Logo
news content
User
Kateqoriyalar

Analitika

Separatçıların “dili” niyə uzandı?

Dağlıq Qarabağdakı separatçı rejim rus dilinin ikinci rəsmi dil elan olunmasına qərar verib. Qondarma rejimin “prezident”inin mətbuat katibi Lusin Avanesyan deyib ki, Rusiya sülhməramlılarının Qarabağa gəlişi və burada uzunmüddətli fəaliyyətinə görə belə bir zərurət yaranmışdı.

Azərbaycan Xarici İşlər Nazirliyi məsələyə hələlik reaksiya verməyib.

Vəkil Fuad Ağayev “Press Klub”a şərhində öncə qeyd etdi ki, “Dağlıq Qarabağ Respublikası” adlı dövlət olmadığına görə onun parlament kimi təqdim etdiyi qurumun qərarının da hüquqi qüvvəsi ola bilməz:

“Belə bir dövlət beynəlxalq ictimaiyyət tərəfindən tanınmayıb. Qondarma dövlətin parlamenti də oyuncaq qurumdur, onun qəbul etdiyi qərarın legitimliyi, hüquqi qüvvəsi ola bilməz. Hüquqi baxımdan əhəmiyyətsiz qərardır. Ad qoymaqla deyil axı. Kimsə kiməsə “əjdaha” adı verməklə, o, əjdahaya çevrilmir”.

Vəkil bu qərarı ermənilərin siyasi oyunu - Rusiyaya yarınmaq cəhdi hesab edir:

“Primitiv siyasi oyundur. Niyyət də budur ki, gələcəkdə də Rusiyanın köməyi ilə o əraziləri nəzarətdə saxlaya bilsinlər. Bu da həmin məqsədə xidmət edən bir jestdir”.

Ağayev hesab edir ki, Azərbaycan parlamenti hələ də işğal altında olan ərazilərdəki idarəçiliklə bağlı qanun qəbul etməlidir:

“Həmin ərazilər tədricən Azərbaycan qanunvericiliyi əsasında idarə olunmalı, orada bizim dövlət orqanlarının fəaliyyəti bərpa edilməlidir. Bizim parlament bu haqda qanun qəbul etməlidir”.

Siyasi şərhçi Rauf Mirqədirov bildirdi ki, ermənilərin bu addımının səbəbi ilk baxışdan

Rusiyaya xoş gəlmək cəhdi kimi görünür, amma başqa səbəb də var:

“Hazırda Azərbaycanın o ərazilərində iki paralel hakimiyyət var – qondarma rejim və Rusiya administrasiyası. Başqa sözlə, Rusiyanın müxtəlif dövlət orqanlarının yerli təmsilçiləri - fövqəladə hallar, təhsil, nəqliyyat və s. Bu paralel strukturlar arasında müəyyən kommunikasiya olur. Onların əlaqəsi üçün ən optimal variant rus dilidir. İndiyədək Dağlıq Qarabağda kommunikasiyalar Yerevana bağlı idi. Erməni dili bunun üçün yetərli idi. Ermənistanda rus dili əvvəl də o qədər populyar olmayıb. İşğal dövründə Dağlıq Qarabağ erməniləri arasında rus dili öz zərurətini, tətbiq imkanlarını bir qədər də itirib. İndi isə belə bir zərurət yaranıb. Ruslarla kommunikasiyada erməni dilindən istifadə oluna bilməz. Bunun üçün gərək oradakı ruslara erməni dili öyrədilsin. Bu isə həm də Azərbaycan tərəfindən etirazlara səbəb ola bilər. Kommunikasiya üçün ən uyğun variantı rus dilinin ikinci rəsmi dil elan olunmasını görüblər. Praktik səbəb budur. Düzdür, bəziləri düşünə bilər ki, bu addımdan sonra oradakı ermənilərə Rusiya vətəndaşlığı verilməsi prosesi başlaya bilər. Rus dili rəsmi dil elan edilməsə də, bu risk var. Yəni bu qərarın vətəndaşlıq riski ilə birbaşa bağlılığı olduğunu düşünmürəm. Rusiya istəsə, həmin ərazilərdə yaşayan ermənilərə öz vətəndaşlığını verə bilər. Bunun üçün rəsmi dil proseduruna ehtiyac yox idi”.

Mirqədirov hesab edir ki, separatçı rejimin rəsmi dil qərarı da Moskvanın razılığı ilə verilib. Ekspertin sözlərinə görə, Dağlıq Qarabağdakı ermənilər Rusiya administrasiyası ilə razılaşdırılmamış heç bir ciddi addım atmır, ata da bilməz:

“On noyabr bəyanatında sülhməramlı adlandıralan qüvvələr təmas xəttində ayırıcı qüvvə kimi fəaliyyət göstərməli, məcburi köçkünlərin təhlükəsiz qayıdışını təmin etməliydilər. Amma faktiki orada yeni, paralel administrasiya fəaliyyət göstərir. Bütün sahələrə təsir göstərir, yeni strukturlar yaradılır. Hətta İlham Əliyev də çıxışında belə bir fikir işlətmişdi ki, ərazilərimizdə bizim razılığımız olmadan yaradılmasına baxmayaraq, buna göz yumduq. Məhz bu səbəbdən mən onları “sülhməramlı” adlandırmıram. Problemin həlli üçün ilk növbədə sülhməramlıların tərkibi dəyişdirilməli, “onlar nəyi edə bilər, nəyi edə bilməz” kimi məsələlərə aydınlıq gətirilməlidir. Hətta humanitar yardımların edilməsi üçün də Azərbaycanın razılığı olmalıdır. Orada tikinti işləri aparılması üçün ruslar inşaat materialları gətirəndə Azərbaycana xəbər verilibmi? Xeyr. Şəxsən mənim üçün o ərazilərin ermənilərin, yoxsa rusların nəzarətində olmasının heç bir fərqi yoxdur. Hətta rusların nəzarətinin riski daha çoxdur”.

Gülər