Logo
news content
User
Kateqoriyalar

Analitika

Sərhədə çəkilən sülh danışıqları
Ermənistan və Qərb tarixi ədalətin bərpasına imza atacaqlarmı?

Bu ilin iyun ayının sonundan etibarən Azərbaycanla Ermənistan arasında sülh danışıqları dayansa da, diplomatik təmaslar - regiona səfərlər, bəyanatlar, çıxışlar, qarşılıqlı ittihamlar və s. aramsız davam edib. 19 sentyabrda Qarabağda Azərbaycanın həyata keçirdiyi anti-terror əməliyyatının nəticələri bu müzakirələrin forma və xarakterini, eyni zamanda məzmununu xeyli dəyişib.

Tərəflərdən, vasitəçilərdən gələn bəyanatlar göstərir ki, sülh layihəsi üzrə şərtlərdə də dəyişikliklər var. Məsələn, Ermənistan artıq Qarabağ mövzusunun yekun müqavilədə olmasında israr etmir. Amma Birləşmiş Ştatlar və Avropa İttifaqı Qarabağdan gedən ermənilərin qayıdışı, onların təhlükəsizliyi, hüquqları və s. məsələlərlə bağlı rəsmi Bakının öhdəlik götürməsini istəyirlər. Bu istiqamətdə BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin çıxardığı qərar önəmli oldu. Məhkəmə Qarabağ üzərində Azərbaycanın suverenliyini təsdiqlədi, eyni zamanda ermənilərin qayıdışı, təhlükəsiz yaşamı ilə bağlı Bakının üzərinə hesabatlı öhdəlik qoydu.  

Azərbaycanın yeni yanaşması

Sülh danışıqlarının başlanğıcında 5 əsas prinsiplə çıxış etmiş Azərbaycanın yanaşmasında yeniliklər var. Prezident İlham Əliyev dünən bəyan edib ki, Azərbaycan sağlam düşüncəyə və tarixi ədalətə əsaslanan sülhün əldə olunmasında maraqlıdır. Tarixi ədalətin bərpa olunması həmişə tərəflərin ritorikasında olub, amma Bakı ilk dəfədir, sülh üçün bu amili xüsusi olaraq qabardır. Hələlik, “tarixi ədalət” mövzusu özündə tam olaraq nəyi, hansı şərtləri əhatə edir, bu açıqlanmayıb.

Prezidentin qeyd etdiyi ikinci mühüm məqam Qərbin, xüsusən Fransanın Ermənistana hərbi-siyasi dəstək verməsidir. Dövlət başçısı getdikcə güclənən bu tendensiyanın regionda yeni eskalasiyaya gətirib çıxaracağını istisna etmir. “Fransa Cənubi Qafqazda çox destruktiv rol oynayır. Əslində, indi Ermənistan Fransa hökumətinin marionetinə çevrilib və bu, regional sabitliyə ciddi təhlükə ola bilər. Bizə heç bir müharibə lazım deyil. Biz öz ərazimizdə vuruşurduq və ədaləti, beynəlxalq hüquqi bərqərar etdik. Lakin Ermənistan hökuməti və siyasi isteblişmenti qisas haqqında düşünür. Fransa hökumətindən gələn yanlış mesajlar, əslində, Ermənistan hökumətində və ola bilsin ictimai rəyində onların Azərbaycana qarşı növbəti hərbi təcavüzə başlaya biləcəklərinə dair illüziya yaradır”, - Əliyev vurğulayıb.

Azərbaycanın sülh danışıqlarının məkanı ilə bağlı da mövqeyində yeniliklər var. Rəsmi Bakı ABŞ və Avropa İttifaqının moderatorluğuna o qədər də isti baxmır. Bu günlərdə Prezidentin köməkçisi Hikmət Hacıyev bir neçə dəfə təkrarlayıb ki, Azərbaycanla Ermənistan arasında sülhün mənbəyi regiondadır. “Bizim üçün müharibə bitib, yeni status-kvo yaranıb. Bundan əvvəlki status-kvo tam fərqli və qəbuledilməz idi. İndiki status-kvonun əsasını isə beynəlxalq hüquq təşkil edir. Ona görə də sülh müqaviləsinin imzalanmasında hansısa maneə yoxdur. Yaxın gələcəkdə sülhün görünüb-görünməməsi ilə bağlı bir şey demək çətindir. Üçüncü tərəfləri regiona daşımaqdansa, iki tərəf arasındakı danışıqları irəli aparmaq lazımdır. Qapıların qapalı qalması Ermənistanın işğalçı, təcavüzkar siyasətinin nəticəsidir. Ermənistan regionda pozitiv gündəmlə çıxış edəcəyi təqdirdə münasibətlər, təbii ki, normallaşa bilər", - Hacıyev qeyd edib.

Ermənistandan səslənən bəyanatlar

Bu gün İrəvandan yayılan iki açıqlamada Ermənistanın Azərbaycanla sülh danışıqlarına hazır olmasından bəhs olunur. Parlamentin hakim Mülki Müqavilə partiyasından olan vitse-spikeri Akop Arşakyan bildirib ki, Bakı ilə danışıqları davam etdirməyə hazırdırlar. “Ermənistan heç vaxt danışıqlardan yayınmayıb və danışıqlarda effektiv hesab etdiyi platformalarda iştirak edib və bununla bağlı bəyanatlar verilib”, - deyə vitse-spiker yekunlaşdırıb.

Xarici İşlər Nazirliyi isə bəyan edib ki, Ermənistan tərəfi razılaşma ilə bağlı altıncı təklifi Azərbaycan tərəfinə təqdim edib. “Ermənistan münasibətlərin əvvəllər elan edilmiş prinsiplər əsasında nizamlanmasına dair sənədin bağlanması və imzalanmasına sadiqdir”, - bəyanatda deyilir. Qeyd edək ki, Prezident İlham Əliyev Ermənistanı Bakının təqdim etdiyi təkliflərə cavabını iki aydan artıqdır ləngitməkdə ittiham etmişdi. Görünür, bu bəyanat Paşinyan komandasını yerindən tərpədib. 

Azərbaycan “sərhədə gəlin” deyir

Azərbaycan Xarici işlər Nazirliyi isə bu gün yaydığı yeni bəyanatda Ermənistana sərhəddə görüş təklif edib:

"...Qarşılıqlı məqbul məkanın seçilməsi və ya dövlət sərhədində görüş barədə qərar verilməsi də daxil olmaqla, sülh prosesinin davam etdirilməsinə görə iki ölkə məsuliyyət daşıyır. Biz Ermənistan tərəfini yeni lüzumsuz yubatmalara yol verməməyə çağırır və danışıqların tezliklə başlanması üçün onların bu çağırışa müsbət cavab verəcəyinə ümid bəsləyirik”.

Qərb nə istəyir?

ABŞ və Avropa İttifaqının mövqeyində də bir xeyli yeniliklər tapmaq mümkündür. Hər iki tərəf konkret detallar göstərmədən Azərbaycanın Ermənistana qarşı təcavüzə (?) hazırlaşdığı, əgər bu baş verərsə, olduqca sərt reaksiya veriləcəyini bəyan ediblər.

Xüsusilə, Vaşinqton son günlərdə iki təzadlı və ziddiyyətli mövqe sərgiləyib. 

Noyabrın 16-da ABŞ Dövlət katibinin müavini Ceyms OBrayn Senatın Xarici Əlaqələr Komitəsində bəyan edib ki, Azərbaycanla sülh danışıqları başlayana qədər yüksək səviyyəli təmaslar dayandırılır, 907-cü düzəliş, yəni sanksiyalar bərpa olunur, Qarabağda 19 sentyabrda həyata keçirilmiş anti-terror əməliyyatları ilə bağlı araşdırma komissiyası yaradılır. 

Konkretləşdirsək, Vaşinqton bölgədəki mövcud reallıqları bu formada qəbul etmədiyini nümayiş etdirir.  

Azərbaycan bu bəyanata adekvat cavab verib və 20 noyabrda Vaşinqtonda XİN başçıları səviyyəsində planlaşdırılan görüşdə iştirakını ləğv edib. Ardınca XİN bəyan edib ki, ümumiyyətlə Vaşinqton formatından imtina edir, sülh danışıqları regionda davam etdirilməlidir. 

Dünən isə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller gündəlik brifinqdə OBraynın mövqeyinə əks fikir bildirib: “Vaşinqton iki ölkənin rəhbərliyini təşviq etməkdə davam edir və hamının hüquqlarına hörmət edildiyi güclü və davamlı sülhə nail olmaq üçün Ermənistan və Azərbaycan arasında danışıqları asanlaşdırmağa hazırdır”. Millerin sözlərinə görə, Ermənistan və Azərbaycanın birbaşa müzakirələrə başlaması və regionun maraqlarına uyğun məsələləri həll etməsi vacibdir və ABŞ bu danışıqlara yardımçı rolunu öz üzərinə götürməyə hazırdır. “Biz gördük ki, digər ölkələr də bu danışıqlarda yardım təklif edir. Hesab edirik ki, uzunmüddətli razılaşma əldə etmək üçün iki ölkənin üzbəüz danışıqlar aparması vacibdir”, - o qeyd edib.

Burada “birbaşa danışıqlar” ifadəsi Bakının mövqeyi ilə uzlaşsa da danışıqların harada keçirilməsi məsələsi açıq qalıb. Birləşmiş Ştatlar liderləri, XİN başçılarını Vaşinqtonda bir araya gətirmək, prosesi təşkil etmək niyyətini ifadə edir. Bakı isə artıq Vaşinqton səhifəsini qapatdığını bəyan edib. 

Cənubi Qafqaza, o cümlədən Ermənistana və Azərbaycana səfər edən Böyük Britaniyanın Avropa naziri Leo Dokerti də təxminən eyni sözləri söyləyib: “Sülh və sabitliyin uzunmüddətli nizamlanmasına nail olmaq üçün Ermənistan və Azərbaycan arasında birbaşa sülh danışıqlarına təcili ehtiyac var”

Toivo Klaar “Azərbaycan!” deyib durub

Avropa İttifaqından isə yeni, Avropa Komissiyasının xarici işlər naziri Cozef Borrelin sonuncu bəyanatından fərqlənən açıqlamalar var. 

Qurumun Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar “Azadlıq” radiosuna müsahibəsində bildirib ki, Aİ-nin hazırda ən əsas məqsədi Azərbaycan və Ermənistan arasında sülh razılaşmasının imzalanmasıdır.

Klaar Borrelin “Ermənistanın ərazi bütövlüyünü istənilən şəkildə pozmaq qəbuledilməz sayılacaq, münasibətlərimizin keyfiyyətinə ciddi təsirləri olacaq", bəyanatını şərh etməkdən yayınıb. O, rəsmi Bakıdan gözləntirlərini belə sadalayıb: 

“Bizim gözlədiyimiz münasibətlərin normallaşdırılması istiqamətində sürətli addımların atılmasıdır. Brüsseldə bəziləri hesab edir ki, bu proses uzun çəkir. Normallaşma prosesinin daha tez baş verməməsi üçün heç bir səbəb görmürük. Döyüşlərin olmaması, gündəlik atışmaların olmaması o demək deyil ki, vəziyyət normaldır. Mühüm olan odur ki, hazırkı – döyüşlərin olmaması – situasiyasından əsl normallaşma prosesinə keçmək lazımdır. Bu da sülh müqaviləsinin imzalanması, kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası, təhlükəsizlik hissi yaratmaq üçün hərbi qüvvələrin geri çəkilməsidir. Bu isə bütün humanitar məsələlərin həll olunması deməkdir. Biz hesab edirik ki, irəliləyiş daha sürətli olmalıdır. Məncə, Bakı göstərə bilər ki, prosesi sürətləndirmək və daha əsaslı etmək olar. Bizim istədiymiz budur. Bunun olmaması qeyri-müəyyənlik və sual yaradır ki, bu proses niyə bu qədər çəkir... Biz bu prosesin uzanması üçün səbəb görmürük, inanırıq ki, proses daha sürətli ola bilər”.

Klaar jurnalistin “Sizin deməyinizdən belə çıxır ki, Azərbaycan liderlərinin sözləri Ermənistanın ərazisinə təhlükəsizlik zəmanəti vermək üçün yetərli deyil” sualına cavabında deyib ki, bu bəyanatlardan sonra sülh müqaviləsinə və icraya keçmək lazımdır. “Bəyanat çox vacibdir, amma bizim gözlədiyimiz əməldir”, - o deyib.

Aİ təmsilçisi təmsil etdiyi qurumun niyə yalnız Azərbaycana qarşı təzyiq mövqeyində dayanmasını Bakının əlinin güclü olması ilə izah edib: 

“Azərbaycan daha güclü tərəfdir. Azərbaycan hərbi güc hesabına bir sıra hədəflərinə nail olub və bunun nail olma forması Avropa İttifaqı və Avropa İttifaqı üzvlərinin xoşuna gəlməyib. Söhbət Qarabağda keçirilən hərbi əməliyyatlardan gedir. Bu gün biz elə durumdayıq ki, açar Azərbaycanın əlindədir. Ermənistanla münasibətlərin normallaşmasının açarı Azərbaycanın əlindədir.

Əgər sən böyüksənsə, güclüsənsə, o zaman səndən gözlənti daha çoxdur. Mövcud vəziyyətin məğzi budur. Ona görə də biz Azərbaycanda liderlik gözləyirik. Çünki biz bilirik ki, indi doğru zamandır, imkanlar var, biz bundan istifadə etməliyik”.

Toivo Klaar prosesdə əsas çətinlik yaranan məqamın siyasi iradə ilə bağlı olduğunu bildirir: “Bakı niyə maraqlı olmasın ki, sülh müqaviləsini imzalamaqda? Biz bu siyasi iradəni görmək istəyirik. Biz inanırıq ki, biz buna çox yaxınıq. Danışmağa çox şey qalmayıb. Münasibətlərin normallaşması üçün mühüm məsələlərin nə olduğu, hansı işlərin görülməli olduğu aydındır. İndi mühüm olan bu durumdan istifadə etmək, oturmaq, yekun məqamlarla bağlı razılığa gəlməkdir. Söhbət təkcə mətnin yox, həm də icraatın razılaşdırılmasından və yeni bir Cənubi Qafqazın qurulmasına başlamaqdan gedir. Biz Avropa paytaxtlarında bir səbəb görmürük ki, bu proses bu qədər uzansın. İmkan var, vaxt doğru vaxtdır”.

Ən Yeni Tarix necə yazılacaq?

Beləliklə, tərəflərin yeni mövqelər, vasitəçilərin onlara münasibəti aydındır. Qərbin əsas gözləntisi Azərbaycandandır, ən azı Ermənistan danışıqsız, şərtsiz sülh sazişi imzalamağa hazır olması barədə Vaşinqtonda və Brüsseldə illüziyalar yarada bilib. Əslində İrəvan əvvəldən belə mövqe sərgiləməklə Qərbin Azərbaycana ciddi təzyiqinə nail olmaq, nəticədə bərabərhüquqlu əsaslarla sülh sazişi imzalayıb öz təhlükəsizliyinə qarantiya almağa çalışır. Belə görünür, Bakı Ermənistana tezliklə bu lüksü yaşatmaq niyyətində deyil. Nikol Paşinyan Azərbaycanın tələb etdiyi kimi tarixi ədalətin bərpasına imza atmalıdır. Bu ədalətin sərhədləri haradan başlayıb, harada bitir, bu elə tarixdən məlumdur, onun üzərində Ən Yeni Tarixin necə yazılacağı isə yaxın gələcəyin məsələsidir.

Turqut