Logo
news content
User
Kateqoriyalar

Analitika

Siyasi iddialar və reallıq: Ermənistan nədən qorxur?
Rəsmi İrəvan hələ də “Bakının hərbi ritorikasından” dəm vurur

Ermənistanın Xarici İşlər nazirinin müavini Paruyr Ovannisyan bildirib ki, sülh sazişinin imzalanması Azərbaycan tərəfindən hücum riskini tamamilə aradan qaldırmır.

Tam zəmanət almaq mümkün deyil, lakin biz bu riskləri azaltmaq üçün əlimizdən gələni etməliyik”. O, martın 24-də parlamentdə jurnalistlər üçün keçirdiyi brifinq zamanı qeyd edib. Ovannisyan baş nazir Nikol Paşinyanın sülh sazişinin imzalanması ehtimalını və daha sonra Azərbaycanın hücum edə biləcəyini istisna etmədiyini vurğulayıb.

Əlbəttə, sazişin imzalanması bu ehtimalın qarşısının alınması üçün daha bir addımdır. Sülh sazişi olarsa, bu risk daha da azalacaq, çünki beynəlxalq ictimaiyyətin əlavə diqqəti olacaq. Baxın, müqavilə mətninin razılaşdırılması ilə bağlı açıqlamalar beynəlxalq arenada hansı reaksiyalara səbəb oldu. Yəni, biz bu riskləri necə azalda biləcəyimiz üzərində işləməliyik”, – deyə Ovannisyan bildirib.

Sülh sazişinə beynəlxalq təminatların olub-olmaması ilə bağlı sualı cavablandıran Ovannisyan deyib: “Siz bilirsiniz ki, əsas təminatçı BMT Təhlükəsizlik Şurasıdır və biz gördük ki, danışıqların başa çatmasını BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü – ABŞ, Böyük Britaniya, Fransa, Çin və Rusiya alqışladı”.

O, həmçinin xatırladıb ki, ATƏT, BMT və digər formatlarda beynəlxalq institutlar mövcuddur.

Bu açıqlama göstərir ki, Ermənistan hakimiyyəti hətta tərəflər arasında sülh müqaviləsi imzalansa belə, Azərbaycanın ölkəyə mümkün hücumundan ehtiyatlanmağa davam edir. Bu narahatlıq nə dərəcədə əsaslıdır? Azərbaycanın rəhbərliyini hücuma keçməyə vadar edə biləcək səbəblər hansılardır? Bu, Mehri vasitəsilə nəqliyyat dəhlizinin açılması zərurəti ilə bağlıdır, yoxsa başqa səbəblər var?

Tanınmış analitiklər məsələ ilə bağlı Pressklub.az-a açıqlama veriblər.

Müstəqil siyasi ekspert Nəsimi Məmmədli Ermənistanın bu məsələyə dair bəyanatlarını əsaslı hesab etmir.

Onun sözlərinə görə, hazırda Azərbaycanın Ermənistana hücum etmək üçün ciddi səbəbi və ya niyyəti yoxdur.

Ermənistanın bu məsələ ilə bağlı daimi bəyanatlar verməsinin müəyyən məqsədi var. Belə çıxışlar erməni cəmiyyətinin diqqətini daxili siyasi təşəbbüslərdən yayındırır və xarici düşmən təhdidi bəhanəsi altında ölkə daxilindəki prosesləri kölgədə qoyur. Eyni zamanda, bu bəyanatlar beynəlxalq güclərin diqqətini Ermənistana yönəltmək məqsədi daşıyır. Bundan əlavə, belə açıqlamalar ordunun müasir silahlarla təchiz edilməsinə haqq qazandırmaq üçün vasitə kimi istifadə olunur.

Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanması yaxşı olardı. Ancaq sazişin hələ imzalanmaması yeni müharibə üçün əsas ola bilməz. Hazırkı qeyri-müəyyən vəziyyətdə danışıqlar davam edə bilər. Hətta Ermənistan Mehri vasitəsilə Azərbaycana dəhliz verməsə belə, bu, müharibəyə səbəb olmayacaq. Hazırda Azərbaycan Zəngilandan Naxçıvana İran ərazisi vasitəsilə alternativ dəhliz marşrutu üzərində işləyir. Bu yol yaxın zamanda hazır olacaq.

Lakin əgər Ermənistan müasir hücum silahlarının alınmasını artıraraq Azərbaycana ciddi təhlükə yaratmağa başlasa, bu, hərbi gərginliyin real toqquşmaya çevrilməsinə səbəb ola bilər. Müharibə üçün başqa səbəblər yoxdur”, – deyə Məmmədli bildirib.

Öz növbəsində, rusiyalı ekspert, “Demokratik Seçim” siyasi partiyasının həmsədri, “Liberal Missiya” fondunun (Moskva) İdarə Heyətinin üzvü Sergey Javoronkov qeyd edib ki, hazırda danışıqlar prosesində təşəbbüs Azərbaycanın əlindədir.

Tərəflər artıq sülh sazişinin mətninin razılaşdırıldığını elan ediblər və Paşinyan onu imzalamağa hazır olduğunu bildirib. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da müqavilənin son versiyasının razılaşdırıldığını təsdiqləyib. Bundan sonra məsələ Azərbaycanın ali səviyyədə qərar qəbul etməyə hazır olub-olmamasındadır.

Əlbəttə, hər zaman yeni və yeni tələblər irəli sürmək mümkündür. Lakin mənim şəxsi fikrimcə, daha məntiqli variant – əvvəlcə sülh müqaviləsi, daha sonra isə nəqliyyat dəhlizinin müzakirəsi olardı. Üstəlik, hazırda ABŞ-ın vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında aparılan danışıqlar göstərir ki, ən vacib qərar tərəflərin bir-birinə atəş açmaması ola bilər. Bundan sonra isə digər məsələlər üzrə danışıqları davam etdirmək mümkündür”, – deyə Javoronkov fikrini tamamlayıb.

Rauf Orucov