Logo
news content
User
Kateqoriyalar

Analitika

Sərhəddə gərginlik kimə lazımdır?

Azərbaycan-Ermənistan sərhədində, Tovuz rayonu ərazisində ciddi eskalasiya baş verib. Əvvəla, qeyd etmək lazımdır ki, iki ölkə arasında çox kövrək atəşkəs rejimi mövcuddur və nə qədər ki, problem həll olunmayıb, istənilən an münaqişənin alovlanması ehtimalı var. Lokal hərbi toqquşmaların baş verməsi və təxribatların törədilməsinin qarşısında isə hər hansı maneə yoxdur, atəşkəs dövründə dəfələrlə bu tip hadisələr qeydə alınıb. Budəfəki gərginliyin səbəblərini araşdırmağa ehtiyac var.

Atəşkəsin qoşunların təmas xəttində deyil, iki ölkə sərhədində pozulması faktının üzərində ayrıca dayanmaq lazımdır. Bu fakt eskalasiyanın arxasında Azərbaycanın ola biləcəyi barədə versiyaları bəri başdan istisna edir. Dövlət sərhədlərinin hərbi əməliyyatlar zonasına çevrilməsi Azərbaycana qətiyyən lazım deyil, çünki bu halda üçüncü tərəfin - Rusiyanın işə qarışması və Ermənistanın tərəfində hərbi müdaxiləsi üçün hüquqi zəmin yaranmış olur. (Onsuz da Rusiyanın prosesə permanent siyasi müdaxiləsi və nəzarəti var.) Ermənistan və Rusiyanın təmsil olunduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Nizamnaməsinin 3-cü maddəsinə əsasən üzv ölkələrin ərazi bütövlüyünün, müstəqilliyinin və suverenliyinin müdafiəsi təşkilatın məqsədləri sırasındadır. (NATO Müqaviləsinin 5-ci maddəsinin analoqu.) Artıq yaranmış vəziyyətlə bağlı KTMT Daimi Şurasının toplantısı çağırılıb. Ona görə də, əgər Azərbaycan müharibə yolu ilə işğal olunmuş ərazilərini geri qaytarmaq istəyirsə, bunu təmas xəttində, özünün beynəlxalq səviyyədə tanınmış ərazilərində etməsi daha məntiqli və legitim olmazmı? Sərhəddə müharibə nəyə lazımdır?

Azərbaycanda bir çox müxalifətçi və ya müxalif mövqeli şəxs tərəfindən dünəndən bəri tez-tez təkrarlanan fikirlərdən biri budur ki, baş verənlər diqqəti ölkədaxili problemlərdən yayındırmaq, ictimai dəstək qazanmaq məqsədilə hakimiyyət tərəfindən qəsdən təşkil olunub. Bəlkə də yanılıram, amma bu iddia mənə o qədər də inandırıcı gəlmir. Yenə o fikrə qayıdaq ki, belə bir niyyət olsa, bu işi təmas xəttində etmək, hətta irəliləyib hansısa yüksəkliyi, yaxud kəndi geri almaq daha effektiv olardı. Digər tərəfdən, heç bir təminat yoxdur ki, daxili siyasətə yönəlmiş lokal bir əməliyyat keçirmək, kontrollu gərginlik yaratmaq cəhdi böyük müharibəyə çevrilməsin. İndiki məqamda, pandemiyanın, iqtisadi böhranın davam etdiyi bir dönəmdə, böyük müharibə Azərbaycan iqtidarına lazım deyil. Çünki əvvəla, indiyədək Azərbaycanın işğal altındakı ərazilərini hərbi yolla qaytarmasını əngəlləyən geosiyasi faktorlar hələ qüvvədədir. İkincisi, istənilən müharibə daxili stabilliyə ciddi risklər yaradır. Dünən axşam və gecə saatlarında məcburi köçkünlərin hər hansı çağırış və təşkilatlanma olmadan küçəyə tökülməsi faktı göstərir ki, müharibə emosiyaları bir anda qızışdıra və insanları küçələrə çıxmaqdan çəkindirən amilləri, rasional hesabları unutdura bilər. Siyasətə qarışmayan kütlələr spontan şəkildə siyasiləşər, vəziyyət idarəolunmaz həddə qədər inkişaf edər. Bu, siyasi iqtidar üçün arzuolunan mənzərə deyil və riskdir.

Deməli, son insidentin səbəblərini araşdırarkən bunun işğalçı tərəfindən törədilə biləcəyi versiyası daha çox ağırlıq qazanır: ya hansısa siyasi məqsədlərlə qabaqcadan planlaşdırılmış provokasiya həyata keçirilib, ya da yuxarıda qeyd etdiyimiz kimi, sərhəd insidenti də indiyədək dəfələrlə baş vermiş təxribatlardan, lokal toqquşmalardan biridir.

Əgər qabaqcadan planlaşdırılmış provokasiya olduğunu düşünürüksə, bu məsələni də bir az açmağa ehtiyac yaranır.

Bu gün Ermənistandan bəhs edərkən qərarların qəbul edildiyi vahid bir mərkəzi nəzərdə tutmaq, zənnimcə, doğru olmaz. Ermənistanda zahirən sabitlik olsa da, əslində hakimiyyət uğrunda kəskin mübarizə gedir və ciddi qarşıdurma yaranıb. Baş nazir Paşinyan dövlət strukturlarını köhnə hakimiyyət təmsilçilərindən təmizləməyə çalışır, onlar isə bu siyasətə ciddi müqavimət göstərirlər. İyirmi il Ermənistanı idarə etmiş və şərti olaraq “Qarabağ klanı” adlandırılan güc təbii ki, bu müddət ərzində öz adamlarını dövlət aparatına, xüsusilə strateji nöqtələrə yerləşdirib. İndi Paşinyan bunları müəyyənləşdirib, kənara atmağa çalışır ki, dövlətə hökm edə bilsin, revanşistlərin əngəlləri, sabotajları ilə qarşılaşmasın. (Azərbaycandakı 1 illik AXC hakimiyyəti ilə analogiya aparmaq yerinə düşər: mərhum Elçibəy iqtidar olsa da, müqtədir ola bilmədi, yəni, dövlətə hakim olmağa gücü yetmədi, yaxud hansısa səbəbdən bunu istəməyib getdi.) Paşinyanın bu siyasəti qarşı tərəf üçün ekzistensial məsələdir, onlar daşnaklar, oliqarx Tsarukyan və digər qüvvələrlə qeyri-rəsmi blok şəklində baş nazirin hücumlarını dəf etməyə çalışırlar. Bunlar həm də “müharibə partiyası”dır. Şübhə yoxdur ki, Silahlı Qüvvələr kimi çox önəmli strukturda Koçaryan-Sarkisyan klanına yaxın xeyli sayda zabit mövcuddur. Təkcə müdafiə nazirini, Baş Qərargah rəisini dəyişməklə Paşinyanın ordunu nəzarətə götürməsi mümkün deyil.

Ona görə də, belə bir ehtimal irəli sürə bilərik ki, sərhəddə süni gərginlik yaradılması məhz köhnələrin, onlara yaxın zabitlərin işi ola bilər. Bu planı reallaşdırmaq üçün təmas xəttinin yox, sərhədin seçilməsi təsadüf deyil, çünki təmas xəttində Azərbaycanın əks-hücuma keçməsi yüksək ehtimaldır və buna qanuni əsası var. Lakin Azərbaycan ordusunun sərhəddə baş verəcək toqquşmalar zamanı Ermənistan ərazisinə daxil olması, daxil olsa belə, orada qalıb, möhkəmlənməsi çox zəif ehtimaldır. Azərbaycanla gərginliyin artması və bu məsələnin Ermənistan gündəminin ilk sırasına keçməsi bir tərəfdən “müharibə partiyası”nın önəmini, onlara ehtiyacı artırır, digər tərəfdən isə indiki iqtidarın siyasi xarakterli təqiblərinin legitimliyini azaldır. Çünki Azərbaycanla müharibə şəraitində Paşinyanın əsas diqqətini yenə içəriyə yönəltməsi, Koçaryan-Sarkisyan klikini təqib etməyə davam etməsi ictimaiyyətdə xoş qarşılanmaz və xalqdan dəstək almaz.

İkinci ehtimal budur ki, gərginliyin arxasında elə Nikol Paşinyanın özü dayanır. Baş nazir diqqəti daxili siyasətdəki repressiv addımlarından, məhkəmə hakimiyyətini nəzarətə götürmək çabalarından yayındıraraq, ictimaiyyəti müharibə mövzusu ilə məşğul edib, öz işini rahat görmək istəyə bilər. Belə vəziyyətdə Paşinyan onun addımlarına müqavimət göstərən, etiraz aksiyaları təşkil edən düşmənlərini xalqa şikayət edə bilər ki, “mən ölkəmizi müdafiə edərkən bunlar məni arxadan vururlar.” Provokasiya üçün sərhəd xətti isə ona görə seçilə bilər ki, Rusiya faktoru səbəbi ilə Azərbaycanın əli-qolu bağlansın.

Son olaraq, onu da qeyd edək ki, bu məsələnin arxasında Rusiyanın özü də dayana bilər. Moskva Paşinyanı qorxutmaq, ona qulaqburması vermək üçün Bakıya əl altından mesaj ötürə bilər ki, “siz hərəkətə keçin, biz mane olmayacağıq.” Amma niyə təmas xəttində yox, məhz sərhəddə? İnandırıcı versiya kimi görünmür.

Müəllif: Şahin Cəfərli