Logo
news content
User
Kateqoriyalar

Analitika

Şərqdə demokratiyanın təməl sənədinin tarixi

1918-ci il mayın 11-dən Məhəmməd Əmin Rəsulzadə Zaqafqaziya Seyminin nümayəndə heyətinin tərkibində Osmanlı Türkiyəsi ilə sülh danışıqlarında iştirak edirdi. Bu danışıqlar da Trabzon danışıqları kimi nəticə vermirdi. Rəsulzadənin yazdığı kimi, Batum müzakiratı uzanırdı və “gürcülər artıq Zaqafqasiya hökumətində qalmağı kəndi hesablarına zərərli görərək, əl altından Almaniya ilə anlaşmışlardı...” 

Rəsulzadə gürcülərin birtərəfli istiqlal elan etmək planından xəbərdar idi. O, türklərlə ikitərəfli danışıqlar aparmaq üçün Batumda qalaraq, mayın 25-də Nəsib bəy Yusifbəylini təcili Tiflisə yola saldı. Yusifbəyli Tiflisdə Seymdəki müsəlman fraksiyasının iclasında fraksiyanın rəhbəri M.Ə.Rəsulzadənin məktubunu onlara oxudu, o cümlədən “İstiqlal Bəyannaməsi”nin mətni ilə onları tanış etdi. 

Beləliklə, Azərbaycan Milli Şurasının və Azərbaycanın müstəqilliyinin elanı məsələsi mayın 26-da Seymin müsəlman fraksiyasında müzakirə edilmiş və iki gün sonra - mayın 28-də İstiqlal Bəyannaməsi elan edilmişdir. Bütün bunlar 1919-cu ildə Cümhuriyyətin bir illik yubileyi münasibətilə Rəsulzadənin hazırladığı “İstiqlal” toplusundakı “Azərbaycan Cümhuriyyəti” məqaləsində verilib. Azərbaycan Milli Şurasının protokollarında isə bu tarix mayın 27-si kimi göstərilir.

M.Ə.Rəsulzadənin Batumdan N.Yusifbəyli ilə göndərdiyi və Milli Şurada oxunan məktubu, onun teleqramı 2006-cı ildə nəşr olunmuş sənədlər toplusunda yoxdur. Xüsusi qeyd edilib ki, “işdə yoxdur”. Niyə yoxdur? Axı olub. Məsələnin araşdırılması vacibdir.

Rəsulzadə 1929-cu il mayın 28-də Cümhuriyyətin 11-ci ildönümü münasibətilə “Odlu Yurd” məcmuəsində dərc edilmiş “Bu günün ilhamı” sərlövhəli məqaləsində yazırdı: 

“İslam dünyasında ilk dəfə olaraq təəssüs edən bir Türk Cümhuriyyətinin istiqlalını təsbit etmiş 28 May Bəyannaməsi... Böyük Fransız ixtilalı, Böyük Amerika istiqlal hərbi, Böyük Almaniya istixlası, Böyük İtalyan ittihadı kibi hürriyyət və milliyyət hərəkatlarında əsas təşkil edən və nəhayət, Vilsonun 14 maddəsində yer bulan və Millətlər Cəmiyyəti fikrinin əsasını təşkil edən böyük fikir müqtəziyatının Azərbaycan xüsusiyyətilə imtizac etdiyini göstərən bir vəsiqədir”. (“Odlu Yurd”, 28 may 1929, №4, səh.118-121).

Milli Şuranın 1918-ci il Mayın 28-də Tiflisdə elan edilmiş İstiqlal Bəyannaməsinin müəllifinin Milli Şura sədri M.Ə.Rəsulzadə olduğu heç bir şübhə doğurmur.

Şirməmməd Hüseynov

(M.Ə.Rəsulzadənin “Bu günü ilhamı” məqaləsinə qeyddən)

İSTİQLAL BƏYANNAMƏSİ

Böyük Rusiya inqilabının cərəyanında dövlət vücudunun ayrı-ayrı hissələrə ayrılması ilə Zaqafqasiyanın rus orduları tərəfindən tərkini mucib bir vəziyyəti-siyasiyyə hasil oldu. Kəndi qüvvəyi-məxsusələrinə tərk olunan Zaqafqasiya millətləri, müqəddəratlarının idarəsini bizzat kəndi əllərinə alaraq Zaqafqasiya Qoşma Xəlq Cümhuriyyətini təsis etdilər. Vəqayi-siyasiyyənin inkişaf etməsi üzərinə gürcü milləti Zaqafqasiya Qoşma Xəlq Cümhuriyyəti cüzindən çıxıb da müstəqil Gürcü Xəlq Cümhuriyyəti təsisini səlah gördü.

Rusiya ilə Osmanlı imperatorluğu arasında zühur edən müharibənin təsviyyəsi üzündən hasil olan vəziyyət hazireyi-siyasiyyə və məmləkət daxilində bulunan misilsiz anarşi cənub-şərqi Zaqafqasiyadan ibarət bulunan Azərbaycana dəxi bulunduğu xarici və daxili müşkülatdan çıxmaq üçün xüsusi bir dövlət təşkilatı qurmaq lüzumunu təlqin ediyor.

Buna binaən arayi-ümumiyyə ilə intixab olunan Azərbaycan Şurayi-milliyeyi-islamiyyəsi bütün cəmaətə elan ediyor ki:

  1. Bu gündən etibarən Azərbaycan xəlqi hakimiyyət həqqinə malik olduğu kibi, Cənubi-Şərqi Zaqafqasiyadan ibarət Azərbaycan dəxi kamilülhüquq müstəqil bir dövlətdir.
  2. Müstəqil Azərbaycan dövlətinin şəkli-idarəsi Xəlq Cümruhiyyəti olaraq təqərrür ediyor.
  3. Azərbaycan Xəlq Cümhuriyyəti bütün millətlər və bilxassə həmcivar olduğu millət və dövlərlərlə münasibati-həsənə təsisinə əzm edər.
  4. Azərbaycan Xəlq Cümhuriyyəti millət, məzhəb, sinif, silk və cins fərqi gözləmədən qələmrovunda yaşayan bütün vətəndaşlarına hüquqi-siyasiyyə və vətəniyyə təmin eylər.
  5. Azərbaycan Xəlq Cümhuriyyəti ərazisi daxilində yaşayan bilcümlə millətlərə sərbəstanə inkişafları üçün geniş meydan buraxır.
  6. Məclisi-Müəssisan toplanıncaya qədər Azərbaycan idarəsinin başında arayi-ümumiyyə ilə intixab olunmuş Şurayi-Milli və Şurayi-Milliyə qarşı məsul hökuməti-müvəqqətə durur.

(28 mayıs, sənə 1918 ildə Tiflis şəhərində Azərbaycan Milli Şurası - rəis müavini Həsən bəy Ağayev, katib Mustafa Mahmudov, Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Yusifbəyov, Mir Hidayət Seyidov, Nəriman bəy Nərimanov, Heybətqulu Məhəmmədbəyov, Mehdi bəy Hacınski, Əliəsgər bəy Mahmudbəyov, Aslan bəy Qardaşov, Sultan Məcid Qənizadə, Əkbər ağa Şeyxülislamov, Mehdi bəy Hacıbababəyov, Məhəmmədyusif Cəfərov, Xudadat bəy Məlikaslanov, Rəhim bəy Vəkilov, Həmid bəy Şahtaxtinski, Firudin bəy Köçərlinski, Camo bəy Hacınski, Şəfi bəy Rüstəmbəyov, Xosrov Paşa bəy Sultanov, Cəfər Axundov, Məhəmməd Məhərrəmov, Cavad Məlikaslanov və Hacı Mirzə Səlim Axundzadə əfəndilərin iştirakı ilə elan edilib).