Logo
news content
User
Kateqoriyalar

Analitika

Sərhəddə hərbi qarşıdurma kimin marağındadır?
Ekspert: “Belə ssenariləri həyata keçirmək üçün istənilən sayda mexanizm var”

Artıq bir neçə gündür ki, Azərbaycan-Ermənistan şərti sərhədinin müxtəlif hissələrində müəyyən fasilələrlə atışmalar baş verir. Bu zaman bəzən avtomatik silahlarla yanaşı artilleriyadan, minaatanlardan və PUA-lardan da istifadə olunur. Və atəşkəsin pozulması barədə hər gün bir neçə dəfə xəbər yayılır. 

Məsələn, Ermənistan Müdafiə Nazirliyinin səhər mesajını oxuyuruq:

“İyunun 19-da saat 00:45-dən 02:20-dək Azərbaycan Silahlı Qüvvələrinin bölmələri cəbhənin şərq (Sotk) və cənub-qərb (Yerasx) istiqamətlərində yerləşən mövqelərimizi müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Ermənistan tərəfdən itki yoxdur”.

Eyni zamanda səhər saatlarında Qarabağdakı separatçılar bəyanat yayıblar ki, Azərbaycan Silahlı Qüvvələri ötən gün Xocavənd və Ağdərə istiqamətlərində onların mövqelərini bir neçə dəfə atəşə tutub.

Az sonra Azərbaycan Müdafiə Nazirliyi bu məlumatı təkzib edib: “Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, iyunun 19-da saat 00:45-dən 02:20-dək Azərbaycan ordusunun bölmələri Ermənistan silahlı qüvvələrinin Zod və Arazdeyan istiqamətlərində yerləşən mövqelərini guya atıcı silahlardan atəşə tutublar. Bu iddia reallığa uyğun deyil və biz bu məlumatı qəti şəkildə təkzib edirik”.

Öz növbəsində, Azərbaycan Müdafiə Nazirliyi ordumuzun mövqelərinin Ermənistan silahlı qüvvələri və Qarabağdakı qeyri-qanuni silahlı dəstələr tərəfindən atəşə tutulduğu barədə məlumat yayıb. Maraqlıdır ki, son günlər Azərbaycan ordusunun Naxçıvan istiqamətindəki mövqelərinin atəşə tutulması barədə məlumatlar da intensivləşib... 

Yəni, hər iki ölkənin Müdafiə Nazirliyi qarşı tərəfi atəş açmaqda ittiham edir. Və bu, hər ötən gün təkrarlanır. Belə bir vəziyyət regionda müharibə baş verməsində deyil, dinc yaşayış formalaşmasında maraqlı olan müxtəlif ölkələrinin həm siyasi, həm də ictimai dairələrində narahatlığa səbəb olur.

Bakı və İrəvan nümayəndələrinin Qərbdə keçirilməsi nəzərdə tutulan görüşünün növbəti mərhələsi ərəfəsində yaşanan qəfil gərginliyin kimə lazım olduğu bəlli deyil. Burada hansı qüvvələr işləyə bilər? Bu qüvvələr kimdir? Vaxtilə Moskva tərəfindən Ermənistan və Azərbaycanın silahlı qüvvələrinə yerləşdirilən orta səviyyəli komandirlərlər? Yoxsa bu, fərqli mexanizmdir? Onlar praktikada nəyə nail ola bilərlər? Bəs burada Bakı və İrəvandakı yuxarı dairələrin əsl marağı nədir? Onlar özləri bu bataqlığa girirlər, yoxsa oradan sürünərək çıxmağa çalışırlar?

Press Klubun suallarını Gürcüstan Strateji Təhlil Mərkəzinin (GSAC) aparıcı eksperti Gela Vasadze cavablandırıb.

Onun fikrincə, Bakı və İrəvanın əsl marağı sülh müqaviləsinin mümkün olan ən əlverişli şərtlərini özünə təmin etməkdir.

“Moskva da öz növbəsində bu sülh müqaviləsinin əldə olunmasını pozmaqda maraqlıdır. Sərhəddə və münaqişə zonasında eskalasiya tərəflərin istifadə etdiyi alətlərdir.

Amma hazırda nə Bakı, nə də İrəvana vəziyyətin gərginləşməsi sərf etmir. Sonra isə istənilən qədər variant yarana bilər: Rusiyanın spesifik təsir agentlərinin eskalasiyanın imitasiyasını yaratmasından tutmuş, Vaşinqtonda danışıqlardan əvvəl bir növ “səs-küy salınmasına” qədər. Belə ssenariləri həyata keçirmək üçün istənilən sayda mexanizmlər var”, - Vasadze hesab edir.

Rauf Orucov