Logo
news content
User
Kateqoriyalar

Analitika

“Siyasi boşanma” və “qırmızı xətlər” üçün keçirilən görüş
Putin-Paşinyan danışıqlarında hər iki tərəf həm udub, həm də uduzub...

Dünən axşam Moskvada Rusiya və Ermənistan rəhbərlərinin çoxdan gözlənilən görüşü baş tutdu. KİV-in məlumatına görə, prezident Vladimir Putinlə baş nazir Nikol Paşinyan ikitərəfli münasibətlərdə yaranmış ciddi problemləri müzakirə ediblər. 

Əvvəlcə onu qeyd edək ki, bu görüş Rusiyada əlamətdar hadisələrin fonundan baş tutub. Mayın 7-də prezident Putin 5-ci dəfə and içərək vəzifəsinin icrasına başlayıb, bir gün sonra - mayın 8-də Avrasiya İqtisadi İttifaqının (Aİİ) sammiti keçirilib, bu gün isə Qırmızı Meydanda 9 may Qələbə günü münasibəti ilə hərbi parad keçirilib. 

Ermənistanın Baş naziri bu tədbirlərin yalnız birində - Aİİ-nin zirvə görüşündə iştirak edərək ona sədrlik edib. O, Putinin inauqurasiya mərasimində və hərbi paradda iştirak etməyib. Nikol Paşinyan bununla Ermənistanın Rusiya ilə münasibətlərin ənənəvi müttəfiqlik səviyyəsində olmadığını, ancaq qarşılıqlı praqmatik maraqlara əsaslandığını nümayiş etdirib. O, Moskvaya getməzdən bir gün əvvəl keçirdiyi mətbuat konfransında bu barədə açıq danışmışdı:

Ermənistanın ətrafında mövcud təhlükəsizlik qarantiyaları sistemi işləmir;

Ermənistanda milli təhlükəsizlik strategiyasının nəzərdən keçirilməsinə başlanıb; 

Ölkənin təhlükəsizliyini xarici əlaqələrin şaxələndirilməsi, ordu islahatları, hərtərəfli müdafiə və təhlükəsizlik sisteminin tətbiqi ilə təmin etmək olar.

Putin-Paşinyan görüşündən bir neçə saat əvvəl Ermənistan Xarici İşlər Nazirliyi yerli medianın sorğuna cavab olaraq İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) maliyyələşdirməyəcəyini açıqlayıb. “Ermənistan Respublikası “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının büdcəsi haqqında” 23 noyabr 2023-cü ildə qəbul edilən qərarın tərəfi olmayacaq və sözügedən qurumun fəaliyyətinin maliyyələşdirilməsində iştirak etməyəcək. Lakin bununla belə, Ermənistan bu barədə qərarın məhdud tərkibdə qəbuluna etiraz etmir”, - açıqlamada deyilir.

Şübhəsiz ki, Putin-Paşinyan görüşünün gündəliyinin əsas hissəsi Ermənistanın KTMT tərkibindəki fəaliyyətinin dayandırması ilə bağlı olub. İrəvan bu kontekstdə bir müddət əvvəl Rusiya hərbçilərinin Zvartnots hava limanından və Azərbaycanla delmitasiya olunan sərhədlərdə yaradılmış postlardan çıxarılması məsələsini də qaldırılıb. 

Paşinyana yaxın erməni teleqram kanallarının yazdığına görə, Ermənistan-Rusiya liderlərinin danışıqları uğurla nəticələnib. Qeyd olunur ki, Rusiya sərhədçilərinin Zvartnots hava limanında xidmət etməyəcəyi barədə razılıq əldə olunub. Bundan əlavə, Rusiya sərhədçiləri/hərbçiləri 44 günlük müharibədən sonra şifahi razılaşma əsasında yerləşdikləri Sünik, Vayots Dzor, Geqarkunik, Ararat, Tavuşdakı məntəqələri tərk edəcəklər.

Ermənistan parlamentində hakim fraksiyasının sədri Hayk Konjoryan da bildirib ki, əldə edilən razılaşmaya əsasən yuxarıda adları çəkilən məntəqələrdəki Rusiya sərhəd qoşunlarının dislokasiyası ləğv olunacaq.  

Onun sözlərinə görə, Rusiya sərhədçilərinin Zvartnots hava limanında fəaliyyətinin dayandırılması barədə qərar ən yüksək səviyyədə bəyənilib.

Bir qədər əvvəl isə Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Putin və Paşinyan Rusiya hərbçiləri və sərhədçilərinin Ermənistanın bir sıra rayonlarından çıxarılması barədə razılığa gəliblər.

Ümumiyyətlə, Putinlə Paşinyan arasında keçirilən görüşdə, əsasən, ticari-iqtisadi əlaqələrimizin inkişafının müsbət dinamikası müzakirə olunub”, - o vurğulayıb.

Xatırladaq ki, Rusiya sərhədçiləri 44 günlük müharibədən sonra Baş nazir Nikol Paşinyanın daha sonra elan etdiyi kimi, mandat və razılaşma olmadan Tavuş və Sünikdə yeni məntəqələr yaratmışdılar. Moskva görüşündə həmin sərhəd zastavalarının ləğv olunması razılaşdırılıb. 

Görüşdə Rusiya sərhədçilərinin Türkiyə və İran sərhədində qalması, 102-ci hərbi bazanın taleyi, Rusiya-Ermənistan arasında birgə havadan müdafiə paktı barədə hər hansı müzakirə olmayıb. Ermənistan Rusiyanın qırmızı xətləri hesab olunan bu mövzulara toxunmur.

Hər iki tərəfi qane edən və kiçik istisnalarla yüksələn xətt üzrə davam etdiyi iqtisadi əməkdaşlığın müzakirələrin əsas prioritetlərindən biri olması şübhəsizdir. Ötən ilki statistikaya görə, Ermənistanın Rusiya və Aİİ ölkələri ilə ticarət dövriyyəsi 8.5 milyard dollardan artıqdır, bunun əsas hissəsini də Rusiya üçün vacib hesab olunan elektronika məhsullarının reeksportu təşkil edir. 

Beləliklə, Rusiya və Ermənistan liderləri mövcud reallıqların imkan verdiyi maksimum nəticələri əldə etməyə çalışdılar. Ermənistan Qərblə əməkdaşlıqda vacib hesab olunan 2 məsələdə istəyinə nail oldu:

KTMT-dən çıxmasını de-fakto rəsmiləşdirir;

Rusiya İrəvan hava limanından və 2021-ci ildə sərhəddə yaratdığı yeni hərbi məntəqələrdən çıxır.

Rusiya isə mövcud status-kvonun əsas elementlərinin dəyişməz qalması ilə kifayətlənir:

102-ci hərbi baza qalır;

Türkiyə, İran sərhədlərində Rusiya sərhədçiləri xidmətini davam etdirir;

İqtisadi sahədə bütün razılaşmalar qüvvəsində qalır.

Putin-Paşinyan görüşünü şərh edən politoloq Fərhad Məmmədov da bildirir ki, Avrasiya İqtisadi İttifaqı Ali Şurasının Moskvada keçirilən iclasından sonra Ermənistanın bu qurumu tərk etməyəcəyi qənaətinə gəlmək olar: 

Ermənistanın Baş naziri çıxışında inteqrasiya birliyi çərçivəsində ticarət dövriyyəsinin artdığını qeyd edib və hələ də vahid enerji bazarının olmamasından şikayətlənib. Ermənistan kimi ölkələr enerji resurslarının alınmasında və emalında daha böyük üstünlüklərə can atırlar. Rusiya isə öz enerji rıçaqlarını itirmək istəmir, çünki vahid bazar hamı üçün standart qiymətləri nəzərdə tutur. Hazırkı şərtlərə görə, Rusiya rəhbərliyi Aİİ ölkələri üçün qaz və neftin qiymətini öz mülahizəsinə uyğun dəyişə bilər”.

Rusiyanın “Zvartnos” hava limanından və Azərbaycanla şərti sərhəddən, o cümlədən Zəngəzur dəhlizi boyunca qurduğu məntəqələrdə çıxmasına razılıq verməsi barədə məlumatları şərh edən politoloq qeyd edir ki, Rusiya bununla sərhədin delimitasiyası və demarkasiyası prosesində hansısa formada iştirak etmək ümidini itirir. Nəticədə Rusiyanın Zəngəzur dəhlizinə nəzarətdə iştirakına yenidən baxılması üçün zəmin yaranır.

F.Məmmədov deyir ki, Rusiya üçün Ermənistanın əsas qırmızı xətləri keçməməsi vacibdir: söhbət KTMT-dən, MDB-dən, Aİİ-dən, hərbi baza və Türkiyə, İranla sərhədlərin mühafizəsi ilə bağlı ikitərəfli sazişlərdən çıxmaqdan gedir. Onun sözlərinə görə, bununla belə, Paşinyan getdikcə qırmızı xətlərə yaxınlaşır:

Mayın 9-da İrəvanda daimi kütləvi etirazların başlanmasını hədəfləyən etiraz yürüşü Ermənistanda rusiyapərəst qüvvələrin maksimum konsolidasiyasıdır. Bu, revanşist qüvvələrin son zərbəsidir, çünki proseslər ətalətli sürətlənmə nümayiş etdirir. Bu zaman sülh gündəmi yalnız yeni nailiyyətlər əldə edəcək. Ermənistanda hakimiyyət kifayət qədər güclüdür və güc tətbiq etmək və qanunsuz hərəkətləri boğmaq üçün Qərbdən tam kart-blanşa malikdir. Elə bir vəziyyət yaranır ki, Azərbaycan və Ermənistan hakimiyyətinin milli maraqlara uyğun hərəkətləri regionun ümumi sülh mənzərəsinin yaradılmasında bir-birini tamamlayır”.

Turqut