Logo
news content
User
Kateqoriyalar

Analitika

Şəhid ailələri və qazilərin sosial müdafiəsi necə qurulacaq?

İkinci Qarabağ Müharibəsi şanlı qələbəmizlə yekunlaşdı. İşğal altındakı ərazilərimizin böyük hissəsi azad olundu. Ordumuzun 44 günlük zəfər yürüşü Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Amma bütün bunlar qurbansız başa gəlmədi. Müdafiə Nazirliyi döyüşlər zamanı həlak olan və yaralanan hərbçilərimizin sayını açıqlayıb. Məlum olub ki, sentyabrın 27-dən noyabrın 9-dək davam edən döyüşlərdə 2783 nəfər şəhid olub, 100 nəfərdən çox hərbi qulluqçumuz itkin düşüb. Hazırda 1245 nəfər hərbi qulluqçumuz tibb müəssisələrində müalicə alır. Bundan başqa, erməni terror hücumları nəticəsində 94 mülki şəxs həlak olub.

Yeri gəlmişkən, 1 aprel 2018-ci il tarixinə olan rəsmi məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bazasında müxtəlif kateqoriyalar üzrə şəhid ailələrinin sayı 12 min 737 olub. Həmin tarixədək hərbi qulluqçu kimi şəhid olan və müvafiq status verilənlərin sayı 8 min 714 nəfər təşkil edib. Qarabağ müharibəsi əlili statusu almış hərbi qulluqçuların sayı isə təxminən 11 min nəfərdir.

Beləliklə, İkinci Qarabağ Müharibəsi xalqımıza sevinc və qürur bəxş etməklə yanaşı, şəhid olmuş və itkin düşmüş şəxslərin, qazilərin də sayının artmasına gətirib çıxarıb. Bu isə dövlət büdcəsinin sosial müdafiə xərclərinin müvafiq istiqamətlər üzrə yükünü də xeyli artırıb. Nəzərə alsaq ki, cəmiyyətdə şəhid ailələri və müharibə iştirakçıları üçün nəzərdə tutulan müavinətlərin məbləğinin artırılması məsələsi də aktualdır, onda büdcədən həmin istiqamətə yönəldilməli olan xərclərin məbləğinin indikindən xeyli yüksək olacağını təsəvvür etmək çətin deyil.

Bəs, dövlət büdcəsinin maliyyə tutumu artan xərcləri lazımi səviyyədə qarşılamaq və zəruri ehtiyacları ödəmək gücündədirmi?

Mövzunu “Press Klub”a şərh edən iqtisadçı ekspert Rövşən Ağayev hesab edir ki, hər şeydən əvvəl bu ailələr üçün yaxşı bir sosial müdafiə proqramı qəbul olunmalıdır. Ekspert şəhid ailələrinin sosial müdafiəsinin daha da gücləndirilməsinə dair cəmiyyətin çağırışlarını haqlı sayır. O hesab edir ki, bu müharibədə canını fəda etmiş şəhidlərin ailələri və qazilərin sosial müdafiəsinin təminatı məsələlərinə yenidən baxılmalıdır:

“Həmin ailələrin yaşayışını yüksək səviyyədə təmin edə biləcək bir sosial müdafiə proqramı olmalıdır. Bu proqram həm də cəmiyyətin müxtəlif təbəqələrinin səsini eşidərək, ictimai müzakirə əsasında, yüksək səviyyədə işlənib hazırlanmalıdır. Burada Qarabağ əlilləri və müharibə iştirakçılarının təşkilatlarının nümayəndələri də iştirak etməli və cəmiyyətdən gələn təkliflər nəzərə alınmalıdır”.

Şəhid ailələrinin sosial müdafiəsini necə təşkil etməli?

Cəmiyyətdə şəhid ailələrinə verilən aylıq müavinətin məbləğinin 800-1000 manatadək artırılması ilə bağlı  çağırışlar səsləndirilir. Rövşən Ağayev isə aylıq müavinətlərin məbləği ilə bağlı konkret məbləğ səsləndirməyə çəkinir. Onun fikrincə, burada önəmli olan məsələ məbləğin hansı kriteriyalar əsasında müəyyənləşməsidir:

“Elə bir məbləğ müəyyənləşməlidir ki, həmin vəsait şəhid ailəsinin qayğısız yaşamasına imkan versin. Bunun üçün hökumət maraqlı qrupların nümayəndələrinin iştirakı ilə hesablamalar aparmalıdır. Şəhid ailələrinə verilən aylıq müavinətin məbləği elə hesablanmalıdır ki, onlar normal yaşaya bilsin. Məsələn, şəhid övladlarının zəruri dərs vəsaitləri və məktəb ləvazimatlarından tutmuş, istirahət və sağlamlıq təminatlarına qədər, bütün zəruri ehtiyaclarının ödənilməsinə imkan verən məbləğ müəyyənləşməlidir. Kriteriya elə olmalıdır ki, aylıq müavinətin məbləği şəhid ailəsinin həm qida, həm də geyim, təhsil, istirahət və sağlamlıq ehtiyacları baxımından tələbatlarını ödəsin. Bunun üçün zəruri ehtiyac səbətinə uyğun hesablama aparılmalıdır”.

Ağayev həyatını ititrmiş hərbçinin ailədə bir və ya neçə övladı ola biləcəyini nəzərə alaraq, aylıq müavinət müəyyənləşərkən ailə üzvlərinin sayını da meyarlardan biri kimi təklif edir. Onun fikrincə, əgər ailə üzvlərinin sayı 1 nəfərdirsə, belə ailələr üçün standart məbləğ müəyyənləşdirilə bilər. Digər hallarda isə müavinətin məbləği şəhid ailəsindəki övladların sayına görə müəyyən edilməlidir:

“Çünki bir nəfər ailə üzvü üçün normal hesab olunan məbləğ 3 nəfərdən ibarət ailənin ehtiyaclarının ödənilməsi baxımından yetərli olmaya bilər. Ona görə də, düşünürəm ki, bu məsələlərə baxmaq lazımdır. Aylıq müavinətin məbləğinin layiqli yaşayışa imkan verən səviyyədə müəyyən edilməsi əsas istiqamətlərdən biri olmalıdır. Şəhid övladlarının təhsil, təhsildənkənar yaradıcılıq dərnəklərində iştirak xərcləri də mütləq nəzərə alınmalıdır”.

Şəhid övladları, əlillər, veteran və qazilər...

Bundan başqa, həm şəhid olmuş, həm də sağlamlığını irirmiş müharibə iştirakçılarının övladlarının ən azı ildə bir dəfə uşaq düşərgələrində istirahətinin təşkili sosial müdafiənin bir elementi olmalıdır. Eyni zamanda, şəhid valideynlərinin sanator-kurort müalicəsi ilə əhatə olunması da sosial proqramda əksini tapmalıdır.

Vacib məsələrədən biri də müharibə əlillərinin sağlamlığının müntəzəm şəkildə diaqnostika olunaraq sanatoriyalarda müalicəsinin təşkili məsələsidir. Pulsuz müalicə və dərman təminatı ilə yanaşı, həmin şəxslərin xəstəlik dərəcəsindən asılı olaraq, ildə ən azı bir və ya iki dəfə istirahət məqsədli sanator-kurort müəssisələrinə göndərişi təmin olunmalıdır. Şəhidlərimizin övladlarından və ya ailə üzvlərindən hanısınınsa xaricdə təcili müalicəyə ehtiyacı varsa, hökumət bunu da qarşılamalıdır.

Birdəfəlik sığorta ödənişləri də artırıla bilər

Ekspert hesab edir ki, bütün bu sosial xidmətləri özündə ehtiva edən geniş və mükəmməl sosial müdafiə proqramının hazırlanmasına ehtiyac var. R. Ağayevin fikrincə, sosial müdafiə tədbirləri müəyyənləşdikdən sonra nəzərdə tutulan xidmətlərin maliyyə ehtiyacları da hesablanacaq:

“İndiki halda bu tədbirlərin reallaşdırılmasının maliyyə tutumunu hansısa rəqəmlərlə ifadə etmək doğru olmaz. Çünki sosial müdafiə tədbirlərinin əhatə dairəsi və bu xidmətlərin şamil olunacağı şəhid ailəsi üzvlərinin sayı dəqiqləşdirilməyib. Ancaq Azərbaycanın büdcə imkanları belə bir sosial müdafiə proqramının rahat şəkildə reallaşdırılmasına imkan verir. Son günlər cəmiyyətdə belə fikirlər səslənir ki, şəhidlərin ailələrinə ödənilən birdəfəlik sığorta haqqının da məbləğinə yenidən baxılmalıdır. Mən də bunu mümkün sayıram. Hər kəs bilir və qəbul edir ki, torpaqlarımız uğrunda şəhid olmuş insanların həyatı baxımından 11 min manat yox, istənilən məbləğ azdır. Bu məsələ də mütəxəssislərin və maraqlı tərəflərin iştirakı ilə müzakirə oluna və hansısa bir ortaq məbləğ müəyyən edilə bilər. Yəni, bu maliyyə tutumu Azərbaycan dövlətinin maliyyə-büdcə imkanları çərçivəsindədir. Şəhid ailələri üçün mənzil tikintisindən başqa, gündəlik tələbatların ödənilməsi üçün tələb olunan aylıq müavinətlərin, sağlamlıq, istirahət və təhsil xərclərinin ümumi məbləği dövlət büdcəsinin maksimum 1 faizi səviyyəsində olar. Ona görə də hökumətin atacağı ilk addım sosial təminat üçün zəruri olan bütün tədbirləri müəyyənləşdirməkdir”.

Dövlətin xərci artır, amma pul da var

Ekspert ən azından yaxın dövrlər üçün dövlət büdcəsinin bu cür sosial proqramın həyata keçirlməsi üçün imkanlarının olduğuna əmindir və hesab edir ki, dövlətin bu məsələdə heç bir maliyyə çətinliyi olmayacaq. Onun sözlərinə görə, şəhid ailələri üçün nəzərdə tutulan sosial təminat proqramının bütün müddəaları Birinci Qarabağ Müharibəsinin iştirakçılarına da aid edilməklə, bu təbəqədən olan vətəndaşlar üçün effektiv sosial müdafiə sistemi qurmaq mümkündür:

“Bu məsələlərdə heç bir halda ayrı-seçkiliyə yol verilə bilməz. Cəmiyyət indi şəhid ailələrinə və veteranlara verilən aylıq müavinətlərdən danışır. Amma sağlamlığını itirmiş hərbçilərə verilən pensiyanın məbləğinə də yenidən baxılmalıdır. İstənilən halda, bütün sosial müdafiə tədbirləri ölkənin ərazi bütövlüyü uğrunda şəhid olmuş, sağlamlığını itirmiş şəxslərə və onların ailələrinə, veteran və qazilərə şamil olunmalıdır”.

Müəllif: Elxan Salahov