriliblər.
Mərhum arxeoloqun həmkarı İntizar Bədəlova da indi mənə eyni izahatı verir və sonra varlı şəxsə məxsus növbəti məzarın yanına dəvət edib deyir:
- Buradakı bardaqda isə dairənin içərisində xaç çəkilib. Dairə - Yerin simvoludur, xaçın qolları dörd təbiət qüvvəsinə - oda, küləyə, suya və torpağa işarədir. Həmin komponentlərdən biri olmasa, həyat dayanar. Ona görə xaç dairənin içinə salınıb. Məzarın növbəti özəlliyi sırf yerli mədəniyyətə aiddir və burada “buta” işarəsinin olmasındadır. Baxın, skelet də buta formasında bükülüb, ana bətnində uşaq şəkli alıb. Qəbirə həyat üçün zəruri hər şey qoyulub. Qədim insanlar inanırdılar ki, onlar birdəfəlik ölmürlər, başqa dünyaya köçüb yaşamağa davam edirlər. Görürsünüz, məzarda “S” hərfi formasında iki yerə bölünmüş başqa bir dairə də var. Hər iki hissə buta formasındadır. Yuxarıya baxan – bizim dünya, aşağıya baxan – “onların” dünyasıdır. Birlikdə dövrə yaradırlar: doğum, həyat, ölüm, yenə də doğum” .
Labirintdə səyahətimizi davam etdiririk və yeni sirlərlə rastlaşırıq. Daha iki məzarda “buta” işarəsi var, amma skeletlər özləri yoxdur. Əvəzində fərqli mədəniyyətin elementləri gözə dəyir: hindlilərin müqəddəs saydıqları inək başı və meyitlərin yandırıldığını sübut edən topa kül qalıqları. Ən qəribəsi isə qəbirlərdəki meyvə qablarının formasıdır. Onlar bizim filmlərdə gördüyümüz “uçan boşqabları” xatırladırlar. Yanlarına büt-heykəlciklər qoyulub. Diqqəti xüsusi ilə cəlb edən bütlərin skafandrda olmasıdır. Qabların üstündə isə Ay işarəsi çəkilib.
Bu büt-heykəlciklər nə deməkdir? Niyə onlar skafandra bənzər geyimdədirlər? Və niyə meyvə qabları belə qeyri-adi, “uçan obyektləri” xatırladan formaya malikdirlər?
İntizar Bədəlova deyir ki, qədim insanlar düzəltdikləri əşyalara gördükləri, tanıdıqları formaları verirdilər. Həqiqətən, buradakı qabların əksəriyyəti canlı aləmin nümayəndələrini – ilanı, ayını, fili, ördəyi xatırladır və çoxunun da üstündə planetlərin, hətta bütövlükdə kainatın simvollarına rast gəlmək olur.
- Ehtimal ki, bizi təəccübləndirən formanı da həmin insanlar haradasa görüblər və əl işlərini onlara bənzədiblər. Büt-heykəlciklərə gəldikdə isə, eyni fiqurlardan Azərbaycanın başqa yerlərində də tapılıb, amma bizim ərazidə onlar daha çox və ölçülərinə görə daha iridirlər. Baxın, bu kişi və qadın skafandrdadırlar. Ümumiyyətlə, məzarlardakı əşyalar yerli əhalinin öz əcdadlarının başqa planetdən gəldiklərinə, necə deyərlər, “göydən endiklərinə” inamını əks etdirir. Buna görə də etiqad etdikləri bütləri onlar belə təsvir edirlər, - deyə İntizar Bədəlova qənaətini bölüşür.
Mən nisbətən böyük ölçülü kişi və qadın heykəlciklərdə iki fərqə diqqət yetirdim. Onların alnının ortasında bir gözü var idi, kişinin boynundan isə canavar fiquru asılmışdı.
Sonuncu məzar mənə insan qəbirindən çox, İlahlar üçün açılmış masanı xatırlatdı. İlahlar rolunu büt-heykəlciklər oynayırdılar...
- Antik dövrlər üstü açılmamış sirlər xəzinəsidir. Mən bu fikirdəyəm ki, o zamanlar Fazılı əhalisi yad planetdən gəlmiş varlıqlara sitayiş edib, bəlkə, hələ onlarla əlaqəli olub. Unutmayın, qədim insanlar düzəltdikləri əşyalara həmişə gördükləri, tanıdıqları formaları veriblər, - İntizar Bədəlova bizimlə belə sağollaşdı.
[embed]
***
Labirintin çıxışında Nəsib Muxtarovdan qalma bir lövhə asılıb. Orada bu sözlər yazılıb: “Öz tarixini sevməyən insanın ağlı yoxdur”. Girişdəki başqa lövhədə isə “Avesta”dan sitat həkk olunub: “Sağlam niyyət, sağlam sözlər, sağlam əməllər”. Arxeoloq hesab edirdi ki, yalnız təmiz niyyətli, xoş sözlü, əməlisaleh insanlar “Əbədi sükut dünyasının” qapısını aça, onu danışmağa məcbur edə bilərlər və yalnız belələri Labirintdən geriyə çıxış yolunu tapmağa qadirdirlər…
Aytən Əliyeva