Logo
news content
User
Kateqoriyalar

Analitika

Separatçı liderləri hansı tale gözləyir?
İstintaq yekunlaşıb, tezliklə məhkəmə keçirilərəck

Azərbaycanın baş prokuroru Kamran Əliyev Şərq İqtisadi Forumunda iştirakı zamanı news.ru-ya verdiyi açıqlamada Qarabağ separatçılarının cinayət işinin təfərrüatları barədə danışıb.

O, istintaqın yekunlaşdığını və materialların yaxın vaxtlarda məhkəməyə təqdim olunacağını bildirib.

Həm təqsirləndirilən şəxslərin, həm də zərərçəkənlərin cinayət işinin materialları ilə tanış olması prosesi gedir. Bu cinayət işində zərərçəkənlər çoxdur. Bütün istintaq tədbirləri həyata keçirildikdən sonra iş beynəlxalq standartlara və Azərbaycan cinayət qanunvericiliyinə uyğun olaraq, mahiyyəti üzrə baxılması üçün məhkəməyə göndəriləcək”, - deyə K.Əliyev bildirib.

Azərbaycanın Baş Prokurorluğu müxtəlif illər ərzində Qarabağdakı 15 separatçıya qarşı cinayət işi başlayıb və onlar beynəlxalq axtarışa verilib. 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatdan sonra onlar saxlanılaraq Bakıya gətiriliblər və istintaqa təhvil veriliblər. Onlara qarşı terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, qanunla nəzərdə tutulmayan silahlı birləşmələr və qruplar yaratmaq, terrorçuluq məqsədi ilə təlimlər keçirmək ittihamları irəli sürülüb. Bu ilin iyununda onların işi üzrə istintaqın yekunlaşdığı açıqlanıb.

Maraqlıdır, həbsdə olan bütün “prezidentlər” və digər “məmurlar”ın taleyi necə olacaq? Onlar həbsdə qalacaqlar, yoxsa rəsmi Bakının separatçı liderləri azad etməyə razı ola biləcəyi variantlar var? Əgər varsa, nəyin müqabilində?

Pressklub.az-ın suallarını təhlükəsizlik üzrə ekspert İlham İsmayıl cavablandırıb.

O qeyd edib ki, separatçı rejimin rəhbərləri artıq bir ilə yaxındır Azərbaycan həbsxanasındadırlar və barələrində qaldırılmış cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri yekunlaşır. “Məhkəmə prosesinin tezliklə başlanacağı və onların əməllərinə görə cəzalandırılacağı gözlənilir. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan onlarla erməni hərbi əsiri və erməni cinayətkar dəstələrinin üzvlərini humanitar prinsipləri əsas götürərək məhkəmənin qərarı ilə qarşı tərəfə təhvil verib. Məhkəmə hökmündən sonra qeyd etdiyiniz şəxslərə münasibətdə də humanist addımlar atıla bilər. Lakin son günlər ermənipərəst beynəlxalq qüvvələr, erməni revanşistləri, xüsusən də erməni milyarder Ernikyanın pulları ilə hüquq müdafiəçisi adı altında fəaliyyət göstərən və bu günlərdə İrəvanda keçirilən müxtəlif tədbirlərdə çıxış edən Okampo kimi şəxslər separatçı liderlərin və digər cinayətkarların azad edilməsinə çağırış edərək düşünürlər ki, COP29 konfransı ərəfəsində Azərbaycana təzyiq edirlər. Azərbaycan dövlətinə bu cür təzyiqlər mənasızdır və heç bir nəticəsi olmayacaq”, - ekspert hesab edir.

Onun sözlərinə görə, Azərbaycan nə edəcəyini, nə vaxt edəcəyini bilir. “Başqa sözlə desək, Azərbaycan hansısa ölkənin, təşkilatın və ya şəxsin təzyiqi, çağırışı ilə deyil, öz tələb və maraqlarından çıxış edərək, məhkəmənin qərarından sonra mərhələli şəkildə humanist addım ata, məhkumları əfv edə bilər. Nəzərə almaq lazımdır ki, separatçı liderlərin hər birinin Azərbaycana qarşı törətdiyi öz cinayət əməli var. Məsələn, Ruben Vardanyanı David Babayan, “parlamentin sədri” David İşxanyan, generallar Leva Mnatsakanyan, David Manukyan, eləcə də separatçı “prezidentlər” və digər həbs edilmiş şəxslərlə eyniləşdirilə bilməz.

Azərbaycan məhbusları dəyişdirə biləcəyi ilə bağlı açıq bəyanat verməyib. Bu, Azərbaycanın imicinə mənfi təsir göstərə bilər. Bununla belə, bütün xoş niyyətlərin, humanist addımların arxasında həmişə siyasi məna olub”, - deyə İlham İsmayıl yekunlaşdırıb.

Rauf Orucov